Tarixi abidələrimiz məhv edilir
Azərbaycanın İşğal Olunmuş
Ərazilərindəki Tarix və Mədəniyyət
Abidələrini Müdafiə İctimai Birliyindən
verilən məlumata görə, ermənilərin
işğalı altında olan Laçın rayonundakı
kurqanlar, digər tarixi abidələr və "Qız kurqanı"
məhv edilmək təhlükəsindədir.
Ermənilər mina təmizləmək adı
altında Azərbaycan qədim tarixi abidələrini məhv
edirlər. Hazırda ermənilər rayonun Ermənistanla sərhəd kəndləri
olan Güləbird, Cicimli və Suarası kəndlərini
minalardan təmizləyirlər.
Bu ərazilərdə
olan Qırmızı
palıd, Eldar şamı və digər qiymətli ağac növlərinin isə emal üçün
doğranması nəzərdə
tutulur. Adı qırmızı kitaba düşən bu ağac növləri çox baha qiymətə Ermənistandan
Fransa, İngiltərə,
Almaniya Hollandiyaya ixrac ediləcək. Ermənilər növbəti
ildə Laçın
- Kəlbəcər, İstisu
- Zod - Cermuk şose yollarının çəkilişinə başlamaq
niyyətindədirlər. Bununla
da, Qarabağın təbii ehtiyatlarının
Ermənistana daşınması
prosesi daha da sürətləndiriləcək.
İctimai birlikdən Ermənistanın Laçın
şəhərinin inkişafına xüsusi diqqət
ayırdığını, burada xəstəxana, bank,
əhəng emalı sexi, kompüter texnologiyası
mərkəzi, brilyant emalı sexi, ağac emalı zavodu
və digər kommunal xidmət obyektlərinin tikildiyi
bildirilib. Burada məskunlaşdırılan Ermənistan,
Rusiya, İraq vətəndaşlarına faizsiz kreditlər
verilir, onlar bütün vergilərdən azad edilirlər.
Ədalət.- 2008.- 18
noyabr.- S. 5.