Orucov E.
Şöhrəti dünyanı tutan
sənətkar
Azərbaycan nadir
mədəniyyət abidələri diyarıdır. Bu
abidələri yaradan nadir istedadlar xalqımızın milli
sərvətidir və onların yaratdıqları
əsərlər Azərbaycanımızı bütün
dünyaya tanıtdırır. Onlar arasında xalq
rəssamı Tahir Salahovun öz yeri, öz mövqeyi
vardır. Onun əsərlərində bu
xalqın mənəvi ruhu, tarixi, bu günü yaşayır,
onlar Azərbaycan haqqında həqiqəti dünyanın
hər yerinə yayırlar. Öz bəşəri
mahiyyəti, müasirliyi ilə dünyanın hər
yerində sevilən, sərgi salonlarının daimi
eksponatına çevrilən, məşhur
muzeylərdə əbədi məskunlaşan bu
əsərlərə tamaşaçı marağı onunla
şərtlənir ki, Tahir Salahov milli və bəşəri
dəyərləri sintez edə bilir, onların
harmoniyasını böyük məharətlə yaradır.
Tahir Salahov
yaradıcılığı milli olduğu qədər də
bəşəridir. Bu rəsmlərin hər birində
istedadla dolu vətənpərvər bir ürəyin
bəzən həzin, bəzən də sərt
çırpıntıları duyulur. O ürəyin sahibi öz
doğma yurdunu canı qədər sevir, onun bəzən
ağrılı, bəzən qürurlu rənglərin
bütün çalarlarını öz daxili
dünyasından keçirib, güclü sənət dünyasına
qovuşdurur. Tahir müəllimin sənəti ulu
Azərbaycanımızın rənglərin yaddaşına
köçürülən yaşantılarıdır.
Onlarda biz varıq, bu Vətənin bu günü, sabahı
var.
Tahir Salahov
üçün doğulduğu Abşeron torpağı bu
dünyanın kiçik modelidir. O, insan,
bəşəriyyət və dünya haqqında
həqiqətləri sanki bu kiçik torpaqda axtarır. Buranın torpağı da, dənizi də,
insanları da onun əsərlərində o qədər ruhani
bir şəkildə əks olunur ki, tamaşaçı
onlarla üzbəüz olanda sanki yüngülləşir,
özünü bu dünyanın vətəndaşı
olduğu üçün xoşbəxt sayır.
Mən rəssamam və
rənglərin də dilinə az-çox bələdəm.
Amma Tahir müəllimin əsərlərində bu
rənglərin elə çalarlarını görürsən
ki, bu istər-istəməz sənətkarın ilahi bir istedad
sahibi olduğuna şübhə etmirsən.
O, dünya
səviyyəli azman sənətkardır. Dünyanın
hər yerində onu tanıyır və sevirlər. Bu sevginin
arxasında dahilik zirvəsinə ucalmış bir
həmyerlimizin illər uzunu yaratdığı çox
qiymətli əsərlər dayanır.
Tahir Salahov Əzim
Əzimzadə adına Rəssamlıq məktəbinin
yetirməsidir. Bu məktəbin onlarla müdavimi
dünya şöhrətli sənətkar olmuşdur. Tahir
Salahov da burada təhsil alıb, sonra 1957-ci ildə
V.İ.Surikov adına Moskva Dövlət İncəsənət
İnstitutunu bitirib. Burada öz dəst-xətti ilə
çoxlarının diqqətini çəkib, gözəl,
əsrarəngiz Azərbaycan təbiəti, onun qəhrəman
insanları barədə yaratdığı əsərlər
dəfələrlə sərgilənib. Bu günlər o
yenə də həmin institutun rəssamlıq və kompozisiya
kafedrasına rəhbərlik edir. Amma ona qədər
Azərbaycan İncəsənət İnstitutunda dosent,
professor kimi çalışıb, Rəssamlar
İttifaqında sədr kimi fəaliyyət göstərib.
Rəhbərlik etdiyim
S.Bəhlulzadə adına Sərgi Salonunun girişində
Tahir müəllimin bir əsəri asılıb. Mən
diqqət vermişəm ki, bu salona gələn
tamaşaçıların, demək olar ki, hamısı bu
tablo qarşısında ayaq saxlayıb həmin
əsərə diqqətlə tamaşa edir, sonra zala
qalxırlar. Bunun mənası odur ki, Tahir Salahovun
əsərlərinin yanından laqeyd
ötüb-keçmək qeyri-mümkündür.
