İbrahimova T.

 

Ondan mif düzəltmək lazım deyil

 

Və yaxud "Azərbaycanfilm"in Ceyhunu

 

"Ceyhun kinoya elə-belə gəlməmişdi. İstər aktyor, istər reyissor kimi onda kinoya qarşı bir aludəçilik vardı. Bu onun filmlərində də, oynadığı rollarda da özünü göstərir". Tanınmış kinoreyissor və aktyor Ceyhun Mirzəyevin xatirə gecəsində səslənən bu fikirlər onu təkcə bir sənətkar kimi deyil, həm də bir insan kimi gecə iştirakçılarına yenidən xatırlatdı.

"Hər bir insan, hər bir azərbaycanlı, hər bir kinematoqraf onun adını eşidəndə qürur hissi keçirir" - deyə gecəni giriş sözü ilə açan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev Ceyhun Mirzəyevi əfsanəvi sənətkar adlandırdı: "Ceyhunun mənim kinostudiyadakı fəaliyyətimdə çox böyük rolu olub. İndiyə qədər Ceyhun gözümün qarşısındadır. Onu gördüyüm anları unuda bilmirəm. Hər dəfə kinostudiyaya gələndə gözlərimin qarşısına bir neçə kinematoqrafçı gəlir, onlardan biri də Ceyhundur. O, Azərbaycan kinosunda ilk dəfə olaraq uşaq obrazının stereotipini sındırdı, ekrana canlı obraz gətirdi. Onun oynadığı rol hamıdan fərqlənir".

Tanınmış kinoşünas Aydın Kazımzadə Ceyhun Mirzəyevi kinomuzun parlaq siması adlandırdı: "Bu dünyaya bütün insanlar qonaq kimi gəlib-gedir. Ancaq kimi gec, kimi tez dünyanı tərk edir. Elə sənətkarlar da var ki, yaradıcılıqlarının çiçəkləndiyi dövrdə dünyadan köçür. Bununla barışmaq olmur. Ceyhun cəmi 47 bahar yaşadı. Hamısı da arzuyla dolu. O, artıq 15 ildir ki, aramızda yoxdur. Hər dəfə onun taleyi haqqında düşünəndə nədənsə rəhmətlik reyissor Səməd Mərdanov gözlərimin qarşısına gəlir. O, ilk dəfə "Vadilər" filmini çəkdi. Ancaq öz filminin premyerasını görmədi. Ceyhun da "Fəryadn premyerasını görmədi".

Ceyhun Mirzəyevin Azərbaycan kino tarixində özünəməxsus yeri olduğunu xatırladan A.Kazımzadə onun həyat və yaradıcılığı haqqında da məlumat verdi: "Ceyhunun uşaqlıq illəri çox qeyri-adi olub. 1955-ci ildə televiziyada "Sizin üçün, məktəblilər" verilişində reyissor Tofiq Tağızadə onu görəndən sonra "Görüş" filminə dəvət edib. O vaxtdan Ceyhun ömrünün son anına kimi həyatını milli kinomuzun inkişafına həsr edib. Uşaq ikən reyissorlarımız onu bir-birinin ardınca çəkməyə başlayırlar. "Lenfilm", "Odessa" kinostudiyası ona diqqət yetirir. Ceyhun filmlərə çəkilə-çəkilə reyissuraya həvəsi artırdı. O, reyissuraya təsadüfən gəlməmişdi. Ceyhun 1970-ci ildə İncəsənət İnstitutunun reyissorluq fakültəsini bitirib. Hələ tələbəlik illərində reyissor köməkçisi, reyissor assistenti işləyib. Əvvəlcə "Mənim mehriban atam" filmində işlədi. Sonra "Mosfilm"də reyissor kimi təcrübə keçməyə getdi. 1971-ci ildə "Mozalan" fəaliyyətə başlayanda o, burada reyissor kimi çalışdı. Orada çəkdiyi süyetlərin hər biri ayrıca bir filmdir.

