Qarabağ xalçaları xarici qonaqların marağına səbəb olmuşdur

 

AzərTAc xəbər verir ki, dünya şöhrətli rəssam Tahir Salahovun yubiley tədbirlərində iştirak etmək üçün Azərbaycana gəlmiş xarici qonaqlar noyabrın 29-da Bakı Nobel Xeyriyyə Fondunda olmuşlar.

Fondun sədri Toğrul Bağırov dünya şöhrətli fransız modelyer Pier Kardininin rəhbərlik etdiyi qonaqlara vaxtilə Nobel qardaşlarının yaşadığı ev barədə məlumat vermişdir.

Rusiya İncəsənət Akademiyasının prezidenti Zurab Sereteli, Rusiya və Fransanın rəssamlıq akademiyalarının üzvləri, həmçinin dünyanın müxtəlif ölkələrinin nümayəndələrinin diqqətinə çatdırılmışdır ki, 1884-cü ildə tikilən bu evdə o dövrün üçüncü ən böyük şirkəti olan "Bran Nobel"in təsisçiləri Nobel qardaşları yaşamışlar. Bildirilmişdir ki, muzeydə ailəyə məxsus əşyalar dünyanın müxtəlif ölkələrindən toplanmışdır.

Fondla tanışlıqdan sonra qonaqlara xatirə hədiyyələri təqdim edilmişdir. Qarabağ xalçası qonaqların xüsusi marağına səbəb olmuşdur.

 

Azərbaycan.- 2008.- 30 noyabr.- S. 2.