Ölkəmizin taleyi və
xalqımızın müqəddəratı baxımından
çox mühüm proses, tarixi hadisə olan 2008-ci ilin 15
oktyabr prezident seçkiləri yaddaşlara “İlham—Xalq” birliyinin
sarsılmazlığı, xalqımızın öz
liderinə - möhtərəm İlham Əliyevə olan
sonsuz məhəbbətinin, dərin inam və etimadının
daha bir parlaq təzahürü kimi həkk olundu.
Bu
reallığı bütün dünya gördü və bu
seçkiləri möhtərəm İlham Əliyevin triumfu
kimi qəbul etdi. Seçki prosesini,
səsvermənin gedişini izləmiş çoxsaylı
beynəlxalq müşahidə missiyalarının, Avropa
Birliyinin, ABŞ, Türkiyə, digər Qərb dövlətlərinin,
Avropa Şurasının, GUAM-ın, MDB-nin, müxtəlif QHT
təmsilçilərinin öz rəsmi hesabat və
bəyanatlarında Azərbaycanda keçirilmiş 15 oktyabr
prezident seçkilərini tam şəffaf, demokratik və
ədalətli seçki adlandırması, bu
seçkilərin bəzi Qərb dövlətlərinə
nümunə göstərilməsi ölkəmizdə
demokratiyanın təntənəsi hesab edilməlidir.
Bu
seçkilər Azərbaycanda Avropa standartlarına uyğun
seçki mədəniyyətinin formalaşmasından,
xalqımızın intellektual səviyyəsinin
yetkinliyindən və mütəşəkkilliyindən
xəbər verir.
Seçkilərdə
cənab İlham Əliyevin inamlı və şəksiz
qələbəsi, seçicilərin böyük
əksəriyyətinin səsini qazanaraq növbəti
dəfə Prezident seçilməsi xalqımızın
iradəsini bir daha bütün dünyaya bəyan etdi ki,
Azərbaycanda əsası ümummilli liderimiz Heydər
Əliyev tərəfindən qoyulan və hazırda
möhtərəm İlham Əliyev tərəfindən yeni
məzmun və keyfiyyətdə uğurla davam etdirilən
siyasi kursun alternativi yoxdur. Xalqımız Prezident
İlham Əliyevi növbəti dəfə dövlət
başçısı seçməklə, əslində,
öz xoşbəxt gələcəyinə səs verib.
Son
illər dövlətimizin başçısı İlham
Əliyevin cəmiyyətimizdə çox nüfuzlu və
şəksiz lider kimi qəbul edilməsi seçkilərin
nəticələrini hələ xeyli əvvəl
müəyyənləşdirmişdi. Hamımız
“İlhamla irəli” çağırışı ilə
aparılan seçki-təşviqat kampaniyası
dövründə Prezident İlham Əliyevin həyata
keçirdiyi siyasi, demokratik, hüquqi, sosial-iqtisadi
islahatların xalq tərəfindən yekdilliklə
dəstəkləndiyinin və müdafiə olunduğunun
canlı şahidləriyik.
Seçkilərin
nəticələri ilə bağlı “İzvestiya”
qəzetində dərc olunmuş “İlham Əliyev:
ümidlər və əminlik” məqaləsindəki
fikirlər bu baxımdan səciyyəvidir: “İlham
Əliyevin ikinci müddətə prezident seçilməsi
təkcə toplanmış səslərin
hesablanmasının nəticələri və təkcə
seçicilərin fəallığını, onların
İlham Əliyevin həyata keçirdiyi xətti
dəstəkləməsini ifadə edən fikirlər deyildir.
Başa çatmış prezident
seçkiləri və onların keçirildiyi şəraitin
özü həm də Azərbaycan xalqının
ölkənin sabit inkişafına və tərəqqisinə
ümidinin təcəssümü, bu ümidlərin, bu
planların hökmən
gerçəkləşəcəyinə əminliyinin
ifadəsidir”. Qəzet haqlı olaraq bildirir ki,
möhtərəm İlham Əliyev ikinci prezidentlik
müddətinə xalqın etimadını qazanmaqla tam
mənada tarixi şəxsiyyətə çevrilir.
2008-ci
il prezident seçkilərinə möhtərəm İlham
Əliyevin ölkə rəhbəri kimi fəaliyyəti
kontekstində yanaşsaq, qətiyyətlə demək olar ki,
bu tarixi məqama müstəqil Azərbaycan dövləti
çox böyük siyasi və iqtisadi
nailiyyətlərlə, həyatımızın bütün
sahələrində köklü dəyişikliklərlə
daxil olub. Hələ beş il bundan
əvvəl, 2003-cü ildə keçirilən prezident
seçkiləri ərəfəsində ümummilli liderimiz
Heydər Əliyev xalqa müraciətində ölkəmizin
gələcək inkişafının, dövlət
müstəqilliyinin möhkəmliyinin yüksək intellektli,
praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən,
enerjili və təşəbbüskar bir şəxsiyyətin
— cənab İlham Əliyevin simasında etibarlı
əldə olacağına qəti inamını ifadə
etmişdi: “İnanıram ki, mənim axıra çatdıra
bilmədiyim taleyüklü məsələləri,
planları, işləri sizin köməyiniz və
dəstəyinizlə İlham Əliyev başa
çatdıra biləcək”. Həqiqətən də, bu
inamın, etibarın arxasında möhtərəm İlham
Əliyevin uzun illər ərzində topladığı
sanballı siyasi dividendlər və onun tükənməz
enerjisi dururdu. Prezident kimi fəaliyyətə başlayandan
sonra isə cənab İlham Əliyevin daha bir keyfiyyəti — dünyamiqyaslı
dövlət başçısı və liderə məxsus
təkrarsız qabiliyyəti və bacarığı
özünü büruzə verdi. ABŞ-ın çox
nüfuzlu konqresmeni Kurt Ueldonun dövlətimizin
başçısının fenomenal keyfiyyətləri
barədə səmimi sözlərini xatırlayaq: “Bir
çox xalqlar arzulayırlar ki, onların da cənab İlham
Əliyev kimi bacarıqlı, beş dildə danışa
bilən, müxtəlif mövzulara dair geniş
bilgilərə malik, geniş dünyagörüşlü bir
lideri olsun. Hesab edirəm ki, bu baxımdan Azərbaycan
xoşbəxt ölkədir, çünki bu ölkəyə
İlham Əliyev kimi lider qismət olmuşdur”.
Son
5 il Azərbaycanın müasir tarixində keyfiyyətcə
yeni mərhələ olmaqla, möhtərəm İlham
Əliyevin şəxsində yalnız ölkəmizdə
deyil, Avrasiya məkanında yeni Qərb yönümlü
liderin parlaması ilə müşahidə olundu. Bu reallığı istər yerli, istərsə
də xarici politoloqlar, dünyanın aparıcı
dövlət başçıları birmənalı
şəkildə təsdiqləyir, cənab İlham
Əliyevin yürütdüyü daxili və xarici siyasət
kursunu, şəxsi keyfiyyətlərini, praqmatizmini çox
yüksək dəyərləndirirlər. Bu dövr ilk növbədə, ümummilli liderimiz
Heydər Əliyevin ideyalarının
əbədiyaşarlığının təsdiqi, xalqın
tarixi seçiminin düzgünlüyü, dinamik iqtisadi
inkişaf və Azərbaycanın dünya arenasında
nüfuzunun daha da yüksəlməsi ilə
əlamətdardır. Prezident İlham Əliyev
bütün istiqamətlər üzrə verdiyi vədləri
ardıcıl olaraq yerinə yetirib. Azərbaycanın
hərtərəfli və dinamik sosial-iqtisadi inkişafı,
qeyri-neft sektorunun ÜDM-də payının durmadan
artırılması, milli sahibkarlığın
tərəqqisi üçün əlverişli mühitin
formalaşdırılması, müasir informasiya və
kommunikasiya texnologiyalarının tətbiqi, Qərbə
geniş inteqrasiya, yeni iş yerlərinin açılması,
əhalinin aztəminatlı hissəsinin,
bütövlükdə isə hər bir ölkə
vətəndaşının maddi-rifah halının
yüksəldilməsi, Dağlıq Qarabağ probleminin
beynəlxalq hüquq normaları və Azərbaycanın
ərazi bütövlüyü
çərçivəsində ədalətli həlli,
ölkəmizin mənafeyinə cavab verən
balanslaşdırılmış müstəqil xarici
siyasətin yürüdülməsi bu strateji siyasi kursun
prioritet istiqamətləridir.
