Cəfərova N.

 

Səttar Bəhlulzadə-100

 

Azərbaycanın Əməkdar incəsənət xadimi, xalq rəssamı Səttar Bəhlulzadənin 100 illik yubileyi ilə əlaqədar Naxçıvan Dövlət Universitetinin Konservatoriyasında Təsviri incəsənət fakültəsinin   tələbələrinin rəsmlərindən ibarət sərgi təşkil olundu.

Tədbirdə giriş sözü söyləyən universitetin rektoru, akademik İsa Həbibbəyli Azərbaycan təsviri sənətinin bənzərsiz rəssamı Səttar Bəhlulzadənin 100 illik yubileyinin ölkə prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə YUNESKO səviyyəsində, beynəlxalq miqyasda qeyd olunmasını dövlətin milli mədəniyyətə göstərdiyi böyük qayğı kimi dəyərləndirdi, bu hadisənin əsl sənət bayramı olduğunu vurğuladı.

Sonra sərgiyə baxış keçirildi. Tələbələrin mənzərə, natürmort, portret janrlarında çəkdikləri rəsmlər, gənc tələbə rəssamlarının rənglər duyumu tədbir iştirakçılarının marağına səbəb oldu.

Tədbir Səttar Bəhlulzadənin 100 illik yubileyinə həsr olunmuş konfransla davam etdirildi. Rektor İsa Həbibbəyli tələbələrin rəsm əsərlərini bəyəndiyini, yüksək qiymətləndirdiyini bildirdi bundan sonra da onlara öz fəaliyyətlərini inkişaf etdirərək, dahi sənətkarın fəth etdiyi zirvəyə doğru təkmilləşməyi tövsiyə etdi.

İncəsənət fakültəsinin Təsviri incəsənət Rəsmxətt kafedrasının baş müəllimi, pedaqoji elmlər namizədi Mahir Xəlilov mərhum sənətkarın keçdiyi çətin, keçməkeşli həyat yolundan danışdı. Sənətkarla bağlı xatirələrini bölüşən natiq qeyd etdi ki, yaradıcılığında mənzərə janrına üstünlük verən rəssamın bütün əsərlərində onun təbiətə vurğunluğunu, daxili aləmini, keçirdiyi hissləri, düşüncələrini aydın şəkildə duymaq olur.

Təsviri incəsənət Rəsmxətt kafedrasının müəllimi, Naxçıvan MR-in əməkdar rəssamı Ülviyyə Həmzəyeva tələbələr üçün yaradılan şəraitə görə dərin minnətdarlığını bildirdi.

Rektor, akademik İsa Həbibbəyli tədbirə yekun vurdu.            

 

İki sahil.- 2008.- 7 noyabr.- S. 8.