Həbibbəyli İ.
Naxçıvan
abidələri haqqında kitab-abidə
Azərbaycanda
ensiklopediya yaradıcılığı sahəsindəki
mövcud təcrübədə ən çox diqqəti
cəlb edən ölkə haqqında çoxcildlik
ensiklopediyaların yaradılmasıdır. Keçən
əsrin 70-80-ci illərində hazırlanıb nəşr
edilmiş "Azərbaycan sovet ensiklopediyası"
dövrün xarakterindən doğan ideoloji meyillərinə
baxmayaraq, hələ indi də mənbə kimi istifadə
edilən nəşrlərdən biridir. Hazırda
Azərbaycan Respublikasının Prezidenti möhtərəm
İlham Əliyevin sərəncamı ilə hazırlanmaqda
olan və artıq mükəmməl poliqrafik
səviyyədə bir xüsusi cildi çap edilmiş, 25
cilddə nəzərdə tutulan Azərbaycan ensiklopediyası
ölkəmizdə müstəqillik dövrünün
sanballı nəşri kimi tarixə daxil olur.
Fikrimizcə, son
illərdə çap edilərək ictimaiyyətə
təqdim olunan "Azərbaycan Xalq Cümhuriyyəti
ensiklopediyası" və "Naxçıvan
ensiklopediyası" da geniş mənada respublikamızda
meydana çıxan ölkə ensiklopediyalarının
üzvi tərkib hissəsidir. Bundan
başqa, yaranmaqda olan şəxsiyyətlər barədə
ensiklopediyalar - artıq oxucu auditoriyasına
çatdırılmış "Üzeyir Hacıbəyov
ensiklopediyası", çapa hazırlanan Cəlil
Məmmədquluzadə və Hüseyn Cavid ensiklopediyaları
ölkəmizdə bu sahədə ənənəni daha da
zənginləşdirən qiymətli əlavələrdir.
Arabir nəzərə çarpan "Kim kimdir" ensiklopedik
nəşrləri daha çox kommersiya xarakteri daşısa
da, hər halda ensiklopediya yaradıcılığı
sahəsində axtarışlar kimi müəyyən maraq
doğurur.
Bütün bunlarla
bərabər, respublikamızda ensiklopediya yaratmaq
baxımından mövcud olan təcrübə artıq bir
sıra xüsusi istiqamətlər və sahələr
üzrə də ensiklopediyaların hazırlanmasına
münbit şərait yaradır. Fikrimcə,
hazırkı müstəqillik dövründə
ölkəmizin Neft ensiklopediyasının, Ədəbiyyat
və Mədəniyyət ensiklopediyalarının,
xalqımızın tarixində və taleyində mühüm
rol oynamış görkəmli şəxsiyyətlərə
dair ciddi ensiklopedik nəşrlərin hazırlanması,
geniş ictimaiyyətə çatdırılması
zamanın diqtə etdiyi aktual
məsələlərdəndir.
Bizə görə sadaladığımız sahələrin
sırasında ən çox aktuallıq kəsb
edənlərdən biri də Azərbaycanın tarixi və
memarlıq abidələrinin ensiklopedik səviyyədə
tədqiqi və nəşri məsələsidir. Bu sahənin xalqımızın çoxəsrlik
tarixi və kəşməkeşli inkişaf yolu, milli
təfəkkürü ilə bağlı olması
abidələr haqqında yüksək elmi səviyyədə
ensiklopediyanın hazırlanması zərurətini ön
mövqeyə çıxarır. Həm
də zaman-zaman tarixi və memarlıq abidələrimizə
sağdan-soldan göz dikənlərin, sahib çıxmaq
istəyənlərin, yaxud abidələrimizin tarixini süni şəkildə
saxtalaşdırmaq cəhdlərinin mövcudluğu həmin
sahənin xüsusi aktuallığa malik olduğunu göz
önünə almağı tələb edir. Bu
günlərdə Azərbaycan və ingilis dillərində
yüksək poliqrafik səviyyədə nəşr
edilmiş "Naxçıvan abidələri
ensiklopediyası" məhz qeyd olunan zərurətdən
yaranmışdır. Həcmi 520 səhifədən ibarət
olan bu qiymətli nəşr hələlik Azərbaycan
miqyasında abidələrə həsr edilmiş birinci
ensiklopediya kimi mühüm əhəmiyyət kəsb edir.
