Xəlilzadə F.
Həyatda elə insanlar
var ki, onların qazandıqları uğurlar,
çatdıqları şöhrət təkcə öz
taleləri ilə bağlı deyil, mənsub olduqları
millətin, xalqın adına yazılır. Bu mənada xalq rəssamı Tahir Salahov
xoşbəxtlərin xoşbəxtidir. Çünki dünya
şöhrətli həmyerlimizin ömür verdiyi
yaradıcılıq nümunələri həm də
Azərbaycan milli təsviri sənətinin bəşər
mədəniyyətinə bəxş etdyi sənət
inciləridir.
Dünya təsviri
sənətinin inkişafında, xüsusilə onun humanist
ənənələrinin təşəkkülündə
böyük xidmətləri olan Tahir Salahovla hər bir
azərbaycanlı fəxr edir. Dünya
rəssamlarının arasında məhz öz yeri,
dəst-xətti, nüfuzu ilə seçilən belə bir
azman sənətkarın millətimizin nümayəndəsi
olması, sözün əsl mənasında,
bəxtəvərlikdir. Təkcə ona görə yox ki, Tahir
Salahov zəmanəmizin görkəmli rəssamıdır. O,
dünyanın neçə nüfuzlu yaradıcılıq
təşkilatının, akademiyalarının fəxri
üzvüdür, möhtəşəm və məşhur
qalereyalarda əsərləri saxlanılır. Təbii ki,
sənət xoşbəxtliyi üçün bunlar əsas
şərtdir. Amma bizi düşündürən və
sevindirən başqa amildir. İllərdir ki, vətəndən
uzaqda yaşamasına, başqa mühitdə
yaradıcılıq fəaliyyəti
göstərməsinə baxmayaraq Tahir Salahov ən
böyük azərbaycanlıdır. Bütün ruhu və
canı ilə doğma yurduna, gözəl Bakıya, sevdiyi
Xəzərə, sevimli xalqına bağlıdır.
Tahir Salahov 29 noyabr
1928-ci ildə Bakı şəhərində anadan olub. Hələ
uşaqlıqdan rəngli karandaşlarla
işləməyə, xüsusilə şəkil
çəkməyə xüsusi maraq göstərib. Amma
ötənlərə boylandıqca o,
al-əlvanlığın içərisindəki bir qara
rəng həmişə ürəyinə köz kimi
sıxılaraq illər boyu ona əzab verib. 1937-ci ilin
qəzəbli gecələri onun da həyatında ağır
izlər qoyub. O müdhiş gecələrdə qəfil
döyülən qapılardan biri də onların mənzili
oldu. Qara qüvvələr atası Teymuru müəmmalı
şəkildə apardılar. Uzun illər balaca
Tahir hər axşam pəncərənin önündə
dayanaraq atasını gözlədi, amma o qayıtmadı.
Beş uşaqla həyatın amansızlığını zərif
və zəif çiyinlərinə çəkən ana
bütün çətinliklərə mərdliklə
sinə gərərək balalarını ağır
güzərandan, sınaqdan ləyaqətlə
çıxarmağa çalışdı. Çox
çətin və sərt illər idi. Böyük
övladın 11, sonbeşiyinin isə 2 yaşı var idi.
Bütün məşəqqət və əzablara baxmayaraq
Salahovlar ailəsi sitəmlərə tab gətirə bildi.
Tahir Salahov ömrünün bu məqamlarını indi də
sakit xatırlaya bilmir. Bəlkə də onun bütün
yaradıcılığındakı təsirli, yaddaqalan
məqamlar da bu kövrək notlarla bağlıdır.
Tahirdə
rəssamlığa həvəsi atası
yaratmışdır. Bakıdakı
rayonların birində partiya komitəsinin birinci katibi
işləyən Teymur Salahov axşamlar evə çox
yorğun qayıdardı. Uşaqların
səs-küyündən rahatlıq tapmaq üçün
onlara rəngli karandaşlar, albomlar verər, şəkil
çəkmələrini tapşırardı.