“Mən
hər bir Azərbaycan vətəndaşının Prezidenti
olacağam, hər bir Azərbaycan
vətəndaşının qayğı və
problemlərinin həlli yolunda bütün bacarıq və
qabiliyyətimi əsirgəməyəcəyəm” -
söyləyərək Azərbaycanın müasir tarixinə
yeni şərəfli missiya ilə qədəm qoyan
möhtərəm Prezidentimiz İlham Əliyevin siyasi, iqtisadi
və digər sahələr üzrə
əsaslandırılmış fəaliyyət proqramı
nəticəsində artıq bu sahələrin hər
birində möhtəşəm uğurlar əldə olunub. Həyata
keçirilən qlobal konsepsiya və dövlət
proqramları sayəsində Azərbaycan artıq 4 ildir ki,
iqtisadi artım tempinə görə dünyada liderliyini
qoruyub saxlayır. Bu, dünyada analoqu olmayan çox
yüksək nailiyyətdir. Son 5 ildə 700 minə yaxın
yeni iş yerləri açılıb, minlərlə
sənaye müəssisələri, təhsil, səhiyyə
və digər xidmət obyektləri, ən müasir
standartlara cavab verən olimpiya idman kompleksləri
istifadəyə verilib. Yeni infrastruktur formalaşıb,
nəhəng quruculuq və abadlıq işləri
aparılıb.
Ümummilli
liderimiz Heydər Əliyevin əsasını qoyduğu,
formalaşdırdığı və
müəyyənləşdirdiyi daxili və xarici siyasət
kursu bu gün Prezident İlham Əliyev tərəfindən
uğurla və qətiyyətlə davam etdirilir. Azərbaycanın yürütdüyü məqsədyönlü
siyasi kurs MDB və region dövlətləri üçün
bir nümunə, model ola bilər. Çünki bu, ən
düzgün siyasi kursdur və ilk növbədə, Azərbaycanın
milli və dövlətçilik maraqlarının təmin
olunmasına yönəlib. Azərbaycanın
milli və dövlətçilik maraqları isə
ölkəmizin hərtərəfli inkişafı, daha da
çiçəklənməsi, qüdrətlənməsi,
əhalinin maddi rifahının yüksəlməsi, eyni
zamanda, Azərbaycanın dünyadakı reytinqinin,
mövqeyinin möhkəmlənməsidir.
Prezident
İlham Əliyev bünövrəsi ulu öndərimiz
Heydər Əliyev tərəfindən hörülmüş
müstəqil Azərbaycan dövlətinin sürətli
və davamlı inkişafı üçün iri miqyaslı
işlər, dövlət proqramları və islahatlar həyata
keçirib. Möhtərəm İlham Əliyevin
dəfələrlə bəyan etdiyi kimi, bütün bunlara
o, yalnız xalqın dəstəyinə arxalandığı
üçün nail ola bilib: “Mən öz
fəaliyyətimdə xalqa güvənirəm, xalqdan güc
alıram və sizin dəstəyiniz məni daha çox
əzmkar edir, məni daha da güclü edir. Mən bunu hiss
edirəm, ona görə bütün islahatları, siyasəti
çox cəsarətlə aparıram. Mənim
üçün ən başlıcası Azərbaycan
xalqının xoşbəxtliyidir, Azərbaycan
dövlətinin maraqlarıdır. Bütün siyasətim
buna yönəldilib və əminəm ki, biz birlikdə,
xalqın dəstəyi ilə Azərbaycanı
hərtərəfli inkişaf etdirəcəyik, zəngin
dövlət yaradacağıq”.
Möhtərəm
İlham Əliyev siyasətə yeni ab-hava, yeni çalarlar
gətirib. Bu siyasi kurs nəinki ölkəmizdə
və regionda, eləcə də dünyada cərəyan
edən geosiyasi və iqtisadi proseslər və bu
sahədəki müsbət beynəlxalq təcrübə
nəzərə alınmaqla
müəyyənləşdirilib. Təsadüfi deyil ki,
qloballaşan dünyanın ən müasir
informasiya-kommunikasiya texnologiyalarının Azərbaycanda
tətbiqi bu siyasi kursda prioritet
məsələlərdəndir. Azərbaycanın İKT
sahəsində regionun aparıcı ölkəsinə
çevrilməsi üçün məqsədyönlü
dövlət siyasəti həyata keçirilir. XXI əsr
müasir informasiya cəmiyyətinin yaradılması,
zəngin təbii sərvətlərin insan kapitalına
çevrilməsi və yüksək intellektual
səviyyənin formalaşması baxımından keyfiyyətcə
yeni eranın başlanğıcı sayıla bilər.
Qloballaşan,
daim irəliyə — yeniliyə doğru can atan
dünyamızı bu gün ən müasir informasiya və
kommunikasiya texnologiyaları — İnternet, elektron poçt
və qlobal rabitə imkanları olmadan təsəvvür
belə etmək mümkün deyil. Yeni
minillikdə bəşər sivilizasiyasını
düşündürən ən aktual və
təxirəsalınmaz məsələ — telekommunikasiya və
informasiya texnologiyaları sahəsində “inqilabi”
dəyişikliklər yolu ilə əlçatmaz
zirvələri fəth etmək, dövlətlər və
xalqlararası zaman və məkan fərqlərini aradan
qaldırmaqdır.
Müstəqil
dövlət kimi gənc olmasına baxmayaraq, Azərbaycan
qısa zaman kəsiyində bu mühüm sahədə də
böyük nailiyyətlər əldə etmişdir. Siyasi sabitlik, dinamik sosial-iqtisadi inkişaf,
cəmiyyətimizin tam demokratikləşməsi, beynəlxalq
birliyə və Qərb iqtisadiyyatına geniş inteqrasiya,
nəhəng enerji və nəqliyyat layihələrinin
reallaşması, mütərəqqi təcrübənin
mənimsənilməsi Azərbaycanın informasiya və
kommunikasiya texnologiyalarının tətbiqi, rabitənin
inkişafı sahəsində də qabaqcıl
dövlətlər sırasına çıxmasına imkan
yaratmışdır. Təsadüfi deyil ki, bu il Davosda
keçirilən Ümumdünya İqtisadi Forumunun texnoloji
hesabatında Azərbaycan informasiya və kommunikasiya
texnologiyalarının inkişaf səviyyəsinə
görə MDB ölkələri arasında birinci yerdə
durur. Bu olduqca böyük nailiyyətdir. Təbii
ki, bu yüksək qiymətin, qazanılan uğurların
arxasında təkcə İKT sektorunun və informasiya
infrastrukturunun inkişafı yox, həmçinin son illər
İKT-nin ölkəmizin sosial-iqtisadi inkişafının
bütün istiqamətlərində kütləvi tətbiqi
və istifadəsi dayanır.
