Camal A.
“Kitabxananın ən böyük
sponsoru dövlətidir”
Milli Kitabxananın direktoru Kərim
Tahirov: “Azərbaycan Dövlət Kitabxanası 1923-cü
ildə 4 otaqlı mənzildə yaradılıb”
Axundov adına Azərbarban Milli
Kitabxanasının 85 yaşı tamam olur. Azərbaycanın milli
sərvətlərindən hesab olunan bu kitabxana
ölkədə elmin, təhsilin inkişafında
önəmli rol oynayıb. Yubiley ovqatını yaşayan bu
məbədin keçdiyi tarixi yol və bu günü ilə
bağlı kitabxananın direktoru Kərim Tahirovla
söhbətləşdik.
- Yəqin
ki, oxucuları daha çox maraqlandıran
məsələ Milli Kitabxananın 85 il əvvəl necə
yaranması ilə bağlıdır...
- Azərbaycan Milli Kitabxanası
1923-cü ildə "Azərbaycan Dövlət Kitabxanası"
kimi yaradılıb. Əvvəl Üzeyir Hacıbəyov
küçəsində 4 otaqlı bir mənzildə
fəaliyyət göstərib. 1924-cü ildə indiki
İstiqlaliyyət küçəsinə - Elmlər
Akademiyasının Rəyasət Heyətinin yerləşdiyi
binanın birinci mərtəbəsinə
köçürülüb. 1960-cı ildə bu binanın
tikintisi başa çatıb. Bu bina layihələridirilərkən
məxsusi dövlət kitabxanası üçün
nəzərdə tutulub. 1961-ci
ildə binanın açılış mərasimi olub.
Açılış mərasimində o vaxtkı
mədəniyyət naziri Abdulla Bayramov, xalq
yazıçısı, Yazıçılar İttifaqının katibi
Süleyman Rəhimov, Akademiyanın mərhum prezidenti Yusif Məmmədəliyev və
digər tanınmış xadimlər iştirak ediblər. O vaxtdan kitabxana
burada yerləşir.
1923-cü ildə kitabxana cəmi 5
min kitab fondu ilə yaradılıb. Bu günsə kitabxananın
fondunda 5 milyondan artıq kitab və digər çap məhsulları
saxlanılır. 2003-cü ildən Milli Kitabxana adı ilə
fəaliyyət göstərir.
-
Ümumi oxucu sayı nə qədərdir?
- Milli
Kitabxanaya il ərzində gələn oxucuların sayı 230
min nəfəri keçir. Amma daimi
oxucularımızın sayı
38 min nəfərdir. Bu qeydiyyat 5 ildən bir keçirilir.
Bununla yanaşı bu gün Milli Kitabxana virtual şəkildə
də oxuculara xidmət göstərir. Virtual
oxucularımızın sayı isə 90 mini keçib.
-
Deyirlər ki, dövrün dəyişməsi ilə
bağlı kitaba maraq azalıb. Bu tendensiya Milli Kitabxanada da
hiss olunurmu?
- Mən bu fikirlə qətiyyən
razı deyiləm. Ən azı faktlarımız bu fikrin
düzgün olmadığını sübut edir. Milli Kitabxanaya
gün ərzində min nəfərdən artıq oxucu
gəlirsə, mən deməzdim ki, kitab oxucularının
sayı azalıb. Sadəcə, 90-cı illərin
əvvəllərindən başlayaraq kitabxanalarımıza
yeni ədəbiyyatların daxil olmasında ciddi problemlər
yaranmışdı. Bilirsiniz ki, müasir dövrün
oxucularını yeni informasiya, yeni material maraqlandırır.
Köhnə kitabı nə qədor oxuyarlar? 90-cı
illərin sonlarına qədər bu tendensiya davam etdi. 1998-ci
ildən başlayaraq kitabxanaların kitabla, xüsusən
də latın qrafikalı ədəbiyyatla təminatında
ciddi tədbirlər görüldü. 2003-2004-cü
illərdən başlayaraq prezidentin sərəncamı
ilə ölkədə latın qrafikası ilə
kitabların kütləvi nəşrinə başlandı. Bu
kitablar da kitabxanaların fonduna daxil olduqca, artıq oxucular da
kitabxanalara qayıtmağa başladılar.
-
Oxucular arasında yaş həddi necədir?
-
Gənclər Milli Kitabxanadan
daha çox istifadə edir. Bu faktdır.
Çünki böyük əksəriyyəti
tələbə, magistr, aspirant, elmi işçi olan
gənclər kitabxananın imkanlarından
daha çox yararlanırlar. Amma orta və yaşlı
nəsildən olan oxucularımız da az deyil.
- Belə mülahizələr də
var ki, İnternetin dairəsi genişləndikcə, çap
formalı ədəbiyyata maraq da azalacaq. Bu "təhlükəni"
görürsünüzmü?
