Mükərrəmoğlu M.
Xəbər verdiyimiz kimi M. F. Axundov adına Milli Kitabxananın yubileyini qeyd etmək üçün dünyanın
17 ölkəsindən nümayəndələr
Bakıya gəlmişlər.
Noyabrın 17-də
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev
Türkdilli ölkələrin Milli kitabxanalarının
direktorlarını və digər qonaqları qəbul etmiş,
onlara Azərbaycanda son illər həyata keçirilən
quruculuq işləri barədə məlumat vermişdir.
Sonra isə Azərbaycan
Dövlət Musiqili Komediya Teatrında Milli Kitabxananın 85
illik yubileyi münasibətilə təntənəli
mərasim keçirilmişdir. Mərasimdə
çıxış edənlər ölkəmizdə
mədəniyyətə, o cümlədən kitabxana
işinə dövlət qayğısından
danışmışlar, çox hörmətli Prezidentimiz
İlham Əliyevin kitabxanaların inkişafına xüsusi
diqqət göstərdiyini vurğulamışlar.
Türkdilli
ölkələrin Milli Kitabxanaları direktorlarının II
konfransı, həmçinin “Avrasiya Kitabxanalar Assambleyası”
Qeyri-kommersiya Əməkdaşlıq
Təşkilatının X ümumi iclası dünən
keçirilmişdir. Dünən həm də qonaqlar M. F. Axundov adına Milli Kitabxana ilə tanış olmuşlar. İclaslar isə seksiyalarda davam etdirilmişdir.
I seksiya “Avrasiya
Kitabxanalar Assambleyası” Qeyri-kommersiya Əməkdaşlıq
Təşkilatının X ümumi iclasına həsr
olunmuşdur.
“Türkdilli
ölkələrin Milli Kitabxanalar direktorlarının II
konfransı isə II seksiyada davam etdirilmişdir.
M. F. Axundov adına Milli
Kitabxananın direktoru Kərim Tahirov bu gün Milli
Kitabxananın vəziyyəti haqqında
aşağıdakıları bildirmişdir:
- Bu il özünün
85 illik yubileyini qeyd etməyə hazırlaşan bu
mənəviyyat xəzinəsi 1923-cü ildə Azərbaycan
Xalq Komissarları Sovetinin qərarı ilə Respublika Dövlət
Kitabxanası kimi yaradılmışdır. Həmin ilin may ayının 23-də kitabxananın rəsmi açılış
mərasimi olmuşdur.
“Kitabxana işi
haqqında” qanunun 7-ci maddəsinə müvafiq olaraq M. F.
Axundov adına Dövlət Kitabxanasına Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 15 aprel 2004-cü il tarixli
qərarı ilə “Milli Kitabxana” statusu verilmişdir. Bu status
kitabxananın qarşısına qoyulmuş
vəzifələrin əhatəsini xeyli
genişləndirmiş və ölkənin ictimai
həyatında onun rolunu artırmışdır.
Son illər
bütövlükdə mədəniyyətə və
mənəvi dəyərlərimizə dövlət
səviyyəsində xüsusi diqqət yetirilməsi,
xalqımızın ümummilli lideri Heydər Əliyevin
mədəniyyətimizə xüsusi qayğısını
böyük uğurla davam etdirən hörmətli Prezidentimiz
İlham Əliyevin bu sahəyə hədsiz diqqəti
sayəsində kitabxana işi sahəsində də
böyük uğurlar qazanılmış,
əhəmiyyətli işlər
görülmüşdür. Latın qrafikası
ilə Azərbaycan dilində 400 addan çox kitabın kütləvi tirajla nəşri, “Azərbaycan
ədəbiyyatı kitabxanası”,
“Dünya uşaq ədəbiyyatı kitabxanası”
və “Dünya ədəbiyyatı kitabxanası”
seriyasından kitabların
çapı barədə
sərəncamların verilməsi
kitabxanalarımızın fondunun
zənginləşməsində və 1988 – 1993-cü illərdə
mənəviyyatımıza qayğısızlıq nəticəsində
itirilmiş oxucularımızın
kitabxanaya qayıtmasında
mühüm rol oynamışdır. Dünya
səviyyəsində analoqu
olmayan bu tədbirlərin həyata
keçirilməsi nəticəsində
bu gün kitabxanalarımızın kitabla
təchizatı sahəsində
problem, demək olar ki, həll
olunmuşdur.