Beləliklə, balacaların başı
"yaradıcılığa" qarışdığından
ata bir qədər dincələrdi.
Uşaq kitabxanasına
gedib-gələndən sonra Tahirdə rəsmə
həvəs daha da gücləndi. "Kitabxana adi olsa da,
kitabxanaçı qeyri-adi qadın idi. O, mənə kitab
verərkən deyirdi: "Sən kitabı sadəcə oxuma,
çalış mövzuya uyğun illüstrasiyalar çəkəsən,
özünü sına". Beləliklə, oxuduğum
kitablara illüstrasiyalar çəkməyə
başladım. Bir neçə nümunədən sonra
çəkdiklərim alındı".
Əlbəttə, Tahir
yalnız dərsləri ilə, rəsmlə məşğul
olmurdu. O, həm də dolanışıq və
məişət qayğılarında anasının ən
yaxın yardımçısı idi. İlk əmək
fəaliyyətinə başlayanda Tahir Salahovun 15 yaşı
var idi.
Taleyin ən ağır
qovğaları da Tahir Salahovun arzularına sədd
çəkə bilmədi. O bütün
varlığı ilə yaradıcılığa,
rənglər dünyasına bağlı idi. Bu
səbəbdən də o, gecə-gündüz
çalışır, oxuyur, müxtəlif rəsmlər
çəkirdi.
Tahir Salahov
əvvəlcə Bakıda Əzim Əzimzadə adına
Rəssamlıq Məktəbini (1945) bitirib, sonra isə
V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq
İnstitutunda təhsilini davam etdirib.
Hələ
tələbəlik illərindən yaradıcı
ictimaiyyətin diqqətini özünə çəkən
Tahir Salahovun bir rəssam kimi püxtələşməsi
ötən əsrin 50-ci illərinin axırı, 60-cı
illərinin əvvəllərinə təsadüf etmişdir.
O dövrdə əməkçi insanların
həyatı ilə bağlı müxtəlif
əsərlər yaradılırdı.
Zəhmətkeşlərin
fədakarlığını tərənnüm etmək
ənənə halını almışdır. Bu,
dövrün, zamanın, quruluşun tələbi və
diqtəsi olsa da, sözün əsl mənasında, meydana
sənət əsərləri çıxırdı. Tahir
Salahov da bir rəssam kimi öz töhfəsini verdi. "Növbədən qayıdanlar",
"Təmirçilər", "Şumlanmış
torpaq", "Buxtada", "Abşeron qadınları"
və digər əsərlərində insan həyatı,
əməyi öz əksini elə təbii tapıb ki, bu
əsərlər bu gün də maraqla baxılır və
diqqət çəkir. Ümumiyyətlə, Tahir Salahov
həmişə zamanı qabaqlamağı bacaran,
işlədiyi lövhələrin uzunömürlü
olması üçün maraqlı kompozisiyalar quran, yaddaqalan
məqamları rənglərin köməyi ilə dolğun
və bitkin şəkildə əbədiləşdirməyi
bacaran sənətkardır.
Mən
sənətşünas olmadığımdan Tahir Salahovun
əsərlərini rəng, kompozisiya, plastik
dəyərlər baxımından araşdırmaq, təhlil
etmək fikrindən uzağam. Amma
görkəmli rəssamın
yaradıcılığını ürəkdən sevən,
onun hər bir əsərində böyük mənalar
görən, yaratdığı portretlərdə xoş,
xeyirxah niyyətləri hiss edən, peysajlarından,
natürmortlarından xüsusi zövq alan
tamaşaçı kimi bir fikri xüsusi vurğalamaq
istəyirəm: Tahir Salahovun əsərləri heyrətamiz
xüsusiyyətlərə malikdir. Onun hər bir portreti,
mənzərəsi, peysajı önündə xeyli
düşünməli olursan.