Məhz bu ensiklopedik nəşr ölkəmizdə ensiklopediya
yaradıcılığı sahəsində
açılmış yeni istiqamət mənasında da
əhəmiyyətli addımdır.
Naxçıvan Ali
Məclisinin Sədri Vasif Talıbovın "Naxçıvan
Muxtar Respublikası ərazisindəki tarix və
mədəniyyət abidələrinin qorunması və
pasportlaşdırılması işinin təşkili
haqqında"kı 6 dekabr 2005-ci il tarixli sərəncamı
əsasında həyata keçirilmiş
çoxcəhətli və ardıcıl tədbirlər son
nəticədə "Naxçıvan abidələri
ensiklopediyası"nın yaradılması ilə başa
çatmışdır. AMEA-nın
Naxçıvan Bölməsi və Naxçıvan
Dövlət Universiteti əməkdaşlarından ibarət
işçi qrupu 2006-2007-ci illərdə Naxçıvan
ərazisində 1162 abidəni qeydə almış və
pasportlaşdırmışdır ki, bunlardan da 782 abidə
ilk dəfə elmi dövriyyəyə daxil edilmişdir.
Qeydə alınmış abidələr dünya
əhəmiyyətli, ölkə miqyaslı və yerli
xarakterli abidələr kimi 3 qrupda
təsnifləndirilmişdir. Bunlardan elmi cəhətdən
daha çox maraq doğuran dünya və ölkə
əhəmiyyətli 555 tarixi-arxeoloji, memarlıq və
təbiət abidəsi ayrıca öyrənilərək
"Naxçıvan abidələri
ensiklopediyası"nın materialına çevrilmişdir.
Ali Məclisin rəhbərliyi tərəfindən
"Naxçıvan abidələri
ensiklopediyası"nı hazırlayan
mütəxəssislər qrupunun normal fəaliyyəti
üçün münasib şərait yaradılmış,
lazımi maddi-texniki və mənəvi dəstək
göstərilmişdir. Beləliklə,
"Naxçıvan abidələri ensiklopediyası"
Naxçıvanın bütün yönləri ilə
yenidən qurulmasına ardıcıl olaraq böyük
əmək sərf etmiş Muxtar Respublika Ali Məclisi
Sədrinin ideya-təşkilati dəstəyinin əməli
ifadəsi kimi meydana çıxmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Sədri Vasif Talıbovun "Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyinin
Naxçıvan Muxtar Respublikasında keçirilməsi
haqqında"kı 19 mart 2008-ci il tarixli sərəncamı
ilə təsdiq edilmiş "Tədbirlər planı"
əsasında çap edilən və böyük öndər "Heydər Əlirza oğlu
Əliyevin əziz xatirəsinə ithaf olunan" bu
əhəmiyyətli və sanballı ensiklopediya, sözün
geniş mənasında, azərbaycançılıq
idealının rəmzinə çevrilmiş görkəmli
dövlət xadiminin siyasi kursunun işığında
ərsəyə gəlmişdir. Bu kitab
bütövlükdə Heydər Əliyevin
müqəddəs ruhu qarşısında Naxçıvan
ictimaiyyətinin hesabatıdır. Xalqımızın
böyük mütəfəkkir oğlu Heydər Əliyevin
kitabda öz əksini tapmış müdrik kəlamları
"Naxçıvan abidələri
ensiklopediyası"nın əsas leytmotivini təşkil
edir: "Naxçıvan ərazisini götürsək, bu
kiçik ərazidə həddindən çox dünya
miqyaslı tarixi-memarlıq abidələri yaşayıb
və bu gün də yaşayır. Onların hər biri
Azərbaycan xalqının həm tarixini, həm mədəniyyətini,
həm də adət-ənənələrini
göstərən abidələrdir... Azərbaycanın siyasi,
iqtisadi, mədəni və elmi həyatında
özünəməxsus rol oynayan Naxçıvanın
hər daşı, hər qayası tarixin canlı
şahididir".