Qabaqcıl
ölkələrin təcrübəsi göstərir ki, elm,
təhsil və iqtisadiyyatı əhatə edən sistemli
siyasət hər bir ölkənin davamlı və
uzunmüddətli inkişafının başlıca
təminatçısıdır. Bu siyasətin
aparıcı qüvvəsi olan informasiya-kommunikasiya
texnologiyaları son illərdə sürətlə inkişaf
edərək, bütün sahələrdə və
gündəlik həyatda insan fəaliyyətinin, sosial-iqtisadi
münasibətlərin tərkib hissəsinə
çevrilmişdir. İKT-nin ən yeni nailiyyətləri
idarəetmə, rabitə, təhsil, səhiyyə, biznes,
turizm və bank- maliyyə sahələrində tətbiq
edilərək, cəmiyyətin hər bir üzvünə
mövcud imkanlardan faydalanmağa şərait yaradır. Bu
baxımdan, yeni texnologiyalar üzrə dövlət
siyasəti cəmiyyətin ictimai və siyasi
təfəkkürünü qabaqlamalı, yaxın onilliklər
üçün bu istiqamətdə görüləcək
işlərin strateji xəttini
müəyyənləşdirməlidir. Azərbaycanda da
İKT sahəsinin inkişaf etdirilməsi üzrə
dövlət siyasəti bu prinsip üzərində qurulur
və Qərbin ən son nailiyyətlərinə
əsaslanır.
Azərbaycanda
telekommunikasiya və informasiya texnologiyaları sektorunun
inkişafının geniş vüsət alması
ümummilli liderimiz Heydər Əliyevin adı ilə
bağlıdır. Bu sahənin inkişafının
zəruri olduğunu önə çəkən ümummilli
liderimiz Heydər Əliyev demişdir: “Telekommunikasiya,
rabitə, əlaqə böyük əhəmiyyətə
malik olan bir sektordur. Bu sektorda bizim
nailiyyətlərimiz Azərbaycanın iqtisadi əlaqələrini,
insani əlaqələrini, bütün dünya
ölkələri ilə əlaqələrini və
bütün Azərbaycan Respublikasının həyata
keçirəcəyi siyasəti dünya miqyasında
bildirməsi üçün çox
əhəmiyyətlidir.”
Ümummilli
liderimiz Heydər Əliyevin səyləri
nəticəsində hələ 1970-80-ci illərdə
Azərbaycan Elmlər Akademiyasında, ali
məktəblərdə və sahə institutlarında elektron
avadanlıqlar və telekommunikasiya texnologiyaları üzrə
kadr hazırlığı genişləndirildi, istedadı
alimlər və təcrübəli mütəxəssislər
yetişdirildi, istehsalat müəssisələri tikildi. Kibernetika İnstitutu, Kosmik Tədqiqatlar
Mərkəzi, İnformasiya-Telekommunikasiya Elmi Mərkəzi,
“Neftqazavtomatika” və s. kimi mühüm elmi-tədqiqat
müəssisələri yaradıldı, “AZON”, ”NORD”
elm-istehsalat birlikləri, radio, elektron hesablama maşınları
zavodları, “Peyk”, “Ulduz” kimi nəhəng istehsalat
kompleksləri tikilib istifadəyə verildi.
Diqqətəlayiq haldır ki, ümumən 30-dan artıq
belə müəssisə təkcə Bakıda deyil,
həmçinin Naxçıvanda, Mingəçevirdə,
Gəncədə, Sumqayıtda, indiki Tərtər və
Şirvanda da işə salınmışdır.
Ulu
öndər Heydər Əliyevin birbaşa köməyi
ilə Azərbaycana ilk böyük elektron hesablama
maşını—BESM-6 gətirildi. Bu
hadisə idarəetmədə ilk tətbiqlərdən olan
respublika avtomatlaşdırılmış idarəetmə
sistemi—”RASU Azərbaycan”ı yaratmağa və respublika
iqtisadiyyatı üçün ciddi hesablamalar tələb
edən müxtəlif məsələlərin
avtomatlaşdırılmış həllinə imkan verdi.
Daha sonra respublika kompyuter şəbəkəsi,
akademşəbəkə, bütün SSRİ-də
tanınan və istifadə olunan
avtomatlaşdırılmış neftçıxarma
idarəetmə sistemləri və kompleksləri işlənib
yaradıldı. Beləliklə, respublikada yeni və son
dərəcə perspektivli bir sənaye sahəsi təşkil
olundu və onun elmi potensialı formalaşdırıldı.
Elmi-tədqiqat işlərinin səmərəliliyini
artırmaq və nəticələrini əyani olaraq sınaqdan
keçirmək üçün elmi-tədqiqat institutları
nəzdində “Kristal”, “Registr”, “Tellur”, “Kibernetika”, “Biotex”,
“Mikroelektronika”, “Kaskad” xüsusi konstruktor büroları
fəaliyyətə başladı. İndiki Bakı
Dövlət Universiteti, Dövlət Neft Akademiyası,
Azərbaycan Texniki Universiteti, Dövlət İqtisad
Universiteti, Sumqayıt Dövlət Universiteti, Lənkəran
Dövlət Universiteti, Naxçıvan Dövlət
Universiteti kimi ali təhsil müəssisələrində
İKT ixtisasları üzrə mütəxəssislərin
hazırlanması üçün maddi-texniki baza yaradıldı.
Müstəqilliyin
ilk illərində ölkəmizin düçar olduğu
gərgin vəziyyətdə xalqın təkidi və
xahişi ilə hakimiyyətə qayıdan ümummilli lider
Heydər Əliyev, hətta bu şəraitdə də
informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə
xüsusi diqqət yetirməyə imkan tapır və bu
sahədə inkişafa nail olmaq üçün daim
səylər göstərirdi. 1993-cü ilin avqustunda
Heydər Əliyev Azərbaycanla Amerika qitəsi arasında
birbaşa rabitənin yaradılmasına imkan verən
peyk-rabitə sisteminin açılışını etdi. Onun bu diqqəti nəticəsində ölkə
iqtisadiyyatında ilk xarici investisiyalar məhz telekommunikasiya
sahəsinə qoyuldu. 1994-cü ildə “Baksell” və
1996-cı ildə “Azərsell” birgə
müəssisələri yaradıldı və Azərbaycanda
mobil rabitənin inkişafının əsası qoyuldu.
1996-cı ildən başlayaraq “AzEvroTel” və “Ultel” birgə
müəssisələri lokal telekommunikasiya
şəbəkəsi üzrə xidmət
göstərməyə başladı. 1995-ci il dekabrın 9-da
Bakı şəhərində Azərbaycanda ilk beynəlxalq
telefon stansiyasının, habelə yenidən qurulmuş
Şəhərlərarası Telefon Stansiyasının
açılışı oldu. Azərbaycanda yeni
texnologiyaların tətbiqinə, telekommunikasiya infrastrukturunun
modernləşdirilməsinə start verildi, ilk elektron
ATS-lər quruldu. Bütün bunlar Heydər Əliyevin
Azərbaycanın müstəqilliyinin ilk illərində
rabitənin inkişafına göstərdiyi diqqətin
əyani nümunələridir.
Azərbaycanda
radio-televiziya yayımının dünya standartları
səviyyəsinə yüksəlməsi və bu
sahədəki uğurlar da məhz ümummilli lider Heydər
Əliyevin xidmətləridir. Müstəqil
Azərbaycanın reallıqlarını dünya
ictimaiyyətinə çatdırmaq, həmçinin blokada
şəraitində olan Naxçıvan Muxtar
Respublikasının əhalisinin milli televiziya
proqlamlarını seyr edə bilməsini təmin etmək
məqsədilə 1996-cı ildə AzTV-1 milli televiziya
proqramı TÜRKSAT süni peyki vasitəsilə
yayımlanmağa başladı. Əsası 1981-ci
ildə Heydər Əliyev tərəfindən qoyulan
Teleqüllənin tikilib başa çatdırılması da
məhz onun səyləri nəticəsində reallaşdı
və 1996-cı ildə Teleqüllə istifadəyə
verildi. Azərbaycanda dünya standartları
səviyyəsində teleradio yayımını təmin
etmək üçün müvafiq qanunvericilik bazası
yaradıldı və tədbirlər görüldü. 2002-ci
il oktyabrın 5-də ümummilli liderimiz teleradio
sahəsində dövlət tənzimlənməsini həyata
keçirən müstəqil qurumun—Milli Televiziya və Radio
Şurasının yaradılması haqqında fərman
imzaladı.
