Məhərrəmova T.

 

“Mən səhnədən heç nə istəmirəm”

 

Səidə Quliyeva, Əməkdar artist: "Biz müğənni deyilik ki, həftədə bir mahnı ilə efirə çıxaq"

 

İndi ya aktyorların sayı çoxalıb, ya da tamaşalar əvvəlki illərə nisbətən çox az səhnələşdirilir. Fimlərin az çəkilməyi də öz yerində. Çünki ekranda görməyə adət etdiyimiz indiki "ulduzları" çıxmaq şərtilə, tanınmış aktyor və aktrisalar "niyə görünmürsünüz?" sualını çox vaxt təəccüblə qarşılayırlar. Bəzisi "unudulmuşam" deyirsə, bəzisi ildə bir-iki tamaşaya dəvət almağı və ya filmdə çəkilməyi uğurlu fəaliyyət hesab edir. Çoxları da yaradıcılıq planlarını gizli saxlayır. "Deyəndə mənə düşmür", "hələlik sirdir, maneçilik olar" və ya "reyissorun xoşuna gəlməz" cavabını eşidirsən.

Akademik Dram Teatrın aktrisası, Əməkdar artist Səidə Quliyeva da analoyi sualımızı eynilə cavablandırdı:  

- Bir neçə planım var. "Srace" kanalından dəvət almışam. Hələ açıqlamaq istəmirəm.

- Ötən illərdə olduğu kimi bu gün səhnəyə çıxmaq sizə eyni zövqü verirmi?

- Ümumiyyətlə, səhnəyə çıxmaq mənə həmişə zövq verir. Mən bunu dana bilmərəm. Bəlkə siz tamaşaçı tərəfindən qəbul olunmağı demək istəyirsiniz? Şəxsən öz payıma deyirəm: mənə münasibət həmişə gözəl olub. Bunu həmişə hiss edirəm. Hərdən bizim aktrisalar deyir ki, küçədə gedirdim, mənə filan sözü dedilər. Şəxsən mənə deyilməyib. Bəlkə də fikirləşərsiniz ki, Səidə özünü bu gün çox təriflədi. Yəni olan şeyi deyirəm. Tamaşaçılar - yaşlılar, gənclər, hətta uşaqlar həmişə mənə çox gözəl sözlər deyiblər. Mən həmişə tamaşaçı sevgisi ilə əhatə olunmuşam. Səhnəyə çıxanda böyük məsuliyyət hiss edirəm. Pərdə açılanda, artıq hər şeyi unuduram.

- Tamaşaçılar deyir ki, Səidə xanım səhnədə çox təbii oynayır. Bəlkə bu fikrə münasibət bildirmək təvazökarlıqdan uzaq olar. Hər halda bilmək istərdim, bu təbiiliyi auditoriyada, yoxsa səhnədə öyrənmisiniz?

- Deyə bilmərəm... O mənim naturamdan gəlir. Mən, ümumiyyətlə, təmiz insanam. Həyatda da səmimiyəm. Həmin naturalizm, səmimiyyət daxilimdən gəlir. Bunu öyrətmək lazım deyil. Çox təəssüf ki, axır vaxtlar süni oyunlarla o qədər qarşılaşırsınız ki, təbii oyunu görəndə onu daha parlaq qəbul edirsiniz. Səhnədə hər şey təbii olmalıdır. Çünki sən insan taleyi yaradırsan.

- Teatrda təzə rollarınız varmı?

- Hələ ki, yeni bir rolum yoxdur. Heç təklif də almamışam. Keçən ilin dekabrında türk dramaturqu Tüncər Cücenoğlunun "Uçqun" əsəri əsasında səhnələşdirilən tamaşada baş rolu oynadım. Bu mənim uğurlu rorllarımdan biri idi. Tamaşa cari repertuardadır. Əgər ildə bir-iki tamaşada oynayır və ya bir filmə çəkiliriksə, bu bizimçün az iş deyil. Sizə elə gəlir ki, azdır. Biz müğənni deyilik ki, həftədə bir mahnı ilə efirə çıxaq. Biz yaradıcı adamlarıq.

- Yaradıcılığınızda kino fəaliyyətiniz də mühüm yer tutur. Teatr aktrisası üçün filmdə çəkilməyin hansı çətinliyi var?

- Teatr aktrisası üçün filmdə işləmək çox çətindir. Düzdür film, dublyay bizim sənətimizin bir qoludur. Amma kino çox çətin sənətdir. Xüsusən bu gün çox çətindir. Əvvəla, kinoda maddi tərəf çox yüksək olmalıdır ki, reyissor istədiyini çəkə bilsin. Əlbəttə, bir aktrisa kimi mənimçün hər şey məsuliyyətlidir. Asan bir şey yoxdur. Ümumiyyətlə mənim həyatımda asan heç nə olmayıb. Eləcə də kino fəaliyyətim. Mən kinoya çəkilməyi çox sevirəm.

