Azərbaycanlı rejissor İranda münsiflər heyətində təmsil olunur

 

Azərbaycanın gənc reyissoru Fariz Əhmədov İranda keçirilən 38-ci "Rəşt" kinofestivalının münsiflər heyətində iştirak edir. "İmper Qrup" prodüser mərkəzindən verilən məlumata görə, "Rəşt" kinofestivalı 1963-cü ildən keçirilir İran İslam Respublikasında ən qədim kinofestivallardan biridir. Bu həftənin sonuna kimi davam edəcək festival Tehran şəhərində keçirilir. Festivalın seçim komissiyasına 50 ölkədən 1017 film təqdim olunub ki, həmin filmlərin 70-i müxtəlif mükafatlar uğrunda mübarizə aparır.

Öyrəndik ki, festivalın münsiflər heyətində azərbaycanlı reyissor Fariz Əhmədovla yanaşı, Almaniya, Avstriya, Avstraliya, Kanada, İspaniya, İtaliya, Böyük Britaniya, İsveçrə Serbiyanın tanınmış kino xadimləri təmsil olunurlar. Festivalın ən gənc üzvü isə Fariz Əhmədovdur. Festivalın münsiflər heyətinə dəvəti o, Azərbaycanda da filmləri ilə tanınan Kərim Kərimidən alıb.

Məlumatda bildirilib ki, festivalın proqramında Azərbaycan filmi olmayıb. Lakin festivalın rəhbərliyi ilə aparılan danışıqlar nəticəsində tədbirdə bir neçə Azərbaycan filminin nümayişinin təşkili qərara alınıb. Məlum oldu ki, festival çərçivəsində Yusif Quliyevin "Keçid", İqbal Məmmədəliyevin "Sükutun səsi", Asif Rüstəmovun "Ev" Samir Kərimoğlunun "Qanadlarıma sığal çək" filmləri nümayiş etdirilir.

 

Kaspi.- 2008.- 8-10 noyabr.- S. 16.