Tahirov K.
Kitabxana sahəsinə
dövlət qayğısı
Azərbaycan
Respublikasının Prezidenti 6 oktyabr 2008-ci il tarixində
"Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin
2008-2013-cü illərdə inkişafı üzrə
Dövlət Proqramı"nın təsdiq edilməsi
barədə" sərəncam imzalamışdır. Azərbaycanda kitabxana işinin inkişafında yeni
bir mərhələyə başlanğıc verən bu
mühüm sənəd ölkə Prezidentinin
bütövlükdə mədəniyyətə və
mədəni dəyərlərimizə diqqət və
qayğısının bariz nümunəsidir. Bu, həm
də Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin mədəni quruculuq siyasətinin uğurla davam
etdirilməsinin göstəricisidir.
Dövlət proqramı
Prezident İlham Əliyevin 2007-ci il aprel ayının 20-də
imzaladığı "Azərbaycanda kitabxanaların
fəaliyyətinin yaxşılaşdırılması
haqqında" sərəncamının 2-ci bəndində
verdiyi tapşırığa uyğun Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi
tərəfindən hazırlanmışdır. Təqribən bir il yarımlıq çox qısa
zaman kəsiyində respublikamızda kitabxana sahəsinin
inkişafına və təkmilləşdirilməsinə dair
2 proqram sənədin qəbul olunması kitabxana
quruculuğunun Azərbaycan dövləti tərəfindən
prioritet sahə kimi müəyyənləşdirilməsini
təsdiq edir. Bu fikir dövlət proqramının
elə ilk cümləsində aşağıdakı kimi
əksini tapmışdır: "Tarixi-mədəni,
ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb
saxlanılmasında, nəsildən-nəslə
çatdırılmasında və cəmiyyətin
intellektual, mənəvi potensialının inkişafında
əvəzsiz rol oynayan kitabxanaların fəaliyyətinin
təkmilləşdirilməsi bu sahədə əsaslı
islahatların aparılmasını, fondların
müasir informasiya daşıyıcıları ilə
zənginləşdirilməsini, dünyanın qabaqcıl
kitabxana-informasiya müəssisələrinin
təcrübəsindən istifadə edilməsini, elektron
məlumat banklarının yaradılmasını,
kitabxanaların maddi-texniki bazasının
möhkəmləndirilməsini zəruri edir və
bütün bunlar mədəniyyət sahəsində
dövlət siyasətinin əsas
prioritetlərindəndir".
Yaxın onilliklər
üçün Azərbaycanda kitabxana-informasiya sahəsinin
inkişafının əsas prioritet inkişaf
istiqamətlərini müəyyən edən dövlət
proqramı iki hissədən ibarətdir. Birinci
hissədə 2008-2013-cü illərdə ölkəmizdə
kitabxana-informasiya sahəsinin inkişafının əsas
istiqamətləri və bu yöndə həyata
keşirilməsi vacib olan tədbirlər öz əksini
tapmış, ikinci hissədə isə onların həyata
keçirilməsi üzrə tədbirlər planı
təsdiqlənmişdir.
Bu çox mühüm
proqram sənədinin ilk bölməsində Azərbaycanda
kitabxana işinin bugünkü vəziyyətinə ekskurs
edilir, respublikanın kitabxana şəbəkəsinin durumu,
kitabxana fondlarının zənginləşdirilməsi,
maddi-texniki bazanın və texniki təchizatın
yaxşılaşdırılması istiqamətlərində
ölkə Prezidenti və Azərbaycan hökuməti
tərəfindən atılan inamlı addımlardan bəhs
edilir. Daha sonra ötən əsrin 80-ci
illərinin sonunda və 90-cı illərinin
əvvəllərində ölkədə cərəyan
edən hadisələr fonunda respublika kitabxana
şəbəkəsinin iflic vəziyyətinə düşməsindən,
kitabxanaların təchizatı sisteminin tam
dağılmasından, kitabxanalara gələnlərin və
potensial oxucuların sayının xeyli azalmasından
və nəhayət bir sıra kitabxanaların
bağlanmasından, bütün bunların məntiqi
nəticəsi olaraq ölkə kitabxanalarının 90
faizindən çoxunun müasir tələblərə cavab
verməməsindən bəhs olunur.