- Eşitdiyimə görə, reyissor Vaqif Mustafayevin təzə çəkəcəyi filmə dəvət almısınız.

- Hələ dəvət almamışam. Ola bilər ki, dəvət olsun.

- Siz qabaqlar televiziya filmlərində çox çəkilmisiniz. Bəs bu gün belə dəvətlər olmurmu?

- Mən televiziya filmlərində çəkilməyimə görə Ramiz Həsənoğluna minnətdaram. O, məni ilk dəfə "Atayevlər ailəsi"ndə Reyhan obrazına çəkdi. Mən bir günün içində məşhurlaşdım. Dünənki adi bir qıza səhər hamı Reyhan deyirdi. Televiziyanın geniş auditoriyası var. Teatra isə 500-600 adam gəlib baxır. Televiziya ilə məşhurlaşandan sonra da teatrda oynaya-oynaya mənə Reyhan deyirdilər. Get-gedə öz adımı bərpa elədim. Ancaq indi tamaşalar çəkilmir. Çox istərdim ki, Ramiz Həsənoğlunun çəkəcəyi yeni bir tamaşada oynayım. İndi 3-4 ildən bir tamaşa çəkilirsə, sevincimizdən uçuruq.

- Gənclik illərində səhnəyə təzə qədəm qoyan aktrisa tanınmaq, sevilmək üçün bəlkə daha çox canfəşanlıq edir. Sonrakı illərdə isə təcrübəsi ona kömək olur. Siz yəqin ki, bu gün təcrübənizdən yararlanırsınız?

- Canfəşanlıq sözü düz deyil. Təcrübə, istedad, zəhmət lazımdır. Bunlar hamısı bir yerdə olanda yüksək nəticələr alınır. Aydın məsələdir, teatrda birinci illə 30 ilə yaxın işləyən aktrisa arasında böyük fərq var. İllər keçir, təcrübə, səhnənin sirləri qazanılır.

- Aktrisaların səhnədən vaxtında getməsinə necə baxırsınız?

- Əgər o adam özünü sağlam, bu teatra lazımlı hesab edirsə, niyə getməlidir? Əgər görürsən ki, artıq oynaya bilmirsən, səhhətin maneçilik törədir, onda gedə bilərsən. Xaricdə belə bir şey var: aktrisalar qocalıqlarını göstərmək istəmirlər. Onlar ulduz səviyyəsində səhnədən ayrılır və arxalarında milyonlar olur. Onlar özlərini dolandıra bilirlər. Bizim kimi "3 manat burdan, 5 manat ordan" - deyə özlərini dolandırmırlar.

- Əgər bu gün hər hansı tamaşada sizə gənc qız rolu tapşırılsa, oynayarsınız?

- Yox, oynamaram. Oynayanlara da deyirəm ki, əzizlərim, özünüzü gülünc vəziyyətdə qoymayın. Çünki hər yaşın öz xüsusiyyətləri var. 18 yaşında qızın ağlamağı ilə 46 yaşında qız rolu oynamaq istəyənin ağlamağı, yerişi, baxışı bir ola bilməz. Təbiətin insana verdiyi bu keyfiyyətlər il-ildən təkmilləşir. Baxıb deyirsən ki, bu insan cavandır, ancaq həyatda kamil görsənir. İnsan var ki, yaşı 70-dir, ancaq özünü cavan, yüngül aparır. Bu da gülünc görünür. Hər yaşın öz gözəlliyi var. Bunu mən deməmişəm, dahilər deyib. Deyim sizə ki, qoca rolunu da oynamağın əleyhinəyəm. Bilirsiniz, yabançı görsənir. Məsələn, mən, "Ölülər"də Kərbəlayı Fatmanı oynayıram. Elə özümü oynayıram. Obraz mənim üçündür. Hərdən deyirlər ki, sən bu rolda çox cavan görsənirsən. Deyirəm ki, niyə cavan görsənirəm, mən özümü, öz yaşımı oynayıram!

- Yaşa uyğun bir obrazı oynamaq təbiidir. Ancaq bəzən aktyorlar deyirlər ki, "mən filan rolda öz taleyimi oynadım". İnsan öz taleyini səhnəyə gətirə bilərmi?

