Bənnayeva N.

 

Geyim ənənələrimizin qoruyucusu

 

Bir qərinə əvvəl balaca qızcığaz Kəmalə Qaqarin adına Bakı pionerlər sarayının kandarından keçmişdi. İndi ora Tofiq İsmayılov adına uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzidir. O, təsviri sənətdə özünü yoxlayaraq, bir az başqa yolu-biçmə və tikməni, dekorativ-tətbiqi sənəti seçdi.

Orta məktəbdən sonra bütün respublikada məşhur olan Bakıxanov qəsəbəsindəki 84 nömrəli yaradıcılıq peşə məktəbinə daxil oldu. Orada "Çini üzrə rəssam" sənətinə yiyələndi. İndi Kəmalə Kərimin "Yuğ" teatrının butafor rəssamı kimi 12 illik iş təcrübəsi var. Onun həyatında bir çox maraqlı layihələr olub. 1995-1996-cı illərdə Şirvanşahlar sarayında butaforçu kimi işləyib. Bu qoruq muzeyinin fondunda çoxlu qədim parçalar-pambıq, ipək, tirmə saxlanılırdı. Rəssam onlardan bərpa edilmiş sarayın döşəməsi üçün qurama üsulunda mütəkkələr, döşəkçələr, süfrələrər və s. tikib. Həmin dövrdə o, dekorativ-tətbiqi sənətdə çalışanların assosiasiyası olan "İqbal" Fondunun xətti ilə sərgilərdə iştirak edib. Onu iş arxasında təsvir edən kadrlar da bu assosiasiyanın çəkdiyi filmə daxil edilib.

Şirvanşahlar sarayının tərtibatı ilə məşğul olduğu vaxtlar Kəmalə xanım araxçınlarını tikməyə başlayır. Kəmalə Kərimin yaradıcılığında Püstəxanım Əzizbəyovanın "Azərbaycan milli geyimləri" kitabı daim bələdçi olur. Rəssam deyir: "Hər dəfə mən bu kitaba müraciət edəndə onun müəllifinə rəhmət oxuyuram. Bu kitab aləmə sübut elədi ki, bütün bu geyimlər ermənilərin yox, azərbaycanlılarındır".

Araxçınlardan sonra Kəmalə Kərim güləbətin tikməsinin naxışlarını təkrar edərək, qədim texnologiyanı öyrənir və arxalıqlar tikməyə başlayır. Qeyd eləmək lazımdır ki, Kəmalə təkcə kitabdan öyrəndikləri ilə kifayətlənmir, respublikanın rayon və kəndlərinə gedərək, qədim geyimləri toplayır. Sonra həmin paltarlardan ülgülər çıxardaraq, qədimi parça qalıqlarından onları təkrarən tikir. O, Bakıda, Qarabağda tikilən qədim paltarların gözəliyindən heyranlıqla danışır. Gələcəkdə əsillərinin məsgəni olan Şərura getməyi nəzərdə tutur.

Emalatxanasının görkəmli yerində yarı, adam boyda olan gözəl gəlincik milli geyimdə şəstlə durur. Onun əynindəki paltarlar zənginliyi qədər də gözəldir. Saysız-hesabsız tuman-yubkaları, zərif arxalıq, ipək köynək və bir yığın bəzək-düzək heç də bir-birinə mane olmur. Stolun üstündəki tikiş maşınının yanında başqa bir balaca gəlincik böyük gəlinciyin tamam əksidir. Cındır paltarlı beli bükülmüş dərviş. Qırış-qırış olmuş, fikirli, çox düşüncəli... "Bu mənim dostumdur" belə deyir Kəmalə xanım.

- 1997-ci ilin bir aprel səhəri özümdə deyildim. Ovqatım pis idi. Heç özüm də bilmədən əllərim nəyisə yapmağa başladı. Onda ayldım ki, əlimin altından çıxan "dərviş" mənə baxır. Baxışları elə müdrük, elə canı yanan idi ki... əlbəttə başqaları üçün bu, sadəcə, fiqurdur. Mənim üçünsə o, dostdur. Əgər bilmək istəyirsinizsə mənim tilsimimdir. Həyat yollarımın bələdçisidir.

