Atəşi N.
Daşa
dönmüş amazonlar dil açırlar
Bu ilin oktyabrında
Vətənə gəlişimdə əslində Almaniyada
yenicə nəşr olunan Azərbaycan klassiklərindən
tərcümə etdiyim antalogiyamın təqdimatını
keçirəcəkdim. "Pərvanə" və şam.
Azərbaycanın minillik məhəbbət
poeziyası" (Matthes & Seis Berlin nəşriyyatı,
2008).
Sərin payız
axşamı idi. Dəniz kənarında bir az
gəzdikdən sonra Qız qalasının yanındakı
Sovetlərdən qalma kitab mağazasına girdim. Satıcı mənim köhnə və tarixi
kitabları istədiyimi gözəl bildiyindən bu
dəfə də yığıb saxlamışdı. Yenə iki böyük çanta köhnə kitablar
alıb evə gəldim.
İ.M.
Cəfərzadənin Qobustan qayaüstü rəsmləri
barədə kitabını vərəqləməyə
başladım. Qaya üstündəki qadın
rəsmləri sözlü adamlar kimi baxır, sanki, canlanmaq
istəyirdilər. Qeyri-ixtiyari ayağa
qalxıb əynimə yüngül bir jaket atıb Ayna
Sultanovanın heykəlinin önünə çıxdım.
Heykələ baxıb ürəyimdə sordum?
Səndəmi amazonka olmusan, yoxsa? Heykəldən səs çıxmadı. Əslində, vallah, bu küçələrin
birində at belində, çiynində ox-yay bir amazon
heykəli olmalıdır. “İnşallah olar” - deyib
yanımda saxlayan köhnə bir taksiyə oturub “Qobustana
sür” - dedim.
Qayalar ölkəsi... Daş
qadınlar ölkəsi... Amazonlar ölkəsi... Qayalar
ölkəsinin sakinləri - daşlaşmış
amazonlar, sanki, yolumu gözləyirdilər. Qadınlar
at belində. Çiynində ox, yay. Əlində balta. Əlləri
yuxarıda, təsərrüfata, cəmiyyətə
rəhbərlik edən vəziyyətdə. Hamilə vəziyyətində. Rəqs
edən vəziyyətdə. At çapan,
ox atan vəziyyətlərdə. E. ə.
8 min, 5 min, 3 min öncələrin izlərini daşlara
hopduran əcdadlarımız. Herodotun, Strabonun, Homerin yazdıqları
vaxtlara gəlib çatır...
Qayaların
qarşısında donub qalmışdım. Tək
məməli amazonlara heyrətdən elə mən də qaya
kimi donub qaldım uzun müddət. (Amazonların sağ
döşünü uşaq vaxtında
yandırırdılar, dağlayırdılar ki, onlar nizə
atanda sağ əldən sərbəst istifadə edə
bilsinlər). Barmaqlarımla ehmalca amazonumun
sinəsinə toxunanda, sanki, birdən qaya əlimin altında
hərəkətə gəldi. Ağrıtdım yoxsa 8
min il öncə dağlanmış döşünü?... Diksindim. Bir
addım geri çəkildim. Daşlaşmış
Amazon bir anlıq cana gəlmişdi, sanki. Çiyninə aşırdığı ox-yayı
yerə düşməsin deyə havada tutmaq üçün
əlimi uzatdım. Birdən
gözüm bir kənarda dayanıb mənə mat-mat baxan
taksi şoferinə sataşdı. Məni başına hava
gələn adam zənn edər deyə özümü o
yerə qoymayıb yerə çökərək
tərpənən Amazonuma gözlərimi dikdim və
mənimlə söhbətə başlayacağına
ümid edərək gözlərimi qırpmadan diqqət
kəsildim. Amazonum danışmağa tələsmirdi...
Amazonlar
ölkəsinə qaranlıq düşürdü. Zalım
payız gecəsi yenicə kəşf etdiyim Amazonlar - qayalar ölkəsinin ən
qədim sakinlərini, əcdadlarımı qaranlıqlara
qərq edərək məndən gizlədirdi. Amma
birdən-birə mənə elə gəldi ki, min illərin daş
qayaları, daş qadınları artıq danışmağa
hazırdır. Söhbətə başlamağa
tələsmədim. Qoy hazırlaşsınlar deyə qoca
taksi şoferimə doğru yollandım. Özü kimi
köhnəlmiş taksisinə yayxanaraq
çalxalana-çalxalana evə qayıtdım. Düz 3
gün 3 gecə evdən çıxmayaraq fasiləsiz
yazdım. Sən demə, beynimdə mən bu romanı düz
15 il imiş yazırmışam. Sadəcə, kağız
üzərinə köçürmək qalıbmış.
