Məhərrəmova T.

 

Yarımçıq ömrün əbədi sevgisi

 

Torpağın bahar nəfəsi ilə isinməyə başladığı bir vaxtda - güllü-çiçəkli may ayında doğulmuşdu. Həyatın gözəlliklərini uşaq marağı ilə gözünə, könlünə köçürüb dünyadan xəbərsiz böyüyürdü. Ancaq onu tanıyanlar sərraf gözü ilə bu balaca uşaqda böyük bir sənət istedadının rüşeymlərini görürdülər. Onlar doğrudan da yanılmırdılar. Hələ addımları bərkiməyən bu uşaq 5 yaşı olanda Akademik Milli Dram Teatrının səhnəsinə qədəm qoyub. Mənasını dərk etmədiyi sözləri əzbərləyə-əzbərləyə, onunla bir səhnəyə çıxan xalalara, dayılara heyranlıqla baxa-baxa sənətin zirvəsinə doğru irəliləyib. 5 yaşında İsmayıl Osmanlı, İsmayıl Dağıstanlı kimi görkəmli sənətkarları səhnədə görüb. Onların başına çəkdiyi sığalı hiss edib. Atası Firuz Xudaverdiyev oğlunun aktyor olmasını istəməsə də, uşaq marağının qarşısına sədd çəkə bilməyib. "O, hələ uşaqdır, nə bilir səhnə nədir" desə də, sonradan övladının istedadından bir ata və sənətkar kimi qürur duyub. O, azyaşlı oğlu ilə böyük səhnədə çiyin-çiyinə işləməli olub. Tahir isə uşaq dünyasında ömrünün yaş pillələri ilə addım-addım sənət zirvəsinə ucalıb. Balaca aktyor böyük sənət yolunun başlanğıcına düşüb... Televiziyada hekayə axşamlarının, televiziya tamaşalarının biri də onsuz ötüşməyib.

Bu istedada görkəmli səhnə ustaları heyranlıqlarını gizlətməyiblər. Tahirin uşaqlıqdan gördükləri haqqında öz baxışı, öz təsəvvürü olub. O vaxtlar "Pioner" qəzetində bu balaca aktyorun parlaq istedadından iftixarla söz açılıb.

Bu gün Tahir bizə ən gözəl sözləri uşaq ikən səhnədə yaratdığı, görkəmli sənətkarlarla birgə fotolarda və televiziyanın yaddaşında əbədiləşən obrazları ilə deyir.

 

Qeyri-adi uşaq

 

Tahirin həyatı lap körpəlikdən qeyri-adiliklərlə dolu olub. Həyatının ilk möcüzəsi adının qoyulmasından başlayıb. Uşaq anadan olandan sonra Mingəçevir teatrında işləyən atası qastrolda olduğu üçün ona şəhadətnamə verilmək vaxtı çatdığından adı VVAQ şöbəsi tərəfindən qoyulub. Sonra bu qeyri-adiliyə onun 5 yaşında səhnəyə çıxmaq qisməti qarışıb. Bu 5 yaşlı uşağı çıxdığı səhnədə yaratdığı obrazların möcüzəsi ilə tanıyıblar.

O illərin xatirələrini Firuz müəllim kədərlə yada salır:

- Tahirin uşaqlıq dövrü böyüklük dövrü kimi keçib. Onun çiyinləri yaşına görə böyüklərin çəkə biləcəyi yüklə yüklənmişdi. Tahir körpə olanda onunla dəniz kənarına gəzməyə çıxırdıq. Bir gün Mehdi müəllimi də orada gəzişən gördük. O, Tahirin başını sığallayıb "sənin oğlundurmu?" - deyə maraqlandı.

Bir gün mənə dedilər ki, Mehdi müəllim səni axtarır. Yanına gedəndə dedi ki, mən "Dəli yığıncağı" əsərini götürürəm. Orda bir uşaq rolu var. Elə bilirəm ki, oğlun bu rola layiq olar. Ancaq sənin üzərinə böyük məsuliyyət düşür. Onu aparıb-gətirməyə söz verirsənmi? Sənin də tamaşada rolun var, darıxma.

Dedim ki, Mehdi müəllim, bacararmı, axı o, hələ uşaqdır? "Məşq prosesində bilinəcək" - deyə cavab verdi. Mehdi müəllimin sözündən çıxa bilmədim. Onda mən Xırdalanda yaşayırdım. Nə qədər çətin də olsa, uşağı məşqlərə aparıb-gətirməyə başladım. Həmin tamaşada da Əliağa Ağayev, Şəfiqə Məmmədova, Ağasadıq Gəraybəyli kimi sənətkarlar oynayırdı. Tahirin ilk rolu Mehdi müəllimin çox xoşuna gəldi. Mehdi müəllim ona öz kitabını bağışladı. Kitabında: "Kaş Tahirin ciddiliyi bütün aktyorlarda olaydı" - ürək sözləri də yazılmışdı. Bu roldan sonra Tahir reyissorların diqqətini cəlb etməyə başladı. Sonra da "İblis"də oynadı. Ağasadıq Gəraybəyli deyirdi: "Bu uşaq səhnədə çox zirəkdir. O, gələcəyin böyük aktyoru olacaq". Tahirin haqqında, həmçinin, Səməndər Rzayevin, Mirvari Novruzovanın, Yaşar Nurinin və b. aktyorların ürək sözləri var.

