Ağaoğlu T.
110 ildir ki, milli kino
sənətimiz yol gəlir. Həmkarları, dostları, ədəbi
ictimaiyyət tərəfindən
anım günü qeyd edilən əməkdar incəsənət
xadimi Ağarza Səməd oğlu Quliyev də elə bu tarixlə
həmyaşıddır. O, Lənkəran bölgəsində
dünyaya göz açmışdı.
Sənətin keçdiyi yol enişli-yoxuşlu olub. Bəzi qüvvələr
yaradıcı insanlara
təsir göstəriblər,
onları amal-məqsədlərindən
uzaqlaşdırmağa çalışıblar.
Çəkilişlərin aparılmasına, aktyorların rollar oynamasına qadağalar da qoyulub. Lakin qədirbilənlər onu yaşadıblar, müasir
vaxtımıza çatdırıblar.
Aktyor-rejissor Ağarzanın da uşaqlıq, yeniyetmə
çağları məşəqqətli,
ağır keçib. Amma əqidəsindən
dönməyib, arzularının
ardınca inamla gedib. Onun 110 illiyinə həsr olunmuş tədbirdə Azərbaycan Dövlət
Film Fondunun direktoru, əməkdar incəsənət
xadimi Cəmil Quliyev dedi:
- Mərhum
Ağarza Quliyev çörək pulu qazanmaq üçün Bakıya gəlmişdi. Taleyi onu
kino sənətinə
qovuşdurur. O, teatr
məktəbini bitirmişdi.
Aktyorluğa meylini, marağını
duyanlar onu kino studiyaya dəvət edirlər.
İlk dəfə rejissor Georgi Kravçenkonun "Bayquş" bədii filmində baş rola - nökər Əli roluna çəkilmişdi. Unudulmaz
aktyor-rejissor xatirələrində
yazıb: "Zəmanə
məni məcbur etdi ki, aktyor
olum. Sənətin sehrin-sirrin biləndən
sonra rejissorluğa da meylim artdı".
Ağarza Quliyevin milli kino sənətimizin inkişafında xidmətləri
çox olub. "Gilan
qızı"nda Əli,
"İlk komsomol
buruğu"nda Məmməd,
"Əziz adamlar"da
Şərif, "Qızıl
göl" filmlərində
əsas rollara çəkilmişdi. O, yazıçı-dramaturq
Cəfər Cabbarlı,
görkəmli səhnə
xadimləri Abbas Mirzə Şərifzadə,
Mikayıl Mikayılov
və başqaları
ilə birgə işləmiş, onların
ənənələrini yaşatmaq
üçün var gücü ilə çalışmışdı. Ekranlardan tanınan, şöhrət
qazanan aktyor qonşu Gürcüstan Respublikasında istehsal olunan "Görüş"
bədii filmində Əhməd roluna çəkilmişdi. Sonrakı illərdə
Ağarza Quliyev "Mən ki, gözəl
deyildim" filmində
Rəhim baba, "Sevil" film-operasında Babakişi rollarında oynamışdı.
A.Quliyev aktyorluğu ilə yanaşı, rejissorluğa
da böyük maraq göstərmişdi. O, "Direktiv
bant", "Dostlar",
"Almaz", "Vətən
oğlu", "Qara
daşlar", "Səhər",
"Ulduz" və başqa bədii, bir neçə sənədli filmlərə
quruluş vermişdi.
Unudulmaz sənətkarın sovet və xarici ölkə filmlərin ana dilimizdə səsləndirilməsində misilsiz
xidmətləri olmuşdur.
Sonda film fondun foyesində 78 yaşında dünyasını
dəyişmiş, kino
yaradıcılığında böyük xidmətləri
ilə yadda qalan aktyor-rejissorun həyatını, yaradıcılığını
canlandıran foto-sərgi
nümayiş olundu.
Azərbaycan.- 2008.- 4
noyabr.- S. 7.