Bu dərin mənalı
fikirlərin işığında ilk növbədə onu
qeyd etməyi vacib sayıram ki, "Naxçıvan
abidələri ensiklopediyası" Azərbaycanın
ayrılmaz parçası olan qədim və zəngin
ənənələrə malik Naxçıvan
diyarının kəşməkeşli taleyinin
kitabıdır. Kitabda təqdim olunan,
eramızdan əvvəlki beşinci minillikdən indiki
dövrə qədər təxminən 7 min il ərzində
Naxçıvanda yaranmış abidələr bu diyarın özünəməxsusluğunu,
burada yaşayan xalqın milli kimliyini, həyat tərzini
və dünyagörüşünü,
mədəni-intellektual səviyyəsini, mübarizə
əzmini dolğun şəkildə əks etdirir. Həzrəti Nuh peyğəmbər və
Gəmiqaya rəsmləri, Əshabi-kəhf mağaraları
ilə bağlı oxuculara çatdırılan
abidələr haqqındakı elmi cəhətdən əsaslandırılmış
informasiyalar ərazi etibarilə kiçik Naxçıvan
regionunun geniş mənada planetar düşüncənin,
tanrıçılığın, ilkin sivilizasiyanın
formalaşmasındakı böyük rolunu bütün
aydınlığı ilə təsəvvür etməyə
imkan verir. Ensiklopediyada regionda geniş yayılmış
Altuntaxt, Salaxana kimi Dədə Qorqud toponimləri ilə
səsləşən təbiət abidələrinə
həsr olunmuş məqalələr və nadir
şəkillər burada millilik amilinin nə qədər
qədimlərdən süzülüb gəldiyini və
köklü ənənələrə malik olduğunu
dəlilli-sübutlu şəkildə meydana qoyur. Xalqımızın ümummilli lideri görkəmli
dövlət xadimi Heydər Əliyevin adı ilə
bağlı muzeylərin, heykəllərin və
büstlərin təqdimi geniş anlamda böyük
siyasətin formalaşmasında, həm də milli
dövlətçilik ideyasının
gerçəkləşdirilməsində Naxçıvan
diyarının rolunu və yerini
aydınlaşdırır. Bütün bunlar
Naxçıvanın Nuh tufanı əyyamından Dədə
Qorqud zamanına və Heydər Əliyev epoxasına
qədərki minilliklər boyu davam edən tale
yollarını, dünya və ölkə
qarşısındakı xidmətlərini və yerini
güzgüdə olduğu kimi əks etdirir. Ona
görə də heç tərəddüd etmədən
"Naxçıvan abidələri
ensiklopediyası"nı Naxçıvan diyarının
türk-oğuz möhürü kimi dəyərləndirmək
olar. Abidələrdən bəhs edən bu
əhəmiyyətli kitabı qədim diyarı bütün
yönləri və mahiyyəti ilə ifadə edən
mənəvi pasport səviyyəsində
ümumiləşdirə bilərik.
"Naxçıvan
abidələri ensiklopediyası"nda özünə yer alan
memarlıq abidələri iki cəhətdən xüsusi maraq
doğurur. Birinci cəhət ondan
ibarətdir ki, müxtəlif əsrlərdə
Naxçıvanda yaranan Möminə xatun məqbərəsi,
Qarabağlar və Gülüstan türbələri kimi
vaxtilə görkəmli alimlər tərəfindən
memarlıq sənətinin daş "Xəmsə"si
adlandırılan dünya əhəmiyyətli nadir
sənət abidələri ingilisdilli mətnlər
vasitəsilə beynəlxalq ictimaiyyətin diqqətinə
çatdırılmışdır. Etiraf etməliyik ki,
abidələrimizin dünya miqyasında tanıdılması
və təbliği istiqamətində bu vaxtadək
aparılan işlər yetərli deyildir. "Naxçıvan
abidələri ensiklopediyası"nda milli memarlıq
incilərimiz barəsindəki məlumatların və
şəkilaltı yazıların ingilis dilində
verilməsi həmin sahədə mövcud olan boşluğu
aradan qaldırmağa uğurla xidmət edir. İkincisi
isə kitabda abidələrin ingilis dilində yüksək
səviyyədə təqdimi
illərdən bəri ayrı-ayrı vaxtlarda bədnam
ermənilərin Naxçıvandakı memarlıq
sənəti nümunələrinin əsassız
şəkildə Ermənistana aid edilməsi ilə
əlaqədar məkrli saxtakarlıqlarının elmi
şəkildə təkzib edilməsinə şərait
yaradır. Məlum olduğu kimi, uzun illər bu
sahədə ermənilərin Ermənistan və Rusiyada
apardıqları işlərin dairəsi son
dövrlərdə daha da genişləndirilərək Avropa
miqyasına çıxarılmışdır. Aram Ayvazyan adlı müəllifin 1990-cı ildə
Amerikada Qriqor Maqsudyanın tərcüməsində ingilis
dilində çap olunmuş "Naxçıvanın tarixi
abidələri" kitabındakı Şərq ruhu
üstündə köklənmiş abidələri
"erməniləşdirmək" səyləri bədnam
və saxtakar qonşularımızın yaramaz
fəaliyyətlərinin hansı eybəcər
şəkil aldığını qabarıq
şəkildə nümayiş etdirir.
