Mədəniyyət və
Turizm Nazirliyində görüş
Noyabrın 25-də Mədəniyyət
və Turizm naziri Əbülfəs Qarayev ölkəmizdə
səfərdə olan Kitabxana Assosiasiyaları və
İnstitutları Beynəlxalq Federasiyasının (İFLA)
prezidenti Ellen Tisenlə görüşmüşdür.
Xanım Elleni Bakıda
salamlamaqdan məmnunluq duyduğunu bildirən nazir
ölkəmizin kitabxana şəbəkəsi barədə
qonağa ətraflı məlumat vermişdir. Diqqətə
çatdırmışdır ki, Azərbaycan hazırda
əksər beynəlxalq təşkilatlarla sıx
əlaqələr qurmuşdur. Ölkəmizdə
kitabxanaların beynəlxalq əlaqələrindən
danışarkən bildirilmişdir ki, Milli Kitabxana və Prezident
Kitabxanası digər xarici qurumlarla yanaşı, sizin
prezidenti olduğunuz Kitabxana Assosiasiyaları və İnstitutları
Beynəlxalq Federasiyasının da üzvüdür.
Azərbaycan
xalqının tarixində əlifbanın 4 dəfə
dəyişdirilməsinin, son dəfə kirilin latınla
əvəzlənməsinin onun maariflənməsində,
elminin inkişafında müəyyən
çətinliklər törətdiyini deyən nazir
vurğulamışdır ki, həyata keçirilən
tədbirlər nəticəsində problem aradan
qaldırılır, bu sahədə uğurlu addımlar
atılır. Dövlətimizin başçısı
İlham Əliyevin müvafiq sərəncamı ilə
Azərbaycan və dünya ədəbiyyatı
klassiklərinin əsərləri latın qrafikası ilə
nəşr edilərək kitabxanalara hədiyyə olunur.
Beləliklə, kitabxana fondlarındakı əvvəlki
nəşrlər tədricən latın qrafikalı
ədəbiyyatla əvəz olunur.
Azərbaycanda
mehribanlıqla qarşılandığı üçün
minnətdarlığını bildirən xanım E.Tisen
səfərindən məmnun qaldığını
vurğulamışdır. Səfərinə Milli Kitabxana
ilə tanışlıqdan başladığını
deyən qonaq Azərbaycanda öyrənməli
təcrübənin olduğunu dilə gətirmişdir.
Xanım Ellen qeyd
etmişdir ki, onun hazırkı səfəri İFLA ilə
Azərbaycan kitabxanaları arasında əlaqələri daha
da artıracaqdır.
Respublika.- 2008.- 26 noyabr.- S. 6.