Azərbaycanda cizgi filmlərinin inkişaf dövrü

 

1938-ci ildən kinostudiyada ilk dəfə cizgi filmi yaratmaq qərara alınıb

 

Azərbaycanda cizgi filmlərinin yaranması XX əsrin 30-cu illərinin əvvəllərinə təsadüf edir. Hələ 1933-cü ildə "Azərbaycanfilm" studiyasının işçiləri kinonun bu növünün istehsalı üçün əvvəlcədən hazırlıq işləri aparmış, Moskvadan lazımi materialları alıb gətirmişdilər. Onlar həmin il "Lökbatan" və "Neft simfoniyası" sənədli filmlərini çəkərkən texniki animasiyadan istifadə etmişdilər. "Cat" təlimat filmində isə animasiyadan bütünlüklə istifadə olunmuşdur. Film ümumittifaq ekranlarında 1938-ci ilə qədər nümayiş etdirilmişdir. Məhz bu film ekranlara buraxılandan sonra kinostudiyada bir qrup təşəbbüskar ilk dəfə cizgi filmi yaratmağı qərara aldı. Film üçün mövzu Azərbaycan xalq nağıllarından götürüldü. "Abbasın bədbəxtliyi" adlanan əsərə gənc rejissor E.Dikaryov quruluş verdi.

Bundan başqa Böyük Vətən müharibəsi başlamamışdan bir qədər əvvəl studiyada ikinci cizgi filminin çəkilişlərinə hazırlıq görülmüşdür. Film "Sindbad dəniz səyyahıdır" adlanırdı. Bu, səsli film olmalı idi. Təəssüf ki, müharibənin başlanması ilə əlaqədar işlər yarımçıq qaldı. Qeyd etmək lazımdır ki, bundan sonra da kinostudiyada yüzlərlə elmi-kütləvi və sənədli filmlərin çəkilişində cizgi rəsmlərindən istifadə edilmişdir. 60-cı illərin sonlarında kinostudiyada cizgi filmlərinin çəkilişi üçün şərait yaradıldı. Multfilmlərin çəkilişi üçün 20 nəfərdən ibarət rəssamlar qrupu yaradıldı. Multfilm sənətinin sirlərini öyrənmək üçün studiyada xüsusi kurslar açıldı. 1968-ci ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında cizgi filmləri sexi bərpa olunandan sonra Ədil İsgəndərov sexin istifadəyə verilməsinə və cizgi filmləri üzrə kadrların hazırlanmasına, eyni zamanda, cizgi filmlərinin istehsalı prosesinə diqqət yetirirdi. Nəhayət, 1969-cu il fevralın 28-də "Cırtdan" adlı xalq nağılının motivləri əsasında eyniadlı cizgi filmin istehsalı başa çatdırıldı. "Cırtdan" kinostudiyanın cizgi filmləri sexinin bərpasından sonra çəkilmiş birinci film oldu. Film 1969-cu ildə ekranlara buraxıldı və uzun müddət kinoteatrlarımızın ekranlarından düşmədi. Beləliklə, "Cırtdan"ın istehsalı ilə Azərbaycanda cizgi filmləri tarixində ikinci dövr başlandı.

70-ci illərdə kinostudiyanın cizgi filmləri şöbəsində 20-dən artıq cizgi filmi istehsal olunmuşdur. 1970-ci ildə multiplikatorlar kinonun bu növündə üç filmə ekran həyatı vermişdilər. Bunlardan ikisi "Ayı və siçan", "Şir və öküz" mikrofilmlərdir. İkinci film o vaxt "Kaleydoskop-71" ümumittifaq kinoalmanaxına daxil edilmişdir. Üçüncü - "Fitnə" rəngli applikasiya filmidir. Bu film isə dahi Azərbaycan şairi Nizami Gəncəvinin eyniadlı nağıl-novellasının motivləri əsasında çəkilmiş, təsvirin işlənməsi orta əsr Azərbaycan miniatür sənəti üslubunda həll olunmuşdur.