Suriyada yaşayan
erməni müəllifi Avo Katrceyanın 2006-cı ildə
Hələb şəhərində çap etdirdiyi
"Erməni Naxçıvanı" kitabında da
Azərbaycan gerçəkliyinin açıq-aşkar
saxtalaşdırıldığını, yalançı
erməni təbliğatının miqyasının
ildən-ilə genişləndiyini göstərir. Və, ümumiyyətlə, ermənilərin
Naxçıvan iddiası ilə bağlı
xülyalarının sırasında abidələrə
istinad etmək faktorunun həmişə əsas, aparıcı
olduğunu nəzərə alsaq, onda bu istiqamətdə
Azərbaycanda aparılan araşdırmaların
nəticələrinin dünya dillərində çap
edilməsinin zəruriliyi bir daha hər kəsə
aydın ola bilər. Məhz bu bucaqdan
yanaşdıqda "Naxçıvan abidələri
ensiklopediyası"nda memarlıq sənəti
nümunələrinə dair məlumatların, hətta
şəkilaltı yazıların və ədəbiyyat
göstəricilərinin Azərbaycan dili ilə yanaşı,
ingilis dilində də verilməsi son dərəcədə
əhəmiyyətlidir. Memarlıq
abidələrinə dair məlumatlarda həmin sənət
nümunələrinin yarandığı tarixi dövrə
və onların türk-müsəlman mənsubiyyətli
müəlliflərinə dair öz əksini tapmış
dəqiq informasiyalar da həmin sahədəki saxta erməni
təbliğatının elmi cəhətdən yalan
və böhtandan ibarət olduğunu diqqət
mərkəzinə çəkir. Bu mənada
"Naxçıvan abidələri ensiklopediyası"
tariximizə, mədəniyyətimizə, memarlıq
sənəti nümunələrimizə yönəlmiş
əsassız, qeyri-elmi, haqsız iddialara tutarlı cavabın
ifadəsidir. Məsələnin bu cəhəti təqdim
olunan ensiklopedik nəşrin mühüm
vətəndaşlıq qayəsini də müəyyən
edir.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan
Naxçıvan diyarı əslində
bütövlükdə arxeoloji abidələr muzeyidir. Buradakı xalqımızın qədim tarixini
əks etdirən arxeoloji abidələr
soy-kökümüzlə, şəhərsalma
mədəniyyətimizin tarixi ilə, qədim ailə-məişət
və dəfn adətlərimizlə bağlı bir çox
ciddi mətləbin, elmimizin qarşısında duran
mühüm problemlərin öyrənilməsi
baxımından həlledici əhəmiyyətə malikdir. Daş dövrünün yadigarı olan Qazma
mağarası, birinci və ikinci Kültəpə,
Oğlanqala, Gilan xərabələri və onlarla başqa
arxeoloji abidə, çoxsaylı müdafiə istehkamı
və qala, Duzdağ mədənlərindən
tapılmış daş baltalar və bu qəbildən olan
yüzlərlə arxeoloji materialların çoxu uzun dövr
ərzində min təəssüf ki, yetərincə
öyrənilməmiş, az-çox mövcud olan
araşdırmalar isə dünya ictimaiyyətinin
diqqətinə lazımi səviyyədə
çatdırılmamışdır.