Bu
gün Azərbaycanın İKT sahəsindəki
fəaliyyəti ümummilli liderimiz Heydər Əliyevin
müəyyənləşdirdiyi strateji xətt üzrə
davam etdirilir. “Azərbaycan Respublikasının
inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları
üzrə Milli Strategiya (2003-2012-ci illər)”
ölkəmizdə bu sahənin sürətli inkişafına
güclü təkan verdi. Cənubi Qafqazda ilk dəfə
olaraq qəbul edilmiş bu qlobal strategiya Azərbaycanın İKT
sahəsinə xüsusi diqqətini cəmiyyətimizə
və bütün dünyaya bəyan etdi.
Son
illər iqtisadiyyatımızın davamlı və
dayanıqlı inkişafı, sosial sferada mövcud
problemlərin tədricən həlli, yeni iş yerlərinin
açılması, əməkhaqlarının və
pensiyaların bir neçə dəfə
artırılması, ünvanlı sosial yardımların
tətbiqi, yoxsulluğun azaldılması, regionların
sosial-iqtisadi inkişafının
sürətləndirilməsi, yeni müasirtipli
məktəblərin tikilməsi, onların müasir
İKT-lərlə təchizatı, beynəlxalq qurumlarla
sıx əməkdaşlıq münasibətlərinin
qurulması və digər bu kimi nailiyyətlər
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin həyata keçirdiyi məqsədyönlü
islahatların uğurlu nəticəsidir.
Bu
islahatlar və sürətlə inkişaf edən
yüksək texnologiyalar fonunda Rabitə Nazirliyi ləğv
edilərək, onun bazasında Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin (RİTN) yaradılması bu
sahənin gələcək çox sürətli
inkişafına güclü baza formalaşdırdı. Azərbaycan vətəndaşları müasir
informasiya-kommunikasiya texnologiyalarının imkanlarından daha
geniş bəhrələnmək imkanı əldə
etdilər. Qısa müddət ərzində bu
istiqamətdə bir çox işlər görüldü
və mühüm addımlar atıldı.
Təsadüfi
deyildir ki, Azərbaycan Prezidenti kimi cənab İlham
Əliyevin ilk beynəlxalq səfəri 2003-cü il
dekabrın 12-də Cenevrədə keçirilən
İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində
iştirakla bağlı oldu. Sammitdə
“Qara qızılı insan qızılına çevirək”
tezisini səsləndirməklə cənab Prezident ölkə
iqtisadiyyatında yeni inkişaf mərhələsinin
əsasının qoyulduğunu bütün dünyaya
bəyan etdi və respublikamızda informasiya cəmiyyətinin
qurulması istiqamətində dövlət
səviyyəsində məqsədyönlü işlərə
başlanğıc verdi. Regionda ilk olaraq
Azərbaycanda informasiya cəmiyyəti quruculuğu
prosesinə başlanıldı. Yaxın on il
üçün Milli Strategiyada
müəyyənləşdirilmiş strateji xəttin
həyata keçirilməsi məqsədilə “Azərbaycan
Respublikasında rabitə və informasiya
texnologiyalarının inkişafı üzrə 2005-2008-ci
illər üçün Dövlət Proqramı” (Elektron Azərbaycan)” təsdiq olundu. Dövlət
Proqramında informasiya cəmiyyəti quruculuğunun birinci
mərhələsində rabitə və informasiya
texnologiyaları sahəsində islahatlar aparılması,
sahə üzrə normativ-hüquqi bazanın
təkmilləşdirilməsi, yeni texnologiyaların tətbiqi
ilə müasir tələblərə cavab verən
informasiya-kommunikasiya infrastrukturunun
formalaşdırılması və elektron xidmətlərin
təqdim olunması öz əksini tapıb. Bu gün təhsil,
səhiyyə, elm, mədəniyyət və digər
sahələrdə İKT-nin geniş tətbiqi də məhz
bu proqramın icrası ilə bağlı həyata
keçirilən layihələrin real nəticəsidir.
Beləliklə,
bilik və yüksək texnologiyalara əsaslanan yeni
iqtisadiyyatı formalaşdırmaq üçün İKT-nin
inkişafı və hərtərəfli tətbiqi
Azərbaycanın iqtisadi siyasətinin prioritet
istiqamətlərindən birinə çevrildi.
Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyi sahə
üzrə məsul dövlət qurumu və Dövlət
Proqramının əlaqələndiricisi olaraq, telekommunikasiya
infastrukturunun modernləşdirilməsi, yeni texnologiyaların
tətbiqi, tənzimləmə funksiyasının
təkmilləşdirilməsi, İKT bazarının
tənzimlənməsi və liberallaşdırılması,
eləcə də sahənin istehsal potensialının
artırılması istiqamətində çoxşaxəli
fəaliyyəti təşkil etdi.
Mövcud
potensialdan səmərəli istifadə edilməsi və onun
inkişafı rabitə və informasiya texnologiyaları
sahəsinin təşkilati, hüquqi, texniki, kadr
baxımından modernləşdirilməsi, İKT
sənayesinin yaradılması, bu sahəyə yeni
investisiyaların cəlb edilməsi və
sahibkarlığın genişləndirilməsi, azad bazar
və sağlam rəqabət prinsiplərinin
gözlənilməsi, sosial əhəmiyyətli
layihələrin həyata keçirilməsi və
nəticədə Azərbaycanda informasiya
cəmiyyətinə keçidin təmin edilməsinə
yönəlmiş mühitin formalaşdırılması
İKT sektorunda aparılan fəaliyyətin ana xəttini
təşkil etdi.
Bu
istiqamətdə, ilk növbədə, sahə üzrə
normativ-hüquqi bazanın yaradılmasına diqqət
yetirildi. “Elektron imza və elektron
sənəd haqqında”, “Elektron ticarət haqqında”,
“İnformasiya əldə etmək haqqında”, “Telekommunikasiya
haqqında”, “Poçt rabitəsi haqqında” və digər
mühüm qanunlar və “Azərbaycan Respublikasında
telekommunikasiya sahəsinə dair siyasət planı” qəbul
edildi. Bu normativ aktlar və
sənədlər rabitə və informasiya texnologiyaları
sahəsi üzrə qanunvericilik bazasını
təkmilləşdirərək, sahənin inkişafı
üçün yeni imkanların yaradılmasını və
İKT-dən hərtərəfli istifadənin
səmərəliliyinin artırılmasını təmin
edir.
Azərbaycanın
ümumi sosial-iqtisadi inkişafı üzrə dövlət
siyasətinin tərkib hissəsi olaraq İKT sahəsində
görülmüş işlər nəticəsində son 5
ildə sahə üzrə gəlirlərin artım tempi
ümumdünya inkişaf tempini 4,4 dəfə üstələyərək,
hər il üçün orta hesabla 30-35 faiz təşkil
etmişdir. Bu, İKT sektorunda inkişafa, rabitə
və informasiya xidmətlərinin tərkibinin
genişlənməsinə və keyfiyyətinin
yüksəlməsinə səbəb olmuşdur. Sabit
telekommunikasiya şəbəkəsinin inkişafı “100
ailəyə 100 telefon” layihəsi
çərçivəsində reallaşır. Bu qlobal
layihə yeni nəsil texnologiyaların tətbiqi ilə
müasir genişzolaqlı xidmətlərin
göstərilməsinə imkan verir. Belə ki, bir
xətlə eyni zamanda həm telefon, həm
yüksəksürətli internet, həm də radio-televiziya
xidmətləri paralel olaraq həyata keçirilir. Layihə
texniki kreditlər, “Aztelekom” və “Bakı Telefon Rabitəsi”
istehsalat birliklərinin gəlirləri hesabına
mərhələ-mərhələ icra olunur. Sahə
üzrə inkişaf göstəricilərinə
əsasən, 2003-2008-ci illər ərzində hər 100
nəfər əhaliyə düşən əsas telefon
aparatlarının sayı artaraq təxminən 15,3
ədəd təşkil etmişdir. Əhalinin hər 100
nəfərinə düşən mobil
abunəçilərin sayı 4 dəfədən çox
artaraq 62,2 nəfər, ATS-lərin
elektronlaşma səviyyəsi təqribən 2 dəfə
artaraq ölkə üzrə 81,4 faiz, o cümlədən
Bakı şəhəri üzrə 85,3 faiz, respublikanın
digər əraziləri üzrə isə 3 dəfə artaraq
77,3 faiz təşkil etmişdir. Genişzolaqlı
rabitə xidməti istifadəçilərinin sayı isə
on minlərlədir.