Rəssamın
yaradıcılığı çox şaxəlidir. Rənglərin
harmoniyası onun fırçasında sanki yeni həyat, yeni
məna alır. Onun rəng dünyasındakı
təbiilikdən, təsirdən, gözəllikdən bir
qəlb rahatlığı tapırsan. Portret
rəssamımızın ən çox müraciət etdiyi
janrdır. Bu sahədə Tahir Salahov dünya
sənətsevərlərini heyrətə gətirən
əsərlər yaradıb. İnsanın daxili aləminin
ən bariz xüsusiyyətlərini, məziyyət və
mənəvi gözəlliyini, əzəmətli və
qabarıq şəkildə yarada bilən rəssamın
çəkdiyi əsər adi portret yox, bəşər
mədəniyyətinin nadir incisinə çevrilir. Müasir
portret sənətinin ən kamil nümunələrindən
olan "Bəstəkar Qara Qarayevin portreti" haqqında
ayrıca danışmağa dəyər. Unudulmaz
bəstəkarımız Qara Qarayevin bu möhtəşəm
portreti 1960-cı ildə çəkilib. Qırx ildən
çoxdur ki, insanlar bu əsərin əzəməti
önündə öz heyrətlərini gizlədə
bilmirlər. Xarici ölkə jurnalistlərinə verdiyi
müsahibələrin birində Tahir Salahov demişdir:
"Mən bu əsərin üzərində
işləyərkən tez-tez Opera Balet Teatrına gedir, Qara
Qarayevin baletlərinə tamaşa edirdim. Hər gün onun
musiqisini dinləyirdim. İstəyirdim ki, Qaranın musiqi
dünyasını tamamilə mənimsəyə bilim. Bax,
bundan sonra portreti başa çatdırdım". Bu
məşhur əsər hazırda Moskvadakı Tretyakov qalereyasında
nümayiş etdirilir.
"Mənim
portretlərimin hamısı mənim üçün
əzizdir. Çünki onlar mənim
doğmalarımın, sevdiyim insanların, əsil
sənətkarların portretləridir. Mən o
əsərləri sahiblərinə görə çox
sevirəm, zəhmətimə görə yox" - etirafı
ilə ürəklərə yol tapan Tahir Salahovun başqa
portretləri də maraqlıdır. Məsələn,
bəstəkar Fikrət Əmirovun, Dmitri Şostakoviçin,
Mirzə Ələkbər Sabirin, Rəsul Rzanın rəssam
tərəfindən çəkilmiş portretləri də
çox baxımlı və maraqlıdır. 2000-ci ildə
dünya şöhrətli bəstəkar Mstislav
Rastropoviçin portretini başa çatdıran Tahir Salahov
portret sahəsində yeni bir mərhələni
yaradıb. Bəstəkarın iç aləmini və
dünyadakı şöhrətinin qovuşuğunu
ustalıqla əks etdirməyi bacaran Tahir Salahov dünya
təsviri sənətinə yeni, kamil bir əsər
bəxş etdi.
Tahir Salahovun
yaradıcılığında qadın həyatının,
qadın gözəlliyinin də öz yeri var. Onun öz anasının xatirəsinə həsr
etdiyi "Aqava" adlı əsəri, "Tənha
qadının geyim quruluşu", Şərq dastanı -
"Alagöz", "Tamara xanımın portreti",
"Fatinin portreti", "İrina Struyevanın portreti",
"Aydanın portreti", "Olya Rukovişnikovanın
portreti", "Varinin portreti", "Qadın portreti"
və başqaları kamil nümunələrdir. Bir
məsələ də maraqlıdır ki, Tahir Salahov
həmişə Bakı kəndlərini, xüsusilə
də Xəzərin sahilində yerləşən
yaşayış qəsəbələrini
çəkməyi daha çox sevir. Hətta dinin qadağa
olunduğu illərdə belə, o, Bakı
kəndlərində yerləşən məscid və
məbədləri də məhəbbətlə kətana
köçürmüşdü: "Köhnə Ramana",
"Nardaranda küçə" "Nardaranda
məscid", "Abşeron səhəri", "Nardaran
eyvanları", "Hövsan kəndi", "Köhnə
Şamaxı", "Bakı Şirvanşahlar
Sarayı" və s.