Hörmətli
Prezidentimiz İlham Əliyevin mədəniyyət
sahəsinə rəhbərliyin daha da
təkmilləşdirilməsinə yönəldilmiş 31 yanvar
2006-cı il tarixli fərmanından sonra yeni
yaradılmış Mədəniyyət və Turizm
Nazirliyinin, hörmətli nazirimiz Əbülfəs Qarayevin
yaxından köməyi və qayğısı
sayəsində Milli Kitabxananın işində
dönüş yaranmış və tamamilə yeni
istiqamətlərdə əhəmiyyətli işlər
görülməyə başlanmışdır.
Bu gün Milli
Kitabxananın gördüyü işlərə nəzər
salarkən informasiyalı cəmiyyət quruculuğu
şəraitində oxuculara kitabxana-informasiya xidmətinin
müasir dövrün tələblərinə uyğun
yenidən qurulması istiqamətində xeyli iş
görüldüyü göz önünə gəlir.
Artıq bu gün
kitabxanamızın oxucuları və eləcə də
dünya miqyasında Azərbaycanla maraqlanan bütün
insanlar Milli Kitabxananın saytı və elektron kataloqu
vasitəsilə zaman və məkan problemi olmadan
kitabxanamızın kataloq və fondlarına daxil olaraq ondan
sərbəst bəhrələnə bilirlər.
Milli Kitabxananın
strukturu da tamamilə yenidən qurulub. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
təsdiq olunan yeni strukturunda müasir dövrün tələbləri ilə
səsləşən bir
sıra yeni şöbələr “Elektron
informasiya xidməti”,
“Kitabxana-bibilioqrafiya proseslərinin
avtomatlaşdırılması və informasiya texnologiyaları”, “Elektron resurslarının yaradılması”,
“Kitabxanaçıların təlim və tədris mərkəzi”, “Kitabxana siyasəti və metodiki rəhbərlik” şöbələri və
bir sıra yeni bölmələr yaradılıb.
Bu gün Milli Kitabxana
bütün idarə və sistemlərin kitabxanalarına
virtual rejimdə metodik xidmət göstərir. Belə ki,
kitabxananın saytında “Virtual metodik xidmət” bölməsi
yaradılmışdır və ölkənin istənilən
nöqtəsindən hər bir kitabxana işçisi müxtəlif
sorğularını sayt vasitəsilə Milli Kitabxanaya
ünvanlayır və bir saat, yaxud yarım saat, yarım
gün ərzində öz sorğularına cavab ala
bilirlər.
Milli Kitabxananın
beynəlxalq əlaqələri və beynəlxalq kitab
mübadiləsi sahəsində fəaliyyəti də
gündən-günə genişlənir. Bu gün kitabxanamız
Avropa Milli Kitabxanaları Konqresi
(GENL). Avrasiya Kitabxana Assambleyası (BAE), Beynəlxalq
Kitabxanalar Cəmiyyəti
(İLFA), Türkdilli Ölkələrin
Milli Kitabxanaları Konfransı kimi beynəlxalq professional təşkilatların fəal
üzvüdür.
Milli Kitabxanamız
dünyanın 15 ən zəngin milli kitabxanası ilə
qarşılıqlı əməkdaşlıq haqqında
müqavilə imzalamışdır. Buraya Türkiyə,
Fransa, Misir, Latviya, Rusiya, Qazaxıstan,
Qırğızıstan, Belarus və s. ölkələrin
kitabxanaları daxildir.
M. F. Axundov adına Milli
Kitabxana hazırda dünyanın 50-dən çox
kitabxanası ilə fəal beynəlxalq kitab mübadiləsi
aparır. Bu gün
dövlət başçımızın
qayğısının nəticəsidir
ki, Milli Kitabxana özünün
85 illik yubileyini geniş şəkildə
qeyd edir.
Xalq qəzeti.- 2008.- 19 noyabr.- S. 7.