Qaliboğlu E.
Aktyorluqla rejissorluğu
özündə birləşdirən sənətkar
Maarif Teymur: "Rza
Təhmasibin zəngin arxiv fondu
araşdırıcıların yolunu gözləyir"
Azərbaycan teatr, kino
sənətinin inkişafında mühüm xidmətləri
olan Raza Təhmasib yaradıcılığında rejissorluqla
aktyorluğu məharətlə birləşdirib. Oxucular məşhur sənətkarın "Mehman"
filmində yaratdığı
Qaloş obrazını
şübhəsiz, gözəl
xatırlayırlar. Onun
obrazları xarakter etibarilə müxtəlif
psixologiyaların məharətli
şəkildə istedadlı
bir aktyor və rejissor tərəfindən birliyinin
yaradılmasının təcəssümüdür.
Sənət xəlqi
əhəmiyyət kəsb edəndə o,
uzunömürlü olur. Rza Təhmasibin 86 illik ömründə sənətin
inkişafı naminə
gördüyü gərgin
işlər hələ
bundan sonra daha ciddi şəkildə
araşdırılacaq, yeni-yeni
tədqiqat əsərləri
yaradılacaq. Bu mənada tanınmış
sənətkarın qızı
mərhum Tamella Təhmasibin araşdırmaları
diqqətəlayiqdir. O, atası
Rza Təhmasibin həyat və yaradıcılığını son dərəcə diqqətlə öyrənərək
tədqiq edib. Onun araşdırmalarında
sənətkarın ictimai-siyasi
hadisələrin, quruluşların
dəyişdiyi bir zamanda sənətinə, ömrünə sahibliyinin
müxtəlif məqamları
öz ifadəsini tapıb.
Ədəbiyyat və
İncəsənət Arxivinin direktoru Maarif Teymur Rza
Təhmasibin arxivdə zəngin irsinin qorunduğunu bildirir:
"Bu irs demək olar, araşdırılmayıb və
özünün araşdırıcılarını
gözləyir. Rza Təhmasib
yaradıcılığının araşdırılması Azərbaycan
kino və teatr tarixi, bu
sahələrin sabahkı
inkişafı üçün
çox əhəmiyyətlidir".
Tamella Təhmasib
atası haqqında yazdığı "Rza Təhmasib"
kitabında söz deməyin necə məsuliyyətli
olduğunu dərk edir: "Atamın şəxsi arxivi onun
sənəkarlığı haqqında daha dolğun, ciddi
söz deməyim üçün mənə çox kömək
etdi. Lakin bununla belə sualların çoxunu indi cavabsız qoymağa məcburam. Nə biləydim ki, tale ona zərbəni
zərbə üstündən
vuracaq. Həyatını
qəm, kədər, sonra da ağır,
sağalmaz xəstəliklə
amansız mübarizə
günləri, ayları,
illəri bürüyəcək.
Nikbin ruhuna, möhkəm iradəsinə,
sonsuz həyat eşqinə bəzən ümidsizlik kölgəsi
düşürdü. Belə
hallarda o, mənim bütün təkidlərimə: "Yaza
bilmirəm, başa düş"- deyə cavab verirdi. İstər-istəməz
mən ona tabe olurdum. Lakin
az sonra təkid edirdim. Etiraz etmir, söz
də vermirdi. Yalnız vəfatından sonra arxivini araşdırarkən bir vaxtlar yazmağa, lakin "Unuda bilmədiklərim" adı
ilə davam etdirdiyi, təəssüf
ki, bitirmədiyi xatirələrinə rast gəldim". Müəllif
natamam xatirələrdə
teatr tarixinə aid maraqlı fikirlər, məlumatların
az olmadığını
bildirir. Dramaturqlar, görkəmli şəxsiyyətlər,
aktyor və rejissor həmkarları, əsərlər və tamaşalar haqqında qeydləri onun sənətkar təbiətini
öyrənməyə imkan
verir: "Mən bu imkandan mümkün
qədər faydalanmağa
çalışdım. Mən
atamın vəsiyyətinə
sadiq qalmışam.
O, həmişə deyərdi
ki, həyatda nə qədər çətinliyin olsa, heç vaxt obyektivliyi və prinsipiallığı unutma".
Maarif Teymur Rza Təhmasibin şəxsi arxivində olan sənədlərin bir hissəsinin bugünümüzə gəlib
çıxmamasının səbəbini belə izah edir: "Təəssüf ki, Rza müəllimin şəxsi arxivindəki sənədlərin bir hissəsi dövrünün
ictimai-siyasi qaranlıqlarını
"işıqlandırmaq" üçün yandırılıb.
1937-ci illərin repressiya
qorxusu ondan da yan keçməyib".
Rza Təhmasibin
özü bu faktı belə təsdiq edirmiş: "...Ay
Allah, belə qansızlıq olar? Mənə
deyir ki, əşşi, nə şişirdirsiniz bu Cavidi? Pantürkist olduğunu ki, dana bilməyəcəksiniz?
Elə bildim ki, ürəyimə ox batırdılar. Dedim ki, vicdanınız
var? Onun yox kəfənini didişdirməkdən yorulmadınız?
Bəsdir, əl çəkin Caviddən, çürütdünüz, yenə
ürəyiniz soyumadı?"
Araşdırmalarında
Tamella xanım heyfsilənir ki, atası tarixi
sənədlərin bir hissəsini yandırıb. O, isə həmin məqamda atasının niyə belə etdiyini soruşduğunu və cavabını yazır. Rza Təhmasib cavab verir ki, o
illərin tələbi
belə idi: "Sibirə getməmək üçün sənədləri
yandırdım ki, təki sizi qoruyum."
