Bu gün mərhum
xalq artisti Kamal Xudaverdiyevin 70 illiyi tamam olur
Mərhum aktyor, Azərbaycanın xalq artisti Kamal Xudaverdiyev,
yaşasaydı, bu gün özünün 70
yaşını qeyd edəcəkdi. On gün əvvəl dünyasını
dəyişən K.Xudaverdiyev
haqqında keçmiş
zamanda danışmaq sənət dostlarına ağır gəlir.
Xalq artisti Bəsti Cəfərova bu hadisənin baş verdiyinə hələ də inanmadığını söyləyir:
"Elə bilirəm
ki, o sağdır. İnana bilmirəm ki, yaxın zamanlaradək tərəf-müqabilim olan
bir insan indi həyatda yoxdur. Kamal Xudaverdiyev teatra
məşqləri olmayan
zaman gəlib-gedəndə
darıxırdı. Amma o bir
əsərlə məşğul
olanda, yeni rol alanda, tamam
başqa bir adama çevrilirdi. Elə bil ömrünə yeni məna verilirdi".
Rejissor Bəhram
Osmanov isə deyir ki, hələ
onun oynamadığı
maraqlı rolları qarşıda idi: "Elə rollar var ki, aktyor
gərək ömrünün
kamil çağında
oynasın. Kamal Xudaverdiyevin də
yaşı, xarici siması ona çox rollarda oynamaq imkanı yarada bilərdi. Təəssüf ki, əcəl
buna imkan vermədi".
Xatırladaq ki,
K.Xudaverdiyev "Kral Lir"də Kral Lir, "Şah Edib"də Şah Edib, "Mesenat"da Murtuza Muxtarov, "Xurşudbanu Natəvan"da
Qoca kimi rolların ifaçısı
olub. Demək olar ki, əksər hallarda baş və aparıcı rollar oynayan mərhum aktyor 70 illik ömrünün 40 ilini sənətə həsr edib. O, Azərbaycan kinosunda da yaddaqalan
obrazlar yaradıb.
"İstintaq davam edir"də Çingizov,
"Dağlarda döyüş"
filmində Rüstəmov,
"Sonuncu məhəbbət"də
Həsənov obrazları
ilə yaddaqalan aktyor haqqında əməkdar artist Hicran Nəsirova da xatirələrini bölüşür:
"Azərbaycanın mükəmməl
bir sənət fədaisini itirdik. Aktyor sözü kiçik hərflə yazılır.
Amma Kamal müəllim haqqında danışanda
gərək bu söz böyük hərflərlə yazılsın".
525-ci qəzet.- 2008.- 3 may.- S. 24.