Balet ulduzları "Qu gölü"ndə

 

Mayın 24-də baletsevərlər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrmın səhnəsində klassik balet sənətinin dəyərli nümunələrindən Pyotr Çaykovskinin "Qu gölü" baletini seyr edə biləcəklər. Uzun illərdən bəri teatrın repertuarında olan bu balet, hər zaman tamaşaçılar tərəfindən böyük maraqla qarşılanır. Bu marağa səbəb dahi rus bəstəkarı P.Çaykovskinin ölməz musiqisi, balet truppasının professional ifası, ən önəmlisi isə teatr rəhbərliyi tərəfindən vaxtaşırı tamaşada əsas rolları ifa etmək üçün dünyaşöhrətli balet sənəti ustalarının dəvət edilməsidir.

Tamaşada da sənətsevərlərin məmnun qalacaqları gözlənilir. Belə ki, onlar "Qu gölü" baletinin qəhrəmanları - Odetta-Odilliya və Şahzadə Ziqfrid rollarında dünya baletinin ulduzları Anna Doroş və Yan Voynanın ifası ilə tanış olacaqlar.

Ukraynanın xalq artisti, Ukrayna Dövlət Akademik Opera və Balet Teatrının solisti Anna Doroş, həmçinin Avropanın mötəbər opera və balet teatrlarının səhnələrində uğurlu çıxış edir. Balet artistlərinin bir çox beynəlxalq müsabiqələrinin iştirakçısı, dörd müsabiqənin "Qran-pri" və qızıl medalının sahibi A.Doroş, Almaniya, Avstriya, İtaliya, Yaponiya, Fransa, ABŞ-da keçirilən klassik balet sənəti festivallarının çoxsaylı mükafatlarına da layiq görülüb.

Qeyd edək ki, bu ukraynalı balet ulduzunun bakılı baletsevərlərlə ilk görüşü deyil. O ötən illərdə də iki dəfə şəhərimizdə qonaq olmuş və "Qu gölü" tamaşasındakı parlaq çıxışı ilə tamaşaçıları heyran etmişdir. Bu səbəbdən A.Doroşun Azərbaycan Opera və Balet Teatrının balet truppasının imkanlarına artıq bələd olduğunu deyən teatrın mətbuat katibi Şükufə Ağamirzəyeva, balet ustasının sənətçilərimizin professional səviyyəsini yüksək qiymətləndirdiyini deyir: "O, ölkəmizdə olarkən balet ustalarımızla birlikdə çıxış etməyin ona böyük zövq verdiyini xüsusi vurğulayaraq budəfəki dəvətimizi də böyük məmnuniyyətlə qəbul edib".

Tamaşada A.Doroşun  tərəf-müqabili - Şahzadə  Ziqfrid rolunu isə çexiyalı balet ulduzu, Praqa Opera və Balet Teatrının solisti,   beynəlxalq müsabiqələrin laureatı Yan Voyna ifa edəcək.                    

Mətbuat katibinin sözlərinə görə, tamaşada həmçinin      Azərbaycan  Opera və Balet Teatrının  balet truppasının solistləri - əməkdar artistlər Gülağası Mirzəyəv, Rimma İsgəndərova, Kamilla Hüseynova, Yuri Lobaçov, Yelena  Skomoroşenko,  aparıcı solist Samir Səmədov da çıxış edəcəklər.

Sonda onu da qeyd edək ki, tamaşanı xalq artisti, dirijor Cavanşir Cəfərov idarə edəcək.

 

Mədəniyyət.- 2008.- 17 may.- S. 12.