"Pıspısa xanım və Siçan bəy" və "Cücələrim" cizgi filmlərində orijinal plastik həllin axtarışları aydın nəzərə çarpır. 1971-ci ildə A.Şaiqin eyniadlı əsəri əsasında çəkilmiş "Tülkü həccə gedir" cizgi filmi istər üslub, istərsə də sənətkarlığa görə ən maraqlı işlərdəndir. "Çaqqal oğlu çaqqal" kukla filmi ilk və yeganə genişekranlı Azərbaycan cizgi filmi hesab olunur. Ardıcıl olaraq istehsal edilən filmlər milli folklorumuzudan bəhrələnməyə başlayır. Bu filmlərdə təsvirin həlli klassik Şərq miniatürünə əsaslanır. Kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulmuş "Cırtdanın yeni sərgüzəşti" filmində də xalq folklorunun fantastik motivləri ilə müasirlik üzvi şəkildə bir-birinə bağlanmışdır. Müxtəlif mövzularla maraqlı filmlərin istehsalına yer verən kinematoqrafçılar "Şahzadə - qara qızıl", "Günlərin bir günündə", "Dınqıl sazım, dınqıl", "Pəncə...Qulaq...Palaz...Tikan" cizgi filmlərində ibrətamiz məsələlərə toxunulur.

Bu illərdə müstəqil olaraq iki film - "Daş" və "Kirpi balası və alma" cizgi filmləri aradılmışdır. Böyüklər üçün nəzərdə tutulmuş birinci film dünya xalqlarını müharibələrin qadağan edilməsi, yer üzündə sülhün bərqərar olması uğrunda həmrəyliyə çağırır. İkinci film bizi canlı təbiəti qorumağa səsləyir.

"Toplan və kölgəsi", "Sonrakı peşmançılıq", "Sehrlənmiş küpə" cizgi və applikasiya filmlərində də xeyirxah, nəcib olmağın vacibliyindən, əməksevərlikdən, böyüklərə hörmətdən və digər insani keyfiyyətlərdən danışılır, "Qız qalası əfsanəsi" cizgi filmi isə adından göründüyü kimi Azərbaycan xalq əfsanəsinin motivləri əsasında yaradılmışdır.

1980-ci illərdə kinostudiyada 38 adda cizgi filmi istehsal olunmuşdur. Bunlardan "Cücələrim", "Meşəyə insan gəlir", "Sehrli ağac", "Taya", "Dəcəl dovşan", "Qəribə əjdaha", "Təqib", "Yatmaq vaxtıdır", "Balaca çoban", "Humayın yuxusu", "Sakit Yonun macəraları", "Ana ağaca qonub" və s. cizgi, "Xeyir və Şər", "Cırtdan-Pəhləvan", "Sehrli naxışlar" və s. applikasiya üsulu ilə çəkilmişdir. Həmin filmlər sırasında 1980-ci illərin əvvəllərində çəkilmiş "Cücələrim" adlı cizgi filmi tez bir zamanda populyar olmuşdur. O illərin məhsulu olan "Akvarium" applikasiya filmi poetik filmdir. Burada quraşdırma çəkilişlərindən istifadə edilmişdir. Applikasiya personajları ilə yanaşı filmdə canlı oğlan da fəaliyyət göstərir.

1984-cü ildə Murmansk şəhərində təbiətin mühafizəsi və onun ehtiyatlarından səmərəli istifadə edilməsi haqqında sənədli və elmi-kütləvi filmlərin Ümumrusiya müsabiqəsində cizgi filminə münsiflər heyətinin diplomu və RSFSR Dövlət Kinematoqrafiya Komitəsinin Fəxri fərmanı verilmişdir.

Kinostudiyada yarıqabarıq kukladan ilk dəfə "Münəccimin şagirdi" filmində istifadə olunmuşdur. Xalq nağılları əsasında yaradılmış bu filmdə asan yolla varlanmaq istəyən, acgözlük nəticəsində gülünc vəziyyətlərə düşən bir yeniyetmədən danışılır.

"Bir axşam..." filmi - cizgi, qarışıq, ekler filmidir. Özünəməxsus üslub həlli, müvəffəqiyyətli musiqi sərxoşluq və alkoqolizm əleyhinə olan bu filmin ictimai pafosunu bir az da qüvvətləndirir. Burada aktyor oyunu və rəsmlərlə qurulmuş səhnələr vardır. Filmdəki hadisələr adi bir otaqda, səkkiz yaşlı qız uşağının gözləri önündə baş verir. 1986-cı ildə Alma-Atıda Ümumittifaq kinofestivalında film aktual mövzunun orijinal həllinə görə münsiflər heyətinin xüsusi prizini almışdır.

