Tarixi sərvətlərin adlarından onlarla bağlı işarələrdən istifadə etmək üçün nazirliyin icazəsi olmalıdır

 

"Azərbaycan xalqının tarixi adları, tarixi və mədəni sərvətlərinin adları və onlarla bağlı xüsusi işarələrin hüquqi və fiziki şəxslər tərəfindən əmtəə nişanı kimi istifadəsinə icazə verilməsi Qaydaları" Ədliyyə Nazirliyində təsdiq edilmişdir.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının "Mədəniyyət haqqında", "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında", "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında", "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında", "Reklam haqqında" qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnaməyə uyğun olaraq hazırlanan bu qaydalara əsasən dövlət mülkiyyətində olan tarixi adlar, tarixi və mədəni sərvətlərin adları və onlarla bağlı xüsusi işarələrdən istifadə rejimi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müəyyən edilir və nazirliyin icazəsi olmadan bu adlar və işarələrdən əmtəə nişanı kimi istifadə edilə bilməz.

Əmtəə nişanından istifadə etmək istəyən fiziki və ya hüquqi şəxslər müvafiq sənədləri təqdim etdikdən sonra əmtəə nişanından istifadə üçün icazə ala bilərlər. İcazə alan fiziki və ya hüquqi şəxslərə ekspert rəyi əsasında müvafiq "icazə vərəqəsi" verilir.

Azərbaycan.- 2008.- 11 noyabr.- S. 7.