Azərbaycan Milli Kitabxanasının 85 illik yubileyi keçirilmişdir

 

AzərTAc xəbər verir ki, noyabrın 17- Azərbaycan Dövlət Musiqili Komediya Teatrında M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilmişdir.

Sonra iştirakçılara "Salnamə" sənədli filmlər studiyasında Azərbaycan Milli Kitabxanasının tarixinə həsr olunmuş "Milli Kitabxana" sənədli filmi nümayiş etdirilmişdir.

Filmdə Milli Kitabxananın direktoru Kərim Tahirov bu elm məbədinin yaradıldığı 1923-cü ildən bu günədək keçdiyi inkişaf mərhələlərindən, insanların maariflənməsində, elm və təhsilin inkişafında onun rolundan ətraflı söz açmışdır.

Vurğulanmışdır ki, yarandığı ilk illərdə 4 otaqda yerləşən kitabxananın cəmi 10 min nüsxə fondu olmuşdur. Müqayisədə təqdim edilmişdir ki, müəyyən müddətdə müxtəlif binalarda fəaliyyət göstərdikdən sonra 1961-ci ildən indiki möhtəşəm binaya köçürülən kitabxanada hazırda 5 milyondan çox çap məhsulu mühafizə olunur. Kitabxanada əmək mühafizə şəraitinin yaxşılaşdırılmasında, onun bugünkü səviyyəyə çatdırılmasında, kitab fondunun zənginləşdirilməsində ulu öndərimiz Heydər Əliyevin əvəzsiz xidmətləri diqqətə çatdırılmışdır.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yubiley mərasimini açaraq kitabxananın 85 illik yubileyi çərçivəsində Türkdilli Ölkələrin Milli Kitabxanaları direktorlarının II beynəlxalq konfransı və "Avrasiya Kitabxanalar Assambleyası" Qeyri-Kommersiya Əməkdaşlıq Təşkilatının X beynəlxalq iclasının bu tədbirdə iştirak edən nümayəndələrini salamlamış, əlamətdar gün münasibətilə kitabxana işçilərini təbrik etmişdir.

Dövlətimizin mədəniyyət sahəsinə, o cümlədən kitabxanalara göstərdiyi diqqət və qayğıdan ətraflı söz açan nazir Prezident İlham Əliyevin Türkdilli Ölkələrin Milli Kitabxanaları direktorlarının II beynəlxalq konfransının və "Avrasiya Kitabxanalar Assambleyası" Qeyri-Kommersiya Əməkdaşlıq Təşkilatının X beynəlxalq iclasının iştirakçılarına təbrik məktubunu oxumuşdur.

Ə.Qarayev Milli Kitabxananın bir qrup əməkdaşına Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanını təqdim etmişdir.

Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev, TÜRKSOY-un baş direktoru Düsen Kaseinov və başqaları tədbirdə yubiley münasibətilə Milli Kitabxananın kollektivini təbrik etmişlər.

 

Azərbaycan.- 2008.- 18 noyabr.- S. 6.