Təranə

 

Sənətdə heç zaman zirvə olmur

 

Bu yaxınlarda Opera və Balet Teatrında Verdinin "Trubadur" operası yenidən oynanıldı. Hər dəfə klassik operalarda yeni SƏS axtarışına çıxan teatrın budəfəki tapıntısı da uğurlu oldu. Leonora obrazının ifaçısı Eleonora Mustafayevanın debütü təkcə teatrın kollektivi tərəfindən deyil, tamaşaçılar tərəfindən də rəğbətlə qarşılandı.
   - Adınızla ifa etdiyiniz obrazın üst-üstə düşməsini təsadüf hesab edirsiniz, yoxsa cəhd?
   - Bu mənim debütüm idi. Təbii ki, çox böyük həyəcan var idi. Tamaşanı təhvil verənə qədər həddən artıq ciddi iş tələb olunurdu. Bu tamaşa üzərində var gücümlə çalışırdım. Onu da deyim ki, "Trubadur" diplom işim olub. Bu operanı institutda oxuyanda çox sevirdim. O zaman bu operadan bir parça oxumuşdum. İnstitutda oxuyanda başqa partiyaları da oxuyurdum. Bəzən onları ifa etmək mənə çətin gəlirdi. Heç vaxt inana bilməzdim ki, Leonora partiyasını bütövlükdə oxuya biləcəyəm. Ancaq bu partiyanı ifa etmək mənə o qədər də çətin olmadı. Məqsədimə çatmaq üçün çox çalışdım. Bu obrazın ağırlığını əvvəlcə bu qədər dərk etmirdim. Sanki bu partiyanı oxuduqca daha da böyüdüm, məsuliyyətim çoxaldı. Həm də teatrın direktoru Akif Məlikov, truppa müdiri Toma xanım, konsertmeystr Məlahət xanım, dirijor Cavanşir Cəfərov və b. sözün həqiqi mənasında mənə dəstək oldular. Adımla uyğun gələn Leonora partiyasını oxumağım bəlkə təsadüfdür, bəlkə də, yox. Daha dəqiq desəm, bu partiya ona görə xoşuma gəlir ki, Leonora öz sevgisi uğrunda həyatından keçir. Obrazda çox müxtəliflik var. O, gənc, sevgi dolu, hissiyyatlı bir qadındır. Sevgilisi Monrikanı həsrətlə gözləyir. Onun yolunda canını fəda edir. Həyatda çox nadir hallarda insan öz sevgisi yolunda canını qurban verir. Hərdən mənə elə gəlir ki, Verdi bu operanı sanki mənim üçün yazıb.
   - Maraqlıdır, belə bir sevgi qəhrəmanını oynamaq sizi niyə bu qədər cəlb etdi?
   - Nədənsə bu obrazı mən daha yaxşı duyuram. Çünki mənim içimdə də həyat yoldaşıma qarşı böyük sevgi var. Eyni hissləri mən də keçirirəm. Bu obraz mənə hisslərimi aydınlaşdırmaqda çox kömək etdi. Mənə elə gəlir ki, mən də sevgim uğrunda belə bir addım ata bilərəm. Allah mənə bu hissi yaşamağa imkan verdi.
   - Həyat yoldaşınız da sənət adamıdır?
   - Həyat yoldaşım Mustafa Mustafayev Gənc Tamaşaçılar Teatrının rəssamıdır. Bundan əlavə, Bələdiyyə Teatrında tamaşalara tərtibat verib, bir neçə kinonun rəssamı olub. Ümumiyyətlə, ailədə hamısı sənətə bağlı adamlardır. Qayınanam Almaz xanım da aktrisadır. Rəhmətlik qayınatam da rəssam olub. Onu da deyim ki, ailəmin də mənə çox böyük köməyi oldu. Yalnız obraz haqqında düşünməyim üçün onlar mənə bütün şəraiti yaratdılar. Mustafa mənim üçün Leonora partiyasının ayrı-ayrı versiyalarını yazıb gətirdi. Əlbəttə, mən bu partiyalarla
tanış oldum, ancaq öz versiyamı ifa etdim.
   - Tamaşadan sonra ilkin fikirlər necə oldu?