Adlarını çəkdiyimiz kinolentlərdən başqa 80-ci illərdə daha bir neçə cizgi filmi, o cümlədən "Yaz oyunları", "Nar ağacının nağılı", "Qaravəlli", "Gəldi kosa", "Xrizantema yarpağı", "Çətin məsələ", "Arzular...arzular...", "Lovğa fil balası", "Talada ev" və s. yaradılmışdır. Bütün bunlarla bərabər ümumilikdə, götürdükdə, Azərbaycan cizgi filmlərinin bədii keyfiyyəti heç də eyni səviyyədə deyildi. Bunun bir neçə səbəbi var idi: birincisi kadrların hazırlığı, peşəkarlığı, ikincisi isə texniki avadanlığın, xüsusilə, boyaların kasadlığı ilə əlaqədardır.

1980-ci illərin sonunda ölkədə gedən ictimai-siyasi proseslər, bunların bütün səhələrə, o cümlədən, yaradıcı təşkilatlara təsiri, "Azərbaycanfilm"in yeni iş üsuluna keçməsi ilə əlaqədar yollar axtarması kinostudiya nəzdindəki birlik və şöbələrin müstəqil fəaliyyət göstərməsinə təkan verdi. 1990-cı ilin aprel ayında Sovet İttifaqında, ilk dəfə olaraq, Azərbaycan multiplikatorları təsərrüfatın icarə formasına keçdilər. Multiplikasiya sexinin adı da dəyişdirilib, "Azanfilm" Yaradıcılıq-İstehsalat Birliyi oldu. "Azanfilm" - Azərbaycan animasiya filmləri deməkdir. Nə üçün multiplikasiya yox, məhz animasiya? Ona görə ki, bütün dünyada multiplikasiya kimi kinematoqraf növü animasiya (canlandırma) adlandırılmışdır.

90-cı illərdə "Azanfilm" markası altında 19 cizgi filmi çəkilmişdir. Bunların arasında "Bir dəfə haradasa...", "İthaf", "Oda", "Sərkəyin dastanı", "Göyçək Fatma", "Karvan", "Güzgü", "Dəniz gəzintisi", "Ümid", "Söhbətül-əsmar ", "Şüəra" maraqlı və baxımlı ekran əsərləridir. Bu filmlər sırasında "İthaf" applikasiya filmi Stalin repressiyasının qurbanlarına həsr edilmişdir. 1991-ci ildə Oberhauzen Beynəlxalq Kinofestivalında animasiya filmi diplomla təltif olunmuşdur. 1991-ci ildə Kiyevdə "KROK-91" Beynəlxalq Animasiya Filmləri federasiyasının festivalında ən uğurlu debüt üçün mükafata layiq görülmüşdür. 1991-ci ildə Bakıda "Şərqdən baxış" Beynəlxalq Kinofestivalında ən yaxşı animasiya filminə görə mükafat almışdır.

S.S.Axundovun "Qorxulu nağıllar"ının motivləri əsasında çəkilmiş "Ümid" cizgi filmi "Bizim naməlum kino-2" festivalında rejissora pul mükafatı və priz qazandırmışdır.

"Söhbətül-əsmar" applikasiya filmi M.Füzulinin anadan olmasının 500-illik yubileyinə həsr olunmuşdur. Təsvirdə müəlliflər, əsasən, miniatürçü rəssam Soltan Məhəmməd Təbrizinin əsərlərinə əsaslanmışlar. 1995-ci ildə Bakıda Azərbaycan filmlərinin festival-müsabiqəsində ən yaxşı cizgi filminə görə rejissor diplom və prizlə təltif olunmuşdur.

Son dövr hadisələrini əks etdirən bəstəkar Soltan Hacıbəyovun məşhur "Karvan" əsəri əsasında çəkilmiş "Karvan" cizgi filmi üç novelladan ibarətdir: birincisi qədim insan məskəni Qobustandan söhbət açır, ikincisində Şərq və qadın mövzusuna toxunulmuş, üçüncü novellada isə 20 Yanvar və Xocalı faciələri barədə danışır. Bu gün tarixi bir dövrünü yaşayan cizgi filminin istehsalından 70 illik zaman ötür. Təbii ki, illər ərzində formalaşma prosesi öz nəticəsini vermişdir

 

Səs.- 2008.- 14 noyabr.- S. 12.