İbrahimova S.

 

Qədim kitablarımız hələ də dünya kitabxanalarını bəzəyir

 

Onların Azərbaycana gətirilməsi mümkündürmü?

 

Bir neçə gün əvvəl Hollandiyanın "Laden" Universitetinin kitabxanasında qorunan qədim kitabların nümayişi keçirilib. Tədbir iştirakçıları bir çox xalqa, eyni zamanda Azərbaycana məxsus dəyərli əsərlərlə tanış olublar. Bunların sırasında Nizami Gəncəvinin "Xosrov Şirin"i, Səid Təbrizi, Füzulinin "Divan"ları bir çox ədibin kitablarının adları hallandırılır. Qeyd edək ki, müxtəlif illərdə müxtəlif səbəblərdən dünya kitabxanalarına səpələnən bir çox dəyərli əsərimizin oriyinal nüsxələri hələ Azərbaycana gətirilməyib.

Xatırladaq ki, mərhum prezident Heydər Əliyevin təşəbbüsü ilə Almaniyanın Drezden kitabxanasında qorunan "Kitabi Dədə-Qorqud"un oriyinal nüsxəsinin sürətinin ölkəmizə gətirilməsi əsl bayrama çevrilmişdi. Lakin bizə məlum olan olmayan bir çox dəyərli əsərimiz hələ uzaq ölkələrin kitabxanalarını bəzəyir. Onların Azərbaycana gətirilməsi istiqamətində son illər hansısa addımların atıldığına rast gəlməmişik. Yeri gəlmişkən, qeyd edək ki, kino yaradıcılığı sahəsində bu məsələ artıq həlli mərhələsini yaşayır. Mədəniyyət Turizm Nazirliyi, eləcə Dövlət Film Fondunun təşəbbüsü nəticəsində Rusiyanın kino arxivlərində qorunan bir çox lent yazımız danışıqlar yolu ilə yerli fonda təhvil verilir. Hər iki qurum bir çox ölkədə qorunan qədim kino lentlərinin Azərbaycana gətirilməsi üçün müvafiq addımlar atıdığını da bəyan ediblər.

Mövzu ilə bağlı fikrini bildirən Mədəniyyət Turizm Nazirliyinin Nəşriyyat şöbəsinin rəhbəri Çingiz Əlioğlu mədəniyyətimizin bir hissəsini təşkil edən nəşrlərin Azərbaycana gətirilməsini vacib hesab edir. Lakin o, bir həqiqətlə razılaşır ki, dəyərli əsərlər mənsub olduğu ölkənin şəxsi malına çevrildiyi üçün bu barədə bir qədər düşünmək lazımdır: "Onları bazardan mal almaq prinsipi ilə gətirə bilmərik. Bunun üçün bir neçə mərhələli danışıqlar yoluna baş vurmalıyıq yəqin ki, müəyyən məbləğ ödənildikdən sonra əsərləri əldə etmək mümkün olar".

Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin direktoru, filologiya elmləri doktoru Rəfael Hüseynov həmkarının fikrilərini dəstəkləyərək bildirdi ki, bunun üçün bir qədər əziyyətə qatlaşmalıyıq: "Yəni əvvəlcə kitabxanaları araşdırmaq, orada qorunan əsərlərin sayını toplamaq, daha sonra atılacaq hər hansı bir addımı qətiləşdirmək lazımdır".

R.Hüseynovun fikrincə, qədim kitabların müxtəlif ölkə kitabxanalarına ayaq açmasında bir çox tarixi faciələr rol oynayıb. Onun fikrincə, repressiya illərində görkəmli ədiblərin əlyazmaları yandırılaraq məhv edildi, bəzilərinin isə dəyərli əsərləri dünya kitabxanalarına dağıdıldı: "Hərdən buna sevinmək lazımdır ki, onları uzaqdan da olsa seyr edə bilirik. Əks təqdirdə həmin əsərlər repressiyanın ən ağır qurbanlarından birinə çevrilə bilərdilər".

Həmsöhbətim bu işdə ermənilərin əlinin olduğunu gizlətmədi. Bir faktı diqqətimizə çatdıran muzey direktoru bunları qeyd etdi: "70-ci illərin sonuna qədər bizim Əbu Bəkir Xosrov ibn Əl Ustad adlı yazarımızın olduğundan xəbərsiz idik. Həmin illərdə Britaniya muzeyində kitabların siyahısı təzələnərkən azərbaycanlı nümayəndə Rasim Əfəndiyev orada "Min bir gecə" adlı əsərə rast gəlir. Toplunu vərəqləyərkən məzmunun eyni ilə Əbu Bəkir Xosrov ibn Əl Ustada məxsus olduğu ortaya çıxır. Araşdırmalardan sonra həmin əlyazmanın vaxtilə bir erməni tərəfindən aparılaraq "Min bir gecə" adı ilə kitabxanada yerləşdirildiyi məlum olur. Uzun sürən danışıqlardan sonra onu 80-ci illərin əvəllərində Azərbaycana gətirməyə nail olduq. Düşünürəm ki, uzun illər dünya kitabxanasına səpilən bu cür dəyərli əsərlərimizin ölkəmizə gətirilməsinin zamanı yetişib".

 

Kaspi.- 2008.- 19 noyabr.- S. 16.