O, 1985-ci ildə reyissor Vaqif Mustafayevlə birgə "Bəyin oğurlanması" kinokomediyasını çəkib. "İşarəni dənizdən gözləyin" bədii filmi isə onun reyissor kimi ilk müstəqil işidir. Məşhur "Fəryad" filmi Ceyhunun sonuncu kino əsəridir. Bu filmə görə reyissor ölümündən sonra bir sıra mükafatlara layiq görülüb.

Ceyhun bir aktyor kimi 20-dən artıq filmdə oynayıb. Onungey ana" filmində ifa etdiyi balaca İsmayıl rolu Ceyhuna böyük şöhrət gətirib. Bundan sonrasl dost", "Mateo Falkone", "Qara qağayı" ("Lenfilm"), "Koroğlu", "Kompanyeros" (Odessa k/s.), "Yenilməz batalyon", "Qanun naminə", "Dəli Kür", "Yol əhvalatı", "Lətifə", "Fəryad" və s. filmlərdə müxtəlif səpkili rollar ifa edib".

Tofiq Tağızadə xatirələrində yazır: "Mən Ceyhunu ilk dəfə filmə çəkəndə 9 yaşı vardı. Böyük aktyorlar kimi kamera qarşısında onun özünü təbii aparması çox xoşuma gəldi. Sonra onu "Mateo Falkone" filminə dəvət etdim. O, yenə də ümidlərimi doğrultdu".

Kinoreyissor Elxan Qasımov Ceyhun Mirzəyevi 60-cı illərdən tanıdığını söylədi:

- Hər bir sənətkarın pərəstişkarları, bir də onunla dostluq edən insanlar olur. Mən sənətə gələnə qədər Ceyhunun sevilməsinin şahidi olmuşam. Ceyhun hamımızın uşaqlıq dostumuzdur. O zaman teatrda Səməndər Rzayev, reyissurada Arif Babayev, kinoda isə Ceyhun Mirzəyev fenomeni vardı. Ceyhun oynadığı faciəvi, epizodik, böyük rollarda ağır bir həyat keçirən insan taleyini məharətlə yaradıb. Hətta həmin obrazlara baxanda istər-istəməz fikirləşirsən ki, bunu Ceyhundan başqa heç kim yarada bilməz. Ceyhunun ən böyük istedadı həm də təqlidçiliyi idi. O, bir baxışla, bir yestlə hər hansı insanın obrazını olduğu kimi yaradırdı.

Ceyhun dostluqda möhkəm idi, o, həyatı sevirdi. Ceyhunun ən gözəl xüsusiyyəti onun sadəliyi idi. İstər "Mozalann rəhbəri kimi, istər çəkdiyi bədii filmlərlə, istərsə də rolları ilə başını dik tutmadı. Ona görə də həmişə hamının sevimli aktyoru kimi olaraq qalacaq. Bu gün onun qısa sürən həyatına nəzər yetirəndə fikirləşirsən ki, Ceyhun ailəsi üçün gözəl bir miras qoydu. Onun sənəti miras qaldı.

Xalq artisti Rasim Balayev sənətə gəlişində Ceyhun Mirzəyevin böyük rol oynamasından danışdı:

- Ceyhun Mirzəyev fəxri ad almamışdı. Ancaq o, biz "ad"lıların hamısından adlı olub getdi. Orta məktəbdə oxuyanda kinoya baxmaqdan xoşum gəlirdi. "Ögey ana"ya baxandan sonra isə Ceyhuna paxıllığım tutdu. "Görəsən, mən də belə oynaya bilərəmmi?" -deyə hey fikirləşirdim. Bu hiss mənim aktyorluğa həvəsimi artırdı. Sonralar həmişə Ceyhuna deyirdim ki, sən bizi bədbəxt elədin.

Ceyhun kinoda həm aktyor, həm də reyissor kimi sözünü dedi. "Mozalan"da 100 süyet çəkdi. O, başdan-ayağa istedaddan yoğrulmuşdu. Bunun müqabilində çox sadə idi, tərifi sevməz, "mənəm-mənəm" deməzdi. O, əsl sənət adamı idi. Çox cavan getməsinə baxmayaraq, Ceyhun Mirzəyev böyük epopeya qoydu. Məncə, onun qoyduğu məktəb həmişə öyrəniləcək.