- Axı dedim ki, bizim virtual oxucularımız da var. Biz də bu
gün işimizi informasiya, internet əsrinin tələblərinə
uyğun şəkildə qururuq. Siz kitabxanaya
gəlmədən virtual şəkildə, kitabxanaya oxucu
yazıla bilərsiniz. İnternetdə anket açılır, tələb olunan
məlumatları qeyd edirsiniz, sonra da sifarişinizi
verirsiniz. Məsələn, hansısa kitabı sifariş
vermək istəyirsinizsə, bizim elektron kataloqa girirsiniz. Orada sizə
lazım olan kitabın adını qeyd edirsiniz. Həmin
kitabı burada tapıb hazır qoyurlar. 2 saatdan, sonra siz
gəlib kitabı götürürsünüz. Bizim
elektron kitabxanamız da var. Orada 400-dən artıq kitab
elektron şəkildə həmin kitabxanada yerləşdirilib. Əgər
sifariş verilən kitabın tam mətni bizim saytda varsa,
heç kitabxanaya gəlməyə ehtiyac qalmır.
Evinizdə oturub həmin kitabı oxuyursunuz. Yubiley ərəfəsində daha
bir iş forması tətbiq etməyə başlamışıq. Əgər
oxucu kitabın hansısa hissəsini istəyirsə, biz onun
surətini çıxarıb oxucunun elektron ünvanına da
göndoririk. Amma sözün əsl mənasında
oxucudursa... Bizim də öz prinsipimiz var. Sifarişçi
Milli Kitabxananın qeydiyyatlı oxucusu olmalıdır.
-
Qəzetçi olduğumuz üçün Milli Kitabxanada dövrü
mətbuatın vəziyyəti də bizim üçün
maraqlıdır. Bu sahədə vəziyyət necədir?
-
Dövrü mətbuat sahəsində çox ciddi
addımlar atılıb.
2007-ci ildə bizdə
mətbuatın analitik məlumat
bazası yaradılmağa
başlanıb. Əgər sizi jurnalistikaya dair material
maraqlandırırsa,
qəzetdə və ya jurnalda bu barədə hansı yazılar
çıxıbsa, onlar ekrana gəlir. Biz artıq
dövrü mətbuatın analitik bazası əsasında
elektron mətni veririk. Bizim ucqar kəndlərdə, xarici
ölkələrdə qəzetlərimizi ala bilmirlər. Kitabxananın
yaratdığı bu imkanlar onlara
kömək edir. Yəni, oxuculara kitabxanadan
kənar xidmət göstərməyə
çalışırıq. Amma qeydiyyata düşmək üçün
bir dəfə gəlməlisən.
-
Sadaladığmız
xidmətlər ödənişlidir, yoxsa...
- Milli Kitabxana ödənişli
əsasda heç bir xidmət
göstərmir.
- Dünyada da belə təcrübə
yoxdur?
-
Mən bir çox dünya kitabxanalarında olmuşam.
Hər şey pulladır. Bizdə Milli Kitabxana dövlətin
təminatındadır. Dövlətimiz Milli Kitabxanaya
kifayət qədər vəsait ayırır. Ona görə, bu gün biz oxuculara
göstərdiyimiz xidmətləri pullu etməyə ehtiyac
yoxdur. Əgər sabah buna ehtiyac
olarsa, bu başqa məsələdir. Bir də axı
bunun mexanizmi yaradılmalıdır.
Oxucu xidmətə görə evdən pul gətirib
verməyəcək ki? Gərək bizim imkanımız ola ki,
xidmət haqqını kart vasitəsilə oxucudan ala
bilək. Bunlar hamısı mexanizmdir. Bu gün Milli Kitabxananın
ən böyük sponsoru dövlətidir. Dövlət
vəsaiti bizə kifayət edir və hansısa sponsordan bir
şey gözləmirik.
-
Gələn həftənin ilk günlərindən
yubiley tədbirlərinə
başlayırsınız. Hansı tədbirlər nəzərdə tutulur?
- Yubiley tədbirləri çərçivəsində
noyabrın 17-19-da Milli
Kitabxananın 85 illiyi keçirilicək. 18 ölkədən 30 nəfər qonağımız
gələcək. Bunlar dünyanın
aparıcı kitabxanalarının
direktorları və
beynəlxalq kitabxana
təşkilatlarının
rəhbərləridir. Noyabrın 17-də saat 11.00-da
Milli Kitabxananın binasında sərgilərimizin açılış mərasimi olacaq. Bundan başqa iki beynəlxalq
konfrans keçiriləcək. Biri Türkdilli
Ölkələrin Milli Kitabxanalarının Direktorlarının II Konfransıdır. Bu konfransda
türkdilli ölkələrin milli kitabxanalarının vahid
şəbəkədə birləşdirilməsi
məsələsi müzakirə olunacaq. Bir də bu ölkələrin kitabxanalarmda saxlanılan
əlyazmaların kataloqunun hazırlanması. Digər
tədbir Avrasiya Kitabxanalar Assambleyasının 10-cu
iclasının
keçirilməsidir. Milli Kitabxanamız həmin təşkilatın beş
təsisçisindən biridir.
17 noyabrda Musiqili Komediya
Teatrında təntənəli mərasim və sonda
böyük konsert olacaq.
P.S. "Ekspress"
qəzetinin kollektivi də yubiley münasibətilə Milli
Kitabxananın əməkdaşlarını təbrik edir.
Ekspress.- 2008.- 15-17 noyabr.- S. 6.