Kəmalə xanım bütün arxa tərəfini çevirərək yazını göstərir. "Təki yolçu olsun, yol tapılar..."

Lakin onun "Dərviş" və "Gözəl" fiqurları tamamilə fərqli mövcudluqlardır. Böyük ölçülü xanım gəlincik haqqında Kəmalə deyir ki, onu yalnız xalq geyimlərinin gözəlliyini göstərmək üçün yaradıb.

Amma deyəsən, bizə kələk gəlir!... Bu da nəsə özünəməxsus bir tipdir. "Dərviş" kimi bunu da satmaq haqqında söz ola bilməz. Aydın məsələdir ki, dostudur. Kəmalə Kərim yanında başqa gəlinciklərini saxlamır. Hərdən onları tikir, ərsəyə gətirib, necə deyərlər - "qızlarını köçürür" yalnız fotolarını özündə saxlayır. Belə fotolardan birində "Toy" kompozisiyası öz əksini tapıb. Zəngin geyimli xanım, o cümlədən, başdan ayağa qırmızı geyinmiş gəlin aşıb-daşan mizin arxasında oturub. Mərasimin incəlikləri öz dəqiq həlli ilə tamaşaçını heyran edir. Gəlinin barmağındakı miniatür üzükdən tutmuş təbəssüm doğuran kiçik kəllə qəndə qədər hər detal sevə-sevə işlənib.

Lakin bu işlərinə baxmayaraq, bizim dekorativ-tətbiqi sənət rəssamımız özünü gəlinciklər ustası saymır. "Məqsədim gəlincik tikmək deyil, - Mən Azərbaycan milli geyimlərinin bütün zənginliklərini əks etdirən muzey yaratmaq istəyirəm".

Azərbaycan Milli Geyimləri Muzeyini yaratmaq rəssamın çoxdankı arzusudur. Bu muzeyin eksponatları onun yaratdığı, xalq geyimlərindən qayğı ilə bəhrələndiyi müəllif əsərləri olardı. Əlbəttə, yaratdığı bu nümunələrdən ibarət kataloq da nəşr etdirmək istərdi. Lakin bütün bunlar üçün böyük kolleksiya yaratmaq lazımdır. Onları keçmiş ölçülərində, qədim parçalardan tikərək ənənəvi naxışlarla bəzəmək isə çox mürəkkəb və vaxt aparan məsələdir. Həm də çox bahalı işdi. Odur ki, Kəmalə Kərim öz işlərini nümayiş etdirmir. Hesab edir ki, hələ onları lazımi səviyyəyə çatdırmayıb. Sənətkar təvazökarlığına nə deyəsən?.. Doğrudur, xalq geyimlərinin tam kolleksiyası hələ yoxdur. Axı, rəssam gündəlik çörək haqqında da düşünməlidir. Güzəran dalınca qaçmaq az qala bütün vaxtını alır. Ancaq bir yığın əsərləri var ki, onlardan neçə ekspozisiya düzəltmək olardı. Təkcə yelpikləri nəyə desən dəyər. Əsl milli yelpiklər-bizim son əsrdə öyrəşdiyimiz kimi avropasayağı yarımdairəvi deyil, bayraqsayağı Rembrandtın "Yelpikli qız" portretində olduğu tək düzbucaqlı. Amma Azərbaycan yelpikləri daha mürəkkəb formalıdırlar. Hər tərəfi də muncuqlarla süslənib. Hətta xəzlə haşiyələnib. Burda Kəmalə Kərim öz fantaziyasını cilovlayaraq qayğı ilə doğma naxışlarımızı vurur. Fantaziyasını o digər işlərində işə salır.