Naxçıvan
abidələri ensiklopediyası"ndakı arxeoloji
abidələr haqqında məlumatların mütləq
əksəriyyəti Azərbaycan alimlərinin, daha çox
isə Azərbaycan Milli Elmlər Akademiyasının
Naxçıvan Bölməsində və Naxçıvan
Dövlət Universitetində çalışan alimlərin
son onillikdə apardıqları ciddi elmi
axtarışların, həyata keçirdikləri
qazıntı işlərinin dəqiqləşdirilmiş,
isbat edilmiş real, təkzibolunmaz nəticələrini
diqqət mərkəzinə çəkir. Ensiklopediyanın
bu qəbildən olan hissələri Azərbaycan arxeologiya
elminin Naxçıvan məktəbinin səviyyəsini,
imkanlarını və nailiyyətlərini də
nümayiş etdirir. Naxçıvandakı
qədim inanc yerlərimiz - Xanəgah türbəsi,
Naxçıvan, Parçı və Nehrəm
imamzadələri, Pir Ömər, Ərəfsə,
İydəli, Kilit, Tənənəm, Yağmur, Üstüpü
pirləri, Pir Yaqub və Pir Süleyman xanəgahları,
çoxsaylı məscid, mənası, mahiyyəti yenidən
araşdırılmış ziyarətgahlar
haqqındakı məqalələr də yeni və
səmərəli axtarışların konkret
nəticələrindən yoğrulmuşdur.
Naxçıvanda
təbiətlə bağlı olan Gəmiqaya, Haçadağ,
Batabat, Qız qalası, Qızlar bulağı, Gəlin
qayası, Fərhad arxı, Darıdağ, onlarla
yaşayış yeri, təbii kurqanlar da haqlı olaraq
abidə kimi təqdim olunmuşdur. Təbiət
abidələrindən bir çoxunun son illərdə
Dövlət qoruqlarına çevrilməsi həmin
abidələrin əhəmiyyətini bir daha nəzərə
çarpdırır. "Naxçıvan abidələri
ensiklopediyası"nı oxuyub buradakı çoxsaylı
təbiət abidəsindən dəqiq xəbər tutandan
sonra oxucuda az qala muxtar respublikada hər addımbaşı
torpaq sahəsinin də abidə olması
təəssüratı yaranır. Nəticədə hansı
qədim və zəngin diyarın övladı, yetirməsi
olması ilə fəxr edən oxucu eyni zamanda sanki hər
gün müxtəlif səpkili abidələrin
ətrafında, orbitində yaşayıb
çalışdığını hiss edir. Bundan başqa,
regionun təbiət abidələrində tarixin və mifoloji
təfəkkürün izləri də yaşamaqdadır.
Diyarın
görkəmli yetirmələrinin, adlı-sanlı elm,
ədəbiyyat və mədəniyyət xadimlərinin -
Əcəmi Naxçıvani, Cəlil
Məmmədquluzadə, Bəhruz Kəngərli, Hüseyn
Cavid, Məmməd Səid Ordubadi, Yusif Məmmədəliyev,
Zərifə xanım Əliyeva və başqalarının
müxtəlif səpkili abidələrinə dair ensiklopediyada
yer almış məqalələr Naxçıvan Muxtar
Respublikasının mənəvi zənginliyini və dünya
şöhrətini izləməyə münasib imkan
açır. XX və XXI əsrin
əvvəllərinə aid olub, memarlıq əsəri
səviyyəsinə yüksələn heykəllər,
məqbərələr, muzeylər, qorelyeflər, seyrangahlar,
oylanoqliflər, teatr və məktəb binaları
Naxçıvanın müasir inkişaf səviyyəsi,
vüsətli quruculuq tempi barədə dolğun
təəssürat yaradır. Bu mənada
"Naxçıvan abidələri ensiklopediyası"
muxtar respublikada xüsusən son onillikdə aparılan
möhtəşəm quruculuq hərəkatının
özünəməxsus ritmini də tam vüsəti ilə
mənalandırır. Qədim dövr və
orta əsrlər intibah mədəniyyəti
abidələrinə geniş yer ayrılmış
ensiklopediyada çağdaş epoxanın müasir memarlıq
sənəti nümunələrinin də təqdimi bu regionda
vahid mədəniyyətin mövcudluğu barədəki
qənaətləri tamamlayır və möhkəmləndirir.