Sektor
üzrə əməkhaqqı 3 dəfə artmış,
5000-dən çox yeni iş yerləri yaradılmış,
612 yeni poçt şöbələri tikilmiş, sabit telefon
şəbəkəsi üzrə ümumi nömrə tutumu
416 626 ədəd artırılaraq 1 445 526 ədəd
olmuşdur.
Ən
ucqar yaşayış məntəqələrinin peyk
texnologiyası vasitəsi ilə
telefonlaşdırılması istiqamətində
görülmüş məqsədyönlü işlər
nəticəsində qısa müddət ərzində
respublikamızda telefonlaşdırılmamış
yaşayış məntəqəsi qalmamışdır.
Son
illər ölkədə internetdən istifadə və
bilavasitə xidmətlərin göstərilməsi
səviyyəsi qat-qat yüksəlmişdir. Respublikanın internet provayderlərinin qlobal
İnternet şəbəkəsinə
giriş-çıxış həcmi təqribən 66
dəfə artaraq 6 Gb/s.-ni ötmüş və
nəticədə respublikamızdan beynəlxalq İnternet
şəbəkəsinə informasiya ixracının həcmi
25 dəfə, idxalının həcmi isə 17 dəfə
artmışdır. İnternetdən
istifadə qiymətləri 7 dəfə aşağı
düşmüş, İnternet istifadəçilərinin
sayı təqribən 3 dəfə artaraq hər 100
nəfərə 18 nəfər olmuş, respublikada
fəaliyyət göstərən İnternet provayderlərinin
sayı təqribən 3 dəfə artaraq 30-u keçmişdir.
Bu gün Azərbaycan hər İnternet
istifadəçisinə düşən orta xarici
çıxış tutumuna görə Yaponiya, Koreya Respublikası,
Sinqapur kimi ölkələrlə bir sırada gedir və bu
ildən Azərbaycan artıq İnternet xidmətlərinin
regionda ixracatçısına çevrilmişdir. “AZ” domeni
zonasındakı saytların sayı təqribən 5
dəfə artaraq 7000-dən çox olmuşdur. Eyni zamanda,
mütəmadi olaraq www.azerbaijan.az baş portalı
vasitəsilə Azərbaycanda gedən proseslər və
inkişaf barədə məlumatlar bir neçə dildə
dünya ictimaiyyətinə çatdırılır.
Respublikanın
rayon və kəndlərində əhalinin rabitə və
informasiya xidmətlərinə olan tələbatını
ödəmək paytaxtla regionlar arasında mövcud olan
fərqi aradan qaldırmaq məqsədilə “AztelekomNET”
internet xidmətinin təşkili nəticəsində
respublikanın 34 rayon mərkəzində internetə
yüksəksürətli qoşulma, digər rayonlarda və
telefonlaşdırılmış kəndlərdə isə
parolsuz qoşulma xidmətindən və kartla qoşulma
üsulundan istifadə etməklə internetə
çıxış imkanı yaradılmışdır. Sevindirici
haldır ki, Cənubi Qafqaz və Mərkəzi Asiyada konveyer
üsulu ilə kompyuter istehsal edən ilk kompyuter zavodu —
KÜR Mingəçevir şəhərində
istifadəyə verilmişdir.
Radio-televiziya
yayım şəbəkəsinin inkişafı
üçün də geniş imkanlar yaranmışdır. Cənubi
Qafqazda və Orta Asiyada ilk dəfə olaraq Azərbaycanda
rəqəmli TV sistemi sınaqdan keçirilmiş, yayım
keyfiyyətini yüksəltmək üçün Ağsu
rayonu ərazisində yeni radio-televiziya yayım kompleksi
istismara verilmişdir. Hazırda peyk, kabel, efir-kabel, internet
televiziya və radio sistemləri vasitələrindən
istifadə olunmaqdadır. Azərbaycan televiziyası və
dövlət radiosunun respublika ərazisində əhatə
dairəsi 100 faizə, İctimai televiziya və radionun
əhatə dairəsi təxminən 82-85 faizə,
özəl televiziya və radio yayımlarının
əhatə dairəsi isə təxminən 75-80 faizə
çatdırılmışdır.
2007-ci
il fevralın 13-də “Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramının (2004-2008-ci illər)” üç illiyi
münasibətilə keçirilmiş konfransda Azərbaycan
Prezidenti cənab İlham Əliyev bu məsələnin
vacibliyini bir daha önə çəkib: “Mən informasiya-
kommunikasiya texnologiyalarının Azərbaycanda tətbiqini
prioritet məsələ elan edirəm. Mənim
informasiya-kommunikasiya texnologiyaları sahəsində
dünyanın aparıcı şirkətlərinin
rəhbərləri ilə görüşlərim də
məhz bundan qaynaqlanır ki, onlar Azərbaycana
gəlsinlər. Azərbaycana yeni investisiyalar gəlsin, biz
özümüz dövlət tərəfindən,
Dövlət İnvestisiya Şirkəti tərəfindən
bu investisiyaları qoyaq. Texnoparklar yaradaq, Azərbaycanda
çox güclü informasiya-kommunikasiya mərkəzi yaradaq.
Bu, gələcəkdir, gələcəyin
inkişafıdır. ...Prioritetlərdən biri də
informasiya-kommunikasiya texnologiyalarıdır. Mən buna
çox böyük əhəmiyyət verirəm. Bu,
ölkənin ümumi inkişaf dinamikasını
göstərən bir sahədir. Bu sahədə çoxlu yeniliklər,
çoxlu ixtiralar var. Azərbaycan da bu sahədə
qabaqcıl yerlərdədir. Biz bu sahəyə böyük
investisiyalar qoymaq fikrindəyik. Xarici şirkətləri,
dünyanın aparıcı informasiya-kommunikasiya
şirkətlərini Azərbaycana dəvət etmişik
və onların da Azərbaycanda işləməyə
böyük maraqları var. Biz indi texnoparkların
yaradılması üzərində işləyirik.
Bir
də demək istəyirəm ki, dövlət öz
tərəfindən bu sahəyə investisiya qoymağa
hazırdır. Biz tanınmış
şirkətlərlə, sadəcə,
tərəfdaşlıq etmək istəyirik. Bu sahənin
çox böyük gələcəyi var və bəlkə
də, neft sektorundan sonra ölkəmizi inkişaf etdirən
ikinci sahə ola bilər”.
Azərbaycan
beynəlxalq aləmdə neft ölkəsi kimi tanınsa da,
aparılan dövlət siyasəti və iqtisadi islahatlar
nəticəsində qeyri-neft sektoru da inkişaf
etdirilməkdədir. Ölkəmizdə
İKT sahəsində uğurla həyata keçirilən
dövlət siyasəti və xüsusən də bu
sahəyə Prezident İlham Əliyevin xüsusi
diqqət və qayğı göstərməsi
dünyanın aparıcı İKT şirkətlərinin
Azərbaycana böyük marağına səbəb olur. Bu şirkətlərin rəhbərlərinin
ölkəmizə səfərləri və 2007-2008-ci
illərdə Davos İqtisadi Forumunda “Microsoft”, “Cisco” və
“Intel” kimi dünya miqyaslı şirkətlərin
prezidentlərinin Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevlə görüşləri bir daha
göstərir ki, Azərbaycanın İKT sektoru potensial
investorların diqqət mərkəzindədir və bu
sahədə geniş əməkdaşlıq imkanları
mövcuddur.