Tahir Salahovun iki portret
əsərini xüsusi olaraq qeyd etmək istəyirəm. Onlardan
biri “Qara Qarayev”, ikincisi isə “Fikrət Əmirov”dur. Hər
iki portretdə yaxın cizgilər var. Bu
yaxınlığı şərtləndirən əlamət
musiqidir. “Qara Qarayev” əsərinə tamaşa edəndə həmişə
yadıma rejissor Oqtay Mirqasımovun “Bu həqiqətin
səsidir. Qara Qarayev” filmi düşür. Özü də
bilirsinizmi, hansı səhnə. Müxbir ona sual verir ki,
“sən xoşbəxtsənmi?”. Qara müəllim isə
“Sənətkar da xoşbəxt olarmı?” deyə cavab verir.
Mən bu tabloda Qara Qarayevin daxili dünyasını oxudum. O
sanki dünyanın bütün problemlərini öz
içində yaşayır. Üz cizgilərində
kədərli bir görünüş nəzərə
çarpır. Bəs niyə kədərli? Ona görə
ki, o düşüncələr dünyasında öz
xoşbəxt taleyini axtarır və onu tapa
bilməyəndə beləcə sakit, əllərini
çənəsinə qoyub öz içi ilə
dərdləşən vəziyyət alır. Dünya
şöhrəti qazanmış bu əsər portret
janrında milli rəssamlıq sənətimizin
salnaməsində özünəməxsus yer
qazanmışdır.
“Fikrət Əmirov”
portreti bütöv bir şəxsiyyətin taleyini
təcəssüm etdirir. Orada hər şey öz
yerindədir. Biz bu sakit görünən, lakin qəlbində,
ruhunda musiqi fırtınaları çağlayan bir insanın
portreti ilə üz-üzə dayananda qəlbimizdə
çox məhrəmanə bir sakitlik yaranır. Sanki “Şur”
simfonik muğamını dinləyir və onun təsiri
ilə hansısa sakit bir dünyaya çəkilirik.
Amma onun bir portreti
diqqətimi daha çox cəlb edir. Bu ümummilli
liderimiz Heydər Əliyevin portretidir. Həmin
əsərdəki daxili zənginlik, insani hisslər,
bütövlük və kamillik hər bir
tamaşaçıda milli qürur hissi doğurur. Tahir Salahov
ulu öndəri bu xalqın düşündüyü kimi,
əsl rəhbər kimi yaratmışdır.
Tahir Salahovun əsərlərini ayrı-ayrılıqda
təhlil etmək fikrindən uzağam. Bu,
sənətşünasların işidir. Lakin bir
neçə əsərini nəzərə çarpdırmaq
məncə, məqsədəuyğundur. “Səhər eşalonu”,
“Rezervuar parkı” adlı sənaye peyzajları, “Abşeron
qadınları”, “Aydan” tabloları, “Dmitri Şostakoviç”,
“Rəsul Rza” portretləri rəssamın fəlsəfi
axtarışlarının real nəticəsi kimi
yaranmışdır. Bu əsərlərin hər birində
Tahir Salahovun ciddi axtarışları hiss olunur, onlarda realist
sənətkarın qəlb dünyasının zəngin
rəngləri toplanmışdır.
Qarşımda
rəssamın 2007-ci ildə çəkdiyi “Atəşgah”
adlı çox gözəl bir əsəri var. Bu
əsərin ilkin təəssüratı belədir ki,
Azərbaycan, doğrudan da qədim odlar diyarıdır. “Atəşgah”
məbədi sanki yanar bir ocaqdır. Onun üzərində
üç yerdən şölələnən alov bizim
Azərbaycanın simvoludur. Bu torpaq həqiqətən odlar
diyarıdır və rəssam deyimində bu o qədər
aydın və anlaşıqlıdır ki, hər bir
tamaşaçı “Atəşgah”ın mənsub olduğu
torpağın zəngin sərvətlər diyarı
olduğunu aydın hiss edir.
“Xəzər bu gün”
adlı yağlı boya ilə çəkilmiş digər
bir əsəri də diqqətimi çəkir. Neft qazma
qurğusu o qədər real işlənmişdir ki, elə bil
Xəzərin üzərindən ona tamaşa edirsən. Bu
isə “Qız qalası” əsəridir. Həmin mövzuya
Azərbaycan rəssamlarından çoxları müraciət
edib. Amma Tahir müəllimin “Qız qalası”
əsərindəki simvollar ona orijinal müəllif
əsəri kimi yeni çalarlar gətirmişdir. Bu bizim
tariximizin yaddaşına çox qiymətli töhfədir.
