Qonaqlar M F Axundov adına Milli Kitabxana ilə tanışlıqdan razı qalmışlar

 

AzərTAc xəbər verir ki, noyabrın 17-də M.F.Axundov adına Milli Kitabxananın 85 illik yubileyi ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün 15-dən çox ölkədən, o cümlədən Türkiyə, Qazaxıstan, Qırğızıstan və Belarusdan milli kitabxanaların direktorları da daxil olmaqla, 75 nəfərlik nümayəndə heyəti Bakıya qonaq gəlmişdir.

Qonaqlar Milli Kitabxana ilə tanış olmuşlar. Milli Kitabxananın foyesində təşkil olunmuş sərgidə ölkənin mədəniyyətini, siyasətini, iqtisadiyyatını tarixini əks etdirən kitablar, ümummilli lider Heydər Əliyevin Milli Kitabxana ilə bağlı görüşlərini əks etdirən fotostendlər s. qonaqların marağına səbəb olmuşdur.

Tanışlıq zamanı Türkiyə Milli Kitabxanasının direktoru Tuncel Acar dünyanın ən gözəl "mədəni silahı" olan kitab haqqında fikirlərini bölüşmüş və onun əhəmiyyətindən, gənc nəslin tərbiyə olunmasında rolundan danışmışdır.

Belarus Milli Kitabxanasının baş direktoru Roman Motulski dünyamızda informasiya bolluğuna baxmayaraq, kitabın mənəvi tərbiyədə mühüm dəyəri olduğunu bildirmişdir. Ölkəmizin sürətlə inkişaf etdiyini diqqətə çatdıran qonaq Milli Kitabxana ilə tanışlıqdan razı qaldığını söyləmişdir.

Milli Kitabxananin direktoru Kərim Tahirovun sözlərinə görə, noyabrın 18-də "Avrasiya Kitabxanalar Assambleyası" Qeyri-Kommersiya Əməkdaşlıq Təşkilatı MDB Ölkələri Milli Kitabxanalarının Direktorlar Şurası ilə birgə X iclasını keçirəcəkdir. İclasda XXI əsrdə milli kitabxanaların qarşısında duran vəzifələr, onların avtomatlaşdırılması kitab fondlarının elektron daşıyıcılarına köçürülməsi kimi məsələlər müzakirə olunacaqdır.

 

Azərbaycan.- 2008.- 20 noyabr.- S. 6.