Bir gün də hazırda Türkiyədə çalışan Zəminə və Fuad Hacıyevlər "Sevil" əsərini hazırlamaq üçün dəvət olunmuşdular. Əliabbas Qədirov Balaşı, Səfurə İbrahimova isə Sevili oynayırdı. Reyissorlar məndən xahiş etdilər ki, Tahir Gündüz rolunu oynasın. Özləri də maşınla aparıb-gətirməyə söz verdilər ki, təki mən onların təklifinə razılıq verim. Daha sonra Tahir "Sizi deyib gəlmişəm"də Həsən Turabovla, Hacı İsmayılovla səhnəyə çıxdı. "Şirbalanın məhəbbəti" televiziya tamaşasında çəkilən uşaqlardan biri də o oldu. Artıq 7-8-ci sinifdə oxuyanda Tahir teatra sərbəst gedib-gəlirdi. Azərbaycanın bütün rayonlarında, eləcə də Gürcüstanda, Ermənistanda onunla qastrolda olmuşduq. Qastrollardan şəkilləri də qalır. Bir gün də musiqi məktəbində oxumaq istədiyini bildirdi. Soruşdum ki, nə çalmaq istəyirsən? Dedi ki, qarmon. Özlüyümdə fikirləşdim ki, əgər musiqi qabiliyyəti yoxdursa, boş-boşuna vaxt sərf etməyə dəyməz. Musiqi qabiliyyətini yoxlatdırdım. Tahirin gözəl musiqi duyumu vardı. O, musiqi məktəbini də qurtardı. Hazırda qarmonu, gitarası evdə qalır. Muzeyə vermədim. Tahir orta məktəbdə də yaxşı oxuyurdu. Müəllimlər həmişə onunla fərəhlənir, tamaşalarına da gül-çiçəklə gəlirdilər.

 

"Çahargah fantaziyası"

 

O illərdə "Azdrama"nın səhnəsində oynanan bütün uşaq rollarının ifaçısı olub Tahir. Onun sənətə böyük həvəsi vardı. Hərdən də təəssüflə "bizdən əvvəl necə olduğunu bilmirəm, ancaq indi sənətə çox biganə baxırlar. Xüsusən təzə gələn gənclər epizodik rollar oynamaq istəmirlər. Nə olsun, mən də kiçik rollardan başlamışam" - deyə onları qınayırdı da.

Tahirin sonuncu dəfə rol aldığı tamaşa "Çahargah fantaziyası" olub. 86-cı ildə Ağakişi Kazımovun quruluş verdiyi bu tamaşada Gülbala rolunu oynayan Tahir çaldığı qarmonu da canlı ifa edirdi.

Firuz müəllim xatırlayır:

- Tamaşa hazırlanan vaxt köhnə bir qarmon gətirib, lentə yazdılar. Bir də gördüm ki, Tahir qaş-qabağını tökərək: "Mən özüm qarmonçalanam da, niyə lent yazısı verirlər, qoy canlı çalım" - deyə dilləndi. Mən də Ağakişi müəllimə Tahirin qarmon çalmaq bacarığını deyəndə, əvvəlcə inanmadı. Sonra isə razılıq verdi. Tamaşa çox uğurlu alındı və bir neçə dəfə oynandı. Tahir bu tamaşa ilə qastrol səfərlərində də oldu. Ancaq çox heyifslənirəm ki, "Çahargah fantaziyası" televiziya üçün çəkilmədi.

 

 

Mənə hər gün Vətənimdən xəbər verin

 

Tahirin hərbi xidmət vaxtı SSRİ-nin dağılması dövrünə düşüb. Krımda hərbi xidmətə başlayan gənci o vaxt yalnız doğma Azərbaycanında baş verən hadisələr maraqlandırırdı. Evlərinə ünvanladığı məktublarında yazdığı: "Mənə məktub yazmayın, hər gün təzə bir qəzet göndərin. Azərbaycanda baş verən hadisələrdən çox nigaranam" sözlərini oxuduqca bir türk gəncinin soyumuzdan gələn Vətən, torpaq sevgisinə heyran olursan.

- Bir gün Krımda əsgərləri yığaraq: "Kim buranın vətəndaşlığını qəbul edirsə, burda qalır" demişdilər. Bir neçə dostu razılaşsa da, Tahir bu təklifdən imtina etmişdi - deyə Firuz müəllim danışır. Təklifi qəbul etməyənləri isə incidirdilər. Ona görə də Tahir günlərin birində bir neçə dostu ilə birlikdə gecəykən qatara minərək Vətəninə qayıtdı. Onların geri dönmək üçün pulları olmadıqlarına görə aşpaz dostlarından aldıqları 5 qutu yağdan 4-nü sataraq qatara bilet almış, qalan bir qutu yağı isə pul əvəzinə taksiyə verərək evə gəlmişdilər. Krımdan qayıdandan sonra - 92-ci ildə mən Tahirin hərbi biletinin xidmət etdiyi hissədə qaldığı barədə hərbi komissarlığa məlumat verdim. Hərbi komissarlıq onun biletini gətizdirdi.

