Şamaxıda eramızın III-V
əsrlərinə aid
abidələr tapılıb
AMEA-nın Arxeologiya
və Etnoqrafiya İnstitutunun Şamaxı arxeoloji ekspedisiyasının
nümayəndələri rayonun Çöl Göylər
kəndi ərazisindəki qədim şəhərgahda
tədqiqat işləri apararkən qədim yaşayış
dövrünə aid müxtəlif maddi-mədəniyyət
nümunələri aşkarlayıblar.
Ekspedisiyanın rəhbəri tarix elmləri namizədi Şirzad Əhmədov bildirib ki, arxeoloji qazıntılar zamanı oradan 3 ədəd küp qəbir, onların içindən və ətrafından nizə ucluqları, sikkələr, dabanlı şüşə bokallar, qolbağılar, şüşə muncuqlar, müxtəlif məişət və təsərrüfat qabları, keramika məmulatları aşkarlanıb. Həmçinin ərazidə torpaq qəbirlərə və daş qutulara da rast gəlinib.
Yarı uçmuş vəziyyətdə tapılan küp qəbirlərin ağzı cənub-qərb istiqamətindədir. Qırmızı rəngli bu küplərin ölçüləri və qalınlığı müxtəlifdir. Onların boyun hissəsində gövdəyə bərkidilmiş yumru qulplar var. Küp qəbrin içindəki skeletlər də sol böyrü üstə bükülü vəziyyətdə cənub-qərb istiqamətində qoyulub: "Aşkarlanan küp qəbirlər, məişət və təsərrüfat əşyaları, qırmızı rənglə boyanmış saxsı qablar ilk orta əsrlər dövrünə, yəni bizim eranın III-V əsrlərinə aid maddi-mədəniyyət nümunələridir".
Ş.Əhmədov qeyd edib ki, küp
qəbirlər mədəniyyəti
qalıqları Azərbaycanın
əksər rayonlarında,
o cümlədən Şamaxının Çöl
Göylər, Hacıqədirli
kəndlərindəki qədim
şəhərgahda və
Bağırlı kəndi
yaxınlığındakı "Taxtalar" adlanan yerdə mövcuddur.
Mərkəz.- 2008.- 27 noyabr.- S. 10.