Berlinə çatanda artıq roman, üstəlik də tarixi
və sənədli bir filmin ssenarisi hazır idi. Özü
də birbaşa almanca yazmışdım.
1995-ci il idi.
Berlin şəhərində TD1 alman-türk televiziyasında
“Şərqdən Qərbə körpü” verilişini
aparırdım. Hər verilişdən sonra
yüzlərlə telefon zəngləri olur. Saatlarla
studiyanı tərk edə bilmirdim. Növbəti dəfə
yaşlı, xırıltılı bir səs
özünü təqdim etdi: “Ben türk tarixçisi Osman
Kurt”. Mənə yazdığı uzun bir məqaləni
telefondaca oxudu. Yadımda qalan yalnız bu misralar oldu: “Zeytun
kara gözlərində ildırımlar çakan,
Dədəm Qorqudun topraklarından gəlmiş bir vahşi
Amazon gözəli yalın şeirləri ilə Berlin
ədəbi mühitini yer-yerindən oynatdı”. Sonralar daha
bir neçə dəfə zəng edərək
mənimlə görüşmək istədiyini israr etdi.
Məni tənqid edəcəyindən qorxurdum. Çünki
bir çox türk erkəkləri şeirlərimi qəbul
etmir və məni özlərinin istədiyi türk
qadını çərçivəsində görmək
istəyirdilər. Mənsə özümü təsdiq
etmək istəyirdim bu Avropa şəhərində.
Bir neçə ay sonra
Dədə Qorquda həsr etdiyim verilişdən
çıxanda bir daha zənglərin içindən onun
xırıltılı səsini həmən tanıyıb tez
sağollaşmaq istəyirdim ki, qəribə bir hiss məni
tutub saxladı. Və anidən
görüşməyə razılıq verib elə sabahı
günü acıqla bütün açıq-saçıq
şeirlərimi qoltuğuma vurub onun Kreuzberqdəki evinə
yollandım. Evi köhnə Sovet arxivlərinin nəmiş
və kifli iyini verirdi. Otaqda divar dolusu kitablardan başqa
heç nə yox idi. Güclə yeriyirdi. Mənə xeyli
tarixdən, ədəbiyyatdan danışdı.
Qovluqlarının arasından kifli bir qara qovluq verərək
dedi: “Al, kızım, bu sənin tarihindir, bunu iyicə
araşdır.” Üstündən bir neçə
həftə keçməmiş iş masamın
üstündə bir türk qəzetində qara
çərçivədə şəklini görüb
qəzeti əlimə aldım:" Tarixçi, jurnalist,
dəyərli alim Osman Kurt dünyasını
dəyişdi". Evə gəlib qovluğu açdım.
Kif iyindən məni öskürək boğa-boğa
vərəqləməyə başladım.
Amazonlar...
Qafqazdan baş alıb gələn qadın topluları.
Məməsiz, ər öldürən qadınlar. Vəhşi,
erotik, cazibəli haqq-ədalət uğrunda vuruşan
savaşçılar.
Yadıma
ədəbiyyatdan, tarixdən ötəri süzülən
əfsanəvi amazonkalar düşdü. Amma onları bir
əfsanə bilirdim. Tomris, Sara xatun, Nüşabə,
Ərəbzəngi keçdi beynimdən. Mövzu məni
əfsunladı. Başladım amazonkalar haqqında oxumağa.
Tezliklə bütün Avropada amazonlar haqqında nə
vardısa hamısını oxuyub qurtardım. Amma
bütün mənbələrdə amazonların ya əfsanə,
ya da yunan qadınları olduğu yazılırdı.
Onların Azərbaycanla elə bir əlaqəsi olduğu
heç yerdə göstərilmirdi.
Vətənə
növbəti gəlişimdə hara gedirdimsə amazonlardan
bir iz axtarırdım. Azərbaycan Dövlət
Universitetinə gəlib Amazonlar haqqında elmi iş
götürərək müdafiə etmək istədiyimi
bildirdim. İcazə verən olmadı. Bu nə
danışır, Berlinə gedib başı xarab olub, deyə
az qala mənə bir dəli kimi baxdılar. Moskva
Mədəniyyət Universitetinə üz tutdum. Orda da:
“mənə başına at təpib kimi baxdılar. Prorektor
Vera İvanovna mənə pedaqogika sahəsində bir mövzu
verərək tapşırdı: ”Bizə bu lazımdır.