“Microsoft”
şirkətinin prezidenti Bill Qeytsin Bakıda keçirilmiş
“Bakutel-2006” XII beynəlxalq telekommunikasiya və informasiya
texnologiyaları sərgisinə göndərdiyi məktubda bu
məqam xüsusi olaraq vurğulanır: “Microsoft”
şirkəti Azərbaycanın dünyanın ən dinamik inkişaf
edən ölkələrindən birinə çevrilməsini
böyük maraqla izləyir. Sürətli iqtisadi
inkişaf hökumətinizin iqtisadi artımla bağlı
qəbul etdiyi strateji qərarların düzgün olduğunu
göstərir. Prezident İlham Əliyevin informasiya texnologiyalarının
əhəmiyyətini vurğulaması böyük
önəm kəsb etmişdir. Onun bu sahədə
dəstəyi bir çox beynəlxalq biznes dairələrini
Azərbaycana gələcək investisiyalar üçün
böyük potensiala malik olan ölkə kimi baxmağa
təşviq edir. Mən Azərbaycan
hökumətinin iqtisadiyyatın qeyri-neft sektorunun
inkişafı ilə bağlı gördüyü
işlərdən heyrətlənir və müasir
texnologiyalar, elmi və texniki tərəqqi, təhsil və
insan ehtiyatları sahəsinə investisiya qoymaq
qərarını alqışlayıram. Azərbaycan
özünün təhsili və bacarıqlı işçi
qüvvəsi ilə elm, texnologiya, mühəndislik və
digər sahələrdə böyük potensiala malik
olduğunu açıq şəkildə göstərir”.
Elm
və təhsil xalqımızın tarixi irsini
səciyyələndirən xüsusiyyətlərdən
olduğundan, həmçinin inkişaf üçün
intellektual, texnoloji, ən əsası isə
səriştəli kadr potensialı yaratdığından, bu
sahələr həmişə Azərbaycan dövlətinin
diqqət mərkəzində olmuşdur. Elm
və təhsil işçilərinə və
ümumiyyətlə, ziyalılara göstərilən
xüsusi dövlət qayğısı ümummilli liderimiz
Heydər Əliyev tərəfindən həssaslıq və
qayğıkeşliklə həyata keçirilmişdir və
bu gün də Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev tərəfindən
böyük uğurla davam etdirilir. Təhsil
müəssisələrinin maddi-texniki və tədris-metodiki
bazasının möhkəmləndirilməsi, tədris
müəssisələrinin müasir informasiya-kommunikasiya
texnologiyaları ilə təmin olunması, yeni ixtisasların
açılması və tədris binalarının
tikilməsi istiqamətində böyük nailiyyətlər
qazanılmışdır. Azərbaycan
Prezidenti cənab İlham Əliyevin 21 avqust 2004-cü il
tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasında ümumtəhsil məktəblərinin
informasiya və kommunikasiya texnologiyaları ilə
təminatı Proqramı (2005-2007-ci illər)” üzrə
3500-dən çox məktəb
kompyuterləşdirilmişdir və hazırda respublika
üzrə 29 şagirdə 1 kompyuter, dövlət ali
məktəblərində isə hər 28
tələbəyə 1 kompyuter düşür. Hazırda
respublikanın ümumtəhsil məktəblərinin 82 faizi,
texniki-peşə məktəblərinin 42 faizi, dövlət
orta ixtisas təhsil məktəblərinin 91 faizi, ali
məktəblərin isə hamısı kompyuter
avadanlığı ilə təmin olunmuşdur.
2009-cu
il ərzində Bakı, Sumqayıt
şəhərlərində və Abşeron rayonunda
yerləşən məktəblərin
yüksəksürətli internetə çıxışının
təmin olunması üçün tədbirlər
görülür. Bu işlərin daha geniş formatda
həyata keçirilməsi və bütün təhsil
müəssisələrini əhatə etməsi dövlət
başçısının 10 iyun 2008-ci il tarixdə
təsdiq etdiyi “Azərbaycan Respublikası təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı (2009-2012-ci illər)”
çərçivəsində təmin olunacaqdır.
İKT
sektorunun gələcəyi üçün insan
resurslarının inkişafı da zəruri şərtdir. Hazırda
İKT üzrə ixtisaslı kadr hazırlığı
məqsədilə dünyanın bir neçə
tanınmış informasiya texnologiyaları universiteti ilə
əlaqələr qurulmuşdur. ABŞ-ın Corc Meyson,
San-Xose Dövlət və Los-Anceles, Kaliforniya, İsveçin
Çalmers Texnologiya və İnformasiya Texnologiyaları
universitetləri ilə anlaşma memorandumları
imzalanmışdır. Artıq bu
müqavilələr əsasında 25 nəfər
azərbaycanlı gənc dünyanın müxtəlif
tanınmış universitetlərində müasir
informasiya-kommunikasiya texnologiyaları ixtisasları üzrə
təhsil alırlar. 30-dan çox gənc isə ixtisasları
üzrə xarici ölkələrdə qısamüddətli
hazırlıq kursları keçmişlər.
Gürcüstanda yaşayan və bu ölkənin ali təhsil
müəssisələrində təhsil alan 50-yə yaxın
gəncə Nazirlik tərəfindən təqaüd verilir. Bu
prosesə daha da təkan vermək üçün respublikada
fəaliyyət göstərən yerli və xarici informasiya
texnologiyaları şirkətlərinin
həmtəsisçiliyi ilə İKT-nin İnkişafı
Naminə İnsan Resursları Fondu yaradılmışdır.
Ancaq bu sahədə ən əhəmiyyətli addım
Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2007-ci il 16
aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət
Proqramı”dır.
Dövlət
siyasətinin tərkib hissəsi kimi İKT sahəsində
genişmiqyaslı beynəlxalq münasibətlər
qurulmuşdur, ölkəmizin yüksək texnologiyalar
sektorunun imkanları və perspektivləri nəinki regionda,
həmçinin dünyanın aparıcı ölkələrində
və beynəlxalq təşkilatlarda geniş təbliğ
edilir. Qısa müddət ərzində respublikamızda bir
çox tanınmış telekommunikasiya və informasiya
texnologiyaları şirkətlərinin
nümayəndəlikləri açılmış, milli
şirkətlər region bazarında özlərini tanıda
bilmişlər.
Ölkəmizin
İKT sahəsində beynəlxalq əlaqələrinin
genişlənməsi nəticəsində son illərdə
dünyanın müxtəlif ölkələri ilə
(Amerika, Avropa, Asiya, MDB ölkələri) 11 saziş, 15
memorandum, 13 protokol, 7 digər (razılıq, qrant, proqram
müqaviləsi, barışıq sənədi, əməkdaşlıq
planı, konvensiya, niyyət məktubu) imzalanmışdır.
Həmçinin, ABŞ-Azərbaycan,
Sloveniya—Azərbaycan, Azərbaycan—İsrail və
Latviya—Azərbaycan İKT Biznes Forumları təşkil
olunmuş, müxtəlif beynəlxalq forum, konfrans və
seminarlar keçirilmişdir. Bu
tədbirlərdə dünyanın müxtəlif
ölkələrindən çoxsaylı
iştirakçılar, o cümlədən sahələr
üzrə nazirlər, beynəlxalq təşkilatların
və tanınmış şirkətlərin
rəhbərləri, Nobel mükafatı laureatları bir araya
gələrək, ölkəmizin İKT sektorunda baş verən
müsbət dəyişikliklərlə əyani olaraq
tanış olmuş, bu sahənin respublikamızda
perspektivləri barədə Prezident İlham Əliyevin fikirlərini
bilavasitə onunla görüşlərdə
öyrənmişlər.
