Ağaoğlu T.
Həyat həqiqətlərini
təsvir edən rəssam
Milli təsviri sənətin görkəmli
yaradıcılarından biri,
ilk qadın fırça ustası Vəcihə Səmədova
olmuşdu. Sənətsevərlər
rəssamın əsərlərinə
indi də həvəslə baxır,
maraqla qarşılayırlar.
Unudulmaz fırça
ustasının anım
günü ərəfəsində
Prezident təqaüdçüsü,
xalq rəssamı, respublika Rəssamlar İttifaqının qrafika
bölməsinin sədri,
professor Rafiq Mehdiyevlə görüşdük.
O dedi:
- Dünyada elə
insanlar, elə sənətkarlar olub ki, onlar heç zaman yaddan
çıxmır, ruhən gələcək
nəsillərlə birgə yaşayırlar. Mərhum Vəcihə xanım da belə
insanlardan biridir. Onu tanıdığımdan
ömrümün bu çağına kimi fəxr etmişəm, qürur hissi keçirmişəm. Yadımdadır,
1953-cü ildə Moskvaya,
Surikov adına Rəssamlıq İnstitutuna
imtahan verməyə gedəndə həyat yoldaşı Lətif Feyzullayev məktub verdi ki, Vəcihə
xanıma çatdırım.
O, məktubu oxudu, mənə doğması kimi qayğı göstərdi. Tələbəlik illərimdə, elə
sonralar da onu özümə ustad bilmişəm. İstedadlı fırça
ustası Vəcihə
Səmədova qayğıkeş
pedaqoq kimi tanınmış, işıqlı
təfəkkürünün sayəsində sənətkarlıq
zirvəsinə ucalmışdı.
Əsərlərinin mövzusu
ümumbəşəridir, kompozisiyalarını o dərəcədə
inandırıcı, canlı
təsvir etmişdi ki, obrazlar, əlvan
mənzərələr göz
önündə, xəyallarda
hələ də canlanır.
Vəcihə
Səmədova Bakıda,
İçərişəhərdə anadan olmuşdu. Uşaqlığı tarixin
yadigarı - Qızqalasının
yaxınlığında keçmiş,
boya-başa çatmışdı.
Atası Kərbəlayi
Əli Qarsdan, anası Rübabə xanım Cənubi Azərbaycandan gəlmə
idi. Valideynlərinin sənətə, sənətkarlığa,
xüsusən incəsənətə
meyilli olmaları kiçik yaşlarından
Vəcihənin də
buna marağını
artırmışdı. Təsviri
sənətə həvəsini, istəyini duyan atası övladına dünya muzeylərinin eksponatları barədə
məlumat verən jurnallar, albomlar alarmış. Həmin rəngkarlıq nümunələrinə
min bir həvəslə
baxan yeniyetmə fırçanı inamla tutmağa, müxtəlif boyalarla ürəyindən
keçənləri kağız-kətan üzərində əks etməyə çalışarmış.
Səkkizinci sinfi bitirdikdən sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq
Məktəbində oxumuşdu.
Orada təhsilini başa vurub, 20 yaşında Moskvaya getmiş, Surikov adına Rəssamlıq İnstitutuna qəbul olunmuşdu. Tələbəlik
illərində vaxtı
ilə Bakıda, rəssamlıq məktəbində
ona dərs demiş, sonralar respublikamızda sayılıb-seçilən fırça
ustalarından biri Lətif Feyzullayevlə ailə qurmuşdu.
Gənc rəssamın,
tələbə Vəcihənin diplom işi - "Üzeyir
Hacıbəyov Azərbaycan bəstəkarları
arasında" əsərini həm müəllimləri,
həm də sənətsevərlər rəğbətlə
qarşılamışdılar. Sonra
o, müəllimi Pavel Korininin məsləhəti ilə
aspiranturaya daxil olmuşdur. Surikov adına Rəssamlıq İnstitutunda dərs demək təklifi alsa da, o,
imtina etmiş, vətənə qayıtmağı
üstün tutmuş,
müstəqil yaradıcılığa
başlamışdır. Xalqımızın
ilk professional qadın rəngkarı, fırça ustası kimi tanınmışdı.
Yaradıcılıq
fəaliyyətinə başladığı ilk vaxtlardan
həyat yoldaşı Lətif müəllimlə
respublikamızın füsunkar, göz-könül oxşayan
diyarlarına səyahətə gedərdi. Yaşıl meşələr, əsrarəngiz
mənzərələr, bulaqlar,
şəlalələr yeni
əsərlərinin mövzusu
olardı. Həmin illərdə o, "Kəpəz", "Daşkəsən",
"Pambıqçı qız",
"Kür sahilləri"
kimi iri həcmli əsərlərini
yaratmış və onların hər biri sanballı yaradıcılıq
nümunəsi kimi qarşılanmışdı. Onun
1954-cü ildə nümayiş
olunan fərdi sərgisinə baxan xalq şairi Səməd Vurğun demişdi: "Vəcihə
xanımın əsərlərinə
baxdıqca sanki doğma torpağın ətrini, təbiətin gözəlliyini içinə
çəkirsən".
