Xəlilzadə F.
Azərbaycanın
mədəniyyət tarixinə xidmətləri əbədi
həkk edilmiş elə şəxsiyyətlər var ki,
onların adları çəkilən kimi həm də yada doğulduqları
yurd yerləri düşür. Hələ qədim
dövrlərdən üzü bəri Şuşanı
"Azərbaycanın konservatoriyası"
adlandırardılar. Bu da səbəbsiz deyildi. Qızıl
səsli xanəndələrin, söz-sənət
sahiblərinin, musiqiçilərin vətəni sayılan
Şuşa ruhumuzun daim can atdığı
möhtəşəm bir ünvan idi.
Unudulmaz Xanın səsində cilvələnən Şuşa
Azərbaycan incəsənətinə, ədəbiyyatına,
poeziyasına, musiqisinə, hərb tarixinə çox
dəyərli insanlar bəxş edib. Bunlardan
biri də sənət yanğılı, vətəndaş
mövqeli görkəmli teatr rejissoru, xalq artisti Mehdi
Məmmədov idi.
1918-ci ilin may ayında Şuşada sənətkar
ailəsində anadan olan Mehdi Məmmədovun atası
Əsədulla kişi tanınmış papaqçı idi.
Şuşanın adlı-sanlı bəyləri,
tanınmış ziyalıları Əsədulla kişinin
həm müştəriləri, həm də
müsahibləri olardılar. Deyilənə görə,
Əsədulla kişi papağı məhz o
şəxslərə tikərmiş ki, onun dəyərini,
mənasını anlamış olsunlar. Şuşalılar
üçün papağın, atın, qadının
qeyrət ölçüsü olması bəlli idi. Bu səbəbdən də Əsədulla kişinin
həmsöhbətləri Şuşanın
həqiqətən də dəyərli
şəxsiyyətləri olardı.
Dövrün müəyyən qatmaqarışıqları
nəticəsində ailə 1922-ci ildə Bakıya
köçmək məcburiyyətində qalıb. İlk
təhsilini paytaxtın müxtəlif
məktəblərində alan Mehdinin kiçik
yaşlarından teatra böyük marağı olub. Onun
qəlbində cücərən arzuları ilə
Azərbaycan teatrının təşəkkülü,
demək olar ki, eyni vaxta düşüb. Teatr
Texnikumunda oxumaq istəyən Mehdinin qarşısını
əvvəllər çox maneələr kəsib. İlk
növbədə ailə vəziyyəti, atasının
fanatikliyi onu istəklərinin səmtini
dəyişməyə məcbur etsə də,
varlığındakı sənət eşqi hər
şeyə üstün gəlib. Vaxtilə Mehdini Teatr
Texnikumuna götürmək istəməyiblər. Amma bir
təsadüf köməyinə çatıb. "Sevil"
tamaşasında Gündüz rolunu oynayan Əziz adlı
məktəbli oğlan Mehdi ilə bir məhəllədə
yaşayırmış. Bir gün Mehdi ürəyini ona
açaraq aktyor olmaq arzusunu bildirib. Məhz Əzizin
köməyi ilə Mehdi Məmmədova "1905-ci
ildə" tamaşasındakı kütləvi
səhnələrdə iştirak etməyə icazə veriblər.
Beləliklə də Mehdinin sənətə uzanan yoluna
yaşıl işıq düşüb. Doğrudur, Mehdi
Məmmədov birdən-birə aktyorluq etmədi. Amma o, teatr
mühitinə düşmüşdü. Arzusunda olduğu
texnikumda oxuyurdu. Səhnəyə marağı onun
müəllimi olmuş, o dövrün tanınmış
rejissoru Həbib İsmayılovun diqqətini çəkib. O,
teatra həvəsli olan gənci təzəcə
fəaliyyətə başlamış Fəhlə Teatrına
işə götürüb. Seyid Hüseynin
"Kölgə" tamaşasının məşqləri
gedirmiş. Bəxtiyar rolunu İsmayıl Əfəndiyev
oynayırmış. O, qəflətən xəstələnir,
həmin rolu ifa etmək üçün Həbib
İsmayılov Mehdini teatra dəvət edib. Gənc aktyorun
bəxti bir də onda gətirib ki, səhnədə iki
böyük sənətkarla - Abbas Mirzə
Şərifzadə və Fatma Qədiri ilə
tərəf-müqabili olub. Sonralar bu hadisə onun
həyatında çox mühüm rol oynadı.
Amma təəssüf ki, tamaşadan evə böyük
həvəslə qayıdan Mehdi Məmmədovun sevinci
çox uzun çəkmədi. Fəhlə Teatrı
Gəncəyə köçməli olub. Mehdi isə
təhsilini texnikumda mütləq davam etdirməli idi. Hələ tələbəlikdən dərin
zəkası ilə seçilən Mehdi Məmmədov sevdiyi
sənətə daha da peşəkarcasına
yiyələnmək üçün Moskvada A.V.Lunaçarski
adına Dövlət Teatr Sənəti İnstitutunun
rejissorluq fakültəsində oxumalı olub.
