Azərbaycanda niyə serial çəkilmir?
Əli Əmirli: “Yerli
telekanalların serial rəqabəti yoxdur”
Həmidə Ömərova: “Kəmiyyət olmayan yerdə
keyfiyyətdən danışmağa dəyməz”
Əbdül Mahmudbəyov: “Ssenari də, çəkən
də, çəkilən də var, yalnız maliyyə yoxdur”
Bu gün kino ən
böyük biznes mənbəyidir. Sovet quruluşu dağılandan
sonra xarici teleseriallar Azərbaycana da ayaq açdı. “Santa Barbara”, “Varlılar da ağlayır”, “Sadəcə
Mariya”, “Mehriban düşmən” və sairə bu kimi
Amerika, Braziliya seriallarının arxasınca
Rusiya və Türkiyənin teleserialları
da ölkə teleməkanını zəbt
etdi.
Hazırda isə daha çox
Türkiyə teleserialları
məmləkət tamaşaçılarının
marağını cəlb
edir. Vaxt vardı uzun
gecələr üçün
qalın-qalın kitablar
yazılırdı. İndi isə
maraqlı hadisələrlə
başlayıb həyəcanlı
epizodlarla qurtaran teleserialların tamaşaçı
kütləsini özünə
cəlb etməsi şübhəsiz ki, bunları istehsal edən ölkələrə
böyük gəlirlər
gətirir.
Bəs görəsən, Azərbaycanda
teleserial niyə yox dərəcəsindədir? Az.TV-də nümayiş
olunan “Yanmış körpülər” və
ANS-in “Qızlar” serialları
niyə natamam qaldı və xarici seriallar qədər diqqət cəlb edə bilmədi? Serialların çəkilişi üçün nə çatmır - ssenari, maddi-texniki baza, maliyyə, yoxsa peşəkarlıq?
Bu suallarla
bir neçə mütəxəssisə müraciət
etdik.
Yazıçı-dramaturq Əli Əmirlinin fikrincə, Azərbaycanda serialların
inkişaf etməməsinə
səbəb yerli telekanallar arasında bu sahəyə rəqabət marağının
olmamasıdır: “Türkiyədə
saysız-hesabsız kanallar
var və onların arasındakı
rəqabətin nəticəsidir
ki, il ərzində
onlarla seriallar çəkilərək nümayiş
olunur. Hələ serialların qonşu
ölkələrə satışını
və satışdan əldə olunan gəliri demirəm. Ancaq bizdə telekanallar azdır və bu azlıq içində
də rəqabətdən
söhbət gedə bilməz. Belə olan halda kanallar nə serialların çəkilməsinə
pul ayırır, nə də serialları insaflı qiymətlə alıb nümayiş etdirirlər.
Bu baxımdan Azərbaycanda serial inkişaf
edə bilmir”.
Dramaturqun fikrincə, Azərbaycan tamaşaçısının
öz teleseriallarımıza
baxmaq zərurəti hələ yetişməyib:
“Bir vaxtlar Braziliya seriallarına böyük maraqla baxan, sonra bundan
bezib türk seriallarına meyl edən və hətta özünü bu serialsız təsəvvür etməyən
Azərbaycan tamaşaçısı
günlərin birində
türk dizisindən də bezəcək. Bizim kanallar da nəhayət
ki, serial çəkilişlərinə
start verməli, kinostudiyamızda
istehsal olunan filmlərin sayı artmalı, bir sözlə, yaradıcılarımızın
hər biri lazım olduğu yerdə işə cəlb olunmalıdır ki, nəticədə də telekanallarımızda
daha çox öz dilimizdə çəkilən, dilimizin
təbliğində böyük
rol oynayan filmlər nümayiş olunsun. İnanıram ki, buna nail olacağıq”.
Kinoaktrisa Həmidə
Ömərova düşünür
ki, Azərbaycanda
serial çəkilişi üçün
mühit yaradılmalı
və serialların çəkilişi üçün
kifayət qədər
maddi vəsait ayrılmalıdır: “O yerdə
ki kəmiyyət yoxdur, keyfiyyətdən danışmaq olmaz. Çoxlu sayda seriallar çəkilməlidir ki,
mütəxəssislər də
ayırd etsin ki, bunun hansı
yaxşıdır, hansı
pis. Neçə ildir eşidirik
ki, Azərbaycanda seriallar çəkilir.
Amma ortada real nəticə yoxdur. Maddi vəsaitin olmaması
üzündən seriallar
yarımçıq qalır.
