Azərbaycan Respublikasının
Niderland Krallığındakı
səfirliyi Leyden Universitetinin kitabxanasına
ölkəmiz haqqında
kitabların hədiyyə
verilməsi ilə bağlı mərasim keçirmişdir.
Mərasimdə
çıxış edən kitabxananın direktoru Kurt de
Belder 1575-ci ildə yaradılmış Leyden Universitetinin
tarixi haqqında danışmış, bu təhsil
müəssisəsinin Avropanın aparıcı 20 universiteti
siyahısında olduğunu qeyd etmiş, universitetin
kitabxanasına dair ətraflı məlumat vermişdir. De
Belder səfirliyin təşəbbüsünü
yüksək qiymətləndirərək, Azərbaycan ilə
əməkdaşlığın qurulmasından məmnun olduğunu
bildirmişdir.
Səfir Fuad
İsgəndərov ölkəmizin tarixi, iqtisadi
inkişafı, neft strategiyası, mədəniyyəti və
tolerantlığı haqqında ətraflı məlumat
çatdırmışdır. Qeyd olunmuşdur
ki, Azərbaycan Respublikası tərəfindən
Avropanın ən tanınmış universitetlərindən
birinin kitabxanasına ölkəmizin dünənini,
bu gününü və sabahını əks etdirən kitabların hədiyyə
verilməsi xüsusi əhəmiyyət daşıyır.
Səfir vurğulamışdır
ki, təqdim olunan kitablar arasında Heydər Əliyev Fondu tərəfindən hazırlanmış
nəşrlər mövzu,
məzmun zənginliyinə
və gözəl tərtibatına görə
xüsusi yer tutur.
Təqdimat ümummilli
lider Heydər Əliyevin həyatını və Azərbaycan
xalqı qarşısındakı əvəzsiz
xidmətlərini əks etdirən kitablar haqqında ətraflı
məlumatların verilməsindən başlamışdır.
Qeyd olunmuşdur
ki, məhz Heydər Əliyevin şah əsəri olaraq müasir müstəqil Azərbaycan
Respublikası artıq
beynəlxalq münasibətlər
sistemində layiqli yer tutmuşdur.
Sonra Azərbaycanın
mədəniyyəti, tarixi və təbiəti haqqında
kitablar holland tərəfinə təqdim edilmişdir.
Tədbirdə kitabxanaya
Ermənistanın Azərbaycana hərbi
təcavüzünü obyektiv işıqlandıran kitablar
verilmiş və onlar haqqında ətraflı məlumat
çatdırılmışdır.
Kitabxananın direktoru
hədiyyə olunmuş kitablara görə dərin
təşəkkürünü bildirmiş, bu kitabların
holland oxucuları üçün Azərbaycan kimi zəngin
tarixə, mədəniyyətə malik, dinamik inkişafda olan
ölkə haqqında keyfiyyətcə yeni məlumat mənbələri
olacağını xüsusi vurğulamışdır. De Belder demişdir
ki, bu kitablar
universitet kitabxanasının
ən qiymətli kolleksiyaları toplusunda özünəlayiq yerini tutacaqdır. Qeyd olunmuşdur ki, kitabxanada bütün kitablar elektron formatına köçürüldüyünə
görə hədiyyə
verilmiş kitablar internet vasitəsilə sərhədsiz auditoriyaya malik olacaqdır.
Təqdimatın sonunda
kitabxananın islam dünyası və Orta Şərqin
öyrənilməsi üzrə departamentinin rəhbəri
Robert Kerr səfirliyin əməkdaşlarını
Azərbaycana dair fondda olan əlyazmaları və kitablar -
Nizami Gəncəvinin “Xosrov və Şirin”i (1451-ci il), Saib
Təbrizinin “Divan”ı (1678-ci il), Katib Çələbinin
“Kitab-i Cihan-namə”si (1657-ci il), Füzulinin “Divan”ı (1555-ci
il), Mirzə Fətəli Axundovun 1888-ci ildə fransız
dilində nəşr olunmuş “İki türk komediyası”
ilə tanış etmişdir.
Səfir Fuad
İsgəndərov bu qiymətli kitabların əla
vəziyyətdə saxlanılmasına görə universitetin
kitabxanasının kollektivinə
təşəkkürünü bildirmiş və
Azərbaycan mütəxəssislərinin də həmin
kolleksiya ilə tanış ola biləcəyinə ümidvar
olduğunu qeyd etmişdir.
Vurğulanmışdır
ki, Azərbaycan xalqının milli varlığı
sayılan nadir əlyazmalarının Niderlandın ən
tanınmış kitabxanalarından birində etibarlı
surətdə qorunub saxlanılması holland tərəfinin
xalqımızın tarixi və mədəniyyətinə olan
marağını nümayiş etdirərək
Azərbaycanın milli irsinin bəşəri irsin ayrılmaz
tərkib hissəsi olduğunu bir daha sübuta yetirir.
Təqdimat
mərasimindən sonra keçirilən danışıqlar
zamanı Leyden Universitetinin kitabxanasının
Azərbaycanın müvafiq sahə üzrə
ixtisaslaşmış mərkəzləri ilə
əməkdaşlığına dair razılıq
əldə edilmişdir.
Xalq qəzeti.- 2008.- 14 noyabr.- S. 5.