Zaman S.

 

O, özü işıq idi, işığı sevirdi...

 

Görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramı çərçivəsində YUNESKO Baş Konfransının 34-cü sessiyası 2008-2009-cu illərdə Azərbaycanın xalq rəssamı, Dövlət mükafatı laureatı Səttar Bəhlulzadənin 100 illik yubileyinin qeyd olunması ilə bağlı qərar qəbul edib. Əməkdar incəsənət xadimi Səttar Bəhlulzadənin adı Azərbaycan boyakarlıq sənəti tarixinə mənzərə janrının yaradıcılarından biri kimi həmişəlik həkk olunub. O, müxtəlif rənglərin yeni çalarlarını kəşf edərək onların ahəngindən gözəl lövhələr yaradıb. Rəssamın rəng palitrasının zənginliyi, poetik əhval-ruhiyyə və kolorit gözəlliyi ilə seçilən orijinal üslublu əsərləri milli təsviri sənətimizin ən qiymətli inciləri sırasındadır.

Səttar Bəhlulzadə 1909-cu il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. 1927-1931-ci illərdə Azərbaycan İncəsənət Texnikumunda təhsil alan S.Bəhlulzadə 1931-1933-cü illərdə Ə.Əzimzadənin rəhbərliyi altında "Kommunist" qəzetində rəssam-karikaturaçı vəzifəsində çalışıb. 1933-1940-cı illərdə isə o, V.İ. Surikov adına Moskva Dövlət İncəsənət Universitetində təhsil alıb, dünya şöhrətli rəssamlar - V.A.Farovski və Q.M. Şeqalın tələbəsi olub.

S.Bəhlulzadənin gənclik illəri çox çətin və ağrılı bir dövrə təsadüf edib. O, hələ çox gənc yaşlarından dövrün ziddiyyətləri, problemləri ilə sıxılmış, əzilən insanların dərdlərini yaşamışdır. Qəlbinə qeyri-insani münasibətlər yad olan Səttar Bəhlulzadə yaradıcı xarakterlə doğulmuşdu. Elə buna görə qəlbi kimi saf, bakirə təbiəti özünə yaxın, məhrəm bilirdi. Çünki onun özü işıq idi işığı sevirdi. Eşqini təbiətlə bölüşür, zamanın qaranlıqlarından sıyrılaraq, bəşəri düşüncələrini öz-özlüyündə saf-çürük edir, rənglər dünyası ilə dərdləşir, ovqatının xoş məqamında "yükü" kətana boşaldırdı.

İkinci dünya müharibəsindən sonra Abşeronun neft mədənlərini, bağ və kəndlərini təsvir edən sənətkarın təbiət təsvirlərinə meyli getdikcə güclənmiş, mənzərə janrında daha bitkin əsərlər yaratmağa başlamışdır. Mənzərə janrında yaratdığı bir sıra əsərlərində - "Bakıda atəşfəşanlıq", "Qudyalçay sahili", "Qudyalçay vadisi", "Qızbənövşəyə gedən yol", "Doğma düzənliklər", "Yuxarı Daşaltı", "Yaşıl xalça", "Cıdır düzü"ndə tədricən rəng palitrasını zənginləşdirmiş, tablolarında koloritin dekorativliyinə nail olmuşdur. Səttar Bəhlulzadənin gərgin yaradıcılıq axtarışlarının məhsulu olan "Xəzər dənizində axşam", "Xəzər gözəli", "Əbədi məşəllər", "Kəpəzin göz yaşları", "Vətənimin baharı", "Azərbaycan nağılı", "Suraxanı atəşgahı", "Əfsanəvi torpaq", "Şahnabat" və s. əsərlərində doğma torpağa, onu dəyişdirən zəhmət adamlarına hədsiz məhəbbət motivləri başlıca yer tutmuş, Azərbaycanın səfalı guşələri öz əksini tapmışdır.