Romanın bir səhifəsini
oxuyandan sonra roman haqda necə fikir yürütmək olar? Eləcə də serialların
bir hissəsinə baxıb fikir yürütmək mümkün
deyil. Serialların inkişafına kömək
lazımdır. Necə ki,
Azərbaycanda dublyaj təzə yarananda çox sərt tənqid olunurdu, indi də seriallar
haqda belə fikirlər var. Serial üzrə
peşəkarlar yetişməlidir,
bu sahədə təcrübə azdır
və hələ indi-indi addımlar atırıq. Odur ki, ayrı-ayrı telekanallarda
gərək çoxlu
teleseriallar çəkilsin,
rəqabət yaransın
ki, bu sahə
də inkişaf etsin”.
Kinorejissor Əbdül
Mahmudbəyov da hesab edir ki,
teleserial çəkilişi
üçün ilk növbədə
maddi vəsait çatmır: “Öncə
bir məsəl çəkim. Şah bir məmləkətə
gedir, orada onu ənənəvi olaraq yaylım atəşi ilə salamlamırlar. Şah bunun
səbəbi ilə maraqlanır. Deyirlər
ki, şah sağ olsun, bunun 40 səbəbi var: birincisi, barıt yoxdur. Şah deyir ki, qalan
39 səbəbi deməyə
ehtiyac yoxdur. Yəni Azərbaycanda serialların
çəkilməsi üçün
ilk növbədə maliyyə
ayrılmalıdır. Əvvəla, bizdə
sponsor deyilən şəxslər,- hansı ki,
maliyyəni daha çox oğurlamaqla əldə edirlər,- öz sərmayələrini
incəsənətin inkişafına
yox, şou-biznes deyilən sahəyə yatırırlar. Heç olmasa oğurladıqlarını
kino sahəsinə ayırsaydılar, həm kino mədəniyyətinin
ikişafına kömək
edərdilər, həm
tarixdə iz qoyardılar, həm də bir az savab qazanardılar ki, filan imkanlı şəxs xalqına xidmət göstərdi.
Dünyanın heç yerində kinonun inkişafına dövlət pul ayırmır, bu, dövlətin işi deyil. Hollivud kinolarına məgər
Amerika dövləti pul verir? 2007-2008-ci illərdə dövlət tərəfindən
Azərbaycanda kino çəkilişi üçün
6 min dollar ayrıldı, bu
da bir filmin
çəkilişinə güclə
bəs edir. Böyük serialların çəkilməsinə
isə milyonlarla vəsait lazımdır.
Bütün dünyada kino
ən böyük gəlir mənbəyi hesab olunur. Milyonçularımız başa düşsələr
ki kino həm
gəlirli sahədir, həm xalqın tarixidir, onda bu sahəyə məmnuniyyətlə pul ayırarlar. Həm də
dövlət kinoya qoyulan böyük sərmayədən vergi tutmamalıdır. Çox təəssüf
ki, hələlik lazım olan sərmayəni böyük
filmlərə buraxan yoxdur".
Kinorejissor bildirdi ki, Azərbaycanda serial çəkilişi üçün
kifayət qədər
ssenari də var, yaradıcı heyət də: “Seriallar üçün mövzu da var,
ssenari də, çəkən də, çəkilən də.
Yeganə səbəb maliyyənin
olmamasıdır. Şəxsən mən Ağa Məhəməd Şah Qacar kimi tarixi
şəxsiyyətin həyatı
və fəaliyyəti
ilə bağlı film
çəkmək istəyirəm.
Ssenari var, yazılıb, təsdiq olunub. Bu, haradasa 10 seriyalı
televiziya filmi olmalıdır. Eləcə də
bizim Şah İsmayıl Xətai kimi bir dühamız
haqqında təsdiq olunmuş əsər yarımçıq qalıb.
Hələ 1993-cü ildə
bu filmin çəkilişinə bir
qədər maliyyə
ayrıldı, ilkin çəkilişlər aparıldı,
lakin maliyyə olmaması üzündən
iş tamamlanmadı.
Yaxud da Daxili İşlər
Nazirliyinin keçmiş
polkovnik-leytenantı Hacı
Məmmədov və onun quldur dəstəsinin
cinayət əməlləri
ilə bağlı arxiv materialları əsasında real faktları
əks etdirən çox gözəl serial
hazırlamaq olar.
Mən bu işə tam xitam verildikdən, həmin cinayətkarların
kriminal əməllərinə
siyasi-hüquqi qiymət
verildikdən sonra
serial çəkilişinə başlamaq niyyətindəyəm.
Bununla bağlı danışıqlar
da aparılıb".
Ə.Mahmudbəyov serialların
inkişafı üçün
müasir maddi-texniki bazanın olmasının vacibliyini də vurğuladı: “Kinomuzun maddi-texniki bazası beynəlxalq standartlara cavab vermir. Bu
da əsas səbəbdir. Hazırda kinostudiyada
təmir işləri
gedir. Ümid edirəm ki,
bu addımlar kinomuzun inkişafına təkan olacaq”.
Yeni Müsavat.- 2008.- 9 noyabr.- S. 13.