Hörmətli konfrans iştirakçıları!
Sizi - türkdilli
ölkələrin milli kitabxana direktorlarının
konfransı və "Avrasiya Kitabxanalar Assambleyası"
əməkdaşlıq təşkilatının ümumi
iclasının iştirakçılarını səmimi
qəlbdən salamlayır, hər birinizə uğurlar,
cansağlığı və firavanlıq arzulayıram.
Müstəqil
Azərbaycan dövlətinin dünya mədəni
məkanına inteqrasiyasında türkdilli
dövlətlərlə əməkdaşlıq mühüm
əhəmiyyət kəsb edir. Son illər ərzində
respublikamızda müxtəlif sahələrdə artıq
ənənəvi şəkil almış irimiqyaslı forum
və konfransların təşkili də məhz bu
məqsədə xidmət göstərməkdədir.
Sizin tədbiriniz
Azərbaycan Milli Kitabxanasının yaradılmasının 85
illik yubileyi ilə eyni vaxta təsadüf edir. Hər bir kitabsevərə
qürur hissi bəxş edən bu tarix ölkələrimizin
mədəni həyatında
nəzərəçarpan hadisədir. Tarixən özünün yüksək
kitab mədəniyyəti
ilə tanınan və zəngin kitabxanaları ilə şöhrət tapan Azərbaycanda bu gün də kitabxanalar şəbəkəsinin
inkişaf etdirilməsinə
xüsusi diqqət yetirilir. Azərbaycan dilində latın
qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi
sayəsində son üç ildə dünya və Azərbaycan ədəbiyyatı
nümunələrindən ibarət, ümumi tirajı 10 milyon nüsxəyə çatan
500-dən artıq kitabın çap olunub ölkə kitabxanalarına hədiyyə
edilməsi ilə kitabxana fondları mütəmadi zənginləşmiş, onlardan
faydalanma imkanları xeyli genişlənmişdir.
Qloballaşan dünyada
informasiya cəmiyyətinin tələblərinə uyğun
olaraq müasirləşən milli kitabxanalar
ölkələrin davamlı inteqrasiyası və xalqların
qarşılıqlı mədəni əlaqələrinin
zənginləşməsi proseslərinə öz layiqli
töhfələrini verməkdədir. Ümidvaram ki,
konfransınızda müzakirəyə çıxarılan
məsələlər və qəbul edilən qərarlar
milli kitabxanaların xalqlarımızın mədəni
sərvətlərinin yaşadılması və intellektual
potensialının artırılmasında rolu baxımından
faydalı olacaqdır.
Konfrans
iştirakçısı olan dost və qardaş
ölkələrin milli kitabxanalarının
rəhbərlərinə, Azərbaycan Milli
Kitabxanasının kollektivinə mənəvi dəyərlərimizin,
bəşər mədəniyyəti xəzinəsi
incilərinin qorunub saxlanması və gələcək
nəsillərə çatdırılması naminə
nəcib fəaliyyətlərində yeni-yeni
nailiyyətlər arzu edirəm.
Dərin hörmətlə,
İlham Əliyev, Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 17 noyabr 2008-ci il
Azərbaycan.- 2008.- 18 noyabr.- S. 1.