Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin
"Mədəniyyətlərarası dialoq Avropa və
onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır"
mövzusunda konfransının Bakı şəhərində
keçirilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
beynəlxalq birliyin bərabərhüquqlu subyekti kimi
dünyaya inteqrasiya siyasəti çərçivəsində
Avropa Şurası ilə uğurlu əməkdaşlıq
edir. Bu əməkdaşlığın
dərinləşdirilməsi Azərbaycanın nüfuzunun
artmasına və təşkilata üzv dövlətlərlə
münasibətlərin hərtərəfli inkişafına
təkan vermişdir. Azərbaycanda
mədəniyyətlərarası dialoqun inkişaf
etdirilməsi istiqamətində beynəlxalq səviyyəli
silsilə tədbirlər həyata keçirilir. Avropa
Şurasına üzv dövlətlərin mədəniyyət
nazirlərinin iştirakı ilə "Mədəniyyətlərarası
dialoq Avropa və onun qonşu regionlarında davamlı
inkişafın və sülhün əsasıdır"
mövzusunda konfransın geosiyasi mövqe baxımından
sivilizasiyalar qovuşuğunda yerləşən
Azərbaycanın paytaxtı Bakı şəhərində
keçirilməsinə dair təklif belə
tədbirlərdən biri kimi Avropa Şurasının rəhbərliyi
tərəfindən dəstəklənmişdir.
Avropa Şurası
ilə əməkdaşlığın Azərbaycan
Respublikası üçün böyük
əhəmiyyətini nəzərə alaraq qərara
alıram:
1. Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda konfransı 2008-ci il 1-4 dekabr tarixlərində Bakı şəhərində keçirilsin.
2. Konfransın hazırlanması və keçirilməsini təmin etmək məqsədi ilə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:
Təşkilat
Komitəsinin sədri
Artur Rasizadə -
Azərbaycan Respublikasının Baş naziri Təşkilat
Komitəsinin üzvləri
Əbülfəs Qarayev
- Azərbaycan Respublikasının Mədəniyyət və Turizm
naziri Elmar Məmmədyarov - Azərbaycan Respublikasının Xarici
işlər naziri
Ramil Usubov - Azərbaycan
Respublikasının Daxili işlər naziri
Əli Abbasov -
Azərbaycan Respublikasının Rabitə və informasiya
texnologiyaları naziri
Misir Mərdanov - Azərbaycan
Respublikasının Təhsil naziri Oqtay Şirəliyev -
Azərbaycan Respublikasının Səhiyyə naziri
Ziya Məmmədov -
Azərbaycan Respublikasının Nəqliyyat naziri
Vaqif Axundov - Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi
Aydın Əliyev - Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin səlahiyyətlərini icra edən
Hicran Hüseynova - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin səlahiyyətlərini icra edən
Elçin Quliyev - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi səlahiyyətlərini icra edən
Cahangir Əsgərov - "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
Kamran İmanov - Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi
3. Təşkilat Komitəsi konfransın keçirilməsi ilə bağlı müvafiq tədbirlər planı hazırlasın və onun yerinə yetirilməsini təmin etsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
5. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev, Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 4 noyabr 2008-ci il
Azərbaycan.- 2008.- 5 noyabr.- S. 1.