Salmanov R.

 

Leyli və Məcnunun şərəfinə sənət imtahanı

 

Professional musiqimizin banisi, ölməz bəstəkar Üzeyir Hacıbəyovun yaratdığı ilk milli operamızLeyli Məcnunun 100 illik yubileyi ölkənin musiqi ocaqlarında ilin əlamətdar hadisəsi kimi qeyd olunmaqdadır. Vaqif Mustafazadə adına iki saylı Uşaq İncəsənət Məktəbinin kollektivi bu silsilədən növbəti konsertilə Üzeyir Hacıbəyovun ev muzeyində çıxış etdi. Gələcəyin musiqiçiləri dahi bəstəkarın uzun illər yaşayıb-yaratdığı bu müqəddəs ünvanda sənət imtahanı verdilər.
Ev muzeyinin direktoru, əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcov bir sıra istedadlı musiqiçilər yetişdirmiş məktəbin kollektivini salamlayaraq, ilk milli operamızın yaranmasını xalqımızın mədəni tarixinin ən parlaq səhifələrindən biri kimi səciyyələndirdi. O bildirdi ki, dahi Üzeyir bəyin şəxsində milli operanın ərsəyə gəlməsi ötən əsrin əvvəllərində xalqımızın estetik şüurunun formalaşmasının ciddi bir faktı oldu. “Leyli Məcnunoperası ötən bir əsrdə musiqçilərin bir neçə nəslinin sənət zirvələrini fəth etməsi üçün geniş üfüqlər açmışdır. Belə bir yubiley bəstəkarın adı ilə bağlı bir məkanda yaradıcılıq hesabatı ilə çıxış etmək, şübhəsiz, yeniyetmə musiqiçilərin həyatında unudulmaz hadisəyə çevriləcək.
Sonra İncəsənət məktəbinin nəzəriyyə şöbəsinin müdiri Raminə Cəlilovanın təşkil etdiyi yubiley konserti oldu. Musiqi müəllimlərindən Almaz Rzayevanın, Kəmalə Bağırovanın, Sevinc Tağıyevanın, konsertmeystr Almaz Rüstəmovanın, Ramil Məmmədlinin Üzeyir Hacıbəyovun musiqi irsindən hazırladıqları çıxışları şagirdlər məharətlə davam etdirdilər. Fortepiano şöbəsinin müdiri Məlahət Səmədovanın şagirdləri Nuriyyə Zeynalovanın, Lalə Bayramovanın, Nigar Vəliyevanın, vokal şöbəsinin rəhbəri Eleonora Səfərovanın şagirdi Nərminə Babayevanın, xalq çalğı alətləri şöbəsinin müəllimi İlhamə Nağıyevanın yetirmələri Fəridə Şəfiyevanın, Əmrah Seyfullazadənin, Aydan MəmmədlininLeyli Məcnun operasından, ”Arşın mal alan" operettasından ifa etdikləri parça duetlər gələcəyin musiqiçilərinin Üzeyir bəy sənətinə dərin məhəbbətlərini ifadə etdi. Şövqlə səsləndirilən musiqi nömrələri məktəbin müəllim şagirdlərinin yubileyə layiqli töhfəsi oldu.

Xalq qəzeti.- 2008.- 18 may.- S. 5.