Kazımov A.
Bu günlərdə
60 yaşı tamam olan respublikanın əməkdar artisti Əli Nur Azərbaycan
teatrının romantik
üslubunun layiqli davamçılarından biridir. Onun ifa elədiyi müxtəlif xarakterli bütün obrazlarda bu romantizm
özünü biruzə
verir. İstər C.Cabbarlının “Solğun
çiçəklər”ində
Bəhram, S.Vurğunun
“Komsomol poeması”nda Cəlal, G.Bokarevin “Poladəridənlər”ində Laqutin, “Oktay Eloğlu”nda Oktay, N.Xəzrinin
“Torpağa sancılan
qılınc”ında Qazanxan, N.Həsənzadənin
“Atabəylər”ində
Nizami, M.Lermontovun “Maskarad”da Arbenin
romantik yaradıcılığın
bəhrələridir. Tamaşaçılar
Əli Nuru belə obrazlarda görəndə daha böyük sənət sevinci duyurlar.
Bir müddət bundan əvvəl Akademik Milli Dram Teatrının səhnəsində hazırlanan
Hidayətin “Bu dünyanın adamları”
pyesində isə Əli Nur birdən-birə özünü sənət baxımından
yeni bir keyfiyyətdə nümayiş
etdirdi. Söhbət onun bu tamaşada
məharətlə ifa
etdiyi Şəfiyev obrazından gedir. Mən öz təəssüratımı olduğu
kimi ifadə eləmək istəyirəm.
Tamaşaçı tərəfindən
həmişə rəğbətlə
qarşılanan sənətçilər
bu tamaşada xüsusilə komik səhnələri çox
maraqla ifa edirdilər.
Tamaşanın ortasına
yaxın birdən hardansa yanğın komandasının rəisi
Şəfiyev — Əli
Nur səhnəyə atılır. Hərbi qaydalarda qəbul edilən ciddiliklə o, idarə müdiri
Həsənli ilə dialoq aparır. Şəfiyev — Əli Nur məhdud, öz sənəti dairəsində daşlaşıb
qalmış, tələbkar,
kobud bir tipdir. Onun bütün hərəkətləri
tamaşaçılarda böyük
gülüşə səbəb
olur. Şəfiyev artistin ifasında qlaflı adam təəssüratı bağışlayırdı.
Onun öz aləmi, bu aləm içərisində
öz tələbləri
var və ətrafa dəqiq fikir vermədən öz tələblərini
irəli sürür,
məqsədinə doğru
gedir. Bu səhnədə Əli Nur görkəmi komediya ustası Siyavuş Aslanla çıxış edir.
O, Həsənli rolunda
təbii olaraq böyük gülüşə
nail olduğu kimi, Əli Nur da Şəfiyev
rolunda eyni səviyyədə komizm yarada bilirdi.
Əli Nur şəxsiyyət etibarı
ilə çox narahat adamdır. Mən onu hələ
tələbəlik illərindən
tanıyıram. Onu bir zaman işlədiyim Sumqayıt Dram Teatrına dəvət eləmişəm. 1986-cı
ildən sonra Əli Nur Akademik
Milli Dram Teatrının aktyor ştatına gələndən
sonra onunla bir çox tamaşalarda birgə fəaliyyət göstərmişik.
İlk dəfə ona K.Kərimovun “Çahargah fantaziyası”
tamaşasında
Mustafa rolunu tapşırdım. Bu obrazı teatr tariximizdə mühüm yer tutan istedadlı
sənətkarımız Məlik
Dadaşov da ifa edirdi. O, Mustafanı nə qədər bic, məkrli, pulgir nümayiş etdirirdisə,
Əli Nur bu keyfiyyətləri daha fanatik və
cəmiyyət üçün
daha təhlükəli
səviyyəyə qaldıra
bilirdi.
Əli Nur görkəmli şair, dramaturq, ictimai xadim B.Vahabzadənin mənim hazırladığım
üç əsərdə
də rol almışdır: “Rəqabət”də — Səttar, “Dar ağacı”nda — Babək, “Özümüzü
kəsən qılınc”da — Qara xan.
Bu obrazlar bir-birindən
həm zaman, həm də məkan etibarı ilə uzaq olsalar
da, Əli Nurun ifasında, onun şəxsi aktyor keyfiyyətləri ilə sənətkarlıqla
ortaqlaşmışdır. Əli Nurun aktyorluq istedadını dağlardan axıb gələn çaya bənzətmək olar.
Təbiətlə nizamlanan, lakin
çox vaxt heç bir sərhədlərə məhəl
qoymayan bu çay həm heyrətamiz, həm sevindirici, həm də düşündürücü
təsir bağışlayır.
Əli Nurun romantik təbiəti rollar üzərində işləyəndə bəzən
məhvərindən çıxır.
O, rolunun baş məqsədini, ana xəttini duyaraq ehtirasla baş alıb gedir. Bir çox xeyirxah dostları onun bu səpkili
rol üzərində
işləməsini “məsuliyyətsizlik”
kimi qeydə alırlar. Məncə, Əli Nurun
həm şəxsiyyətində,
həm də sənətində xırdaçılığa
sığışmayan miqyaslı
bir cəhət var.
Əli Nura, onun böyük istedadına, rol üzərindəki işinə
həssaslıqla diqqət
yetirəndə məlum
olur ki, o, səhnədə çox samballı obrazlar yarada bilir. Ona görə də istər böyük, istər kiçik rollarının hamısında
bu sambal və monumentallıq nəzərdən qaçmır.
Hazırda Əli Nur Hidayətin “İrəvanda xal qalmadı” dramında Stepanov rolunu məşq edir. Qabaqcadan fikir yaratmaq istəmirəm, ancaq hiss edirəm
ki, Əli — Stepanov rolunda keyfiyyətcə yeni bir xarakter yaratmağa
çalışır. Zahirən çox
nüfuzlu və ağır təbiətli
görünməsinə baxmayaraq,
daxilən mənəviyyatsız,
əxlaqsız bir daşnakın azərbaycanlılara
olan kin-kidurətini aktyor incə çalarlarla aça bilir.
Əli Nur həm də çox istedadlı bədii söz ustasıdır. O, ifa elədiyi şeirlərin, poemaların
həm lirik, həm simvolik, həm də poetik xüsusiyyətlərini
məharətlə çatdıra
bilir. Əli Nur ədəbiyyatı, incəsənəti, fəlsəfəni
və tarixi dərindən bilən bir ziyalıdır.
Bu yaxınlarda istedadlı aktyorun 60 illik yubileyini teatrsevərlər
təntənəylə qeyd
etdilər. “Özümüzü
kəsən qılınc”
tamaşası oynanılırdı.
Qara xan rolu, xaraktercə mənfi olsa da, Əli Nurun
ifasında sənətkarlığına
görə hər dəfə alqışlanırdı.
Salonda, demək olar ki, çox tamaşaçının əlində
güllər, çiçəklər
vardı. Sonda bu çiçəklərə
qərq olan Əli Nur sevinc
dolu bir aləmə düşmüşdü.
O, gülümsəyirdi və
tamaşaçılarına minnətdarlıq əlaməti
olaraq baş əyirdi. Bu tək Əli Nurun tamaşaçılara
minnətdarlığı deyil,
həm də vədi idi. Əli Nur ömrünün
bu gözəl çağında və bundan sonra da
Akademik Milli Dram Teatrının səhnəsində bir-birindən maraqlı obrazlar yaradacağına vəd verirdi.
Xalq qəzeti.- 2008.- 25 may.- S. 10.