Azərbaycan Yunanıstan arasında turizm sahəsində əməkdaşlıq genişlənir

 

Yunanıstanın Turizm Nazirliyinin Beynəlxalq əlaqələr departamentinin müdiri xanım Mariya Tassiu və nazirliyin nəzdində fəaliyyət göstərən turizm üzrə təhsil və treninq təşkilatının Beynəlxalq əlaqələr departamentinin müdiri cənab Spiros Qasparinatosdan ibarət rəsmi nümayəndə heyəti 2008 -ci ilin 5-7 noyabr tarixlərində Azərbaycan və Yunanıstan arasında turizm sahəsində Hökumətlərarası Sazişin, həmçinin, Turizm üzrə Birgə Komitənin 1-ci iclasının Protokoluna əsasən, gələn ilin əvvəlində paytaxtımızda keçirilməsi nəzərdə tutulan tədris kurslarının həyata keçirilməsi ilə bağlı danışıqlar aparmaq üçün Bakıya gəlmişlər.

Kurslar mehmanxana və restoran menecerləri, xidmət bölmələrinin işçiləri və turizm obyektlərinin iaşə (mətbəx) departamentinin işçilərinə aiddir. Kursların əsas məqsədi yemək-içmək servisi sahəsində mehmanxanalarda çalışan işçilərin səviyyəsinin yüksəldilməsidir.

Bu məqsədlə qonaqlar Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsində olmuş, Turizm İnstitutunda görüş keçirilmişdir. Növbəti günlər Bakı Turizm İnformasiya Mərkəzində, Azərbaycan Turizm sənayesinin inkişafı Assosiasiyasında, müxtəlif turist şirkətlərində, həmçinin, Mehmanxanalar Assosiasiyasının prezidenti ilə görüşlər keçiriləcəkdir.

Səs.- 2008.- 7 noyabr.- S. 12.