"Naxçıvan abidələri ensiklopediyası"
qədim və müasir Naxçıvanın
inkişafının müxtəlif mərhələləri
arasındakı möhkəm və üzvi əlaqəni,
daxili vəhdəti əyani şəkildə əks etdirir. Milli varlığımızın və
bütövlüyümüzün dəlilli-sübutlu
təsdiqinə yönəlmiş bu meyil Naxçıvan
diyarının əsrlər boyu indiki azərbaycanlıların
ulu əcdadlarına məxsus olması barədəki
reallıqları bir daha təsdiqləyir.
Dünyanın
şəhərtipli ən qədim yaşayış
məntəqələrindən biri sayılan Naxçıvan
şəhərinin tarixinin müəyyən edilməsi
sahəsində bu vaxtadək irəli sürülmüş
mülahizələrə də mövcud ensiklopediya
aydınlıq gətirir. Ensiklopediyada təqdim edilən
tədqiqat materiallarına əsasən Naxçıvan
şəhərinin 5 min il yaşı olması
qənaətinə gəlmək mümkündür. Belə ki, müxtəlif mənbələrdə
Naksuana, Nəşavə, Naqçuan, Nəxçuvan
şəklində işlədilən Naxçıvan
şəhərinin yunan coğrafiyaşünası Klavdi
Ptolomeyin "Coğrafiya" kitabında göstərilən
eramızdan əvvələ aid 1539-cu il tarixi bu
şəhərin artıq formalaşmış,
xəritəyə və ya kitaba düşmək
səviyyəsindəki vəziyyətini göstərir. Normal
şəhər səviyyəsinə çatana, formalaşana
qədər isə dünyanın başqa şəhərləri
kimi Naxçıvan da şəhərsalma baxımından
neçə minillik yol keçmişdir. Mənbələrdə
hətta Naxçıvan şəhərinin Həzrəti Nuh
peyğəmbər tərəfindən
salındığı qeyd olunur ki, dini baxımdan sovet
dövründə kölgədə qalan bu fakt hazırkı
tarixi mərhələdə tutarlı, əhəmiyyətli
mülahizələrdən biri kimi qəbul edilə
bilər. Bundan başqa, məşhur
Əshabi-kəhv rəvayətindəki qeyb olmuş mağara
adamlarının ayıldıqdan sonra çörək almaq
üçün gəldikləri yaxınlıqdakı
şəhərlə bağlı məqamlar da
Naxçıvan şəhərinin qədim tarixə malik
olduğunu əsaslandırmağa şərait yaradır.
Nuh tufanı hadisəsinin təxminən 5-7 min
il əvvəl baş verdiyini, Əshabi-kəhv
əsatirində mağaradan çıxıb 309 ildən sonra
şəhərə pənah gətirənlərin
başına gələn əhvalatın da təxminən bir
o qədər qədim olduğunu nəzərə alsaq,
Naxçıvan şəhərinin yaşına dair
mülahizələrə yenidən baxılması
zərurətinin olduğu aydın olar. Digər
mülahizələr də Naxçıvan
şəhərinin 5 minillik tarixə malik olmasına
şahidlik edir. Xüsusən, Naxçıvan
şəhəri yaxınlığındakı Duzdağ
mədəni ərazisindən XIX əsrin 60-70-ci
illərində daş baltaların tapılması, Kültəpə
yaşayış yerində daş dövrünə aid
bəzi əlamətlərin müşahidə olunması
faktları da tədqiqatçıları artıq
Naxçıvan şəhərinin 5 minillik tarixi ətrafında
düşünüb-daşınmağa
çağırır. Hazırda Həzrəti
Nuh peyğəmbərin məzarüstü türbəsinin
Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun
sərəncamı əsasında yenidən qurulması
əslində Naxçıvan şəhərinin 5 min illik
tarixinin bərpa edilməsinə
çağırışın əks-sədası kimi
səslənir.