Belə bir şəraitdə ölkədə
fəaliyyət göstərən 12 mindən artıq
kitabxananın kitab fondlarının
zənginləşməsində cənab İlham Əliyevin
"Azərbaycan dilində latın qrafikası ilə
kütləvi nəşrlərin həyata keçirilməsi
haqqında" 12 yanvar 2004-cü il tarixli bütün dünyada
analoqu olmayan sərəncamının əhəmiyyəti
xüsusi qeyd olunur. Bu sərəncama
əsasən artıq 450 adda kitab hər biri 25 min nüsxə
tirajla və ümumilikdə 10 milyon nüsxədən
artıq olmaqla çap edilərək ölkə Prezidentinin hədiyyəsi
kimi təmənnasız olaraq kitabxanalara
göndərilmişdir ki, bu gün onlar ölkə
kitabxanalarının latın qrafikası ilə çap
olunmuş kitab fondunun əsas özəyini təşkil edir. Prezidentin sonrakı sərəncamları ilə
nəşrə başlanılan 150 cildlik "Dünya
ədəbiyyatı kitabxanası", 100 cildlik "Dünya
uşaq ədəbiyyatı kitabxanası", 100 cildlik
"Azərbaycan ədəbiyyatı kitabxanası"
seriyasından olan kitablar respublika kitabxana
şəbəkəsinin latın qrafikalı ədəbiyyat
fondunun tam şəkildə formalaşması ilə
nəticələnəcəkdir. Ölkə Prezidenti
tərəfindən həyata keçirilən bu
məqsədyönlü tədbirlər nəticəsində
artıq kitabxanaların 90-cı illərin
əvvəllərində itirdikləri oxucuların yenidən
qayıdışı prosesi başlanmışdır.
Qloballaşma
dövründə informasiya-kommunikasiya texnologiyalarının
kitabxana işinə tətbiqi mühüm əhəmiyyət
kəsb edir və dövlət proqramında Azərbaycan kitabxanalarında
bu istiqamətdə görülən işlərdən
danışılır. M.F.Axundov adına
Milli Kitabxanada, Prezident Kitabxanasında, AMEA-nın
Mərkəzi Elmi Kitabxanasında, Bakı Dövlət
Universitetinin Elmi Kitabxanasında, Dillər Universitetinin,
Xəzər Universitetinin, Qərb Universitetinin
kitabxanalarında, F.Köçərli adına Dövlət
Uşaq Kitabxanasında və digər az sayda kitabxanalarda
elektron kataloqların və elektron kitabxanaların
artıq yaradıldığı qeyd olunsa da, hələ bu
sahədə xeyli işlərin görülməsinə
ehtiyac olduğu göstərilir.
Təkcə Mədəniyyət və Turizm
Nazirliyinin kitabxana şəbəkəsinə daxil olan
kitabxanaların cəmi 4-də (0,07 faiz) kitabxana-biblioqrafiya
proseslərinin avtomatlaşdırılması işlərinə
başlanılmışdır, cəmi 14 kitabxana (0,19 faiz)
internet xidmətlərindən istifadə edə bilir.
Bütün bunlar isə müasir qloballaşma və
informasiyalı cəmiyyət quruculuğu
şəraitində, dünya miqyasında kompüterin və
internetin insanların məişətinə daxil olduğu bir
vaxtda çox aşağı göstəricidir.