Ona görə də müəllif bu əsərə bütün
qəlbinin hərarətini vermişdir. Dünyanın bir
çox ölkələrinin böyük
şəhərləri, görməli yerləri, tarixi
abidələri ilə bağlı Tahir Salahov
yaradıcılığında qiymətli əsərlər
var. Bu əsərlərin hər birində yüksək
beynəlmiləlçilik, bəşəri duyğular
yaşayır.
Azərbaycan xalq
rəssamı Tahir Salahovun yaradıcılığına
yüksək qiymət verən çox hörmətli
Prezidentimiz onun 80 illik yubileyinin keçirilməsi ilə
bağlı xüsusi sərəncam imzalamışdır. Dünya
şöhrətli bu dahi sənətkarın yubileyi ilə
bağlı bir sıra dövlət əhəmiyyətli
tədbirin keçirilməsi
planlaşdırılmışdır.
Söz yox ki, bu yubiley
təkcə Azərbaycanda deyil, dünyanın bir sıra
ölkələrində qeyd olunacaq. Axı, doğrudan
da onun şöhrəti bütün dünyaya
yayılmışdır. O, Sovet İttifaqının ən
yüksək mükafatını almışdı. Sosialist Əməyi
Qəhrəmanı idi. Rusiyanın “Vətən
qarşısında xidmətlərinə görə” ikinci
və üçüncü dərəcəli
ordenlərinə, Bolqarıstanın, Polşanın,
Monqolustanın və başqa ölkələrin
ordenlərinə, müxtəlif medallara, mükafatlara layiq
görülüb. Mahir fırça ustasını öz
sıralarında görmək arzusunda olanlar da az olmayıb.
Belə ki, həmyerlimiz Rusiyanın və MDB-nin bir çox
ölkələrinin rəssamlıq akademiyaları ilə
bahəm, Madriddəki San-Fernando Kral İncəsənət
Akademiyasının və Fransa Zərif Sənətlər
Akademiyasının müxbir üzvüdür. Bundan başqa,
Ölməzlər Akademiyası adlanan Fransa Zərif
Sənətlər Akademiyasına SSRİ- dən cəmi
üç nəfər üzv seçilib ki, onlardan biri
də həmyerlimiz Tahir Salahovdur. O, həm də Amerika
Birləşmiş Ştatlarının bir neçə
şəhərinin və Montana ştatının fəxri
vətəndaşıdır. Ulu öndər Heydər
Əliyevin xatirəsinin əbədiləşdirilməsi
üzrə Dövlət Komissiyasının, Heydər
Əliyev mükafatı komissiyasının üzvüdür.
Azərbaycan Ensiklopediyasının redaksiya heyətinə
də daxildir. Moskvada isə Rusiya Federal Məclisi Federasiya
Şurasının sədri yanında Mədəniyyət
Şurasının üzvü seçilib. Bakıda
yaşadığı dövrdə isə Azərbaycan
Rəssamlar İttifaqının birinci katibi seçilib.
T.Salahov eləcə də YUNESKO-nun nəzdində
Millətlərarası Rəssamlar Federasiyasının
vitse-prezidenti, 1997-ci ildə Rusiya İncəsənət
Akademiyasının vitse-prezidenti seçilib. Elə buna
görə də, çox zaman onu “incəsənətin
səlahiyyətli səfiri” də adlandırırlar. T.Salahov
hamının sevib, dəyər verdiyi fırça ustası
olmaqla yanaşı, bu gün də doğma
Azərbaycanımızı dünyaya
özünəməxsus şəkildə tanıtmaqdadır.
Azərbaycanın ən
yüksək mükafatı “İstiqlal” ordeni verilməsi bu
böyük sənətkarın
yaradıcılığına dövlətimiz
tərəfindən verilən ən layiqli mükafatdır. Xalqımız
onu sevir, yaradıcılığını yüksək
qiymətləndirir. Və inanır ki, Tahir Salahov xalqımızı
dünyaya tanıtmaq yolunda hələ çox işlər
görəcək.
Xalq qəzeti.- 2008.- 11 noyabr.- S. 6.