Təsadüfi
deyildir ki, İnformasiya Cəmiyyəti üzrə Dünya
Sammitinə hazırlıq prosesində respublikamızın
fəal iştirakı Təşkilat Komitəsi
tərəfindən yüksək qiymətləndirilmiş
və Şərqi Avropa və MDB ölkələri arasında
yalnız Azərbaycana xüsusi təşəkkür elan
edilmişdir. Bu illər ərzində “Bakutel”
beynəlxalq sərgi və konfransı regionun İKT
üzrə ən nüfuzlu tədbirinə
çevrilmişdir.
“Bakutel”
beynəlxalq sərgi və konfransı cari ilin 11-14 noyabr
tarixlərində artıq 14-cü dəfə və
2006-cı ildən etibarən Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin himayəsi və
iştirakı ilə keçirilir. Sərgidə
iştirak edən şirkətlərin sayı ildən-ilə
artır. Bu il sərgidə 30 ölkədən 130
şirkət, o cümlədən 60-a yaxın yerli
şirkətlər iştirak edəcək, sərgini
ziyarət edənlərin sayının isə 10 mindən
çox olacağı gözlənilir. Sərgidə
1000-ə yaxın xarici mütəxəssis iştirak
edəcəkdir. Sərgi çərçivəsində
nazirlərin regional toplantısı, elmi-praktik konfrans,
beynəlxalq təşkilatların üç seminarı,
dörd ölkələrarası İKT biznes forumu
keçiriləcəkdir. Həmçinin,
dünya şöhrətli azərbaycanlı ABŞ alimi
Lütfi Zadənin rəhbərliyi ilə elmi seminar da
keçiriləcəkdir. 20 ölkədən hökumət
rəsmiləri, nazirlər, parlament rəhbərləri, nazir
müavinləri, BMT-nin Baş katibinin xüsusi
nümayəndəsi və digər rəsmilər
iştirak edəcəklər.
Regionun
ən dinamik inkişaf edən ölkəsi kimi, Azərbaycan
bu gün İKT sahəsinin genişləndirilməsi
üçün böyük imkanlara malikdir. Cəmiyyətimiz
bu imkanlardan maksimum bəhrələnərək, dünya birliyinə
inteqrasiyanı özünün ən başlıca
vəzifəsi kimi görür. Bunun nəticəsidir ki,
yuxarıda qeyd etdiyimiz kimi, Davos İqtisadi Forumunun
hesabatında Azərbaycan 2007-ci ildə informasiya-kommunikasiya
texnologiyalarından istifadə səviyyəsinə
görə 127 qabaqcıl ölkə sırasında 67-ci yeri
tutmuşdur. “Economist Intelligence Unit” və “IBM”
şirkətlərinin illik hesabatlarında
respublikamızın 2006-cı ildə 2.92-yə bərabər
olmuş inkişaf əmsalı 2007-ci ildə 3.26-ya
yüksəlmişdir. Sahə üzrə bütün
göstəricilərin orta ümumdünya həddinə
çatdırılması nəzərdə tutulur.
Bu
gün İKT həyatımızın bütün
sahələrinə geniş daxil olub. Belə
ki, “Azərbaycan Respublikasında rabitə və informasiya
texnologiyalarının inkişafı üzrə 2005-2008-ci
illər üçün Dövlət Proqramı”na (Elektron
Azərbaycan)” uyğun olaraq, dövlət orqanlarının
vətəndaşlara və təşkilatlara təqdim etdiyi
xidmətlərin keyfiyyətinin
yaxşılaşdırılması və onların təqdim olunma müddətlərinin azaldılması,
dövlət orqanlarının işinin
səmərəliliyinin artırılması
məqsədilə müxtəlif məzmunlu layihələr
həyata keçirilir. Əhalinin dövlət reyestrinin
formalaşdırılması, vergi ödəyicilərinə
e-xidmətlərin göstərilməsi, sahibkarlıq subyektlərinin qeydiyyata alınması
üçün “Vahid pəncərə”, elekron
sağlamlıq kartı xidməti, gömrük
rəsmiləşdirilməsi və nəzarətinin
avtomatlaşdırılmış sistemlərinin tətbiqi,
daşınmaz əmlakın milli kadastrı və
qeydiyyatının şəbəkə-informasiya sisteminin,
təhsilin idarə olunmasının məlumat sisteminin yaradılması,
elektron satınalmalar sisteminin, internet vasitəsilə ali
məktəblərə tələbə qəbulu üzrə
xidmət sisteminin yaradılması deyilənlərə
əyani misaldır.
Elektron
idarəetmə şəbəkəsinin yaradılması
istiqamətində BMTİP və RİTN-in birgə həyata
keçirdiyi “E-idarəçilik təşəbbüsü”
layihəsi çərçivəsində respublikanın
bütün bölgələrini əhatə edəcək
“AzDataCom” şəbəkəsi qurulur. Bu
şəbəkə 10 Gb/san. sürətlə
ölkədaxili məlumat ötürülməsinə imkan
verir. Bu imkanlardan elektron hökumət, distant təhsil, elektron
kommersiya, biznesin məsafədən idarə olunması və
s. kimi məsələlərdə istifadə edilir. Artıq
layihənin əsas hissəsi icra olunmuşdur və Bakı,
Sumqayıt şəhərlərində və Abşeron
yarımadasında şəbəkə
fəaliyyətdədir. 2009-cu il ərzində
şəbəkə bütün ölkə ərazisində
tam həcmdə fəaliyyətə başlayacaqdır. Həmçinin, Dünya Bankının
dəstəyi ilə həyata keçirilən “Maliyyə
xidmətlərinin inkişafı” layihəsi poçt
sistemində vahid şəbəkə infrastrukturunun
yaradılmasına və vətəndaşlara maliyyə
və bank xidmətləri göstərməyə imkan
verəcəkdir. Artıq Bakı şəhərinin 70
poçt şöbəsində kommunal xidmət haqları Milli
Bankın kütləvi ödənişlər üzrə
mərkəzləşmiş informasiya sistemləri
vasitəsilə qəbul edilir.
Ölkəmizdə
yüksək texnoloji tutumlu və yüksək rəqabətli
iqtisadiyyatın qurulmasında İKT-nin rolunu
genişləndirmək, infrastrukturun
modernləşdirilməsi, sahə üzrə iqtisadi-təşkilati
islahatların aparılması, elektron imzanın tətbiqi
üçün Milli Sertifikat Xidməti Mərkəzinin
və Milli Superkompyuter Mərkəzinin yaradılması, elektron
hökumətin formalaşdırılması üçün
müxtəlif layihələrin həyata keçirilməsi
nəzərdə tutulmuşdur. Azərbaycanın
informasiya tranziti ölkəsinə çevrilməsinə
xidmət edəcək daha bir neçə perspektiv layihə
gündəmdədir. Onların sırasında
olan milli süni peyk layihəsi ölkəmizin telekommunikasiya
və teleradio yayımı tələbatını
ödəməklə yanaşı, region ölkələrinə
xidmətlər göstərməyə imkan verərək,
ölkəmizdə kosmik sənayenin inkişafı
üçün əlverişli şərait yaradacaqdır.
Azərbaycanda
İKT-nin rolunu genişləndirmək üçün
həyata keçirilməsi nəzərdə tutulan qlobal
layihələrdən biri də ölkəmizdə kosmik
sənayenin inkişafı məqsədilə iki
telekommunikasiya süni peykinin orbitə
çıxarılmasıdır. Bununla əlaqədar
Azərbaycan Respublikası Prezidenti 4 noyabr 2008-ci il tarixində
“Azərbaycan Respublikasında kosmik sənayenin
yaradılması və telekommunikasiya peyklərinin orbitə
çıxarılması haqqında” Sərəncam
imzalamışdır. Sərəncamın
icrası ilə əlaqədar üç ay
müddətində müvafiq Dövlət Proqramının
layihəsi hazırlanıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim ediləcək, telekommunikasiya
peyklərinin orbitə çıxarılması ilə
bağlı Nazirlik müvafiq tədbirlər həyata
keçirəcəkdir. 2010-cu ildə birinci, 2011-ci
ildə isə ikinci süni peykin orbitə
çıxarılması planlaşdırılır.
