Azərbaycan Prezidenti
İlham Əliyev noyabrın 27-də görkəmli rəssam,
Sosialist Əməyi Qəhrəmanı, SSRİ və
Azərbaycan Dövlət mükafatları laureatı, SSRİ
xalq rəssamı Tahir Salahova “Heydər Əliyev” ordenini
təqdim etmişdir.
Dövlətimizin
başçısı İlham Əliyev görkəmli
fırça ustasına müraciətlə dedi:
– Hörmətli Tahir
müəllim, sizi yubileyiniz münasibətilə
ürəkdən təbrik etmək istəyirəm. Sizə cansağlığı,
uzun ömür arzu edirəm. Sizin fəaliyyətiniz, yaradıcılığınız bütün dünyanı
sevindirir. Siz dünyamiqyaslı rəssamsınız,
əsərləriniz dünyanın
ən məşhur muzeylərində nümayiş
etdirilir. Ən sevindirici hal odur ki, sizin
əsərlərinizin böyük
əksəriyyəti Azərbaycana
həsr olunubdur. Sizin əsərlərinizdə
Azərbaycanın görkəmli
şəxsiyyətləri və
adi insanlar təsvir edilmişdir.
Siz həm də
çox geniş ictimai fəaliyyət göstərirsiniz. Azərbaycan qarşısında
çox böyük xidmətləriniz var. Mən bütün bu xidmətləri nəzərə
alaraq, Azərbaycan mədəniyyətinin inkişafında
müstəsna xidmətlərinizə
görə sizi Azərbaycanın ən yüksək, ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif etmək istəyirəm.
Mən bu gün bu barədə
sərəncam imzaladım
və istəyirəm,
bu ordeni sizə təqdim edim.
Prezident İlham
Əliyev “Heydər Əliyev” ordenini Tahir Salahova təqdim etdi.
Xalq rəssamı Tahir
Salahov onu Azərbaycanın ən ali mükafatına -
“Heydər Əliyev” ordeninə layiq görməsi münasibətilə
Prezident İlham Əliyevə dərin
minnətdarlığını bildirdi. O, dövlətimizin başçısının
sərəncamı ilə
80 illik yubileyinin Azərbaycanda geniş qeyd olunmasına görə də təşəkkür etdi.
Tahir Salahov ulu öndər Heydər Əliyevin XX əsrin ən böyük şəxsiyyətlərindən
biri olduğunu vurğulayaraq dedi ki, məhz ümummilli
liderin müdrik siyasəti nəticəsində
respublikamız dünya
birliyində layiqli yerini tutmuşdur.
Heydər Əliyevlə
şəxsi dostluğunu böyük məmnunluqla
xatırlayan yubilyar ulu öndərin gərgin fəaliyyəti
sayəsində əsaslı inkişaf yoluna qədəm qoyan
Azərbaycanın son illərdə daha da inkişaf etdiyini
və dünya birliyində mövqeyini daha da
möhkəmləndirdiyini bildirdi. Tahir Salahov
Prezident İlham Əliyevin mədəniyyət
və incəsənətə,
bu sahədə xüsusi xidmətləri olan sənət adamlarına hərtərəfli
qayğı göstərdiyini
vurğuladı, özünün
“Heydər Əliyev” ordeninə layiq görülməsini bu qayğı və diqqətin daha bir nümunəsi kimi dəyərləndirdi.
Prezident İlham
Əliyev yubilyarı Azərbaycan rəssamlıq məktəbinin
görkəmli nümayəndəsi olduğunu bir daha
vurğulayaraq qeyd etdi ki, Tahir Salahov sənəti daim mövzu
və janr zənginliyi, bədii formanın
əlvanlığı və estetik kamilliyi ilə
seçilib, onun əsərləri milli incəsənət
xəzinəmizin qızıl fonduna daxil olmuşdur.
Dövlətimizin
başçısı görkəmli fırça
ustasının ulu öndər Heydər Əliyevlə
çox səmimi münasibətlərinin canlı şahidi
olduğunu bildirdi, bunu əsl dostluq nümunəsi kimi
dəyərləndirdi. Prezident İlham Əliyev
Tahir Salahovun yüksək mənəvi
keyfiyyətlərini, Vətən
və xalq qarşısında xidmətlərini
bir daha xüsusi vurğuladı, dövlətimizin ali mükafatına layiq görülməsi münasibətilə
təkrar təbrik etdi və ona
ən xoş arzularını çatdırdı.
Sonra yadigar olaraq
xatirə şəkli çəkdirildi.
Xalq qəzeti.- 2008.- 28 noyabr.- S. 1.