Məmmədov
M.
"Dünyada
böyük dövlətlər var, amma böyük
abidələr yarada bilmirlər, çünki imkanları
yoxdur" - bu sözlər xalqımızın ümummilli
lideri Heydər Əliyevə məxsusdur. O, Naxçıvan şəhərində
Mömünə xatun məqbərəsini ziyarət
edərkən bu sözləri söyləyib. Ulu öndər
"bizlər çox vaxt bu abidəni gözəl memarlıq
abidəsi kimi təbliğ edirik" deyərək bu
sənət əsərinin çoxəsrlik
dövlətçilik ənənələrimizin
yaşadılması istiqamətində oynadığı rola
da toxunub: "Bu abidənin memarlıq qiyməti ilə
bərabər, bizim üçün bəlkə daha da
böyük qiyməti Azərbaycanın qədim dövlət
olmasını göstərməsidir. Bu,
təkcə memarlığın zənginliyini yox,
dövlətçiliyin nə qədər zəngin olduğunu,
nə qədər möhkəm olduğunu da göstərir.
Əgər dövlətçilik o qədər yüksək
səviyyədə olmasaydı, onlar bu cür abidənin
yaradılması barədə qərar qəbul edə
bilərdilərmi?"
"Naxçıvan Muxtar Respublikası
ərazisindəki tarixi mədəniyyət abidələrinin
qorunması və pasportlaşdırılması işinin
təşkili haqqında" muxtar respublika Ali Məclisi
sədrinin imzaladığı sərəncam əsasında
burada 1157 abidə qeydə alınıb, onlardan 56-sı
dünya əhəmiyyətli abidədir. Hər biri
də xalqımızın zəngin və çoxəsrlik
dövlətçilik ənənələrini
özündə yaşadan memarlıq inciləridir. O incilər ki, onlar tariximizin on ikinci
yüzilliyindən başlayaraq bu günümüzə
qədər ayrı-ayrı dövrlərdə, məqamlarda
inşa olunublar, iqtisadi qüdrətimizi, gücümüzü,
başlıcası isə varlığımızı
dünyanın yaxın-uzaq ölkələrinə
tanıdıblar.
Alimlərin
fikrincə, Naxçıvanda hər daşın, hər
qayanın altında bir tarix yatır. Bölgədə keçirilən
mötəbər elmi toplantıda - beynəlxalq simpoziumda
iştirak edən mütəxəssislərin yekun
rəyləri də bundan ibarət olub ki, Azərbaycanın
ayrılmaz bir parçası olan qədim Naxçıvan
bəşər sivilizasiyasının, mədəniyyətinin
ən başlanğıc
nöqtələrindən biri olub. Bu qədim
və kəşməkeşli tarixi isə sübut edən
mənbələr, amillər çoxdur: ilk insanların
yaşadıqları mağaralar, qədim yaşayış
yerləri, erkən şəhər mədəniyyəti,
möhtəşəm qala divarları, qayaüstü
rəsmlər, daş qoç heykəlləri, xatirə memarlığının
ən mükəmməl nümunələri olan memarlıq
inciləri...
Qazma,
Əshabi-kəhf, Kilid mağaralarında daş dövrü
mədəniyyətinin izləri aşkar olunub. Bu yerlərdə insanlar ibtidai icma
dövründə yaşayıblar. Eramızdan əvvəl
dördüncü minilliyin sonu və ikinci minilliyin
əvvəllərində isə Naxçıvan
ərazisində Oğlanqala, Qarabağlar, Çalxanqala,
Govurqala kimi qala-şəhər məntəqələri
fəaliyyət göstərib. Gəmiqaya rəsmləri kimi
təsviri sənət abidələri, bədii
tərtibatlı boyalı qablar, tunc məmulatları və
sairə Naxçıvanın qədim tayfalarının
həyat tərzini, dini-ideoloji və fəlsəfi-estetik
dünyagörüşünü əks etdirib.