Göründüyü
kimi, nailiyyətlər çox böyük, perspektivlər
ürəkaçandır. Möhtərəm Prezidentimiz
İlham Əliyev cəmi 5 il ərzində Azərbaycanın
informasiya-kommunikasiya texnologiyaları sahəsində
yüksək nailiyyətlərin əldə olunduğunu
önə çəkərək demişdir: “Bu gün
isə söhbət ondan gedir ki, biz kosmik sənayenin
yaranmasına yaxınlaşırıq. Bu da
reallıqdır və bunu etmək üçün artıq
konkret tədbirlər planı var, maliyyə imkanları da
artıq müəyyən edilibdir. Əminəm ki,
gələn ilin büdcəsində biz bu sahənin
yaradılması və iki süni peykin orbitə
çıxarılması üçün konkret
tədbirlər görməliyik. Bu, ölkəmizin
müasirləşməsinə, Azərbaycanda yüksək texnologiyaların
tətbiq olunmasına yeni təkan verəcəkdir. Eyni zamanda, bu, gəlir gətirən sahədir və
biz gələcəkdə bu imkanlardan səmərəli
istifadə edərək, həm iqtisadi imkanlarımızı
genişləndirəcəyik, həm də, bir də demək
istəyirəm ki, Azərbaycanda yeni sənaye sahəsi,
özü də ən yüksək texnoloji sənaye
sahəsi yaradılacaqdır”.
Qazaxıstan
və ya Türkmənistan ilə Xəzəraltı optik kabel
əlaqəsinin yaradılması Trans-Asiya Avropa (TAE)
magistralını ən qısa yolla qapamağa və
ölkəmizin tranzit məkana çevrilməsinə xidmət
edə bilər. Əhalinin İKT-nin imkanlarından
istifadəsi məqsədilə “Microsoft” və “Intel”
şirkətləri ilə birgə həyata
keçirilməsi planlaşdırılan “Xalq kompyuteri” layihəsi
əhalinin güzəştli kreditlə kompyuter əldə
etməsinə imkan verəcəkdir.
Tarixi
İpək yolunun keçdiyi Şərqi Avropa, Yaxın
Şərq və Mərkəzi Asiya ölkələrini
birləşdirən “Qərb-Şərq
yüksəksürətli informasiya magistralı”nın texniki-iqtisadi
əsaslandırılması layihəsi üzərində
də iş aparılır. Bu super
informasiya magistralı İKT-nin ən çox inkişaf etdiyi
dünyanın iki nəhəng regionunu — Qərbi Avropanı
və Şərqi Asiyanı birləşdirərək,
magistral üzərində yerləşən, qonşu olan
həmin regionlarla müqayisədə zəif inkişaf
etmiş təxminən 20 ölkəni əhatə
edəcəkdir. Layihə ölkəmizdə
beynəlxalq kommunikasiya mərkəzinin və qlobal informasiya
bankının yaradılmasını da nəzərdə
tutur.
Mütəxəssislərin
fikrincə, bu layihənin reallaşması dünya
miqyasında informasiya texnologiyalarının
genişmiqyaslı tətbiqinə və ümumiyyətlə,
regional iqtisadi inkişafa yeni təkan verəcəkdir. Əminik ki, Azərbaycanın
siyasi və iqtisadi nüfuzunu yüksəldən nəhəng
enerji və nəqliyyat layihələrinin sırasına
dövlətimizin başçısının təşəbbüsü
ilə yeni bir layihə “Qərb—Şərq
yüksəksürətli informasiya magistralı”da daxil
olacaqdır.
Ölkənin
gələcək inkişafına xidmət edəcək
innovativ fəaliyyəti təmin etmək məqsədilə
RİTN tərəfindən Azərbaycanda yüksək
texnologiyalar üzrə Regional İnnovasiya Zonalarının
yaradılmasına hazırlıq işləri aparılır.
Bu zonalar iqtisadiyyatın müxtəlif
sektorlarında yüksək texnologiyaların tətbiqinə,
kiçik və orta sahibkarlığın inkişafına,
xarici şirkətlərin və potensial investorların
ölkənin İKT sektoruna cəlb edilməsinə, insan
resurslarının inkişafına, respublikada elektron
avadanlıqların və proqram təminatının istehsalına
xidmət edəcəkdir. İKT sektorunun inkişafı və
ümumən ölkənin iqtisadi, elmi, texniki potensialı bunu
əminliklə söyləməyə imkan verir. Regional İnnovasiya Zonası layihəsinin tərkib
hissəsi kimi Beynəlxalq İnformasiya Texnologiyaları
Universitetinin yaradılması da Azərbaycanın İKT
sektoru üçün yüksəksəviyyəli kadrlar
hazırlanması və bu prosesə region
ölkələrinin cəlb edilməsi baxımından
əhəmiyyətli hesab olunur.
Azərbaycanda
İKT-nin inkişaf dinamikası, uğurla həyata
keçirilən neft strategiyası nəticəsində
ölkəyə olan inamın artması, beynəlxalq qurumlarla
uğurlu əməkdaşlıq nümunələri,
yüksək texnologiyaya əsaslanan iqtisadiyyatın
formalaşması üzrə qarşıya qoyduğumuz
vəzifələr və ən nəhayət, dövlət
siyasətinin tərkib hissəsi kimi İKT sahəsinə
göstərilən böyük diqqət və qayğı,
ölkəmizin yaxın gələcəkdə yüksək
texnologiyalar sahəsində böyük uğurlar
qazanacağına zəmanət verir.
Müstəqil
Azərbaycan dövləti bu gün öz
inkişafının məzmun və keyfiyyətcə daha
yüksək mərhələsinə qədəm
qoymuşdur. Qarşıdakı
illərdə Azərbaycanın dünyanın ən
inkişaf etmiş ölkələrindən birinə
çevrilməsi, siyasi və iqtisadi cəhətdən daha da
qüdrətli olması üçün möhkəm baza, güclü
iqtisadi, texnoloji potensial və kifayət qədər maliyyə
imkanları mövcuddur. Təbii ki, Azərbaycanın
hərtərəfli, dinamik və davamlı inkişafında
rabitə və informasiya texnologiyaları sektorunun rolu
mühümdür və bu rol durmadan artmaqdadır.
Yaxın
illərdə rabitə və informasiya texnologiyaları
sahəsində islahatlar daha sürətlə davam
etdiriləcək, milli informasiya sisteminin təkmilləşdirilməsi
yönündə mühüm və konkret tədbirlər
görüləcək, qlobal informasiya məkanına
inteqrasiya genişlənəcəkdir. Rabitə və
informasiya texnologiyaları ilə bağlı qanunvericilik
təkmilləşdiriləcək, İKT sahəsinə
investisiyaların cəlbi artacaq, yeni, ən müasir
texnologiyalar tətbiq edilməklə teleradio yayım və
peyk rabitəsi xidməti ən yüksək beynəlxalq
standartlara cavab verəcəkdir. Bütün bunlar
reallıqdır və yaxın illərdə xalqımız
ən müasir texnologiyaların xidmətlərindən
bütünlüklə yararlanacaqdır.
İnformasiya
və kommunikasiya texnologiyaları daim inkişafdadır. Bu
gün ən müasir texnologiya sabah üçün
köhnə sayıla bilər. Odur ki, biz daim
yeniləşməli, zamanın tələbinə uyğun
fəaliyyət göstərməliyik. Bu, ölkəmizin
sürətli inkişafı baxımından da olduqca
zəruridir.
Bu
gün İKT sektorunda çalışanlar bu fikirdə
yekdildirlər ki, informasiya texnologiyaları sahəsində
ümummilli lider Heydər Əliyevin ideyaları Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
uğurla davam etdirdiyi siyasət və həyata keçirdiyi kompleks
tədbirlər nəticəsində tam həllini tapacaq və
Azərbaycan inkişaf etmiş ölkələr
sırasında olacaqdır.
Rabitə dünyası.- 2008.- 25 noyabr.- S. 8; 12.