Samirə
Klassikamız
bugünkü teatrımızda
Müsyö
Jordanla dərviş Məstəli şah yenidən
toqquşdular
Dünən teatrda gənc
rejissor İlham Əsgərovun quruluşunda ədəbiyyatımızın
klassiki Mirzə Fətəli Axundovun "Müsyö Jordan və
dərviş Məstəli şah" 2 hissəli
komediyası oynanıldı. Quruluşçu rəssamı
Nazim Bəykişiyev, musiqi tərtibatçısı Səbuhi
Məmmədov, rəqsləri quran Pərviz Məmmədrzayev
olan tamaşada Rafael Dadaşov (Hatəmxan ağa), Bəsti Cəfərova
(Şəhrəbanu xanım), Sabir Məmmədov və
Elşən Cəbrayılov (müsyö Jordan), Anar Heybətov
(Şahbaz bəy), Mehriban Xanlarova (Şərəfnisə
xanım), Ziba Ramazanova və Xədicə Novruzlu
(Gülçöhrə), Hicran Nəsirova (Xanpəri), Telman
Adıgözəlov (dərviş Məstəli şah), Rəşad
Bəxtiyarov (Qulaməli) və digər aktyorlar iştirak edirlər.
Nədənsə quruluşçu rejissor pyesdəki Rəşid
bəy obrazını ixtisar etməyi lazım bilib. Dekorasiyaya
gəldikdə isə Qarabağ xanlığının
nüfuz sahiblərindən olan Hatəmxan ağanın dəbdəbəli
imarəti əvəzinə səhnədə şərti
yaşayış dekorları gördük. Aktyorların oyunu
barədə isə deyə bilərik ki, məsələn,
Rafael Dadaşovun ifası ilə bir qədər avam, sadəlövh,
köhnə fikirli, eyni zamanda çox səmimi xarakterə
malik Hatəmxan ağa obrazı arasında əlaqə
çox zəif idi. Şübhə yoxdur ki, aktyorla rejissor səylərini
birləşdirsəydilər, Rafael Dadaşov əsas ampluası
olan şəhərli, avropalaşmış zadəgan, ya da
ziyalı təbəqəsinə məxsus insanları
canlandırmaq vərdişini unudardı. B.Cəfərovanın
Şəhrəbanu xanımı, ümumilikdə,
inandırıcı idi. Əlbəttə, tanınmış
aktrisa "Kaş araba aşmayaydı!" səhnə əsərində
yaratdığı Kesariya obrazında olduğu kimi, daha plastik
ifa nümayişləyə bilərdi. İctimai baxış
tamaşasında müsyö Jordan rolunda
çıxış edən Elşən Cəbrayılov
personajın "dilini tapmaqda" o qədər də aciz
qalmamışdı. Gənc aktyor Anar Heybətov da Şahbaz bəy
obrazında kifayət qədər təbii
görünürdü. Mehriban Xanlarova isə əmisi
oğluna yenicə adaxlanmış gənc qız rolunda
yapışıqlı görünməkdən ötrü
bütün istedad və bacarığını səfərbər
etmişdi. Yeniyetmə Xədicə Novruzlunun
Gülçöhrəsi isə uşaqlara xas səmimi,
üzviliyə köklənmiş oyunu ilə diqqəti cəlb
etdi. Hicran Nəsirovanın Xanpərisi aktrisanın
yaradıcılığından yaxşı
tanıdığımız sərbəst ifa tərzini bu
rolda da büruzə verdi. Nəhayət, Telman Adıgözəlovun
dərviş Məstəli şahının bütün
komponentləri - məzəliliyi,
fırıldaqçılığı, pulgirliyi - yerli-yerində
idi. Ümid edirik ki, premyerada və sonrakı nümayişlər
zamanı "Müsyö Jordan və dərviş Məstəli
şah" tamaşası daha dinamik, Axundov qələminə
layiq olaraq daha cəlbedici keçəcək.
Həftə içi .- 2008.- 27 may.- S. 8