Ədəbiyyat və
İncəsənət Arxivində qorunan şəxsi
sənədlər arasında Rza Təhmasib xatiratında
uşaqlıq dövrünü belə təsvir edir:
"Mən ana görməmişəm. Durna
bibim mənə əsil ana olub,
nazımı çox
çəkib. Nənəmi
də daim xatırlayıram".
Onun elmə, təhsilə marağı
hələ uşaqlıqdan
çox güclü olub. 1909-cu ildə şəhər məktəbini
bitirir, təhsilini davam etdirmək istəyir. Lakin atası Abbasqulu kişi onun istəyinə qarşı
çıxır: atası
onu tacir görmək istəyirdi. Gənc Rza isə
ədəbiyyatçı olmaq,
kitab dükanı açmaq arzusu ilə əlinə düşən pulu kitaba sərf edirdi. 1909-cu ildə məşhur aktyor Hüseyn Ərəblinski Naxçıvanda qastrolda olur. Həmin andan gənc Rzanın həyatında əhəmiyyətli bir dönüş yaranır.
O, bu zamandan başlayaraq taleyini bütünlüklə teatr
aləminə həsr
etməyi qərara alır. Gənc Rza artıq inadla Naxçıvanın
həvəskar aktyorlarının
məşqlərində iştirak
edir. O, aktyorluq fəaliyyətinin başlanğıcını
1907-ci ildən hesab edirdi. 1909-cu ildə Rza Təhmasibin böyük şair Hüseyn Cavidlə görüşü onun ömründə, sonrakı
yaradıcılığında sonralar silinməsi qətiyyən qeyri-mümkün
olan izlər qoyur. Hüseyn Cavid gənc Rzaya Şərq ədəbiyyatını sevdirə
bilir. Bu dövrdə gənc Rzaya analığının
ögey münasibəti,
evdə yaranmış
əsəbi şərait
onu bu mühitdən
qopmağa məcbur edir. O, 1910-cu ildə Tiflisdə yaranmış Azərbaycan artistlərinin
həvəskar dərnəyi
olan "Auditoriya"nın üzvü olur. Və bu
dövrdən başlayaraq
Rza Təhmasibin aktyorluq aqibətinə sahib olması ciddi inadı nəticəsində gerçəkləşir.
Digər tərəfdən
də 1914-15-ci illərə
qədər Rzanın
ailəsi, sevimli babası, nənəsi, xüsusən də atası onun aktyorluğa olan sevgisindən əl çəkməsi üçün
çox cəhdlər
edirlər. Lakin o, inadından əl çəkmir.
Rza Təhmasibin bu
dövrdən sonra həyatındakı gərginliklər daha
da artmağa başlayır. 1917-ci ilin yazında və yayında Naxçıvanda baş verən dəhşətli
hadisələr - Andronikin
ordusu ilə toqquşmalar, ermənilərin
Nehrəmdə, Şahtaxtlı
və başqa kəndlərdə törətdiyi
qırğınlar
Rzanı sarsıdır.
O, şəhərin müdafiəsində
fəal iştirak edir, ermənilərə qarşı döyüşür.
1918-ci ilin payızında
çətinliklə Bakıya
gəlir. Aktyorluq qabiliyyətinin daha da aşkarlanması dövrü olan bu illərdə Rza Təhmasib püxtələşir...
1921-ci ilin yazının
Rza Təhmasibin həyatında yeni başlanğıc
olduğunu yazan Tamella xanım bunu aktyorun Hüseyn Cavid
sənətilə səhnədə ilk görüşü məqamı
hesab edir. Rza Təhmasib aktyor
və rejissor bioqrafiyasında bunun xüsusi yer tutması təsadüfi deyildi. 1921-ci il aprelin 8-də Abbas Mirzə Şərifzadənin rejissorluğu
ilə hazırlanmış
"İblis" tamaşasında
Rza Təhmasib Abbas Mirzədən sonra baş rolda İblis rolunda səhnəyə çıxır. O, xatiratında
yazır: "Tamaşada
ilk çıxışım
gülüş doğurdusa
da, danışmağa
başladığım ilk
dəqiqələrdən mən
salonu tamamilə özümə tabe edə bildim".
Bu dövrdən
başlayaraq Rza Təhmasibin ömründə aktyorluq
sənəti ilə bağlı çoxsaylı
uğurları sıralanmağa başlanır: 1935-ci
ilədək olan dövrdə çoxsaylı tamaşalarda
ölməz obrazlar sisiləsi yaradır. 1935-ci
il Rza Təhmasibin
yaradıcılığında yeni bir dövrün
başlanğıcıdır.
Bu zaman 41 yaşlı sənətkar
Moskva Kinematoqrafiya Akademiyasına imtahan verir, "əla" qiymətlə akademiyaya qəbul olur. 3 il burada təhsil
alan Rza Təhmasib həyat və yaradıcılıq
təcrübəsini daha
da artırır. Onun bir rejissor
olaraq dəst-xətti xüsusən
"Arşın mal alan" filmində bütün cəhətləri
ilə üzə çıxır. 1943-cü ilin
payızında "Arşın
mal alan" filminin çəkilişi
başlayır. Film böyük uğur qazanır.
Tamella xanımın
xatiratında onun son günləri belə xatırlanır:
"1979-cu ilin yayında onu yeni bir zərbə
gözləyirdi. Sol ayağının
üç barmağı
kəsilməli idi. Cərrahiyyə əməliyyatı
otağından güclə
eşidilən iniltiləri
məni bayılmaq dərəcəsinə gətirirdi.
Yatağa düşdü,
qalxmadı, 1980-ci il fevralın 13-də qəlbi həmişəlik
dayandı
Xalq cəbhəsi.- 2008.- 15 noyabr.- S. 14.