Kitabxana-informasiya
sahəsində mövcud olan ciddi problemlərdən biri də
kitab fondlarının mühafizəsi ilə
əlaqədardır. Ölkə
kitabxanalarının, demək olar ki, tam
əksəriyyətində kitabların mühafizəsi
üçün elementar şərait belə yoxdur,
qiymətli kitabların etibarlı mühafizə olunaraq
gələcək nəsillərə çatdırılması məqsədilə
yaradılmış xüsusi mühafizə
şəraitindən danışmaq isə heç
mümkün deyildir: xüsusi bərpa mərkəzləri,
diqitallaşdırma-skanerləşdirmə və
mikrofilmləşdirmə, nadir kitabların elektron
daşıyıcılara köçürülməsi
üçün avadanlıq yoxdur. Hətta M.F.Axundov
adına Milli Kitabxananın nəzdində də tarixi
yaddaşımız olan qiymətli kitabların bərpası
və konservasiyası üçün emalatxana da yoxdur.
Nəhayət,
kitabxanaların maddi-texniki bazasının zəifliyi,
onların əksəriyyətinin binalarının yararsız
və qəza vəziyyətinə düşməsi,
kadrların peşə hazırlığının
aşağı olması və digər amillər
ölkədə kitabxana işinin inkişafında ciddi
problemlər yaradır.
Məhz
"Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin
2008-2013-cü illərdə inkişafı üzrə
Dövlət Proqramı" respublikamızda kitabxana-informasiya
sahəsində mövcud problemlərin sistemli
şəkildə həllinə yönəldilmişdir.
Dövlət
proqramının növbəti bölməsində onun
məqsəd və vəzifələri geniş şərh
olunur. Sənəddə göstərilir
ki, proqramın əsas məqsədi "Kitabxana işi
haqqında" Azərbaycan Respublikası Qanununda
nəzərdə tutulan müddəalara uyğun olaraq kitabxana
işi sahəsində dövlət siyasətinin həyata
keçirilməsini, ölkədə mədəni sərvətlərin
toplanmasını, mühafizəsini və onlardan
istifadə imkanlarının artırılmasını
təmin etməkdən ibarətdir. Bundan
başqa, kitabxana-informasiya sahəsində yeni
texnologiyaların tətbiqi və istifadəsi
nəticəsində müasir kitabxana-informasiya infrastrukturunun
yaradılması, istifadəçilərə
göstərilən kitabxana-informasiya xidmətinin dünya standartları
səviyyəsinə çatdırılması, habelə
əhalinin fasiləsiz təhsilinin təmin edilməsi
üçün şərait yaradılmasından
ibarətdir.
Daha sonra bu
məqsədlərə nail olmaq üçün
qarşıda duran əsas vəzifələrin şərhi
verilir və həyata keçirilməsinin vacibliyi
göstərilir. Bunların sırasında: beynəlxalq
standartlar və normativ-hüquqi aktlar əsasında
ölkədə fəaliyyət göstərən
kitabxanaların modernləşdirilməsi, kitabxana
sahəsində köklü islahatların aparılması
və kitabxana-informasiya resurslarının dünya
məkanına inteqrasiyasının təmin edilməsi,
elektron informasiya fondlarının
formalaşdırılması və virtual kitabxanaların
inkişaf etdirilməsi, "Azərbaycan
ədəbiyyatının virtual kitabxanası"nın
təşkili, elektron kataloq və kitabxanaların inkişaf
etdirilməsi, kompüterləşdirilmiş kitabxana
infrastrukturunun qurulması və kitabxanaların yeni informasiya
texnologiyaları ilə təchiz edilməsi, Beynəlxalq
Kitabxanalar və Cəmiyyətlər Assosiasiyası, Avropa
Milli Kitabxanalar Konfransı Təşkilatı, ABŞ Kitabxana
Assosiasiyası və digər beynəlxalq təşkilatlarla
əməkdaşlığın genişləndirilməsi,
mövcud kitabxana binalarının təmiri, müasir tipli yeni
kitabxana binalarının inşası və digər ən
vacib vəzifələr göstərilmişdir.