Sonrakı dövrlərdə də Naxçıvan
Şərqlə Qərb arasında mühüm karvan
yolları üzərində yerləşən iri ticarət
mərkəzinə çevrilib. Bu amil heç də
bölgəyə həmişə xeyir-bərəkət,
bolluq gətirməyib. Bu səbəbdən də uzun illər
boyu o, döyüş meydanlarına çevrilib. Hətta
qədim romalılar, parfiyalılar, sasanilər də
neçə əsrlərlə bu torpağa göz dikiblər.
IX-XI əsrlərdə Azərbaycan feodal
dövlətlərinin tərkibinə daxil olan
Naxçıvan təkcə Azərbaycanın deyil, həm
də Yaxın və Orta Şərqin gözəl və
əzəmətli şəhərlərindən birinə
çevrilir. O, böyük ticarət və sənaye,
mədəniyyət mərkəzlərindən biri kimi
şöhrət qazanıb. XII əsrdə isə
Naxçıvan Azərbaycanın
Atabəylər-Eldəgizlər dövlətinin paytaxtına
cevrildikdən sonra onun qüdrəti daha da artıb. Regionda
çoxəsrlik dövlətçilik
ənənələrinin təməli də məhz o
dövrdə qoyulub. Xalqımızın ümummilli lideri
Heydər Əliyev tariximizin tədqiqi, öyrənilməsi
və təbliği sahəsində bu amillə bağlı
qarşıda duran vəzifələri aydın və konkret
şəkildə belə göstərib: "Bugünkü
Azərbaycanın böyük bir hissəsi, həm
Naxçıvan tərəfdə olan hissəsi, həm də
Araz çayının o tərəfindəki hissəsi
Azərbaycan dövləti, Atabəylər dövləti
olubdur. Ona görə də biz buna tarixi qiymət
verməliyik".
XII
əsrdə Azərbaycan intibahı özünü iki
istiqamətdə xüsusilə göstərə bilib:
ədəbiyyat sahəsində və memarlıqda. Böyük rus
şərqşünası Yevgeni Bertelsin belə bir fikri var:
"Əgər dünyanın bütün
dövrlərində yaşamış şairləri bir
cərgəyə düzmək lazım gəlsə, mən
birinci yeri tərəddüd etmədən Nizami
Gəncəviyə verərdim". Sənətşünaslar isə belə
deyirlər: Dahi Nizami poeziyada hansı zirvəni kəşf
edə bilmişdirsə, Naxçıvan memarlıq məktəbi
öz sahəsində ən yüksək zirvəyə
qalxmışdır. Naxçıvan memarlıq
məktəbi öz dövrünün ən yüksək
nailiyyəti olmaq etibarı ilə Azərbaycan
mədəniyyətinin qızıl fonduna daxil olub . O,
türk, ərəb, səlcuq memarlıq
xüsusiyyətlərinin əsas ştrixlərini
özündə birləşdirərək heç bir
mədəniyyəti təkrar etməyib.
Əcəmi
Əbubəkr oğlu Naxçıvan memarlıq
məktəbinin banisi və ən görkəmli
nümayəndəsi olmaqla Qərb ölkələrində bu
sənətin imzasız olduğu bir dövrdə Şərq
aləmində bir sıra şah əsərlərin
müəllifi kimi tanınıb. Böyük
rus alimi, akademik M.V.Alpatov onun yaradıcılığından
söz açaraq deyib: "Belə yüksək memarlıq
forması duyğusuna, kompozisiyasının bu cür klassik
bitkinliyinə və ifa mükəmməlliyinə bu
dövrdə Orta Avropa memarlığında təsadüf
olunmur".
Memar
Əcəmi həm də öz zəmanəsinin elmi
biliklərinə yiyələnmiş, hərtərəfli
inkişaf etmiş bir şəxsiyyət olub. Bu məktəb Şərq dünyasına
Əmirəddin Məsud Naxçıvani, Əhməd ibn
Əyyub əl-Hafiz Naxçıvani kimi dahi memarlar,
sənətkarlar bəxş edib. Bu dövrdə
həndəsə və riyaziyyat elmləri də yüksək
dərəcədə inkişaf etdiyindən bu elmi bilik və
vərdişlərin tətbiq olunduğu sahələrdən
biri də memarlıq olub.