1940-cı ildə ali məktəbi bitirən Mehdi
Məmmədov Azərbaycanın ilk peşəkar rejissoru kimi
Gəncə Dövlət Teatrında işə
başlayıb. Beş il bu teatrın səhnəsində
müxtəlif əsərlərə quruluş verən Mehdi
Məmmədov M.Təhmasib, M.İbrahimov, M.Hüseyn,
S.Rəhman, S.Vurğun, İ.Əfəndiyev kimi dramaturqlarla
birlikdə yeni tamaşalar işləyib.
Mehdi Məmmədov 1945-ci ildə indiki Akademik Milli Dram
Teatrına göndərilib. Bu teatrda ilk işi V.Şekspirin
"On ikinci gecə" pyesi üzərində olub. Tamaşada o
dövrün məşhur aktyorları - Ağasadıq
Gəraybəyli, Hidayət Vəlixanlı, Mustafa Mərdanov
və başqaları iştirak edirdilər. Tamaşa çox uğurlu və maraqlı
alındı. On il teatrın
repertuarından düşmədi. Yazılanlardan
məlum olur ki, tamaşa salonu həmişə dolu
olarmış. Rejissor və pedaqoq A.Tuqanov
bu əsərlə bağlı qələmə
aldığı məqalədə göstərirdi ki, Mehdi
Məmmədov "On ikinci gecə" tamaşası ilə
Azərbaycan teatrında yüksək peşəkarlıq,
istedad, bilik və müasir səhnə quruluşu
nümayiş etdirdi.
Mehdi Məmmədovun ikinci tamaşası isə
C.Cabbarlının "Yaşar" pyesi olub. Bundan sonra bir-birinin ardınca sıralanan
tamaşaların sayı çoxdur. Vaxtilə
Mehdi Məmmədovla bir yerdə çalışmış
aktyorların əksəriyyəti eyni bir fikrin
üzərində dayandı. Bu rejissor
aktyorla işləyərkən əmrə,
göstərişə yox, anlatmağa
çalışırdı. Danışırlar
ki, Mehdi Məmmədovun qəribə rəftar tərzi var
imiş. Aktyorlar yaradıcılıq
işində çox fəal olurmuşlar. Çünki onun isti, təsirli, xoş
danışığı, qurduğu hər bir söhbəti,
fikir mübadiləsi aktyora fayda verirmiş. Mehdi Məmmədov çox ciddi və diqqətli
rejissor idi. Onun həssas
baxışlarından hər hansı kiçik detal, adicə
baxış, yeriş, hərəkət belə
yayınmazmış. Mehdi Məmmədov
aktyoru səhnədə əsərlə yaşamağa
sövq edərdi, görsənməyə yox. Buna görə də tamaşada zahiri ifadə və
fiziki hərəkətlər üzərində
işləyərkən mütləq dinamik və oynaq
vəziyyətləri dərhal tapırdı. Mehdi
Məmmədov, sözün əsl mənasında,
böyük və misilsiz rejissor idi. Onun
quruluş verdiyi əsərlərin adlarına diqqət
yetirsək, bir daha bu şəxsiyyətin necə
tələbkar, yüksək zövq sahibi olduğunu
anlayırsan. Bütün ömrü boyu
ancaq məzmunlu əsərlər üzərində
işləyən rejissorun yaradıcılığında
zəif əsərə qətiyyən yer yox idi.
Mehdi Məmmədov həm də böyük
aktyor idi. Yaradıcılığında
xüsusi mərhələ kimi qiymətləndirilən
"Canlı meyit"də yaratdığı Fyodor Prokasov
obrazını görənlər yəqin ki, hələ
də onu unutmayıblar. Xüsusilə
də onun tərəf müqabili, xalq artisti Şəfiqə
Məmmədova ilə birlikdə yaratdığı
səhnələr öz qeyri-adiliyi ilə seçilirdi.
İndi də hərdən o tamaşanın lent
yazılarından televiziyada nümayiş etdiriləndə bu
iki böyük sənətkarın möhtəşəm
ifaları qarşısında ancaq heyrətlənirsən.
Teatr aləminə aktyorluqla cığır
açan Mehdi Məmmədov sənətin sıra
nəfəri deyildi. O, çox bacarıqlı, cəsarətli,
qeyri-adi istedada malik rejissor, aktyor, pedaqoq olmaqla bərabər,
həm də ömrünü elmə həsr edən
cəfakeş alim idi. Vaxtilə onun zehnindən,
düşüncəsindən, təcrübə və
qələmindən ərsəyə gələn
monoqrafiyaları bu gün də öz təravətini,
təzəliyini, qiymətini saxlamaqdadır. Mehdi Məmmədovun kitablarından
gələcək aktyorlar, rejissorlar
bəhrələnməkdə davam edirlər. İncəsənətin nəzəri
məsələləri, milli teatrın tarixi və
estetikası, rejissorluq sənəti onu daim
düşündürərdi. Dövri
mətbuatda da bu mövzuda Mehdi Məmmədovun maraqlı,
orijinal məqalə və müsahibələri dərc
olunardı. Unudulmaz şəxsiyyət
həm də qabil tərcüməçi idi. Fransız, rus, ingilis dramaturqlarının
əsərlərini həm dilimizə çevirər, həm
də tamaşaya hazırlayardı.
