Mükərrəmoğlu M.

 

Azərbaycan və Norveç muzey işi sahəsində əməkdaşlığı genişləndirir

 

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, oktyabrın 30-dan Azərbaycan və Norveç muzeylərinin əlaqələrini genişləndirmək məqsədilə Bakıda Muzey Mərkəzi və Stavanger Arxeologiya Muzeyi arasında bağlanmış əməkdaşlıq sazişi çərçivəsində nəzərdə tutulmuş seminar-treninqlərin 3-cü mərhələsi başlanmışdır. Seminar noyabr ayının 4-dək davam edəcək.

Xatırladırıq ki, Azərbaycan və Norveç muzeylərinin əlaqələrini genişləndirmək məqsədilə 2007-ci il sentyabrın 30-da Stavanger Arxeologiya Muzeyi və Muzey Mərkəzi arasında əməkdaşlıq Sazişi imzalanmışdır. Sazişdə iki ölkənin muzey əməkdaşları arasında təcrübə mübadiləsi onların ixtisaslarının artırılması üçün 3 mərhələdən ibarət seminar-treninqlərin keçirilməsi nəzərdə tutulmuşdur. 1-ci mərhələ 21-29 fevral 2008-ci ildə Bakı şəhərində, 2-ci mərhələ 19-30 may 2008-ci ildə Norveçin Oslo Stavanger şəhərlərində keçirilmiş, 3-cü mərhələ isə 30 oktyabrdan başlayaraq 4 noyabr 2008-ci ilədək Bakı şəhərində keçirilir.

Layihə və mərhələlərin proqramları Azərbaycan Respublikası mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin muzey işi sektoru və Stavanger Arxeologiya Muzeyi tərəfindən hazırlanmışdır. StatoylHydroşirkəti, Norveç Krallığının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyi, Norveç Krallığının Mədəniyyət Kilsə İşləri Nazirliyi layihəni fəal surətdə dəstəkləyir.

Seminar-treninqlər əsasən muzey kolleksiyaları, muzey eksponatlarının konservasiyası və bərpası, ekspozisiyaların və sərgilərin bədii tərtibatı, menecment, muzey işçisinin etikası, tamaşaçılarla iş və onların müxtəlif interaktiv proqramlar vasitəsilə muzeylərə cəlb olunması mövzuları ətrafında qurulmuşdur. Əsas məqsəd isə təcrübə mübadiləsi nəticəsində hər iki ölkənin muzey işçilərinin səriştəsinin artırılması bundan irəli gələn vəzifələr, məsuliyyət tələblərə uyğun professional məlumatla təmin edilməsidir.

3 noyabr 2008-ci il tarixində saat 18.00-da Muzey Mərkəzi binasında “Azərbaycan - Norveç: təəssüratlar dialoqu” sərgisinin açılışı planlaşdırılır. Bu sərgi “Azərbaycan və Norveç muzeyləri; qarşılıqlı əməkdaşlıq” beynəlxalq layihə çərçivəsində hazırlanaraq yekun xarakteri daşıyır.

Bakı, Oslo və Stavanger şəhərlərində keçirilən görüşlər zamanı hər iki ölkənin iştirakçıları tərəfindən çəkilən xeyli fotoşəkil olduqca gözəl və maraqlı alınmışdır. Tərəflər belə qərara gəlmişlər ki, layihə mütləq birgə sərginin təşkili ilə nəticələnməlidir.

Hər iki ölkənin tarixi əlaqələri haqqında çox yazılmışdır. Bu tarixi yaxınlıq konsepsiyasının formalaşmasında dünya şöhrətli alim, səyyah Tur Heyerdalın böyük xidməti olmuşdur. O, hələ keçən əsrin 90- illərində Azərbaycan Norveç ərazisində qayaüstü təsvirlərin möhtəşəm oxşarlığından yazarkən bu ölkələrin müasir mədəniyyətində bir yaxınlığın olduğunu qeyd etmişdir. Muzey Mərkəzində təşkil olunan vernisaj böyük tamaşaçı auditoriyasını, Norveçin Azərbaycanın zəngin mədəniyyəti gözəl təbiəti ilə maraqlanan hər bir şəxsi özünə cəlb edəcəkdir.

Azərbaycanlı muzey mütəxəssisləri - mühafizlər, bərpaçılar, konservatorlar, muzey direktorları Norveçin məşhur muzeyləri olan Arxeologiya, Neft, Uşaq, Vikinq gəmiləri, Munk və digər muzeylərdə, eləcə də Oslo və Stavangerin mənzərəli yerlərində maraqlı foto çəkilişlər aparmışlar.

Norveçli mütəxəssislər - Stavanger Arxeologiya muzeyinin mühafizəçisi Anne Kare Sker və Stavanger Dəniz muzeyinin nəzarətçisi Anne Tove Austubo isə İçərişəhəri, Suraxanıdakı “Atəşgah”ı və ölkəmizin digər regionlarını bizə fotolarda təqdim etmişlər.

Layihənin azərbaycanlı iştirakçıları — rəssam Nazim Məmmədov və tanınmış bərpaçı rəssam Natiq Səfərov sərgiyə çoxsaylı fotolarla yanaşı, Norveç mənzərələrini əks etdirən rəngkarlıq əsərlərini və karandaşla çəkilmiş işlərini də təqdim etmişlər. Belə ki, bu müştərək sərgidə hər iki tərəfin özünə kənardan baxmaq imkanı olacaq.

Norveç tərəfindən layihədə Stavanger Arxeoloqiya Muzeyinin direktoru Harold Yakobsen, mühazirəçi və layihənin meneceri Anne Kare Sker, Təhsil və Xidmət Departamentinin müdiri Eynar Solheym Pedersen, bərpaçı rəssamlar Anne Ytterdal və Erik Aerbrot, Stavanqer Dəniz Muzeyinin kuratoru Anne Tove Austbo, Trondelaq Folklor Muzeyinin Təhsil və Xidmət Departamentinin müdiri Anne Siri Qarberq, Oslodakı Norveç Arxiv Kitabxana və Muzey İdarəsinin baş məsləhətçiləri Siri Sletvek və Harold Skey iştirak edirlər. Azərbaycan tərəfindən muzey işi sahəsində çalışan xeyli mütəxəssis bu işə cəlb olunmuşdur.

Xalq qəzeti.- 2008.- 1 noyabr.- S. 2.