Bəylərli T.

 

Tarixi abidələrimiz beynəlxalq saytlarda

Naxçıvan Muxtar Respublikasında qədim mədəniyyət abidələrinin qeydə alınması, bərpa və muhafizə olunması, qədim yaşayış yerlərində arxeoloji qazıntı tədbirlərinin həyata keçirilməsi son illər diqqət mərkəzində duran ən mühüm məsələlərdən biridir.

Muxtar Respublika rəhbərliyinin diqqət və qayğısı sayəsində bu il bölgənin müxtəlif ərazilərində tədqiqat işləri aparılıb. Belə ki, Şahtaxtı, Duzdağ ərazilərində, Xaraba Gilanda, Meydantəpədə, Oğlanqalada, Ovçular təpəsində, Ocaqtəpədə, Maxta Kültəpəsində, Ərəbyengicədə, Qazma mağarasında arxeoloji qazıntılar uğurla həyata keçirilib.

Qeyd edək ki, görkəmli alimlərimizlə birgə Amerikanın Corciya Unversitetinin, Fransa Beynəlxalq Araşdırmalar Mərkəzinin əməkdaşları, eləcə də Türkiyədən, İtaliyadan və Macarıstandan gəlmiş mütəxəssislər də ekspedisiyada yaxından iştirak etmişlər.

Şərur rayonunda yerləşən və E.ə I minilliyə aid olan Oğlanqala yaşayış yerində AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşı, akademik Vəli Baxşəliyevin rəhbərliyi ilə həyata keçirilən tədqiqat işlərinin nəticələri ilə bağlı yeni internet saytı hazırlanır. Yeni saytın hazırlanmasında Amerika Corciya Unversitetinin professorları Lauren Risvetin Hillari Kopnik yaxından iştirak edirlər. Bu üçlüyün məqsədi dünya əhəmiyyətli arxeoloji abidə olan Oğlanqalada aparılan ekspedisiya işləri barəsində, ərazinin yerləşdiyi yer, aparılan tədqiqatla bağlı fotoşəkillər, insanların dəmir dövrünə aid yaşayışını əks etdirən maddi-mədəniyyət nümunələri, məişət əşyaları, ərazidə aşkar olunan mixi yazılar haqqında dünya ictimaiyyətinin diqqətinə ümumi məlumat çatdırmaqdır.

İki sahil.- 2008.- 13 noyabr.- S. 8.