Memar
Əcəminin yaradıcılığında formalaşan
memarlıq tiplərindən ən bitkini qülləvari
türbələr olub. Ayrı-ayrı
nüfuzlu şəxslərin xatirəsinə ucaldılan bu
monumental abidələr el arasında uzun illər
"Günbəz" adı ilə də tanınıblar.
Naxçıvan şəhərinin mərkəzində
yerləşən və yerli camaat arasında "Atababa
günbəzi" adı ilə tanınan Yusif Kuseyir oğlu
türbəsi 1162-ci ildə inşa olunub. O, ustad memarın bu
günümüzə gəlib catan ilk böyük
əsəri olub. Sərdabə və yerüstü
qülləvari hissədən ibarət olan bu abidənin
kitabəsində də onun kimin şərəfinə və
hansı tarixdə inşa olunduğu da əksini tapıb:
"Bu türbə xacə, canlı rəis, dinin
zəkası, islamın camalı, şeyxlər
başçısı Yusif Kuseyir oğlunundur". Digər
kitabədə isə onun "Bənna Əcəmi
Əbubəkr oğlu Naxçıvaninin əməli"
sözləri yazılıb.
Şeyxlər
başçısının türbəsi ikiqatlı olub,
səkkizbucaqlı formadadır. Sərdabə
yer altına salındığından türbə ətrafdan
birqatlı qüllə kimi görünür. Abidə
ilk baxışdan tutumunun həndəsi təmizliyi,
nisbətlərinin incəliyi və harmonik gözəlliyi
ilə seçilir. Əsas tikinti və bəzək
hörgüsü kimi bir materialdan-bişmiş
kərpicdən ustalıqla elə istifadə olunub ki, o da
abidənin həndəsi biçiminin
bütövlüyünü gücləndirməklə
bərabər ona vahid, qırmızımtıl kalorit verir.
Kompozisiyanın sadə olmasına baxmayaraq, bu abidə
özünün düzgün münasibliyi, ornament bəzəyinin
zənginliyi ilə də seçilir.
Mömünə
xatunun məqbərəsini Naxçıvanın Tac-Mahalı
adlandıranlar heç də yanılmırlar. Təkcə Azərbaycanda deyil, islam
ölkələrində də ən uca və incə
kompozisiyalı türbələrdən olan bu abidənin
belə uzunömürlülüyü, ilk olaraq onun
mühəndis həllinin bitkinliyi ilə bağlıdır.
Memar Əcəmi bu əsərində təkcə bədii
təfəkkürün dərinliyi, zövq incəliyi deyil,
eləcə də geniş riyazi biliyə və zəngin
yaradıcılıq təcrübəsinə əsaslanan
mühəndislik dühası nümayiş etdirə bilib. AMEA-nın müxbir üzvi, memarlıq doktoru
Cəfər Qiyasinin sözləri ilə desək, abidənin
dayaq sistemi, xüsusi ilə sərdabəsinin quruluşu
ilə tanışlıq əyani göstərir ki,
naxçıvanlı memar öz sağlığında
"mühəndislər başçısı" titulunu
heç də nahaq yerə qazanmayıb.
Əsrlər
boyu yerli əhali arasında "Atabəy günbəzi"
kimi tanınan bu məqbərə 1186-cı ildə inşa
olunub. O. Azərbaycan Atabəylər
dövlətinin banisi olan Şəmsəddin Eldənizin
arvadı Mömünə xatunun şərəfinə
ucaldılıb. Bəzi tədqiqatçılara görə,
Atabəylər dövlətinin başçısı
Şəmsəddin Eldəniz, onun həyat yoldaşı
Mömünə xatun və oğlu Məhəmməd Cahan
Pəhləvan da bu sərdabədə dəfn olunublar.