27 yaşında
"Göy göl" silsilə etüdlərı və
"Aktrisa Leyla Bədirbəylinin portreti"
əsərləri ona böyük uğur gətirmişdi. Aktrisanın portreti Azərbaycan təsviri sənəti tarixində ən baxımlı və ən çox təhlil olunan əsərlərdən
biridir. Peşəkar rəssamlar Vəcihə xanım haqqında deyirdilər: "Gör dünən institutu qurtarıb gələn qız istedadı ilə tamaşaçıları
necə məftun edir?.." O, təsvir
etdiyi qəhrəmanlarının
ilk baxışdan adi görünüşlərini,
məğrur qamətlərini,
ifadəli baxışlarını
ustalıqla, məharətlə
təsvir etməyi bacarırdı. "Sürəyya
Kərimova", "Səhər
Verdiyeva", "Şamama
Həsənova", "Tələbə"
və başqa portretləri təsviri
sənətimizin "qızıl
fondu"nda həmişəlik yer tutur. Ümumiyyətlə,
onun yaratdığı
portretlər rənglərin
güclü təsvir
qüvvəsi, orijinal
işləmə üslubu
ilə fərqlənir.
1957-1963-cü
illərdə Vəcihə xanım maraqlı
kompozisiyaları, dinamik rəngkarlığı ilə
yaradıcılıq zirvəsinə yüksəlmişdi. Həmin dövrdə gözəl, şux kaloritli "Mahnı",
"Lənkəranda toy",
"Toya hazırlıq",
"İmtahan ərəfəsində",
"Toy şəhəri"
və başqa əsərlərini işləmişdi.
Qürur hissi keçirirəm ki, xatırlatdığım və
onun başqa əsərləri bu gün də Azərbaycan Dövlət İncəsənət Muzeyinin
eksponatlarıdı.
1962-ci ildə
Vəcihə xanım xarici ölkələrdən
yaradıcılıq ezamiyyətindən qayıtdıqdan sonra
fərdi sərgisi açıldı. Kompozisiyaları,
yaddaqalan portretləri,
peyzaj janrında işlədiyi rəngkarlıq
əsərləri nümayiş
olundu. "Sofiyada bazar", "Qoca bolqar qadınları",
"Plovdiv qadınları",
"Qayalar üzərində
evlər", "Yağışlı
gün", "Türk
qızı", "Türk
qadınları" əsərlərinə
həvəslə baxıldı.
Həmin sərgi Moskvada da çox
yüksək səviyyədə
nümayiş olundu. Rəy kitabına dövrün yüksək
vəzifə sahibləri,
sənətkarları ürək
sözlərini yazmışdılar.
Onun əsərləri
sovet incəsənətini
təmsil edən sərgilərdə, dünyanın
bir çox ölkəsində - Qahirədə,
Vyanada, Pekində, Varşavada, Berlində, Budapeştdə, Sofiyada və başqa şəhərlərin sərgi
salonlarında nümayiş
olunmuşdu.
1963-cü ildə
Bakıda keçirilən "Bizim müasirlərimiz"
adlı sərgidə Vəcihə xanımın bir
neçə əsəri ilə bərabər
"Xəbər gözləyərkən" tablosu da var idi.
Əsər həmkarları, sənətşünaslar, tamaşaçılar
tərəfindən yüksək
səviyyədə qarşılandı.
Mövzusu dəniz sahilində toplaşıb
balıqçılardan xəbər gözləyən
insanlara aid olsa da, tabloda
bədbəxt bir hadisənin baş verəcəyi diqqət çəkirdi. Bu, təsadüfi deyildi. Fırça ustası həmin əsər üzərində işləyərkən
artıq çarəsiz
dərdə düçar
olduğunu bilirdi. Xəstəlik diaqnozunun, taleyinin qismətini, son aqibətini gözləyirdi.
Vəcihə
xanımın bu günümüzə yadigar qalmış
əsərlərində böyük emosional təsir,
dərin düşüncə, məntiq aşkar duyulur. Lakin "Xəbər gözləyərkən"
tablosu nümayiş olunduğu bütün sərgilərdə tamaşaçıların
diqqətini daha çox çəkir. Çünki işıqlı
dünyadan əbədi
ayrılmaq, dost-tanışa həmişəlik
əlvida demək, sevdiyi sənətiylə erkən yaşında vidalaşmaq nüansları
əsərdə
olduqca ustalıqla, qabarıq planda işlənib. Qısa, amma parlaq, mənalı
ömür sürmüş
Vəcihə xanımın
41 yaşında dünyasını
dəyişməsi təsviri
sənətimiz üçün
böyük itki oldu.
43 ildir aramızda olmayan
istedadlı fırça ustası, sevilən müəllim,
əməkdar incəsənət xadimi Vəcihə
Səmədova həmişə məhəbbətlə xatırlanır,
ehtiramla yad edilir. Rəssamlar İttifaqının sərgi
salonu onun adını daşıyır,
əziz xatirəsini yaşadır.
Azərbaycan.- 2008.- 15 noyabr.- S. 7.