Ötən əsrin 60-cı illərinin əvvəllərində Buzovna bağlarında yaradıcılıq ezamiyyətində olan Səttar yaradıcılığı tamamilə yeni nəfəs almışdır. "Abşeron rəssamlıq məktəbi"nin fəal üzvlərindən olan S.Bəhlulzadə müxtəlif mənzərə lövhələrini işlədikcə çox sadə və qeyri-adi, eyni zamanda, çox inandırıcı təsvirlər əlavə edirdi. Onun işıqlı kompozisiyaları həmişə həmkarlarını və tamaşaçılarını heyrətləndirirdi.

1970-ci illərin əvvəllərində özünü başqa aurada kəşf edən rəssam naturadan kənara çıxaraq rəngləri öz duyğularına təslim edirdi. Füzulinin eşq qəzəllərinin zümzüməsində, Bax musiqisinin sədasında Səttar fırçası öz sənət zirvəsini beləcə fəth etmişdi. Bu zirvə öz işığı, parlaqlığı, üslubu ilə seçilir, sevilirdi.

Onun əsərləri daha çox tarixi mövzular tarixi şəxsiyyətlərin portretlərindən ibarətdir. Əsərlərində real mənzərə motivlərini şərti təsvir formaları ilə əlaqələndirən sənətkar dünya şöhrətli qrafik rəsmlər yaradıb. 1964-cü ildə S.Bəhlulzadənin Praqada qrafika əsərlərindən ibarət fərdi sərgisinin təşkil olunması da təsadüfi deyildi. Eyni zamanda, rəssamın əsərləri Əlcəzair, Misir, Livan, Suriya, Tunis, Norveç, Almaniya, Çexiya, Bolqarıstan, Macarıstan, Rumıniya, İraq, Kuba, Kanada, Belçika, Fransa, Yaponiya s. ölkələrdə nümayiş etdirilib. Rənglərin dili ilə danışan sənətkar incə barmaqlarının sehri ilə yaratdığı tablolar vasitəsilə korifey sənətkarlar arasında imza qoyub, əsərləri ilə Azərbaycan rəssamlıq məktəbində gələcək nəsillərin yararlanması üçün yeni səhifələr yaradıb.

Onu Azərbaycanın hər guşəsində yaxşı tanıyırdılar. Bütün bölgələrdə əziz qonaq kimi qarşılanan S.Bəhlulzadə getdiyi hər bir məkanda təbiətlə baş-başa qalmağa üstünlük verərdi. Təmtəraqlı qonaqlıqları, bəzək-düzəkli tərifləri isə sevməzdi. O, bütün əsərlərinin kompozisiyasını əvvəlcə iç dünyasında fırçasız, boyasız çəkər, sonra isə kətana köçürərdi. Rəsmlərini işləyəndə hər şeyi unudar, nə acar, nə də susayardı. Çox vaxt gündə 10-12 saat, bəzən də bütün sutkanı işləyərdi.

Dahi sənətkar 1974-cü ilin bir payız günündə, 65 yaşında Moskva xəstəxanalarının birində həyatla vidalaşıb. O, Fəxri xiyabanda deyil, doğulduğu Əmircan kəndində, anasının məzarı yanında dəfn olunmasını vəsiyyət etmişdi. Boyakarlıq sənətində mənzərə janrının mahir yaradıcılarından olan Səttar Bəhlulzadə təbiət aşiqi idi. O, təbiətin dilini, canlı nəfəsini olduğu kimi duyub, onun gözəl mənzərələrini ustalıqla kətana köçürürdü. Bu, Səttarın təbiət möcüzəsi idi. Səttar da təbiətin, doğulub boya-başa çatdığı torpağın möcüzəsi idi. Bu iki möcüzənin qovuşmasından yaranan milli mədəniyyət xəzinəmizin bəşəri və nadir incilərindəndir. Xalq rəssamı Səttar Bəhlulzadənin əziz xatirəsi daim Azərbaycan xalqının qəlbində əbədi olaraq yaşayacaq.

 

Azərbaycan işıqları.- 2008.- 27 noyabr.- S. 4.