Birinci hissənin
üçüncü bölməsi dövlət
proqramının icrasının əsas istiqamətlərinə
həsr olunmuşdur. Burada yuxarıda qeyd olunan
vəzifələrin icrası üçün bir
neçə istiqamətdə işlərin
aparılmasının nəzərdə tutulduğu
göstərilir. Bütün işlərin
kitabxana fondlarının kitabla təchizatı sisteminin
yaradılması və müasir tipli informasiya daşıyıcıları
ilə təmin edilməsi, kitabxanaların kompüter və
informasiya-proqram təminatı, respublika
avtomatlaşdırılmış kitabxana-informasiya
şəbəkəsinin yaradılması,
xalqımızın zəngin mədəni irsinin və
informasiya ehtiyatlarının mühafizəsi və
gələcək nəsillərə
çatdırılması, əhaliyə kitabxana xidmətinin
əhatə dairəsinin genişləndirilməsi, forma və
məzmunca yeniləşdirilməsi, respublika kitabxana
şəbəkəsinin idarəetmə strukturunun
təkmilləşdirilməsi və kadr islahatlarının
həyata keçirilməsi, kitabxana işi sahəsində
elmi tədqiqatların aparılması, yeni kitabxana
binalarının tikilməsi və kitabxanaların maddi-texniki
bazasının müasir dövrün
tələblərinə uyğun möhkəmləndirilməsi, kitabxanaların beynəlxalq
əlaqələrinin genişləndirilməsi, M.F.Axundov
adına Azərbaycan Milli Kitabxanasının
modernləşdirilməsi, müasir tipli informasiya
texnologiyaları ilə təmin edilməsi və maddi-texniki
bazasının möhkəmləndirilməsi yolu ilə
həyata keçirilməsi nəzərdə tutulur.
Dövlət
proqramında nəzərdə tutulan bütün
tədbirlərin dövlət büdcəsi vəsaiti
hesabına və qanunvericiliklə qadağan olunmayan digər
mənbələrdən gələn gəlir hesabına
maliyyələşdirilməsi nəzərdə tutulur.
Dövlət
proqramının birinci hissəsinin sonuncu bölməsi
"Gözlənilən nəticələr" adlanır
və burada nəzərdə tutulan bütün tədbirlər
kompleksinin uğurla həyata keçirilməsi
nəticəsində əldə olunması
gözlənilən nəticələr sadalanır.
Çox geniş miqyasa
malik bu proqramın icrası nəticəsində əldə
olunacaq nəticələr sırasında ölkədə
fəaliyyət göstərən kitabxanaların fondlarının
ənənəvi və müasir tipli informasiya
daşıyıcıları ilə təchizatı mexanizminin
yaradılmasına və davamlı şəkildə
inkişaf etdirilməsinə, elektron informasiya daşıyıcılarına
köçürülərək gələcək
nəsillərə çatdırılmasına, dünya
informasiya sistemlərində Azərbaycan kitabxana resurslarının
təbliğinə və müasir informasiya texnologiyaları
ilə təmin edilməsinə nail olunması
gözlənilir.
"Azərbaycan
Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü
illərdə inkişafı üzrə Dövlət
Proqramı"nın ən vacib və əsas hissəsi
"Dövlət proqramının həyata
keçirilməsi üzrə Tədbirlər Planı"
adlanır. Bu hissədə sənədin birinci
hissəsində nəzərdə tutulan bütün
tədbirlər kompleksinin icrasının müddətləri
və icraya məsul olan təşkilatlar
müəyyənləşdirilmişdir.
