Qurbanqızı Z.

 

Xalçaçı rəssamın daha bir uğuru

 

O, insanlara sevinc paylayırdı, dünya işığına həsrət gözlərin nuru idi Zərifə xanım. Həyatını, əməli fəaliyyətini tibb elminin inkişafına həsr etmiş, göz xəstəliklərinin tətbiqi sahəsində elmi kəşflərin müəllifi kimi bütün dünyada tanınırdı. Azərbaycan oftalmologiyasının əsl fədaisi olan akademik Zərifə Əliyevanın qazandığı uğurlar tibb elmi tarixində ayrıca bir mərhələ təşkil edir.

Gərgin elmi fəaliyyəti ilə yanaşı, Zərifə xanım müəllimlik işinə və tədris prosesinin təşkilinə böyük diqqət yetirən istedadlı müəllim və gözəl mühazirəçi olmuşdur. Onun mühazirələri həmişə mütəxəssislərin geniş dairələrini cəlb edirdi. Üslubunun sadəliyi və gözəl, bədii ifadəsi, fikrinin dərinliyi və aydınlığı, yüksək nəzəri səviyyəsi, qeyri-adi erudisiyası, məharətlə hazırlanmış əyani materialı, zəngin klinik təcrübəsindən gətirdiyi misallar, ziyalı siması dinləyiciləri heyran edirdi.

Qeyri-adi zəkaya, yüksək mədəniyyətə malik insan olan Zərifə xanım öz sadəliyi, səmimiliyi, başqa insanlara qarşı diqqəti ilə seçilirdi. Sadə adamlara həmişə diqqət, qayğı göstərir, onların dərdlərinə şərik çıxırdı. Bütün bu xüsusiyyətlərinə görə onu hamı sevirdi...

Xalçaçı rəssam Hacı Baladayı Hüseynov taleyini lap uşaqlıqdan Azərbaycan xalq tətbiqi sənətinə bağlamış bir sənətkardır. Özünü xalça portreti ustası kimi tanıtmışdır. Bu sahədə ən uğurlu işləri Əliyevlər ailəsinə həsr etdiyi sənət əsərləridir. Rəssam Zərifə xanım Əliyevaya həsr etdiyi işi daha böyük sevgi ilə yaratmışdır. Bu da səbəbsiz deyil. Hacı Baladayı deyir:  - "Atam Məhəmmədin hər iki gözü tutulmuşdu, anam isə mən dünyaya gələndə gözlərindən birinin nurunu itirmişdi.

Onların hər ikisi Respublika Göz Xəstəlikləri İnstitutunda müalicə olunublar. Atamın gözlərini Umnisə Musabəyova əməliyyat etmişdi, onun müalicə həkimi isə görkəmli oftalmoloq Zərifə xanım Əliyeva idi. Əməliyyatdan sonra gözlərində yaxşılaşma baş vermişdi. Zərifə xanım öz xoş, ümidverici sözləri ilə atamda yüksək əhval-ruhiyyə yaradır, onun gözlərinin sağalacağına inamını artırırdı. Evə yazıldıqdan sonra valideynlərin demək olar ki, hər gün bu gözəl insandan söz açar, şəfqət və mərhəmətindən danışardılar. Elə o zamanlarda mənim uşaq qəlbimdə Zərifə xanıma qarşı məhəbbət və ehtiram hissi baş qaldırmışdı. İllər ötdükcə bu məhəbbət daha da dərinləşirdi. 2005-ci ildə onun xalça üzərində portretini yaratmaq istədim. Yaratdım da. Mən onu bütün məziyyətləri ilə təsvir etməyə çalışmışdım. Həmin iş hazırda Heydər Əliyev Fondunda saxlanılır".

Hacı Baladayı işini bununla bitmiş hesab etmədi. O, Zərifə xanımın daha bir portretini yaratmaq istəyirdi. Alicənablığı, əsilzadəliyi, sadəliyi ilə hamının sevimlisinə çevrilən bu gözəl insanın ana obrazını naxışlara, ilmələrə hopdurmaq, daha unikal sənət əsəri araya-ərsəyə gətirmək üçün düşünür, axtarışlar aparırdı. Müxtəlif variantlarda eskizlər işlədi, nəhayət birinin üzərində dayandı: Prezident anasının sevimli övladı ilə qoşa portretini yaratmaq...

"Oğullar anası" rəssam portretə belə bir ad verdi, Azərbaycan qadınının, Azərbaycan anasının ümumiləşdirilmiş obrazını işlədi. Xalça portretin uzunluğu 2,50, eni 1,60 sm-dir. Xovsuz-xalça növünə aiddir, portret janrında işlənib, naxışların sıxlığı 55x55-dir. Xalça üzərində işlənilmiş şəkil təxminən 1985-ci ildə, Zərifə xanımın ömrünün son dövrlərində çəkilmişdir,

Rəssam əsər üzərində işləyərkən Azərbaycan xalçaçılıq sənətində indiyədək işlənilməyən naxışlardan istifadə etmişdir. Hacı Baladayı deyir: "Bu naxışlar mənim yaradıcılıq axtarışlarının məhsuludur. Mən onları Hüseyni naxışlar adlandırmışam. İnanıram ki, bu əsər də Zərifə xanıma həsr etdiyim digər əsər kimi, təkcə işlənmə texnikasına görə deyil, həm də yaradıcılıq baxımından bəyəniləcək və öz layiqli yerini tutacaqdır". Sənətkarı yaşadan onun sənətidir. Nizami öz "Xəmsə"si, Füzuli “Leyli və Məcnun”u ilə əbədiyaşar olub. Xalça üzərində işlədiyim portretlərin çoxu Əliyevlərə həsr olunub. Bu, mənim daimi mövzumdur".

Hacı Baladayı Hüseynovun arzuları çoxdur. Ləyaqət simvolu kimi pərəstiş etdiyi insanın həkim-oftalmoloq obrazını yaratmaq isə bu böyük arzularından biridir. Ömrünün mənasını daha çox ilmə və naxışların al-əlvan, sirli-sehrli dünyasında tapan xalçaçı rəssama bundan sonra da yaradıcılıq uğurları arzulayırıq.

 

Respublika.- 2008.- 4 noyabr.- S. 3.