İbrahimbəyli S.

Bərdə türbəsi-Nüşabə qalası

 

Azərbaycan memarlığının nadir incilərindən olan Bərdə türbəsi böyük memar Əcəmi məktəbinin yetirməsi Əhməd İbn Əyyub Əl-Hafiz Naxçıvani tərəfindən 1322-ci ildə tikilmişdir. Azərbaycan türbələri üçün xarakterik olan yeraltı və yerüstü hissələrə bölünür. Yeraltı hissə türbənin dəfn üçün ayrılmış sərdabəsi, yerüstü hissə isə xatirə abidəsidir. Bərdə türbəsi dövrünün görkəmli şəxsiyyətlərinin xatirəsini əbədiləşdirmək üçün tikilən bürcvari türbələr qrupuna daxildir. Abidənin Elxanilər sülaləsindən bir nəfər üçün tikildiyi ehtimal edilir. Diametri 10 metr, hündürlüyü 12,5 metr olan Bərdə türbəsi dairəvi, silindrik gövdədən ibarətdir. Dairənin oturacağı daşdan hörülmüş kürsüdən ibarətdir.

Bərdə türbəsinin çoxrəngli kəsmə mozaikadan quraşdırılıb, zəngin ornamentlə bəzədilmiş iki baştağı onun sadə kompozisiyasını dolğunlaşdırır. Abidənin bütün səthi üzərinə firuzəyi kaşı çəkilmiş kərpiclə naxışlanmışdır, hörgüdə bu cür orjinal ustalıqla düzülmüş kərpiclər abidəyə hər tərəfdən baxanda "Allah" sözü oxunur.

Bəzi müəlliflər abidənin kitabəsinin uçulub dağıldığını bildirirlər. Lakin məlumatlara görə kitabə Sovet hakimiyyətinin ilk illərində (Qeyd edək ki, Bərdədə Sovet hakimiyyəti 1920-ci ilin may ayının 8-də qurulmuşdur) dağıdılmışdır. O vaxtlar bolşevik istilaçılarının rəhbərlərindən biri olan Səmədağa Ağamalıoğlu Bərdənin mərkəzi sayılan Nüşabə qalasında "zəhmətkeşlərlə" görüş keçirərkən onun diqqətini əski (ərəb) əlifbası ilə yazılmış şüarlar cəlb edir və o əlləri ilə gözlərini bağlayaraq, "bu keçmişin qalıqlarını yığışdırın" - deyir.
Bundan istifadə edən onun ətrafındakı ermənilər (o vaxt ölkədə və Bərdədə yüksək vəzifədə işləyən xeyli erməni var idi) Bərdə türbəsini göstərərək, bu abidənin də üzərində həmin əlifba ilə yazıların olduğunu bildirirlər. Həmin vaxt S.Ağamalıoğlu göstəriş verir ki, mən gedirəm Ağdama, 2 günə abidənin üzərindəki yazılar ləğv edilməlidir. Təbii ki, yerli əhali bu quldurluq aktından imtina edir. Ona görə Ağdərənin Talış, çaylı, Marquşavan kəndlərindən gətirilən ermənilər iskənə və digər alətlər vasitəsi ilə mümkün olduğu qədər abidəyə divan tuturlar. Bəzi mənbələr abidənin günbəzinin konusşəkilli olduğunu bildirirlər. Lakin məqbərinin günbəzi dairəvi olmuşdur. Bunu memarlıq üslubuna görə Bərdə türbəsi ilə demək olar ki, eyni olan Naxçıvandakı Qarabağlar türbəsi və Azərbaycan Tarixi muzeyində saxlanılan rus rəssamı tərəfindən çəkilmiş şəkil sübut edir. 1957/1958-ci illərdə bərpa adı altında abidənin səthini bərpa etmək əvəzinə hansısa naşı memarın göstərişi əsasında, məqsədyönlü şəkildə türbənin günbəzinə xristianlığa xas olan yad materialdan-betondan səliqəsiz (dəmir məftil çıxıntıları hətta aralıdan da görünür), səriştəsiz tonlarla çəkisi olan konusşəkilli qüllə pərçim edilmişdir.

Abidənin ümumi görünüşünə ciddi xələl gətirməklə yanaşı, xeyli çəkisi olan bu beton, artıq məqbərənin sol tərəfə maillənməsinə səbəb olmuşdur. 700 ilə yaxın tarixin sınaqlarına sinə gəlmiş bu inci uçmaq təhlükəsi qarşısındadır. Bərdə türbəsi təcili bərpa olunmalıdır. İlkin olaraq abidə günbəzdəki süni surətdə ora bərkidilmiş betondan azad olunmalıdır.

Rayon rəhbərliyi ərazidə ciddi təmizlik və abadlıq işi aparmışdır. Lakin abidənin bərpası, rayonun imkanları xaricindədir. Aldığımız məlumata görə, abidənin bərpası üçün tender elan olunmuş və hansısa Polşa şirkəti bu tenderdə qalib gəlmişdir. Lakin hələ ki, onlardan səs-soraq yoxdur.

Bərdədə 14-cü əsrə aid digər qiymətli əbidə olan "Axsadanbaba" türbəsi, Sovet hakimiyyətinin ilk illərində Bərdə rayon XDS-nin milliyətcə erməni sədri və rayonun yenə milliyətcə erməni olan memarının təşəbbüsü ilə sökülüb dağıdılmışdır. Əgər "Axsadanbaba" düşmənlərimiz tərəfindən məqsədyönlü şəkildə dağıdılmışdırsa, Bərdə türbəsi bizim laqeydliyimizdən uçub dağılır. Bir məsələ də qeyd olunmalıdır ki, dünya kristalloqrafiya elminin banilərindən olan Xudu Məmmədli elmi dərəcəsini həm də Bərdə türbəsinin üzərindəki naxışlara əsaslanaraq almışdır.

Bərdə türbəsi xalq arasında "Nüşabə qalası" adlandırılan VI əsrə aid "Toraq qala" ilə əhatə olunmuşdur. çiy kərpic və çay daşları ilə tikilmişdir. Enli divarlı bu qala tərəfləri 115 metr olmaqla kvadratşəkillidir. Qalanın hündürlüyü 4-5 metr hündürlükdə divarı, divarların küncləri və ortalarında divar ilə eyni hündürlükdə, daxili diametri 9,5 metr olan dairəvi yarımbürcləri olmuşdur. Qapı cənub-qərb divarının bürcündə yerləşirdi.

P.S.Tarixi abidələrə olan laqeyd münasibəti müasir dövrdə tikilmiş əhəmiyyətli tikililərə də aid etmək olar. Belə ki, ölkə Prezidenti möhtərəm İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına dair verdiyi sərəncama əsasən Bərdədə olan avtovağzal binasının tikintisi başa çatdırılmalı, ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə tikilən, Heydər Əliyev adına Saraydan sonra ölkədə ikinci böyük və əhəmiyyətli Bərdə Mədəniyyət Sarayı əsaslı təmir olunmalı idi. Artıq Bərdə rayon İcra Hakimiyyətinin başçısı İlham Ağayevin təşəbbüsü və dəstəyi ilə müasir standartlara cavab verən yeni Avtovağzal binası istifadəyə hazırdır. Lakin Prezidentin sərəncamının müddəti başa çatmasına baxmayaraq Respublikanın müvafiq qurumları tərəfindən əsaslı təmir olunmalı olan Bərdə Mədəniyyət Sarayının yiyəsi tapılmır.

Hesab edirəm göstərilən problemlər yaxın vaxtlarda öz həllini tapacaq.

Təzadlar.- 2008.- 5 noyabr.- S. 9.