Dövlət
proqramının ikinci hissəsi 9 bölməyə
ayrılmışdır:
2.1. Kitabxana
fondlarının müasir komplektləşdirmə mexanizminin
yaradılması, inkişafı və müasir informasiya
daşıyıcıları ilə təmin edilməsi;
2.2. Kitabxanaların
kompüter və informasiya-proqram təminatı, respublika
kompüterləşdirilmiş kitabxana-informasiya
şəbəkəsinin yaradılması və
inkişafı;
2.3. Azərbaycan
Respublikasının milli-mədəni irsinin və informasiya
ehtiyatlarının qorunması və gələcək
nəsillərə çatdırılması;
2.4. Kitabxana xidmətinin əhatə dairəsinin
genişləndirilməsi, onun forma və məzmunca
yeniləşdirilməsi;
2.5. Kitabxana
şəbəkəsinin idarəetmə strukturunun
təkmilləşdirilməsi, şəbəkənin
optimallaşdırılması və kadr islahatlarının
həyata keçirilməsi;
2.6. Kitabxana işi
sahəsində elmi tədqiqatların aparılması,
kitabların hazırlanması və nəşri;
2.7. Yeni kitabxana
binalarının tikilməsi, yeni və fəaliyyət
göstərən kitabxanaların maddi-texniki bazasının
müasir tələblərə uyğun
möhkəmləndirilməsi;
2.8. Kitabxanaların
beynəlxalq əlaqələrinin inkişafı və
beynəlxalq tədbirlərin təşkili;
2.9. M.F.Axundov adına
Azərbaycan Milli Kitabxanasının
modernləşdirilməsi, müasir informasiya texnologiyaları
ilə təmin edilməsi və maddi-texniki bazasının
möhkəmləndirilməsi.
Bütün bu kompleks
tədbirlər spektrində kitabxana fondlarının
komplektləşdirilməsi və mühafizəsi,
kitabxanaların müasir tipli kompüter avadanlıqları
və informasiya texnologiyaları ilə təmin edilməsi,
idarəetmə strukturunun təkmilləşdirilməsi, yeni
kitabxana binalarının inşası və onların
maddi-texniki bazasının möhkəmləndirilməsi
əhatə olunub. Eyni zamanda, M.F.Axundov
adına Azərbaycan Milli Kitabxanasının və
aparıcı respublika kitabxanalarının - C.Cabbarlı
adına respublika gənclər, F.Köçərli adına
respublika dövlət uşaq kitabxanalarının, habelə
şəhər və rayon mərkəzi kitabxanalarının
modernləşdirilməsi və müasir tipli
kompüter texnologiyaları ilə təchizatı
məsələləri qırmızı xətlə
keçir və demək olar ki, dövlət proqramının
əsasını təşkil edir.
2009-cu ilin investisiya
proqramında M.F.Axundov adına Azərbaycan Milli
Kitabxanasının yenidən qurulması,
modernləşdirilməsi və müasir
tələblərə uyğun texniki təchizatının
gücləndirilməsi məqsədilə müəyyən
vəsaitin nəzərdə tutulması "Azərbaycan
Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü
illərdə inkişafı üzrə Dövlət
Proqramı"nın müvəffəqiyyətlə
yerinə yetiriləcəyindən xəbər verir.
Prezident İlham Əliyevin Azərbaycan Milli
Kitabxanasının yaxın iki il ərzində dünyanın
ən modern kitabxanaları səviyyəsinə
çıxarılması barədə verdiyi
göstəriş artıq icra olunmağa
başlanmışdır. Azərbaycan Respublikasının
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
Almaniyadan, Avstriyadan, Belarusdan yüksək ixticaslı
mütəxəssislər dəvət olunaraq layihə-smeta sənədləri
hazırlanmışdır və 2009-cu ilin
əvvəlindən Milli Kitabxanada əsaslı yenidənqurma
işlərinə başlanılacaqdır.
Azərbaycanda kitabxana
sahəsinin inkişafına dair dövlət proqramının
təsdiq olunması Prezident İlham Əliyevin ölkə
mədəniyyətinin inkişafına, milli-mənəvi
dəyərlərimizin mühafizəsinə diqqət və
qayğısının bariz nümunəsi, müstəqil
Azərbaycan mədəniyyətinin inkişafına
yönəldilən Heydər Əliyev siyasətinin uğurlu
davamı və təntənəsidir.
Azərbaycan.- 2008.- 18 noyabr.- S. 1.