Əliyev Ə.

 

Azərbaycanlı tələbələrin Strasburqda təşkil etdikləri sərgi və milli rəqsimiz fransızları heyran etmişdir

 

Tələbələrin Sosial Həyatı üzrə Regional Mərkəz (CROUS) və şəhər meriyası əcnəbi tələbələrin şərəfinə Strasburqda təntənəli mərasim təşkil etmişdir. Mer və bələdiyyə idarəsi əməkdaşlarından, CROUS-un rəhbərliyindən, müxtəlif universitetlərin müəllimlərindən, yerli və əcnəbi tələbələrdən ibarət 500 nəfərlik tədbirdə Azərbaycan, Çin və Gürcüstanla bağlı sərgi təşkil olunmuşdur.

Mark Blok Universitetinin tələbəsi Məmməd İsmayılovun təşkilatçılığı və "Azərbaycan evi"nin yaxından köməyi ilə təşkil edilmiş sərgidə musiqi alətlərimizdən saz, tar və qaval, tariximiz, mədəniyyətimiz, ədəbiyyatımız və incəsənətimizdən bəhs olunan kitablar, xəritəmiz, turizmlə bağlı broşürlər, kiçik ölçülü xalçalar, poçt markaları və digər əşyalar nümayiş etdirilmişdir.

Mərasimdə tələbələrdən Laçın Bayramova və Şahin Hüseynli milli rəqslərimizi ifa etmişlər. Onların çıxışı iştirakçıların hədsiz marağına səbəb olmuş və tamaşaçılar onları dəfələrlə səhnəyə çıxmağa məcbur etmişlər.

Sərgi və rəqslərimizin təsiri o dərəcədə yüksək olmuşdur ki, mer, CROUS-un rəhbəri və yerli sakinlər sərginin önündə xatirə şəkli çəkdirmişlər. Onlara Azərbaycan mahnı rəqslərinin yazıldığı disklər hədiyyə verilmişdir.

 

Respublika.- 2008.- 25 noyabr.- S. 3.