   - Bu barədə mənim danışmağım təvazökarlıqdan uzaq olsa da, yaxınlarımdan hiss etdiyim ümumi əhval-ruhiyyə çox yaxşı idi. Hamı məni təbrik elədi. Ancaq bilirəm ki, sənətdə heç zaman zirvə olmur. İşləməli, yeni obrazlar üzərində çalışmalıyam.
   - Çox vaxt məzunlar institutu bitirəndən sonra hələm-hələm peşəkar səhnəyə yol tapa bilmirlər. Sizin üçün bu yol asanmı oldu?
   - Əvvəla, qeyd edim ki, mən opera dərslərini Gülcahan Əhmədovadan almışam. Gülya xanım mənə böyük məktəb verdi. O, mənə səhnəni sevdirdi. Səhnədə ilk addım atmağı mənə öyrətdi. Teatra gələndən sonra isə baş rejissor Hafiz Quliyev, Hüseyn Əliyev mənə çox kömək elədilər. Bu teatra gəlişim asan olmadı. Mən bir müddət sənətə fasilə verib Moskvada yaşadım. Moskvada olarkən vokal müəllimim Tarasovadan dərs aldım. Bundan əlavə, tamaşalara qulaq asmağa gedirdim. Ancaq səhnəyə çıxmırdım. Tələbəlik illərində isə Moskvaya qastrol səfərim olmuşdu. Birdən-birə orkestrlə səhnəyə çıxıb oxumaq çox çətindir. Mənim ilk konsertim Simfonik Orkestrin müşayiəti ilə Filarmoniyada keçirilib. Həmin konsertdə "Arşın mal alan"dan Gülçöhrənin ariyasını oxumuşdum. Opera Teatrında səhnəyə çıxanda isə çox həyəcanlı idim. Çünki orkestr üzvləri hamısı təcrübəli insanlardır. Ancaq dirijor Cavanşir Cəfərov orkestrdən qabaq mənimlə ayrılıqda məşq etdi. Onun köməyi nəticəsində mən sərbəst oxuya bildim. Tərəf-müqabillərim Əvəz Abdullayevlə Həsən Enami də mənə çox kömək etdilər. Biz institutda da bir yerdə oxumuşuq. Onlar səhnə arxasında mənə çox böyük ruh verirdilər.
   - Milli operalarımızda səhnəyə çıxan solistlər adətən Leyli obrazını oynamaq istəyirlər. Bəs xarici operalarda hansı partiya əsasdır?
   - Mən hələ institut illərindən "Trubadur"u oynamaq istəyirdim. Bütün sopranolar bu partiyanı oynamaq istəyir. Mənə elə gəlir ki, səsimə həm də Aida partiyası düşür. Milli operalarımıza gəlincə, Fikrət Əmirovun "Sevil" operasında oynamaq istəyirəm. Onu da deyim ki, hal-hazırda bu partiyanın üzərində çalışıram. Gələcəkdə həm də "Toska"da Toskanın partiyasını oxumaq istərdim. Ümumiyyətlə, arzular çoxdur.
   - Bizim opera səhnəsindən xarici ölkələrin səhnəsinə çıxmaq asandırmı?
   - Asan heç nə yoxdur. Təkcə onu deyə bilərəm ki, yalnız işləmək lazımdır. Əgər insan çalışsa, həmin imkanları əldə edə bilər. Mənə elə gəlir ki, hər şey insanın özündən asılıdır. İnsana heç nə göydəndüşmə verilmir. Bilirəm ki, Leonora partiyasını oxudumsa, arxayınlaşmaq lazım deyil. Çox vaxt bizim sənətimizi idmanla müqayisə edirlər. İdmanda olduğu kimi həmişə məşğul olmaq lazımdır. Bu sənətdə dayanmaq geriyə qayıtmağa bərabərdir. Teatrımızda rəhbərlik gənclər üçün hər cür şərait yaradır. Qalanı isə özümüzdən asılıdır.
   - Bəs beynəlxalq müsabiqələr sizi maraqlandırmır?
   - 1995-ci ildə Heydər Əliyev adına Sarayda keçirilən müsabiqədə laureat olmuşam. Onda İncəsənət Gimnaziyasında oxuyurdum. Sonrakı illərdə bir sıra problemlər yarandığından müsabiqələrdə iştirak edə bilmədim. Amma mənə elə gəlir ki, bundan sonra daha peşəkar müsabiqələrdə iştirak edəcəyəm.
   - Necə bilirsiniz, ailə həyatı hardasa sənətdə irəli getməyə mane olurmu?