- Mən razı deyiləm. Gərək onda yanında bir dramaturq oturdasan ki, o sənin bütün həyatını yaşasın. Heç bir insanı özü bilən qədər ikinci bir adam bilə bilməz. Mən öz taleyim haqqında oturub yaza bilərəm. Onu kim oynasa da, mən istəyən heç vaxt alına bilməz. Üzr istəyirəm, mən başqasının skletini yaşaya bilərəm - ona ət, qan verə bilərəm. Tam yaşamaq mümkün deyil. Çalarlar, bənzətmələr ola bilər. Sizə bir söz də deyim, özünü oynamaq bir dəfə olur. Yalnız bir obrazda özünü oynaya bilərsən.

- Başqasının taleyini oynamaq necə, asandırmı?

- O da çətindir. Biz bədii əsərləri oynayırıq. Məsələn, sizin taleyinizi süzgəcdən keçirib oynayacağıq. Onu da tam oynamaq mümkün deyil. Bir az yeriş, bir az baxış, bir az dünyagörüşü obraza əlavə edirik. Bir də görürsən ki, yazıçının yazdığı obrazda bunların heç biri yoxdur. Biz öz fantaziyamızı əlavə edirik. Mən bunu həmişə tələbələrimə də deyirdim. Məsələn, soruşurdum ki, bu gün metro ilə gəlmisən, nələr görmüsən? Onun üstünə onunu da qoy danış. Fantaziya, müşahidəçilik nə qədər qabarıq olsa, sənətin xeyrinə olar. Tamaşaçı da baxanda mənəvi zövq almaqdan başqa nəsə öyrənə bilər. Həmişə deyirəm ki, bizə tarixi əsərlər lazımdır. Çünki biz keçmişimizi unutmuşuq. Sabah gənc, məktəbli arxivləri axtarıb "Göytürklər"i oxuyan deyil ki. Bəxtiyar Vahabzadə "Özümüzü kəsən qılınc"da bunu yazıb. Gəl bax, öyrən. Görün, teatr nə boyda bir məktəbdir. Elə müasir bir şeyi götürək: İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər", "Sən həmişə mənimləsən" pyeslərində insan taleləri var. Bir vaxtlar dəb düşmüşdü: cavan qızlar yaşlı kişilərə vurulurdu. Görünür, İlyas Əfəndiyev o dövrdə "bunun nəticəsi nə ola bilər" - deyə bu mövzunu yazıb. Demək istəyib ki, onun ürək ritmi ilə sənin ürək ritmin bir vurmayacaq. Belə şeylər olub həyatda, ancaq heç vaxt xoşbəxtlik tapmayıblar. 60 yaşında bir insanla 20 yaşında adamın məhəbbəti süni görünəcək, alınmayacaq.

- Bir neçə il bundan əvvəl "30 ilə yaxın ömür verdiyiniz səhnədən istədiyiniz nədir?" sualıma "Diqqət" - deyə cavab vermişdiniz. Arzuladığınız diqqət nəhayət, sizə yönəldimi?

- Səhnədən yox, mən bunu sənətə qarışdırmaq istəmirəm. Mən səhnədən heç nə istəmirəm. Əksinə, mən səhnəyə verməliyəm. Səhnədə gözəl obrazlar yaratmalıyam. Həmişə olduğu kimi, səhnəyə sadiq olmalıyam. Mənə diqqət yönəldi deyəndə, prezident mükafatı alıram. Əgər mayın 10-u üçün də təqdimat olsa, sualınızın cavabını tamam alarsınız.

- Tələbəlik illərində Ədil İsgəndərov içərisində siz olmaqla sonuncu kursunu institut boş qalmasın deyə, pedaqoq olmaq üçün hazırlayıb. Bu sözləri özünüz demisiniz. Anca siz bir müddət dərs deyəndən sonra fasilə verdiniz. Əgər sirr deyilsə, müəllimliyinizdən niyə əl çəkdiniz?

- Burda sirr yoxdur. Müəllimlikdən də əl çəkməmişəm. Düzdür, artıq 4 ildir dərs demirəm. Müəllimlik elə məsuliyyətli sənətdir ki, ona əmək sərf olunmalıdır. Ancaq mən teatrda, kinoda öz yaradıcılığımla məşğul olmaq istəyirəm. Ola bilsin ki, təqaüd yaşında dərs deməyə gedərəm. Onu da deyim ki, indiki tələbələrin əksəriyyəti məni qane eləmir. Onlarla çəkəcəyim zəhmətə heyifim gəlir. Test üsulu instituta qəbul zamanı çox vaxt istedadlı, savadlı tələbəni kölgədə qoyur. Qeyri-ixtisas sahibləri institutda oxumalı olur. Onlarla əziyyət çəkməyə dəyməz.

 

Kaspi.- 2008.- 6 may.- S. 12.