Tahir Salahovun natürmort
və mənzərə lövhələri də öz
mükəmməliyi ilə seçilir.
Tahir Salahov
vətəninə bağlı sənətkardır. Hələ
sovet dönəmində elə əsərlər yaradıb ki,
bu gün onlara tamaşa edəndə
heyrətlənməyə bilmirsən. Məsələn,
1978-ci ildə çəkdiyi "Nardaranda məscid" belə
diqqəti çəkən əsərlərdəndir.
Ümumiyyətlə, Tahir Salahov dini abidələrlə
bağlı çoxlu sayda əsər çəkmişdi.
Boyakarlıq və
qrafika ilə də məşğul olan Tahir Salahov həm
də səhnə tərtibatı sahəsində də eyni
uğurla çalışan rəssamdır. Vaxtilə
onun Azərbaycan Teatrında dekorasiya sənətinin
inkişafında böyük xidmətləri olub. Milli Dram
Teatrının səhnəsində tamaşaya qoyulmuş
"Antoni və Kleopatra" (1964), "Hamlet" (1970),
"Aydın" (1972) pyeslərinin, o cümlədən Opera
və Balet Teatrında "Koroğlu" operasının,
"Babək" baletinin bədii tərtibatı da Tahir
Salahova məxsusdur.
Dünyanın
əksər ölkələrində yaradıcılıq
səfərində olmuş Tahir Salahov ABŞ, Almaniya, Fransa,
İtaliya, Meksika, Yaponiya və digər
ölkələrlə bağlı yaratdığı
əsərlərdə müxtəlif xalqların
mənəviyyatı, həyatı öz əksini tapıb.
Tahir Salahovun əsərləri dünyanın bir çox
möhtəşəm qalereyasının bəzəyinə
çevrilmişdir.
Tahir Salahov Rusiya
Rəssamlıq Akademiyasının həqiqi üzvü,
eləcə də Almaniya Rəssamlar İttifaqının
fəxri üzvü, Avstriya Rəssamlıq
Akademiyasının fəxri müxbir üzvü,
Polşanın əməkdar mədəniyyət xadimidir. Tahir
Salahov 1963-1974-cü illərdə Dövlət
İncəsənət İnstitutunda dərs demişdir.
Hazırda öz pedaqoji fəaliyyətini davam etdirir. O,
V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq
İnstitutunun professorudur.
Görkəmli
rəssamın anadan olmasının yubileyi ilə
əlaqədar Moskvanın "Ağ şəhər"
nəşriyyatında hazırlanan "Tahir Salahov"
adlı kitab İtaliyada üç min tirajla çap
edilmişdir. Nəfis tərtibatla hazırlanmış bu
fotoalbomda Tahir Salahovun yaradıcılığı
mükəmməl şəkildə öz əksini
tapmışdır.
Şöhrəti
dünyanı dolaşan görkəmli rəssam harada
yaşamasından, çalışmasından asılı
olmayaraq vətəninə çox bağlıdır,
"Xəzər, onun mavi gözəlliyi həmişə
mənimlədir" - söyləyən Tahir Salahov
özü də Xəzərin coşqun ləpəsidir. Ləpələr
nə qədər şaxə qalxsalar da, həmişə
dənizə qayıdırlar. Sahildə dayanıb bu
mənzərəni seyr edənlər nə xoşbəxtdir?!
Azərbaycan.- 2008.- 29 noyabr.- S. 4.