Azərbaycan teatrının, eləcə də
kinosunun inkişafında Mehdi Məmmədovun fəaliyyəti
əsl tədqiqat obyektidir. Onun bu
istiqamətdəki fədakarlığı
vətəndaşlıq mövqeyi, peşə
məhəbbəti, sənət yanğısı ilə
bağlı idi.
Mehdi Məmmədov uzun illər Milli Dram
Teatrında baş rejissor işləmişdi. Onun sənəti haqqında araşdırmalar aparanda
heyrətlənirsən. Bu
şəxsiyyətin yaradıcılığı
çoxşaxəliliyi ilə diqqət çəkir. Müxtəlif mədəniyyət ocaqlarında,
Azərbaycan Dövlət Opera və Balet, Gənc
Tamaşaçılar teatrlarının səhnəsində
neçə-neçə əsərin quruluşçu
rejissoru olub. Tamaşa və
kinofilmlərdə maraqlı rollar yaradıb. Bu gün
gözlərimiz qarşısında canlanan "Onu
bağışlamaq olarmı" bədii filmi, eləcə
də televiziyanın ekranlaşdırdığı
"Alov" əsəri Mehdi Məmmədovun
ömrünü yaşadan, onun sənətini bizə
canlı şəkildə təqdim edən ən qiymətli
mənəvi xəzinədir.
Azərbaycan rejissor sənətinin
inkişafında xüsusi əməyi olan Mehdi Məmmədov
həm də elmi araşdırmalarla məşğul olub.
Ali məktəbdə dərs deyib. Özündən sonra gələcək
neçə-neçə rejissorun həm həqiqi, həm
də mənəvi müəllimi olub.
Ötən əsrin 70-ci illərində
Azərbaycan televiziyasında müntəzəm olaraq
"Sənət düşüncələri" adlı bir
veriliş nümayiş olunardı. Proqramın
yaradıcısı və aparıcısı
sənətşünaslıq doktoru, professor
Mehdi Məmmədov idi. Bu verilişi
izləyənlərin əksəriyyəti sözdən
çox Mehdi Məmmədovun səsinin, diktəsinin
sehrinə düşərdi. Bu,
həqiqətdir ki, həyatda gözəl səsli
xanəndələr, aktyorlar çox olub. Hər
səsin də öz təsir gücü, yaddaşlara hopmaq
sirri var. İndiyədək eşitdiyimiz səslərin
içində Mehdi Məmmədovun diksiyası tamam fərqli idi.
Onun səsinin ahəngindəki titrəyiş,
həyəcan sözün, ifadənin bütün
çalarlarına qəribə rəng, cazibə və
zəriflik gətirərdi. Sözlər
sinədən qopan təlatümün içində öz
adiliyindən çıxaraq birbaşa qəlbə, ruha
ünvanlanardı. Bu faktdır ki,
həyəcanlı səs məsələsi ancaq Mehdi
Məmmədova məxsus olub.
Xalq artisti, dövlət mükafatı
laureatı Mehdi Məmmədov teatr tənqidçisi kimi
də mükəmməl fəaliyyəti ilə
mədəniyyət tariximizə düşmüşdür.
Onun bu sahədə də böyük
xidmətləri vardır. Sənətşünaslıq
doktoru, professor İlham Rəhimli Mehdi Məmmədovun
rejissorluq üslubunun fərdi keyfiyyətlərini belə
ifadə edir: "Onun tamaşalarında idrakın gücü
zərifliyə və emosiyaya, psixoloji çalarlardan
şirələnən lirizmə qovuşurdu. Həyatda
olduğu kimi, sənətdə də
özünütəsdiq mövqeyində dayanırdı".
Teatra xalqın tərbiyə və mədəniyyət
ocağı kimi qiymət verən, burada
çalışanları da tərbiyəçilər
adlandıran Mehdi Məmmədov bu aləmə gəldiyi
gündən ömrünün sonuna kimi sənət
yanğısı ilə vətəndaşlıq mövqeyini
birləşdirərək həmişə yaşayacaq
əsərlərə səhnə həyatı verdi. Hüseyn Ərəblinski
Azərbaycan teatrının ilk rejissoru olub. İsmayıl Hidayətzadə, Rza Təhmasib
aktyorluqla bərabər rejissorluqla məşğul idilər.
İlk ali təhsilli rejissor Adil
İsgəndərov sayılırdı. Mehdi
Məmmədov isə rejissorluq sənətinin nəhəngi
idi. Bu ilkinlərin fədakarlığı Azərbaycan
teatrı yaşadıqca anılacaqdır
EYenə də yada
Azərbaycan.- 2008.- 23 may.- S. 8.