Quliyeva Z.
Əsrlərin qovğalarından, olaylarından salamat çıxaraq bugünümüzə
gəlib çatmış
qalalara, abidələrə,
hasarlara, ibadətgahlara
baxdıqca uzaq keçmişdə yaşamış
xəttat, nəqqaş,
bənna babalarımızın
düşüncə tərzindən,
memarlıq üslubundan,
təfəkküründən, yaradıcılıq qabiliyyətindən, bir sözlə, sənət dünyasından xəbər
tuturuq. Tarixin yaddaşına çevrilmiş
bu abidələr əslində milli memarlığın, incəsənətin,
etnoqrafiyanın daş
ensiklopediyasıdır. Onun
hər kərpicində
tarixi bir hadisənin izi yatır.
Bakının
rəmzinə çevrilmiş Qız qalası
əsrlərdir öz məğrurluğunu,
ucalığını, möhtəşəmliyini
saxlamaqdadır. Vaxtilə repressiyalardan can qurtarmaq
üçün vətəni tərk edənlər uzaq-uzaq
ölkələrə üz tutsalar da, Bakını yada
salanda, Bakıdan xəbər tutanda ilk sualları bu olub:
"Qız qalası dururmu?" Bu xiffətli sorğunun
arxasında vətən sevgisi, həsrəti duyulub.
Bu abidələr milli
memarlığımızın yadigarları olsa da,
bəşərin mədəniyyət sərvətidir. Bu gün öyünür
və sevinirik ki, səma altında
bir muzey olan İçərişəhər
Dünya İrs Siyahısına düşmüş
incilərdən biridir.
Azərbaycan.- 2008.- 23 noyabr.- S. 6.