Qeyd etmək
lazımdır ki, artıq "Naxçıvan
abidələri ensiklopediyası" ideyası meydana
çıxana qədər Naxçıvanda ensiklopediya
hazırlamaq səviyyəsində müəyyən elmi
təcrübəyə malik olan yüksək ixtisaslı
mütəxəssislər qrupu formalaşmışdı. Bundan əvvəl ilk dəfə bir cilddə, sonra isə iki cilddə hazırlanaraq nəşr
edilmiş "Naxçıvan ensiklopediyası"nın
yaradılması sahəsində Azərbaycan Milli Elmlər
Akademiyası Naxçıvan Bölməsinin və
Naxçıvan Dövlət Universiteti alimlərinin
keçdikləri yol, qazandıqları təcrübə
müstəqil olaraq yeni bir ensiklopediyanın
hazırlanmasının baş məşqinə
çevrilmişdir. Son onillikdə
Azərbaycanın tərkibində Naxçıvan
diyarının ən müxtəlif elm sahələri
üzrə dərindən və əhatəli tədqiqinə
dair regionda çoxsaylı monoqrafik tədqiqat işinin
yazılıb nəşr edilməsi, doktorluq və
namizədlik dissertasiyalarının uğurla müdafiə
olunması, arxeoloji qazıntı işlərinin
miqyasının genişlənməsi, folklor
materiallarının toplanılması və
öyrənilməsinə diqqətin artırılması da
"Naxçıvan abidələri ensiklopediyası"nı
hazırlaya biləcək elmi qüvvələri
birləşdirib ərsəyə gətirmişdir. Bu ensiklopediyanın hazırlanmasında yaxından
iştirak edən 2 akademik, 4 müxbir üzv, 5 elmlər
doktoru, 6 elmlər namizədindən hər biri humanitar
elmlərin ayrı-ayrı sahələri üzrə
yüksək ixtisaslı mütəxəssis olmaqla
yanaşı, həm də ensiklopediya
yaradıcılığı üzrə konkret təcrübəyə
malikdir. Ensiklopediyanı ingilis dilinə Azərbaycan
Respublikasının əməkdar müəllimi
Zülfüqar Zülfüqarov tərcümə etmişdir.
"Naxçıvan abidələri ensiklopediyası"nda
təmsil olunan dizayner (Rəfael Kərimov), operatorlar,
fotoqraflar heyəti də artıq bu sahədə konkret bilik
və vərdişlərə sahibdirlər. Bu
faktorların hamısı bir yerdə və muxtar respublika
rəhbərliyinin böyük qayğısı
"Naxçıvan abidələri
ensiklopediyası"nın elmi cəhətdən və
tərtibat-poliqrafiya baxımından yüksək
səviyyədə hazırlanaraq nəşr edilməsini
şərtləndirmişdir. Türkiyə Cümhuriyyətinin
İstanbul şəhərindəki "Bakanlar media"
nəşriyyatının çap etdiyi ensiklopediya ən
müasir poliqrafiya mədəniyyətinə örnək
sayılmağa layiqdir. Kitabda verilmiş 716 foto, 6
xəritə, 88 layihə, sxem, plan, fraqment təqdim olunan
mətnləri, informasiyaları və tarixi məlumatları
aydınlaşdırmaq və tamamlamaqla bir sırada həm
də nadir abidələri əyani şəkildə əks
etdirən tarixi sənədlərə çevrilir.
Gərgin kollektiv
zəhmətin uğurlu nəticəsi olan Naxçıvan
abidələri ensiklopediyası" bütün
fəlsəfəsi və məntiqi ilə mükəmməl
azərbaycanşünaslıq nümunəsidir. Bu
əhəmiyyətli və mükəmməl ensiklopedik
nəşr ciddi bir vətənpərvərlik dərsliyidir.
Təqdim olunan ensiklopedik kitab müxtəlif elm
sahələri, o cümlədən Azərbaycan tarixi,
coğrafiya, ədəbiyyat, arxeologiya, etnoqrafiya, folklorşünaslıq,
sənətşünaslıq baxımından
mötəbər və zəngin elmi mənbədir. Nəhayət, "Naxçıvan abidələri
ensiklopediyası" kitabı özü də mənası
və mahiyyəti etibarilə möhtəşəm bir elmi
abidədir. Çoxəsrlik abidələr dünyasına gur
işıq salan bu dəyərli kitab-abidə
bütövlükdə abidələrin ən uzun
ömürlüsü, daha çox yaşayanı
olacaqdır.
Bütün bunlara
görə "Naxçıvan abidələri
ensiklopediyası" Azərbaycan elmi üçün
mühüm və əlamətdar hadisədir.
Azərbaycan.- 2008.- 23 noyabr.- S. 6.