Bayramov O.
İKT ekspertlərinin
iclasında Xocalı soyqırımı və digər
qətliamlar müzakirə olunur
Mayın 16-da
İstanbuldakı "Qrand Cəvahir" hotelində İslam
Konfransı Təşkilatının (İTK)
Əməkdaşlıq və Dialoq Uğrunda Gənclər Forumu
və İSESKO-nun təşkilatçılığı
ilə başlanmış ikigünlük iclasda İKT-nin
humanitar faciələr üzrə ekspertləri XX əsrdə
müsəlman xalqlarına qarşı törədilmiş
soyqırımı aktlarını müzakirə edirlər.
İclasda Türkiyə
və Azərbaycanın mədəniyyət nazirliklərinin
nümayəndələri, deputatlar, islam ölkələri
gənclər təşkilatlarının təmsilçiləri
və diplomatlar iştirak edirlər. İslam Konfransı
Təşkilatının Əməkdaşlıq və Dialoq
Uğrunda Gənclər Forumunun mədəniyyətlərarası
dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın
təşəbbüsü ilə başlanmış
"Xocalıya ədalət - Qarabağa azadlıq"
kampaniyası çərçivəsində aparılacaq
müzakirələrdə ermənilərin xalqımıza
qarşı törətdikləri vəhşiliklərdən
ətraflı bəhs olunacaqdır.
Forumun Baş katibi Elşad
İsgəndərov bildirmişdir ki, son illər dünyada
getdikcə artan islamofobiya meyilləri və Qərb
ölkələrinin tətbiq etdikləri ikili standartlar
ucbatından müsəlmanlara qarşı
törədilmiş soyqırımlar lazımi qiymətini
almamışdır. Azərbaycanda, Bosniya və Herseqovinada,
Türkiyənin şərq vilayətlərində dinc əhalinin
vəhşicəsinə qətlə yetirilməsinə dair
sənədlər, filmlər, fotoşəkillər bütün
dünyada daha fəal yayılmalıdır. İslam
ölkələrində vahid soyqırımı qurbanları
gününün təsis edilməsi təklifi də İKT
rəhbərliyinə təqdim olunmuşdur. Bütün bu
işlərin səmərəliliyinin artırılması
məqsədini daşıyan Fəaliyyət Proqramı da
geniş müzakirə edilmişdir.
Müzakirələr mayın 17-də davam etdirəcəkdir. Qəbul olunacaq yekun sənəd İKT Nazirlər Komitəsinə təqdim olunacaqdır.
Azərbaycan.- 2008.- 17 may.- S. 5.