   - Burda hər şey fərdidir. Amma şəxsən mənə ailəm dayaq olur. Onların dəstəyi olmadan bəlkə də səhnəyə çıxa bilməzdim. Mən təzəcə ailə qurmuşam. Onu da deyim ki, mənim sənətim də o vaxtdan başladı. Həyat yoldaşım məni çox həvəsləndirdi. Dedi oxu, özünü göstər. Düzdür, sizin sözlərinizdə həqiqət var. Bəzən bizim sənətdə olanlar ailə qurduqdan sonra uzaqlaşırlar. Ancaq bu sənətdə insana mütləq həmdəm lazımdır. Mən bu həmdəmi gördüyümdən ürəkləndim. Ailə qurmamışdan əvvəl ata-anam da mənə kömək edirdi. İndi hiss edirəm ki, sənətə uzun müddət özümü bağlaya bilərəm. Bilirəm ki, arxamda ailəm var və onlar mənə böyük dəstək göstərirlər. Çalışıram ki, vaxtımı həm ailəmə sərf edim, həm də işimə. İstəyirəm ki, onlar bir-birinə mane olmasın. Ailəm mənə dəstək olduğundan mən də onlara qarşılıqlı diqqət göstərməyə çalışıram.
   - Dünyada İtaliya, Vyana, Almaniya kimi məşhur vokal məktəbləri var. Azərbaycanda necə, bu məktəbin ənənəsindən danışmağa dəyərmi?
   - Çox istərdim ki, Musiqi Akademiyasında vokal məktəbi daha yaxşı inkişaf eləsin. Gənc müəllimləri işləməyə dəvət eləsinlər. Ya xaricdən müəllimlər dəvət olunsun, ya da tələbələri həmin ölkələrə oxumağa göndərsinlər.
   - Həmkarlarınızdan biri müsahibəsində belə bir fikir söylədi: "İndi tələbələr instituta səsli girib, səssiz çıxırlar". O, hətta müəllimləri də səhnədən xəbərsiz olmaqda ittiham etdi.
   - Bu sözlərdə həqiqət var. İncəsənət sözü vokal sənətində tam mənasını tapır. Doğrudan da, bu, çox incə və zərif sənətdir. Bu sənətdə inkişaf etmək üçün, sirlərinə bələd olmaq üçün dünyagörüşün də zəngin olmalıdır. Çoxlu informasiya əldə etməlisən, dünya vokal sənətindən xəbərdar olmalısan. Düzdür, bir çox tələbələr var ki, Konservatoriyaya yaxşı səslə gəlirlər, ancaq bir müddətdən sonra onların səsləri korlanır. Ya onlardan düzgün istifadə etmirlər, ya düzgün istiqamətləndirmirlər, ya da üzərlərində eksperiment aparırlar. Ona görə də hər bir adam öz şüuru çərçivəsində dünyagörüşünü artırmağa çalışmalıdır. Vokal sənəti elədir ki, gərək özün də çalışasan.
   - Sizcə, gözəl səs Allah vergisidir, yoxsa hər adamın səsi üzərində işləyib ortaya nəsə çıxarmaq olar?
   - Səs vergidir. Ədəbiyyatdan oxumuşam ki, əslində vokal sənətinə tələbələri qəbul edəndə onlar həkim nəzarətindən keçməlidirlər. Yaxşı səsi xarab eləmək çox asandır. Yəni səsli adamın səssiz qalmaq ehtimalı var. Bəzən orta bir səs üzərində işləyib onu super səsə çevirmək də mümkündür. Bəzən isə əksinə. Ona görə də yaxşı səsi qorumaq lazımdır.
   - Vokal ifaçılarının son məqsədi La Skala səhnəsinə çıxmaqdır?
   - Əlbəttə, hər bir vokalist La Skala, Metropoliten səhnəsinə çıxmaq istəyər. Mənim arzum isə odur ki, o səhnələrdə gedib oxusam da, bu teatrdakı rollarım axarıncı olsun. Mənim teatr həyatım bu səhnə ilə bağlansın. Qastrollara getmək də gözəldir. Bu, peşəkarlığı, dünyagörüşü artırır. Ancaq ən yaxşısı, öz teatrının səhnəsində çalışmaqdır.

 

Mövqe.- 2008.- 8-12 may.- S. 13.