Əziz R.
Yanıxlının
yanıqlı abidələri
Tovuzun
Yanıxlı kəndindəki Şah Abbas məscidi
bölgənin əhəmiyyətli tarixi
abidələrindəndir.
Sovet hakimiyyəti
illərində anbar kimi istifadə olunmuş məscid sonradan
dövlət tərəfindən mühafizə edilən
abidələr siyahısına daxil edilsə də, onun
qorunması və bərpası haqda düşünən
olmayıb. Artıq bir hissəsi uçmuş
məscidin baxımsızlıq ucbatından tamamilə
yerlə-yeksan olacağı qaçılmazdır.
“Yanıxlıdakı
Şah Abbas məscidi XVII əsrin ikinci yarısında
inşa edilib. Tarixi mənbələrə görə,
II Şah Abbasın göstərişi ilə tikilmiş
ibadətgah uzun müddət bölgədə İslam dininin
təbliği sahəsində mühüm rol oynayıb. Sovet
hakimiyyətinin ilk illərində fəaliyyəti
dayandırılan məsciddən 1940-70-ci illərdə anbar
kimi istifadə olunub. 1982-ci ildə dövlət
tərəfindən qorunan mədəni və tarixi
abidələr siyahısına daxil edilib”. Bütün bunlar
barədə bizə məlumat verən Yanıxlı kənd
sakini Əli Hüseynovun (o, uzun illər Rayon
Mədəniyyət Şöbəsində fond
mühafizəçisi vəzifəsində
çalışıb) sözlərinə görə,
indiyədək yalnız bircə dəfə (ötən
əsrin 90-cı illərində) Şah Abbas məscidində
təmir işləri aparılıb: “Lakin həmin bərpa
işlərinin qeyri-peşəkar şəxslər
tərəfindən görülməsi bu ibadətgahın,
necə deyərlər, dərdinin üstünə dərd
gətirib. Bununla bağlı kənd sakinlərinin müvafiq
instansiyalara müraciətlərinə ümidverici cavablar
verilsə də, bu istiqamətdə heç bir əməli
addım atılmayıb”. Məsələyə
münasibət bildirən Tovuz Rayon Mədəniyyət və
Turizm Şöbəsinin müdiri Aydın Quliyev isə
məscidin durumu ilə bağlı Mədəniyyət və
Turizm Nazirliyinə məlumat verdiklərini bildirdi:
“Hətta
Mədəniyyət və Turizm Nazirliyinin
mütəxəssisləri məscidə baxış da
keçiriblər. Bu ibadətgahın gələn il
bərpa olunması nəzərdə tutulub. Hazırda isə
məscidin dağılmasının qarşısını almaq
məqsədi ilə onun yaxınlığından axan
Zəyəmçayın yatağında sahilbərkitmə
işləri aparılır”.
Qeyd edək ki, Şah
Abbas məscidi Yanıxlıda yox olmaq təhlükəsi
ilə üz-üzə qalmış yeganə abidə deyil. Belə
ki, kəndi yarı bölən Zəyəmçay
üzərindəki Xan körpüsündən (o da XVII
əsrin yadigarıdır) yaxın onilliklərədək
təyinatı üzrə istifadə olunmasına baxmayaraq,
hazırda ondan cəmi bircə yarıuçmuş tağ
qalıb.
Zaman.- 2008.- 20-21 noyabr.- S. 9.