Abidə əzəmətli memarlıq zənginliyi ilə
yanaşı, Azərbaycanın qədim tarixini,
möhtəşəm dövlətçilik
ənənələrini, onun yüksək
mədəniyyətə malik olmasını da
təsdiqləyir. Abidənin baş tağında kufi
xətlə yazılan bu sözlər də insanları
xeyirxah əməllərə səsləyir: "Biz gedirik
ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır
yadigar".
Naxçıvanın
memarlıq inciləri sırasında Kəngərli rayonunun
Qarabağlar kəndindəki memarlıq kompleksi
özünəməxsus yer tutur. Kompleks
iki qoşa minarədən, 16 metr hündürlükdə olan
türbədən ibarətdir. Minarə ilə türbənin
üst qatı kaşı naxışlarla bəzədilib.
Onların arasında qalan 15-20 metr məsafədə isə
dini bina qalıqları var.
Dərələyəz dağ silsiləsinin yamaclarında yerləşən
bu kəndin də qədim tarixi olub. Qalacıq deyilən
ərazidə insanlar son tunc və ilk dəmir
dövründə yaşayıblar. Yaşayış
məskəninin adının etimologiyası ilə
bağlı deyilənlər də maraqlıdır.
Alimlərin fikrincə, Qarabağlar sözü qədim
türk tayfası olan kəngərlilərin bir qolunun adı
ilə bağlıdır. Bu məlumat X əsr müəllifi
Konstantin Baqruanarodnının Cənubi Rusiya
çöllərində yaşayan peçeneq-kəngərlərin
bir tayfasının qarabay adlanması barədə
deyilənlərlə tam uzlaşır. Tariximizin orta
əsrlər dövründə isə Qarabağlar
Azərbaycanın qədim şəhərlərindən biri
olub. Onun Yaxın Şərq ölkələri ilə
Avropanı birləşdirən mühüm karvan
yollarının üstündə yerləşməsi
sayəsində burada sənətkarlıq, ticarət, iqtisadi
həyat xeyli tərəqqi edib.
Qarabağlar
kəndindəki qoşa minarənin XII əsrin sonu - XIII
əsrin əvvəllərində tikildiyi ehtimal olunur. Minarələri bir-birlərinə bağlayan
baştağ isə XIV əsrdə inşa olunub.
Baştağın üzərində Elxani hökmdarı
Hülaki xanın arvadı Quti xatunun adı yazıldığından,
onun şərəfinə tikildiyi güman edilir. Heç
şübhəsiz ki, Hülaki xanı bu
şəhərdə yaşayıb.
Sərdabə
və yerüstü hissədən ibarət olan Qarabağlar
türbəsində qülləvari türbələrin
əsas xüsusiyyətləri əks olunub. Abidənin 12 bucaqlı yeraltı
sərdabəsinin divarları daşdan, günbəzləri
isə kərpicdən hörülüb. Türbənin
səthi isə qırmızı və firuzəyi
kaşılı kərpiclə örtülərək,
həndəsi ornamenti xatırladan kitabələrlə
bəzədilib. Kitabə qurşağı isə nəsx
xətlə işlənib. Onun memarlıqda başlıca
kompozisiya xüsusiyyəti isə 4 baştağlı
olmasıdır. Ayrı-ayrı qütblərdə
yerləşən bu baştağlar ona dörd fasadlı
görkəm verir.
Türbənin
konus şəklində olan yuxarı günbəzi və
müvafiq kitabələri dağıldığından onun
tikilmə tarixini dəqiq müəyyən etmək
mümkün olmayıb. Aparılan
tədqiqatlar isə Bərdə türbəsi kimi onun da XIV
əsrin əvvəllərində tikildiyini göstərir. Bu
türbələr arasında oxşarlıqlar da çoxdur.