Yelpazələrdən başqa o, məişətdə işlənən əşyalar da hazırlayır. Təəccüb edirsən, nə qədər lazımlı şeylər tikmək olarmış?! Burda qələmdanlar, gözlük qabları, tütün, dava-dərman kisələri, dəbdə olan bayır-bacaq çantaları, kübar axşam məclislərinə aparılası işləməli əl çantaları, müasir mobil telefonları, vizit kartlarını qoymaq üçün qablar səfə düzülüb. Vizit kartı üçün qablar lap nağıllarda olduğu kimidi: ipindən dart çıxart. Səmərələşdirilmiş qurğudu elə bil.

Onun ürəyinə yatan ən əziz sifarişlərdən biri nə az nə azacıq-Alim Qasımovun gerbidir. 2000-ci ildə xanəndənin konsertində ona öz əl işini-araxcın bağışlamışdı. Tanışlıqları ömürlü oldu. İndi dünya şöhrətli xanəndənin atlasdan olan konsert köynəklərinin ürəyinin başında Kəmalə Kərimin qızıl saplarla tikdiyi embleması parlayır. Buta, qaval, tar və kamançada ibarət olan bu kompozisiyanı Kəmalə Kərim xanəndə üçün məxsusi olaraq hazırlayıb.

Kəmalə Kərimin təkcə bu kompozisiyası deyil. Artıq 3 ildir ki, hər il sentyabrın sonunda Nyu-Yorkda keçirilən paradda Kəmalə Kərimin araxçınları nümayiş etdirilir. Bu mərasimdə hər xalq öz milli paltarını nümayiş etdirir.

Soruşa bilərsiniz ki, bəs rəssam özünə necə, sevdiyi milli geyimlərdən nəsə tikməyib? Əlbəttə, mən bunu da soruşdum. Cavabı əməli oldu. Kiçicik emalatxananı dəb göstərilən podiuma döndərdi. Bir nəfər üçün təmtəraqlı bir defilə düzənləndi. Mən milli geyimlərimizin müasir pret-a-porte improvizələrindən həzz aldım. Şalvarlar, köynəklər, qurama ilə gərzəklənmiş panço... Onlardan bəzilərini estrada müğənnilərimizin əynində reklam çarxlarında görmək olar. Əslində, onlar müəllifin öz mülkiyyətidir. Bunlar qədim naxışlar deyil. Rəssam sanki öz fantaziyasına görə üzrxahlıq edir. Xalq sənətini gör bir necə sevmək lazımdır ki, belə sərbəstliyinə görə narahatlıq keçirəsən...

Mən diqqətlə parça tikələrindən yığılmış mürəkkəb elementlərin mozaikasını nəzərdən keçirirəm. Bu uzun qış ponçosunu Kəmalə bir neçə il geyib. Onu usandıran iki şey-ətrafdakıların anlaşılmazlıq ifadə edən tənəli baxışları və parçanın ağırlığı (üç kiloqramı çiynində gəzdirmək zarafat deyil) olmasaydı indi də geyinərdi. Qalan ağayana şeyləri arağçınla bərabər mərasimlərdə, məsələn, sərgilərə gedəndə geyinir. "Mən həmişə öz tikdiklərimi geyinirdim, sonra anlaşılmazlıqdan yoruldum".

"Anlaşılmazlıqdan yoruldum" ifadəsi bizim söhbətimizdə leytmotiv kimi tez-tez səslənirdi. Metroda təəccüblü baxışlarla qarşılanan araxçın aysberqin yalnız görünən bir hissəsidi, anlaşılmazlığın ötəri təzahürüdü. Ən pisi ideyanı, həyatın ümdə arzusunu başa düşməməkləridi. Kim bilir, Kəmalə Kərim nə vaxtsa arzuladığı milli geyimlər muzeyini yarada biləcəkmi? Axı, bunun üçün gərək onu həqiqətən başa düşsünlər və kömək etsinlər. Çox istərdik ki, onun arzusu həyata keçsin. Çünki bu arzu millətin kökünün, keçmişinin və tarixinin qorunmasına ünvanlanıb.

 

525-ci qəzet.- 2008.- 19 noyabr.- S. 7.