Səs operatoru Əsəd Əsədov sənət dostu haqqında keçmiş zamanda danışmağın çətin olduğunu bildirdi:

- "Mozalan"da çəkdiyi yüz süyetin hamısında, üç bədii filmində onunla işləmişəm. Ona görə də kinoda ünsiyyətimiz çox yaxın olub. "Fəryad" filminin səslənməsi Ceyhunsuz oldu. Vaqif Mustafayev o rolu məhz Ceyhun üçün yazmışdı. Ceyhun da bu obrazı çox məharətlə oynadı. Hətta mən deyərdim ki, bu obrazı yaşadı. Ceyhun fəxri ad almadı, çox təəssüf! Ancaq "Ögey ana"dan sonra çox valideynlər oğlan övladlarının adını Ceyhun, qız övladlarının adını Ceyhunə qoydular. Bu adlar da Ceyhunu yaşatdı.

Reyissor Əbdül Mahmudov da Ceyhunun fəxri ad almamasından təəssüfləndiyini dilə gətirdi: "Ceyhun fəxri ad almadığına görə xiffət edirdi. Biz ona deyirdik ki, sən niyə darıxırsan, sən çoxdan fəxri ad almısan".

Ədliyyə Akademiyasının əməkdaşı İlham Abbasov Ceyhun Mirzəyevin həmişə qəlblərdə yaşamasından qürur hissi duyduğunu söylədi:

- Ceyhun Mirzəyev çox az yaşasa da, xalqın qəlbində dərin bir iz qoydu. O, uşaqlıq yaddaşımızdagey ana" filmindəki İsmayıl rolu ilə qalıb. Həmin filmdə Ceyhun Ələsgər Ələkbərov, Nəcibə Məlikova, Fateh Fətullayev, Həqiqət Rzayeva kimi böyük aktyorlarla oynayıb. Onların arasında elə rola girmişdi ki, hamı heyran qalırdı. Heç kəsə sirr deyil ki, uşaq rolu oynamaq çox çətindir. O zaman GTT-də Gülşən Qurbanova kimi aktrisalar uşaq rollarını oynayırdılar. Ancaq Ceyhun uşaq yaşında uşaq obrazı yaratdı. Öz yolu ilə getməklə, dərin psixoloyi rol oynamaqla o, böyük məharət göstərdi.

Kinoaktrisa Suğra Bağırova Ceyhun Mirzəyevlə məktəb yaşlarından dost olduğunu xatırladı:

- Biz hələ məktəbdə oxuyanda kinostudiyada bir yerdə çalışırdıq. Ceyhun mənimlə çox yaxın dost idi. Biz hamımız onu İsmayıl rolu ilə sevirdik. Demək olar ki, hamımız həmin filmi əzbər bilirdik. Belə bir obrazı yaratmaq hər aktyorun işi deyildi. Ceyhun həmişə mənim qəlbimdədir. Onu həmişə məhəbbətlə yad edirəm. Bu məhəbbəti balalarımıza, nəvələrimizə ötürürük.

Əməkdar artist Şamil Süleymanov isə sənət dostunu "Azərbaycanfilm"in Ceyhunu adlandırdı:

- Təkcə kinostudiyanı deyil, Bakını Ceyhunsuz təsəvvür etmək çətindir. Mən onunla bir otaqda otururdum. Ona görə də onu daha yaxından tanıyırdım. Tanımaq azdır, bir insan kimi sevirdim. Hər dəfə ondan təqlidçiliyin sirlərini öyrənmək istəyirdim. O isə "Nə qədər insanları sevsən, nə qədər onları çox müşahidə etsən, o qədər gözəl təqlid edəcəksən" - deyə cavab verirdi. Ceyhundan mif düzəltmək lazım deyil. Onun özü doğrudan da əsatirdir. Və bu əsatir həmişə xalqla birlikdədir.

 

Kaspi.- 2008.- 20 noyabr.- S. 11.