İnternetdə Avropa elektron kitabxanası açılacaq

 

Noyabrın 20-dən etibarən internetdə Avropa elektron kitabxanası açılacaq. Burada Avropa İttifaqı ölkələrinin mədəni irsinin 20 milyondan çox abidəsinə çıxışın təmin olunması nəzərdə tutulub. "Europeana" portalında təqdim olunan məlumatla istənilən istifadəçi yararlana bilər. Kitabxananın yaradılmasına əsas töhfəni Fransa verib. Saytda yerləşdirilmiş materialların çoxunu məhz bu ölkə təqdim edib. Yeri gəlmişkən, dünən M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının 85 illik yubileyi çərçivəsində Bakıda "Avrasiya Kitabxanalar Assambleyası" Qeyri-Kommersiya Əməkdaşlıq Təşkilatının (BAE) X Beynəlxalq iclası keçirilib. On bir ölkədən nümayəndələrin iştirakı ilə keçirilən tədbirin gündəliyindəki məsələlər, o cümlədən MDB ölkələrinin vahid elektron kitabxanasının elektron kataloqunun yaradılması ətraflı müzakirə mövzusu olub. MDB ölkələrinin vahid elektron kitabxanasının yaradılması yekdilliklə qərara alınıb. Bundan sonra BAE- daxil olan ölkələrin milli kitabxanalarındakı mədəniyyət, incəsənət turizmlə bağlı məlumatlar toplu şəklində vahid informasiya mənbəyi kimi istifadə ediləcək. İclasda BAE-nin digər beynəlxalq kitabxana qurumları ilə əməkdaşlıq məsələləri müzakirə edilib.

 

Üç nöqtə.- 2008.- 20 noyabr.- S. 13.