Culfa rayonu
ərazisində yerləşən Gülüstan
türbəsi memarlıq xüsusiyyətləri
baxımından Naxçıvandakı qülləvari
türbələr qrupuna daxil olan abidələrdən
fərqlənir. Bu abidə ilk
növbədə orta əsr Naxçıvan
memarlığında əsas tikinti materiallarının
yalnız kərpic və kaşıdan olmasını iddia
edənlərin fikirlərini alt-üst edir. Türbənin 12
üzlü gövdəsi qırmızı tuf
daşlarından, kürsüsü isə iri üzlük
daş lövhələrindən inşa olunub. Digər
qülləvari türbələr kimi bu abidə iki
hissədən ibarət olsa da, burada sərdabə qatı
yerin üst qatında tikilib. Türbənin qülləvari
tutumu ilə onu üzərində saxlayan kürsülüyün
üzvi bağlılığı təmin edilib. Bu
səbəbdən də inşa tarixindən neçə
əsrlər ötməsinə baxmayaraq öz vüqarını
hələ də saxlaya bilib.
Son on ildə
Naxçıvanda aparılan genişmiqyaslı quruculuq
tədbirlərinin mühüm bir qolunu da xalqın
keçmişinə mənsub olan hər qayanın, hər
daşın tarixini yaşatmaq ideyası təşkil edib. Bir çox abidələrdə əsaslı
təmir və yenidənqurma işləri aparılıb.
Əlincəçay üzərindəki XIII-XIV
əsrlərə aid edilən Xanəgah kompleksi də onlardan
biri olub. Deyilənə görə, həmin xanəgahda ustad
Nəsiminin müəllimi Fəzlullah Nəimi dəfn edilib.
Xanəgah
əvəzinə "İmamzadə"lərin meydana
gəlməsi Səfəvilər dövrü
üçün xarakterik olub. Naxçıvan
"İmamzadə"sinin isə bir kompleks kimi
yaranmasını da XVII əsrə aid etmək olar. Son
illər bu abidə-kompleksdə də əsaslı təmir
işləri aparılıb, ora dindarların ixtiyarına
verilib. XVIII əsrdə tkilməsi güman edilən Xan
evində aparılan əsaslı təmir və yenidənqurma
işlərindən sonra bu obyekt də şəhərin
ən gözəl tikililərindən birinə çevrilib.
İndi burada Xalça muzeyi fəaliyyət göstərir.
Naxçıvan şəhərində Buzxana kompleksi,
Cümə və Zaviyyə məscidləri, İsmayılxan
hamamı və digər obyektlərdə də
bərpaçı mütəxəssislər bu
abidələrin nəfəsini, ruhunu tam duya biliblər.
Naxçıvan
şəhərində Köhnə Qala deyilən
ərazidə Nuh peyğəmbərin məzarüstü
türbəsi bərpa edilir. İki hissədən - sərdabə və
türbədən ibarət olan səkkiz guşəli bu
abidədə tikinti işləri artıq yekunlaşıb. Kaşı daşlarla işlənən
həndəsi ornamentlər abidəyə xüsusi
yaraşıq verir. Türbənin çardaq hissəsi isə
piramida şəklində işlənib. Naxçıvan
MR Nazirlər Kabineti yanında elmi-bərpa istehsalat
idarəsinin bərpaçı mütəxəssisləri 15
metr hündürlüyündə olan bu obyektdə
hördükləri muncuq-muncuq kərpiclərdə,
saldıqları zərif naxışlarda dahi memarların
dəst-xətlərini olduğu kimi təkrarlayıblar.
Təbii ki,
əcdadlarımızın özlərindən sonra qoyub
getdikləri bütün tarixi mədəniyyət
abidələri bu yurdun Azərbaycançılıq
möhürü olub. Bu
abidələr təkcə varlığımızı və
dövlətçiliyimizi yaşatmırlar, onlar həm də
zaman-zaman ölkəmizin iqtisadi qüdrətini
özlərində təcəssüm etdirirlər.
Görünür, Azərbaycan bu cəhətdən
xoşbəxt ölkədir.
Azərbaycan.- 2008.- 20 noyabr.- S. 7.