Fiziki cəhətdən xəstə uşaqların Almaniyada
reabilitasiyası. Bizə amazonkalar lazım deyil. Qoy
yerimizdə dinc oturaq başımıza iş açma,
sən Allah".
Mövzu
isə məni rahat buraxmırdı. Amazonlar barədə bir
çox maraqlı faktlar ortaya çıxarmışdım.
Azərbaycanın içərisindən axıb keçən
qədim Alazan (Qanıq) çayı. Alazan uğrunda
məşhur Pompey savaşı. Bu savaşda iştirak
edən cəsur amazonlar. Qara dənizin 5-ci əsrdə Amazon
dənizi olmasını, Azərbaycanın Albaniya, Atropatena
adları ilə yanaşı, Amazoniya olması,
əslində, tutarlı dəlillər idi. Hələ Herodotun,
Strabonun yazdıqlarını demirəm. Qobustandakı e.ə.
8 min, 5 min il öncəki qayaüstü rəsmlərdəki
əllərində ox-yay tutan qadın rəsmləri...
Krım yarımadasında amazonlarla yunanların
savaşı. Dünyada heç bir ölkədə olmayacaq
sayda qadın qalalarının, qız qalalarının
məhz Azərbaycanda olması faktları, yeni arxeoloji
qazıntılar barədə qəzetlərdə oxuduğum
xəbərlərdə qadın qəbirlərindən bəzək
əşyaları ilə yanaşı, ox-yayın
çıxması... Bunların məhz amazonların
izləri olmasına tarixçilərimizin biganəliyi, Amazon ölkəsinin
kəşfini görməmələri məni çox
təəccübləndirdi, düşündürdü,
getdikcə daha çox əfsunladı.
2004-cü ildə
Almaniyada çıxan “Yeni Körpü” jurnalının
4-cü sayında “Amazonların əsl varisləri” adlı
alman və Azərbaycan dilində tutarlı bir məqalə, 8
avqust 2006-cı il tarixində “525-ci qəzet”də
“Azərbaycan - amazonlar
ölkəsi” adlı daha bir məqalə çap etdirdim. Çoxları
bu məqalələri ciddiyə almadılar. Nuridə
Atəşinin, bəlkə də, bir sensasiya xülyasına
düşməsini düşündülər. Amma bəzi
tarixçilər, sanki, oyanaraq bu barədə 1-2
məqalə yazdılar. Buna sevindim. Bir baş redaktor bu
yaxınlarda demişdi: “Sən əlini hansı işə
atsan o iş populyar və aktual olur, bilən də, bilməyən
də çalışır tez o işə girişsin.”Bu,
yalnız görülən işin xeyrinədir, səsə
salma" - demişdim. Bəli
çoxları ciddiyə almasa da, mən artıq durmadan
araşdırırdım. Hətta bu mövzuda tarixi bir roman
yazmağı belə planlaşdırırdım. Zatən,
artıq şeirə sığa bilmədiyimi
düşünürdüm.
Berlin. Gecə
yarıdan keçirdi. Yazı masasına əyilib
birnəfəsə yazırdım. Masamın
üstündə qalan son ağ vərəqi də doldurub
başımı qaldıranda divardan Əsəd Bəyin
portretindən nigaran, bir az da, sanki, incik baxışları
qəmli-qəmli üzümə dikilmişdi. Əlimlə
şəkli oxşayaraq söylədim: “İndi sən
gərək bir az səbr edəsən, Əsəd
Bəyim! Mən bu son 5 ildə səninçün
əlimdən gələn hər şeyi təkbaşıma
elədim. Səni adicə bir yağmur kimi gözləyən
xalqına birdən-birə sel kimi təqdim etdim. Onlar buna
hazır deyildilər. Ona görə gəl bir az
gözləyək. Məni də, səni də həzm
eləmək çox çətindir, bunu bilməliyik.
Sən gəl gözlə və qoy mən indi qayalar
ölkəsinin sakinlərini danışdırım.
Daşlaşmış amazonlarım yaman
tərpəniblər. Və məni də elə tərpədiblər
ki, Fələk də saxlaya bilməz artıq. Qoy onları
danışdırım, qoy onların söhbətlərini
qələmə alım. Qoy bu Avropanı bir yerindən
oynadım, sən Allah”.
O biri divarımdan
isə Qobustan qayalarından hərəkətlənmiş
cəngavər amazonlarım savaşa hazır
vəziyyətdə məğrur-məgrur
gülümsəyirdilər. Söhbətə
başlamağa isə nə onlar tələsirdilər, nə
də mən.
Xalq qəzeti.- 2008.- 23 noyabr.- S. 6.