Qəribə təbiəti vardı. Deyirdi ki, müharibə qurtarmasa, institutda oxumayacağam. Qarabağ hadisələri onu çox narahat edirdi. Bütün günü qayğılı gəzib-dolanır: "Mən gedəcəyəm" - deyirdi. Bir gün əlində çağırış vərəqi ilə gəlib dedi ki, gedirəm. Onun hərbi komissarlığa nə vaxt getməsindən xəbərimiz olmamışdı.

Firuz müəllimin səsinin kövrəkliyində əriyən etirafı qulaqlarımda səslənir: "Dedim ki, "Tahir, getmə, sən axı 2 il xidmət eləmisən". Dedi ki, axı deyirdin biz dostuq. Neçə oğlun var? Cavab verdim ki, üç. "Hesab elə 2 oğlun var. Sən anama təsəlli ver, ona heç nə demə" - deyib getdi...

Hətta mənə təklif etdilər ki, xəstəxanada yatırtmaqla onu saxlamaq olar. Mən razılaşdım. O isə: "Mən məgər xəstəyəm? Mən xəstəxanaya getmirəm" - deyə hirsləndi. Ağdərədə xidmətə başladı. Kəlbəcərdə olarkən onları səfərbərliyə alıb, Hacıkənddə saxlamışdılar. Bir gün Füzulidə gedən döyüşlərin birində mərmi partlaması zamanı həlak olması xəbərini aldıq. Bizə verilən ölüm kağızında 94-cü il aprelin 15-də şəhid olması haqqında məlumat yazılıb. Amma aprelin 22-də cəsədi əlimizə çatdı. Tahirin ölümündən 20 gün sonra atəşkəs elan olundu.

Ölümündən sonra döyüş dostları bizə gəldildər. Onlar kövrələrək Tahirin həmişə əsgərlərə tamaşalardan monoloqlar söylədiyini, görkəmli sənətkarlarla bağlı xatirələr danışdığından söhbət açdılar.

 

O, qələbəyə inanırdı

 

Şəxsiyyətindəki bütövlüklə taleyindəki yarımçıqlıq arasında ziddiyyət var Tahirin. Gözəl bir qıza könlünü verdiyini ölümündən sonra bilib ata-anası. Öz ömrü kimi bir gözəlin məhəbbətini də yarımçıq qoyub Tahir. Onun qayıtmasına inanan o gözəlin ümidi kimi sevgisi də yarımçıq qalıb. Tahirin ölümünə inana bilməyən qız "o mənə demişdi ki, qayıdacağam"- deyə gözlərini yollardan yığmadan hər gün onun məzarını gül dəstəsi ilə ziyarət edir...

Bu gün sinəsində oğul dağı gəzdirən şəhid atasının fəxrlə: "Oğlum Vətən uğrunda şəhid olub. Onun və döyüş dostlarının müqəddəs arzusu Vətən torpağını azad görmək idi. "Təki torpağımız azad olsun" - deyə döyüşə könüllü yollanmışdılar. Onlar həqiqətə inanırdılar. "İstəsək alarıq, yaxşı yol göstərsələr, yaxşı rəhbərimiz olsa, torpaqlarımızı alarıq" ümidi ilə vuruşur, "çünki ermənilər qorxaqdırlar" - deyirdilər. Onlar qələbəyə inanırdılar. Arzum budur ki, torpaqlarımız azad olsun! Yalnız onda bu torpaq uğrunda şəhid olanların ruhu şad olar" sözlərinə haqq qazandırıram".

Şəhid ailələrinin statusunun yoxluğundan gileylənən şəhid atasını, həmçinin, yalançı "vətənvəpərvərlər"in vətənpərvərlikdən dəm vurmaları da ağrıdır. Ata gileylənir ki, oğlunun təhsil aldığı Xırdalan qəsəbəsindəki 3 saylı məktəbdə Tahirin ruhu layiqincə yad olunmur. Oxuduğu məktəb də Tahiri yada salmır. Ayrı vaxtlarda isə məktəb rəhbərliyi şagirdlərə vətənpərvərlikdən, torpağı, yurdu sevməkdən ağızdolusu danışır. Nə acılar ki, yurdu qanı ilə qoruyan oğullar bu məktəbdə yad olunmur! Axı canını Vətən uğrunda qurban verən şəhidin yad olunması onun ruhunu şad edər, şəhid əsgərin yarımçıq qalmış ömrünü işıqlandırar. Bir də övlad itkisini heç nə ilə qaytarmayacaq ailəyə heç olmasa cüzi bir təsəlli olar.

 

Kaspi.- 2008.- 22 may.- S. 12.